15 Mart 2025

Şənbə, 02:57

"TULUZALI ATICI"nın SİRRİ

Fransadakı silsilə hadisələr bir sıra konspiroloji suallar doğurdu

Müəllif:

01.04.2012

Fransanın cənubunda martın 22-də baş vermiş faciəvi hadisə gözlənilməz sonluqla bitdi. 7 nəfəri qətlə yetirməkdə şübhəli bilinən Məhəmməd Mera Fransa xüsusitəyinatlılarının 30 saatdan artıq mühasirədə saxladığı mənzilinin pəncərəsindən atılaraq qaçmağa cəhd göstərən zaman snayper tərəfindən vuruldu. Bundan əvvəl isə müdafiə naziri Lonqe asayiş keşikçilərinin şübhəli şəxsi sağ tutmağa çalışdığını bildirmişdi. Amma alınmadı. "Tuluza atıcısı"nın macəralarından sonra ortaya çıxmış bir sıra suallar da cavabsız qaldı.

 

Təfərrüatlar 

Martın 11-də Tuluzada naməlum şəxs Fransa Ordusunun ərəbəsilli çavuşunu qətlə yetirdi. O, cinayəti törətdiyi əraziyə martın 6-da oğurladığı motorollerlə gəlmiş, qətli törətdikdən dərhal sonra elə həmin motorollerlə də  aradan çıxmışdı. Bundan 4 gün sonra Tuluzadan 50 kilometr aralıda - Montobanda yenə ərəbgörünüşlü daha 3 hərbçi küçədəki bankomatın qarşısında güllələndi. Hətta yaralılardan birinin sağ qaldığını və sürünərək gizlənməyə çalışdığını görən qatil motorollerdən düşərək, yaralını soyuqqanlılıqla güllələməkdən də çəkinmədi. Nəticədə, hərbçilərdən 2-si həlak oldu, 1-i ağır yaralandı.

Qeyd edək ki, əvvəl-əvvəl bu hadisələr KİV-də adi kriminal hadisə kimi işıqlandırılırdı. Amma məsələ bununla bitmədi. Martın 19-da naməlum şəxs Tuluzadakı yəhudi məktəbinə gələrək, 30 yaşlı ravvin Sandleri və onun 2 oğlunu qətlə yetirdi. Daha sonra təhsil ocağının həyətinə daxil olan qatil məktəb direktorunun 7 yaşlı qızının başından atəş açdı. İnsident zamanı 17 yaşlı məktəbli qız da yaralandı. Qatil əvvəlcə qarşısına çıxanlara avtomatdan atəş açır, daha sonra isə onları "kolt" ilə yenidən güllələyirdi.

Yəhudi məktəbindəki faciə bütünlükdə Fransa ictimaiyyətini silkələdi. Ölkənin bir sıra şəhərlərində insanlar kütləvi şəkildə küçələrə axışdılar. Martın 21-i gecə isə Fransa xüsusitəyinatlıları (RAID) Məhəmməd Meranın yaşadığı evi mühasirəyə götürdü. "Tuluza atıcısı"nın kimliyi bundan bir neçə saat əvvəl müəyyənləşdirilmiş, prokuror isə onun xüsusi "antiterror" proseduru vasitəsilə həbsinə qərar vermişdi. Bu qərar xüsusitəyinatlılara səhərin açılmasını gözləmədən şübhəli şəxsin evinə soxulmağa icazə verirdi. Mera isə xüsusitəyinatlıların qapını açmaq çağırışına atəşlə cavab verdi: nəticədə, polis əməkdaşlarından biri dizindən, digəri çiynindən yaralandı. Atışmadan sonra Mera ilə danışıqlara başlandı. Danışıqların gedişində terrorçu portativ ratsiya müqabilində, "kolt"unu pəncərədən çölə atmağa razılaşdı. Amma eyni zamanda xəbərdarlıq etdi ki, onda daha bir "Uzi", "Kalaşnikov" avtomatı, bomba və bir neçə tapança da var.

Bunadək polis şübhəli şəxsin anasını və böyük qardaşını həbs etmişdi. Onların evindən və maşınından da odlu silahlar və partlayıcılar çıxmışdı.

Fransanın daxili işlər naziri Klod Qeanın sözlərinə görə, terrorçu kifayət qədər söhbətcil olub və "Əl-Qaidə" adından fəaliyyət göstərdiyini, israillilər tərəfindən qətlə yetirilmiş fələstinli uşaqların qisasını aldığını söyləyib. O, əməllərinin Fransanın Əfqanıstan müharibəsində iştirakına, həmçinin, bu ölkədə hicabın qadağan edilməsinə də cavab olduğunu bildirib. Qarşısına qoyulmuş planı reallaşdıra bilməməsinə təəssüflənən Mera "Fransanı dizüstə qoyduğu" üçün sevindiyini də gizlətməyib. O özünü kamikadze saymadığını və yaşamaq istədiyini də etiraf edib. Əvvəlcə nahardan sonra təslim olacağını desə də, sonradan bunu axşam saatlarında edəcəyini söyləyib. Mera vaxtı uzatsa da, polis terrorçunun əlində girovlar olmadığı üçün əməliyyata başlamağa tələsməyib və onu taqətdən salaraq ələ keçirməyə çalışıb. Nazir cinayətkarın sağ tutulmasının vacibliyini bildirib: birincisi, ona şəhid olmaq imkanı verməmək, ikincisi isə onu ədalət məhkəməsi qarşısına çıxarmaq üçün.

Məhəmməd Mera bir neçə il idi ki, Fransa xüsusi xidmət orqanlarının diqqətində idi. O da məlumdur ki, Mera ideoloji baxımdan sələfilərə yaxın şəxs olub. Amma bu müddətdə onun terror aktı törətməyə hazırlaşdığını göstərən heç bir əlamət müşahidə olunmayıb.

Fransa informasiya agentliklərinin, demək olar ki, bütün məlumatlarında bildirilirdi ki, Məhəməd Mera "Əl-Qaidə"nin üzvüdür və cihad ideyalarına sadiqdir. Onun Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etdiyi, orada partlayış törətməkdə təqsirləndirilərək həbs olunduğu, lakin 3 ay sonra həbsxanadan qaçdığı da xəbər verilirdi.

Artıq qeyd olunduğu kimi, Fransada baş verən hadisə, onun törədilməsi üçün seçilmiş vaxt, hadisənin xarakteri, nəhayət, nəticə ortaya bir çox suallar çıxarıb. Birincisi, necə olur ki, Fransa xüsusi xidmət orqanlarının ciddi nəzarətində olan şəxs ölkə ərazisində sərbəst şəkildə oğurlanmış motorollerdə gəzir, üstəlik, paralel olaraq, müxtəlif şəhərlərdə insanları güllələyir? Fransa vətəndaşı olan Mera iki dəfə Əfqanıstan və Pakistana baş çəkib. Əfqanıstanda o, amerikalı hərbçilər tərəfindən həbs olunub və kiçik cinayətlərdə iştirakına görə, polis tərəfindən axtarışda olduğu Fransaya təhvil verilib. Buna baxmayaraq, Mera özünü kifayət qədər sərbəst hiss edib, özünə bir arsenal silah toplaya bilib. Həmin silahlar sonradan ona və qardaşlarına məxsus evlərdən tapılıb.

İkincisi, əməllərinin "fələstinli və digər müsəlman uşaqların qətlinə görə qisas" adlandıran şəxs din qardaşları olan 3 ərəbi necə güllələyə bilər?

Üçüncüsü, həqiqətənmi, Fransa polisi Meranın gizləndiyi evə qaz buraxmaqla və ya digər vasitələrlə onu diri tuta bilməyib?

Ən maraqlısı isə terror aktının törədilməsi üçün seçilmiş vaxtdır:  Fransada aprelin 22-də keçiriləcək prezident seçkisinə cəmi 1 ay qalır.

 

Tarixdən alınan dərslər

Bu, qanlı hadisələrin Fransada seçkiqabağı kampaniyanın gedişinə təsir göstərdiyi ilk hal deyil. Ekspertlər 1988-ci ili xatırladır. O zaman prezident seçkisinin növbəti turuna günlər qalmış Yeni Kaledoniyaya yeridilmiş fransalı desantçılar Fransanın bu ərazisinin müstəqilliyi uğrunda mübarizə aparanların girov götürdükləri şəxsləri azad etmək üçün əməliyyat keçirmişdi. Girovların azad edilməsi əməliyyatı zamanı 19 yaraqlı və 2 paraşütçü ölmüşdü.

O zaman yenidən prezident seçilmiş və əməliyyatın keçirilməsində Ali Baş Komandan olmuş Fransua Mitteran əməliyyatın nəticəsindən "təəssüfləndiyini" bildirmişdi. Onun rəqibi - Baş nazir Jak Şirak isə əksinə, əməliyyatdan məmnunluğunu hərbçilərin ünvanına "atəşin təbrik" deməklə ifadə etmişdi. Ekspertlərin fikrincə, namizəd Şirakın məhz bu ehtiyatsız addımı onun seçkidə iflasa uğramasının əsas səbəblərindən biri oldu.

