Müəllif: Nurlanə QULİYEVA Bakı
Əfsanəvi Babil hökmdarının adı ilə adlandırılmış əzabkeş qaz kəməri "Nabucco" layihəsi "iddia" ranqını bir qədər itirib.
Bir az öncə "Nabucco"nun yüngül versiyası təsdiq edilib: ilkin 3900 km uzunluqdan cəmi 2700 km qalır, nəql həcmi isə ilkin variantda nəzərdə tutulmuş 31 mlrd kubmetrlə müqayisədə iki dəfə aşağı salınır.
Qısaldılmış "Nabucco" indi "Nabucco-West" adlandırılacaq, Gürcüstan və Türkiyədən keçməyəcək, yalnız Türkiyə-Bolqarıstan sərhədindən Avstriyaya qədər uzanacaq. Əvvəlki nəhəng planla müqayisədə, "Nabucco"nun tikintisi üzrə konsorsium bu varianta yaxın zamanda gerçəkləşdirilə biləcək məsələ kimi baxır.
Qərb KİV qeyd edir ki, bütün bunlar ABŞ-ın qaz siyasətində dəyişikliklərin nəticəsidir. Rusiya nəşrləri isə bir səslə bildirirlər ki, artıq "Cənub axını" qaz kəmərinin Avropa bazarı uğrunda qələbə çalmaq şansı açıq-aydın yüksəlib.
Versiya №2, birinci hissə
Qərb analitiklərinin fikrincə, "Nabucco"nun reytinqinin azalmasında əsas rolu Türkiyə və Azərbaycanın Transanadolu qaz kəməri (TANAP) tikintisi barədə qərarı olub. İlkin buraxılış gücü ildə 16 mlrd kubmetr olan bu qaz kəməri Türkiyənin şərqindən qərbinə kimi uzanacaq.
Bütün bunlar ABŞ-ı öz siyasətini dəyişməyə məcbur edib. Əgər ilk öncə Birləşmiş Ştatlar "Nabucco"nu - təklif edilən boru kəməri layihələri içində ən məşhurunu, böyüyünü və bahalısını dəstəkləyirdisə, getdikcə Amerika administrasiyası öz mövqeyini dəyişdi və bütünlükdə Azərbaycandan Avropa Birliyinə gələcək qaz nəqli yolu kimi Cənub dəhlizinə geniş dəstək verməyə başladı. "Üç il qabaq biz "Nabucco"ya meyilli idik", - deyə "Wall Street Journal" qəzeti ABŞ-ın Avrasiyada energetika məsələləri üzrə xüsusi təmsilçisi Riçard Morninqstarın mart ayında Brüssel konfransında dediyi sözləri dərc edir. "Amma aydın oldu ki, "Nabucco" boru kəmərini tam doldurmaq üçün qaz çatışmır, buna görə də bizim siyasət hazırda Cənub dəhlizinə dəstək verməkdən ibarətdir", - o deyib.
Yada salaq ki, fevral ayına qədər dörd layihə arasında rəqabət gedirdi. "Nabucco" və "bp"nin dəstəklədiyi Cənub-Şərqi Avropa (SEEP) boru kəməri layihəsi ilə qazın Mərkəzi Avropaya, ola bilər ki, Avstriyaya qədər daşınması nəzərdə tutulur. Halbuki Transadriatik qaz kəməri (TAP) və ITGI ilə qazı yalnız İtaliyaya qədər daşımaq olar.
Daha öncə elan edildiyi kimi, ITGI layihəsinin kənar edilməsi rəqabət mübarizəsində ilk irəliləmə oldu və TAP-ın şanslarını artırdı. "Bu layihənin əsas sponsorlarından biri Norveç "Statoil"dur ki, o, "Şahdəniz" konsorsiumunda önəmli rola malikdir. Ancaq hər şey ondan asılı olacaq ki, Avropaya nə qədər qaz göndəriləcək", - deyə "Wall Street Journal" vurğulayır. TAP ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər qaz nəqli üçün nəzərdə tutulub. Buna görə də istənilən nəzərəçarpacaq az həcm layihənin rentabelliyini şübhə altına salacaq: borudan nə qədər az qaz nəql edilərsə, qaz vahidi üçün dəyər daha yüksək olacaq. Qaz kəməri ilə ildə yalnız 5 mlrd kubmetr yanacaq keçirmək səmərəsiz olardı. "İldə 10 mlrd kubmetrdən çox qaz ötürməyin mümkün olub-olmayacağı gələn il və ya ilyarım ərzində məlum olacaq", - deyə Morninqstar bildirib.
Bununla yanaşı, "Nabucco" səhmdarlarının özləri də Azərbaycan qazı almaq ümidlərini itirmirlər. Konsorsiumun başçısı Raynhard Miçek bildirib ki, istehlakçılardan qaz sifarişi istehsalçılarla danışıqların irəliləməsindən asılı olacaq. "Mən gözləyirəm ki, "Şahdəniz" ilin sonuna kimi qərar qəbul edəcək, əgər bu baş verərsə, artıq biz 2012-ci ilin birinci rübünün sonunda sifarişlərin qəbul edilməsinə başlaya bilərik", - deyə o ehtimal edib.
Öz növbəsində, Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin başçısı, səfir Roland Kobia da bildirib ki, AB əvvəlki kimi, "Nabucco"nu dəstəkləyir. "Layihə hələ də yaşayır və Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium əvvəlki kimi ona mümkün qaz nəqli marşrutu kimi baxır", - deyə o bildirib.
Ümumiyyətlə, "Nabucco"nun gerçəkləşdirilməsinin xeyrinə müəyyən inamı "bp"nin "Şahdəniz" yatağının işlənməsi üzrə vitse-prezidenti Alister Kukun "Financial Times"a açıqlaması da əlavə edib, yəni layihənin konsepsiyasının dəyişdirilməsi irəliyə doğru böyük addımdır: "Biz sanırıq ki, "Nabucco-West" təklifi yetərincə yaxşılaşdırıb. Biz buna çox şadıq". Onun sözlərinə görə, "VR" əmindir ki, ilk öncə, kiçik boru tikmək daha məntiqlidir, ancaq böyük həcmdə qaz əldə etdikdən sonra o, genişləndirilə bilər.
"Cənub axını" və ya Cənub Qaz Dəhlizi?
"Nabucco"nun qlobal layihədən lokal layihəyə çevrilməsi, əlbəttə ki, "Qazprom"u sevindirib: "Cənub axını"nın potensial rəqiblərindən biri sıradan çıxıb. Rusiya ekspertləri əmindirlər ki, bununla da "Qazprom" Cənubi Avropa ölkələrində öz aparıcı rolunu, ən azı, 10 il qoruyacaq. Yeri gəlmişkən, "Nabucco" ətrafında baş verən hadisələr fonunda Rusiya qaz inhisarçısı artıq işlənmiş sxemi tətbiq etmək qərarına gəlib. "Cənub axını" (South Stream Transport) layihəsinin dəniz sahəsinin tikintisi üzrə layihəçi şirkətə tanınmış alman siyasətçisi, "dar çevrə"lərdə yaxşı tanınan Henninq Foşeraunu dəvət edib. O, Hamburq burqomistri və Almaniyanın yuxarı palatasının prezidenti olub. Bundan başqa, onun doğma qardaşı Eqqertu Foşerau Almaniyanın "BASF" konserninə rəhbərlik edir və konsern "Cənub axını"nda 15 faizlik paya malikdir.
Alman və Rusiya nəşrlərinin məlumatına görə, hazırda qaz kəmərinin çəkilməsinin bir neçə variantına baxılır. Planlaşdırılır ki, "Cənub axını" qaz kəmərini 2015-ci ilə kimi işə salmaq mümkün olacaq və onun gücü ildə 63 mlrd kubmetr olacaq. Belə olan halda, Rusiya qazı birbaşa Avropaya yola sala biləcək və Ukraynadan tranzit asılılıq yetərincə aşağı düşəcək.
Bununla yanaşı, hər kəsə bəllidir ki, böyük energetika layihələri daha çox siyasixarakterlidir. Buna görə də Avropanın qaz bazarında hansı layihənin dominatlıq etməsi məsələsi yalnız energetika məsələsi deyil, həm də siyasi məsələdir. İran probleminin gərginləşməsi, Rusiyada Vladimir Putinin hakimiyyətə qayıtması, Avropa iqtisadi böhranı üzrə siyasi spekulyasiyalar, ABŞ-da qarşıdan gələn prezident seçkiləri - qlobal siyasi həyatın bütün bu və başqa amilləri qaz kəməri planlarına önəmli təsir göstərməyə qadirdir.
Misal üçün, əgər Rusiya Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan Transxəzər qaz kəməri və daha sonra Cənubi Qafqaz dəhlizi layihələrində iştirakdan imtina etmək məqsədi ilə Türkmənistana təzyiqi sərtləşdirərsə, Avropanın yanacaq bazarının şaxələndirilməsinin uğur şansı yetərincə aşağı düşər. Qərb KİV-in məlumatına görə, AB hazırda hər vəchlə Türkmənistanı siyasi qərar verməyə, Azərbaycanla Türkiyədən keçərək Avropaya qədər uzanan Cənub qaz dəhlizinin qurulmasına qoşulmağa tələsdirir. Avropa Komissiyası Cənub dəhlizi layihəsində türkmən qazının kvotasını müəyyən edəcək hökumətlərarası sazişin bağlanması üçün Azərbaycanla Türkmənistan arasında danışıqlarda vasitəçi kimi çıxış etməyə də hazırdır. Türkmənistan layihədə iştirakın və qaz nəqlini şaxələndirməyin əleyhinə deyil. Amma hesab edir ki, Avropa Birliyi Rusiyaya təsir göstərməlidir və Xəzər dənizinin şelfinin delimitasiyası olmadan da Türkmənistandan Azərbaycana "Transxəzər" qaz kəmərinin çəkilişinə razılıq alınsın.
Bütün bu tezislər mart ayında Berlində AB və Türkmənistanın energetika sahəsində əməkdaşlığı barədə keçirilmiş beynəlxalq konfransda vurğulaınıb. Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Bayramgəldi Nadirov onda bildirmişdi ki, 2030-cu ildə ölkədə qaz hasilatının ildə 230 mlrd kubmetrə çatdırılması və bunun 180 mlrd.-ının ixrac edilməsi düşünülür.
Məhz bu konfransdan sonra məlumat yayılıb ki, Bakı və Aşqabad Transxəzər qaz kəməri tikintisi məsələsində razılığa gəliblər. Belə ki, nüfuzlu nəşr "Deutsche Welle" (DW) Türkmənistan hakimiyyətindəki mənbəyə istinadən bildirib ki, "Belə danışıqlar artıq aparılır və Bakı ilə Aşqabat arasında prinsipial razılaşma əldə edilib".
Əgər bu belədirsə, Cənub qaz dəhlizinin cazibədarlığı daha da artacaq, Avropaya qaz nəqli məsələsində Azərbaycanın yalnız təchizatçı kimi deyil, həm də nəqledici kimi funksiyalarını gücləndirəcək. İstənilən halda, yaxın aylarda bu məsələlər tam aydınlaşdırılmalıdır. Amma hələlik qaz kəməri "şou"su davam edir. Mümkündür ki, iştirakçılar hələ başqa "maraqlı" çıxışlar da edəcəklər.
MƏSLƏHƏT GÖR: