
"AVROVİZİYA-2012" UZUN MÜDDƏT XATIRLANACAQ
"Avroviziya"nın işçi qrupunun meneceri və prodüseri Tahir Əliyevlə müsahibə
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Azərbaycanda prestijli beynəlxalq mahnı müsabiqəsi "Avroviziya-2012"yə hazırlıq tam sürətlə gedir. Bu möhtəşəm hadisəyə elə də çox qalmayıb. Bu ilin may ayında şounun keçiriləcəyi "Baku Crystal Hall"un tikintisi başa çatmaq üzrədir. Müsabiqənin təşkilat komitəsinin işçi qrupu isə "Avroviziya" promoçarxlarının çəkilişi üzərində işlərini davam etdirir. "R+" jurnalının müxbiri Finlandiyanın "Production Helmi Films" şirkətinin baş prodüseri, bu ölkədə yerləşən Avropa Mədəniyyət və İncəsənət Mərkəzinin (ECCA) sədri, "Avroviziya" işçi qrupunun meneceri və prodüseri Tahir Əliyevlə söhbət edib.
- Tahir, bir az sirr pərdəsini götürün. Ölkəmiz necə bir şou hazırlayır?
- Biz Bakıda "Avroviziya" səhnəsində təqdim ediləcək bütün şouların konsepsiyasını işləyirik. Mən hansısa intriqanı qorumaq üçün bütün kartları açmayacağam. Yalnız onu deyəcəyəm ki, bizim əməkdaşlıq etdiyimiz xarici prodüserlər və ekspertlər bir səslə bildirirlər ki, bu mahnı müsabiqəsinin tarixində bu cür şou olmayıb! Bakıda işıq və səs sahəsində ən qabaqcıl texnologiyalar istifadə ediləcək. Biz Şərqi və Qərbi birləşdirəcəyik və qonaqlara bizim ölkənin bütün potensialını göstərəcəyik. Düşünürəm ki, Azərbaycan "Avroviziya"sını dünyada uzun müddət xatırlayıb müzakirə edəcəklər.
- Bu yaxınlarda qarşıdan gələn "Avroviziya"nın iştirakçısı olacaq ölkələrin beynəlxalq nümayəndə heyətinin başçıları Bakıya gəlmişdilər. Bu görüş barədə danışın...
- Bu görüş mahnı müsabiqəsi ərəfəsində, bir növ, ilk böyük toplantı olub və burada 42 ölkənin təmsilçiləri iştirak ediblər. Görüşün gedişində Avropa nümayəndələr heyətlərinin başçıları tərəfindən Bakının "Avroviziya - 2012"yə hazırlaşması məsələsi müzakirə olunub. Qonaqlara Azərbaycan, nəzərdə tutulan şou, onun keçirilməsi yerləri və bütün nüanslar barədə tam məlumat veriblər. Öz növbəsində, nümayəndə heyətlərinin başçıları da müsabiqədə ölkələrini təmsil edəcək ifaçılar barədə dolğun məlumat veriblər. Düşünürəm ki, ifaçılar həm görüşün özündən, həm də bizim paytaxtın və onun sakinlərinin qonaqpərvərliyindən razı qalıblar. Azərbaycanın təmsilçisi "Baku Crystal Hall" səhnəsinə mayın 26-da finalda "13 nömrə" altında çıxacaq. Dü-şünürəm ki, bu rəqəm Səbinə Babayevaya uğur gətirəcək!
- "Avroviziya" promoçarxlarının çəkilişi ilə bağlı işlər necə gedir? Bir neçə ay əvvəl siz komandanız tərəfindən təşkil edilmiş xalq kastinqi barədə məlumat vermişdiniz...
- Mən mayda Bakıya gələcək nümayəndə heyətləri ilə işin təşkili üzrə məşğulam - bu, minlərlə insan deməkdir. Bizim öhdəliklər sırasına promoçarx və fotoreklam çəkilişləri üçün kastinqin təşkili də daxildir. Məni müsabiqənin işçi qrupunun meneceri və prodüseri vəzifəsinə təyin edən kimi, ilk işim kimi dərhal Bakıda qeyri-peşəkar aktyorlarla iş üzrə ixtisaslaşmış agentliklərin olub-olmaması ilə maraqlandım. Məlum oldu ki, buradakı azsaylı model agentlikləri istisnasız peşəkar modellərlə işləyirlər. Amma bizə ekranda görünməmmiş müxtəlif yaşa və peşəyə malik insanlar lazımdır. Biz sosial şəbəkədə kastinq haqqında elan verəndə çəkilişlərə qatılmaq üçün bu cür arzu edən axın ilə qarşılaşacağımızı gözləmirdik. Çağırışımıza 500-dən artıq insan qoşuldu: 388 nəfəri kastinqə qəbul etdik, daha 140 fotoşəkil və anketi isə biz internet vasitəsilə aldıq. Onların sırasında çox sayda idmançılar, musiqiçilər, rəssamlar var. Hər hansı bir səbəb üzündən kastinqə qoşula bilməyənlər üçün ikinci kastinq şansı verdik. Nəticədə, iki kastinq və bir videokastinq nəticəsində, 150-yə yaxın adam seçdik və onlar "Avroviziya"nın bazasını təşkil etdilər. Hazırda biz iştirakçı ölkələr üçün videoaçıqcalar çəkirik.