Bundanəvvəlki seçki kampaniyası zamanı - 2002-ci ildə baş verənləri də unutmaq olmaz: martın 27-də 33 yaşlı Sloveniya sakini Rişar Dyurn Parisin Nanter şəhərciyinin bələdiyyə şurasının iclası keçirilən zalda avtomatla 8 deputatı qətlə yetirmiş, 20-dən artıq insanı yaralamışdı. Dyurn Paris kriminal polisi tərəfindən saxlanılaraq dindirildikdən bir qədər sonra, özünü zalın pəncərəsindən ataraq intihar etmişdi.

Hadisənin səhərisi gün mandatını qoruyub-saxlamağa çalışan Prezident Şirak seçkiqabağı mitinqdə ölkədə cinayətkarlığın və zorakılığın artmasına görə məsuliyyəti əsas rəqibi, Baş nazir Lionel Jospenin rəhbərlik etdiyi hökumətin üzərinə qoymuş, Baş nazir isə bu ittihama layiqli cavab tapmamış və seçkidə sensasion şəkildə məğlub olmuşdu. Ondan artıq səs toplayaraq ikinci tura yüksəlmiş Milli Cəbhənin lideri Jan-Mari Le Pen isə seçkiqabağı kampaniyasını məhz vətəndaşların təhlükəsizliyinin təmini və cinayətkarlıqla mübarizənin gücləndirilməsi məsələləri üzərində qurmuşdu.

 

Bayağı səslənsə də...

Aydındır ki, son hadisə də Fransada yaxınlaşmaqda olan prezident seçkisinə öz təsirini göstərəcək. Bu, təsadüf olsa da-olmasa da, Fransanın cənubundakı faciədən sonra, Sarkozinin reytinqi 2-3% artıb. Yəhudi məktəbindəki qətliamdan dərhal sonra o, əsas rəqibi - sosialist Fransua Olland kimi, seçkiqabağı kampaniyasını 2 günlük saxladığınız bəyan etsə də, telekanallarda əvvəlkindən daha tez-tez görünməyə başlayıb. O, Tuluzaya səfər edib, həlak olmuş şəxslərin yaxınları ilə görüşüb, cinayət yerinə şəxsən baş çəkib, hərbçilərin dəfnində iştirak edib, Məhəmməd Meranın gizləndiyi və mühasirəyə götürülmüş binanın yerləşdiyi ərazidə olub. Əvvəlcədən hazırlanmış plana əsasən, Sarkozi şübhəli şəxslə danışıqları şəxsən aparılmalı olsa da, bu plan baş tutmayıb.

Yada 1993-cü il də düşür. O zaman Parisdə bir neçə uşağı girov götürmüş terrorçunu məhz odövrkü Parlamentin deputatı olan Sarkozi dilə tutmuş və uşaqları azad etməyə razı salmışdı. Bununla da Sarkozi vətəndaşlar arasında böyük məşhurluq və rəğbət qazanmışdı.

Fransa Prezidentinin bütün bu addımları televiziya kameraları tərəfindən çəkilib. O, kameralar qarşısında dəfələrlə açıqlama verərək bildirib ki, "Terrorçuların və düşmənlərin heç bir əməli bu gün daha ciddi birliyə ehtiyacı olan fransız xalqının milli birliyini poza bilməz". Sarkozi düşmənçiliyi alovlandıran və terroru təbliğ edən saytlara baş çəkən hər bir şəxsin cinayət məsuliyyətinə cəlb olunacağını da bildirib.

Prezidentliyə digər namizədlər də faciəyə münasibət bildirib. Marin Le Pen daha açıq danışıb və "millətin təmizliyi" uğrunda əsas mübariz statusunu qoruyub-saxlamağa çalışaraq, qeyri-qanuni immiqrasiya ilə mübarizənin vacibliyini dilə gətirib.

Ollanda gəlincə, onun da deməyə sözü var. Çünki 300-dən artıq xüsusitəyinatlının terrorçunu 32 saat mühasirədə saxlamasına rəğmən diri tuta bilməməsi, həmçinin, xüsusi xidmət orqanlarının fəaliyyətinin digər məqamları rəqiblərə Sarkozi administrasiyasını tənqid etmələri üçün kifayət qədər əsas verir.

Analitiklər xatırladır ki, son hadisələrə qədər keçirilmiş sorğularda Olland Sarkozidən öndə olub. Onların fikrincə, Sarkozinin seçkiqabağı yarışdakı uğursuzluğunun əsas səbəblərindən biri, onun uğurlu alınmamış ilk prezidentlik müddətidir. Bütün Avropanı bürümüş iqtisadi böhran Fransadan da yan keçməyib. Prezidentin hiperfəallığı, mütəmadi baş vermiş qalmaqalları, onların bitib-tükənmək bilməyən nəticələri, Sarkozinin qlamura  meyilliliyi fransızların ürəyincə olmayıb. Devrilməsində Sarkozinin fəal rol oynadığı Liviyanın sabiq lideri Müəmmar Qəddafinin oğlunun açıqlamaları da Fransa Prezidentinin reytinqinə ciddi zərbə vurub. Xatırladaq ki, atasının qətlindən sonra, oğul Qəddafi Sarkozinin 2007-ci ildəki seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirildiyini açıqlayıb və pullarının geri qaytarılmasını tələb edib. Sarkozi isə təbii ki, keçmişində "Liviya izi"nin olduğunu inkar edir.

Nikola Sarkozinin xarici siyasətdəki uğursuzluqlarına gəlincə, analitiklər misal kimi, onun Fransanın Yaxın Şərqdə rolunu artırmağa cəhdlərini qeyd edir. Bu regionda Türkiyə ilə rəqabət məqsədilə bütün vasitələrə əl atan rəsmi Paris, "erməni soyqırımı"nı inkar etməyə görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu ilə, az qala, Ankara ilə münasibətlərini birdəfəlik pozmuşdu. Məqsəd isə prezident seçkisi öncəsi Fransanın erməni diasporunun dəstəyini qazanmaq idi.

F.Ollandla yanaşı, məşhur millətçi siyasətçi Jan-Mari Le Penin qızı, Milli Cəbhənin namizədi Marin Le Penin mövqeləri də güclüdür. Marin Le Pen millətçi ideyaları ilə tanınır. O, miqrantlara qarşı siyasətin sərtləşdirilməsinə, həmçinin, ölkənin NATO-dan çıxmasına tərəfdardır. Le Penin elektoratı Fransa ictimaiyyətinin mühafizəkar və ultrasağçı təbəqəsidir. Sorğular göstərir ki, seçicilərin 20-23%-ni məhz bu təbəqə təşkil edir.

Analitiklər hesab edir ki, prezident kürsüsünün taleyi ikinci turda aydınlaşacaq və güman ki, həmin mərhələyə Sarkozi ilə Olland yüksələcəklər. Bu mərhələdə isə məhz Le Penin elektoratının səsi həlledici ola bilər. Ollandın sosialist seçicilərinin əksəriyyətinin isə daha çox iqtisadi və sosialxarakterli məsələlərlə maraqlanan mötədil vətəndaşlar olduğunu nəzərə alsaq, Sarkozinin məhz Le Peni dəstəkləyən insanların dəstəyinə ciddi ehtiyacı yaranacaq.

Sarkozinin son çıxışları da yəqin ki, bu vəziyyətlə bağlıdır. O, son zamanlar emiqrantlara qarşı daha sərt fikirlər səsləndirir, Avropa İttifaqının miqrasiya siyasətini, Şengen razılaşmasını tənqid edir, həmçinin, fransız mentalitetinin müdafiəsi ilə bağlı çağırışlar səsləndirir.

İstənilən halda, Fransada prezident seçkisinə düz, 1 ay qalmış baş vermiş faciəvi hadisə 8 nəfərin qurban getməsi ilə nəticələndi. Bunun Fransanın tarixində necə qalacağını gələcək göstərəcək. Amma nəticədən asılı olmayaraq, ümid edək ki, Tuluzada yaşanmış mart hadisələri öz imperialist iddialarının gerçəkləşməsi xətrinə minlərlə insanı qurban verməyə hazır olan praqmatik texnokrat və siyasətçilərin əlində növbəti spekulyasiyaya çevrilməyəcək.

 

 

DÜŞÜNDÜRÜCÜ MƏQAMLAR

 

Necə olur ki, Fransa xüsusi xidmət orqanlarının ciddi nəzarətində olan şəxs, ölkə ərazisində sərbəst şəkildə oğurlanmış motorollerdə gəzir, həm də üstəlik, müxtəlif şəhərlərdə insanları güllələyir?

Rəsmi versiyaya görə, əməllərini "fələstinli və digər müsəlman uşaqların qətlinə görə qisas" adlandıran şəxs, din qardaşları olan 3 ərəbi də necə güllələyə bilir?

 

Həqiqətənmi, Fransa polisi Meranın gizləndiyi evə qaz buraxmaqla və ya digər vasitələrlə onu diri tuta bilməzdi?



MƏSLƏHƏT GÖR:

445