- Tahir, "Avroviziya" müsabiqəsinə hazırlıqla yanaşı, siz bir kinoprodüser kimi, öz əsas peşənizi unutmursunuz. Fevralda sizin "Woman on hold" ("Gözləyən qadın", Finlandiya) filminiz prestijli Berlin kinofestivalında təqdim edilib. Bu film barədə danışın...
- İki il qabaq mənim və həmkarlarımın ağlına Zambiyada sənədli film çəkmək ideyası düşdü. Biz bu ölkədə müsabiqə elan etdik. Nəticədə, çox istedadlı gənc rejissor qız Çeyzi Çizi seçildi. O təklif etdi ki, filmimizdə Zambiya üçün çox aktual olan gender münasibətləri probleminə toxunaq. Film gənc afrikalı qız Ester Firi barədədir və o, hər şeyə rəğmən, dünyada ilk qadın boksçudur ki, 2012-ci il Olimpiya Oyunlarında iştirak üçün lisenziya qazanıb. Yəni film real hadisəyə əsaslanır. Patriarxal quruluşlu Zambiyada yazılmamış qanunların istənilən pozuntusu narazılıqla, xüsusilə də kişilərin etirazı ilə qarşılanır. Amma idmanda böyük nəticələr əldə etmiş Ester Firi öz həmvətəni olan qadınların çoxuna bənzəmək üçün örnəyə çevrildi. Yeri gəlmişkən, biz həm də kompyuter oyunu barədə də düşündük ki, onun da baş qəhrəmanı Ester Firidir. Xatırladım ki, indiyə kimi heç kəs sənədli film əsasında kompyuter oyunu yaratmayıb. Bundan başqa, biz "Woman on hold.org" saytı da yaratdıq və onun vasitəsilə idmanla ciddi məşğul olmaq istəyən afrikalı qadınları dəstəkləməyə hazır olan sponsorları cəlb edirik.
"Woman on hold" filmi "Production HelmiFilms" şirkəti, Finlandiyanın birinci kanalı "YLETv1" və İspaniya televiziyası "Chello Multi Canal" tərəfindən Zambiya paytaxtı Lusakada çəkilib. O, Avropanın və Finlandiyanın bir neçə kinofondu, Avropa sənədli filmlər şəbəkəsi və Turində keçirilən "Documentary in Europe" forumu tərəfindən dəstəklənib. Yeri gəlmişkən, lent artıq keçən il Beynəlxalq Rotterdam kinofestivalında və Amsterdam kinofestivalında təqdim edilib. İndi isə sıra Berlinalenindir.
- Sizin yolunuz Finlandiyaya necə düşdü, təhsilcə beynəlxalq münasibətlər tarixi magistri ola-ola, ixtisasınızı prodüserliyə və rejissorluğa necə dəyişdiniz?
- Bizim ailə müəyyən yollarla Finlandiya ilə bağlıdır. Bir vaxt mənim atam - şair və yazıçı Çingiz Əlioğlu fin eposu "Kalevala"nı tərcümə edib. O, hələ də Finlandiyanın milli şairəsi Aulikke Oksanen ilə dostluq edir. Bu xanım Avropada ilk dəfə olaraq "Azerbaijan-Finland cultural bridge" təşkilatı yaradıb ki, bu təşkilat Qarabağ məsələsində bizim ölkəni dəstəkləyən Finlandiya vətəndaşlarından ibarətdir. Mən Azərbaycanda Finlandiya mədəniyyəti günlərinin təşkili ilə məşğul idim - tanınmış rejissorları, prodüserləri və mədəniyyət xadimlərini dəvət etmişdim. Onların arasında tanınmış fin rejissoru xanım Piryo Honkasalo da var idi və o məndə kinoya olan həvəsi görüb, ciddi şəkildə kinoprodüserliklə məşğul olmağı təklif etdi. Bu xanım mənə söylədi ki, Avropada peşəkar prodüserlik təhsili almış ilk azərbaycanlı ola bilərəm. Honkasalonun filmində özümü prodakş-menecer kimi göstərmək imkanı yarandı.
"Üç melanxoliya otağı". Bu film Çeçenistandakı müharibə ilə bağlı olan üç novella-"otaq"dan ibarətdir. Birinci novella Peterburq altında kadet məktəbinin gənc kursantlarının həyatından bəhs edir. İkinci novella müharibənin dağıtdığı Qroznıda uşaqları toplayaraq onlara analıq etməyə başlamış çeçen qadın Xədicət Qatayeva haqqındadır. Üçüncü isə artıq Xədicət Qatayeva tərəfindən xilas edilmiş uşaqların həyatı və hissləri barədədir. Filmin böyük bölümünü biz İnquşetiyada və Qroznıda çəkmişik. Bu, real insanların real tarixidir. Film bir müddət Rusiyada qadağan edildi. Bu filmdən sonra məni birbaşa Finlandiya birinci kanalında işləməyə dəvət etdilər. Bir il sonra mən Finlandiyanın "Metropolia" Tətbiqi Elmlər Universitetinin magistraturasını bitirdim.
MƏSLƏHƏT GÖR: