
TƏKRARLANAN TARİX
Ermənilər yalnız bunu düşünürdülər: qətlə yetirdikləri müsəlmandır, türkdür!
Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
Onlar üçün fərqi yox idi, həyatlarına son qoyduqları uşaqdır, cavandır, ya qocadır; qadındır, ya kişidir. Ermənilər yalniz bunu dü-şünürdülər: qətlə yetirdikləri müsəlmandır, türkdür.
Düşünülmüş siyasətin acı nəticəsi idi 1918-ci ilin 31 martında Bakı şəhərində baş verənlər. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan, iki il sonra Bakı da daxil olmaqla, Azərbaycanın Xəzəryanı ərazilərini işğal edən rus çarı I Pyotr yerli əhalinin müqaviməti ilə üzləşdi. Çar siyasət işlədərək, Azərbaycanın tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə erməniləri məskunlaşdırma göstərişini verdi: "Onları (erməniləri) tovlayıb, bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun". I Pyotrun tarixi vəsiyyətinə istər çar Rusiyası, istərsə də bolşevik Rusiyası böyük əhəmiyyət verdilər. Rusiya İmperiyası Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə onun köməyi ilə Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyətində idilər.
Rusiya ilə İran arasında 1804-1813-cü illərdə və 1826-1828-ci illərdə baş verən müharibələrin sonunda bağlanan müqavilələr (12 oktyabr 1813-cü ildə "Gülüstan", 10 fevral 1828-ci ildə "Türkmənçay") nəticəsində Azərbaycan torpaqları ikiyə bölündü, Şimalına Rusiya, Cənubuna İran sahibləndi. Bundan sonra ermənilər kütləvi surətdə İrəvan, Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər qədim Azərbaycan torpaqlarına köçürüldü. Bununla həmin ərazilərdə ermənilərin say üstünlüyünə nail ola bilməyib, azərbaycanlılara qarşı soyqırıma başladılar. Erməni hərbi dəstələri yaradılır, çar Rusiyası tərəfindən gizli silahlandırılırdı. XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci illərdə ermənilər yerli əhaliyə qarşı amansızlıqla qətliamlar törətdilər.
1914-1916-cı illərdə baş verən I Dünya müharibəsində məğlubiyyətlə üzləşən, daha da zəifləyən çarizm imperiyanın daxilindəki siyasi iğtişaşların qarşısını ala bilmədi, 1917-ci ilin Fevral inqilabında məğlub oldu. Həmin ilin oktyabrında yenidən dövlət çevrilişi baş verdi, Rusiyada hakimiyyət bolşeviklərin əlinə keçdi.
Oktyabr inqilabından sonra, Stepan Şaumyanın başçılıq etdiyi bolşeviklərdən ibarət Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ aldı. Çox keçmədi ki, Rusiyanın rəhbəri Vladimir Lenin onu Qafqaz üzrə fövqəladə komissarı təyin etdi.
Şaumyan hələ 1918-ci ilin yanvarında azərbaycanlılara qarşı qırğın törətməyə cəhd göstərdi. Qüvvələrinin buna yetmədiyini görüb, planını təxirə saldı.
1918-ci ilin 3 martında bağlanan Brest-Litovsk sülh müqaviləsindən sonra, İran və Türkiyə cəbhəsindən geri çəkilən rus və erməni əsgərlərinin bir hissəsi Bakıda yerləşdirildi. Şaumyan onlardan da azərbaycanlılara qarşı istifadə etməyi planlaşdirırdı. O, bütün qüvvələri səfərbər edərək fürsət gözləyirdi...
Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Milli Orduda xidmət edən oğlu Məhəmməd Tağıyev 1918-ci ilin martında Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirildi. Dəfn mərasimi martın 27-nə təyin edildi. Məhəmməd bəyin cənazəsini Bakıya gətirən 48 əsgər və zabitin silahları Şaumyanın göstərişi ilə alındı və onlar həbs olundular. Azərbaycanlılar buna etiraz əlaməti olaraq küçələrə çıxdılar. Bir tərəfdə silahsız əhali, digər tərəfdə hər cür silahla təchiz olunmuş 15 min nəfərlik ordu üz-üzə gəldi. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidildi...
Əməliyyatlar xüsusi plana uyğun aparılırdı. Bolşevik-daşnak birləşmələri "əks-inqilabçı ünsür-lər"ə, "antisovet qiyamı"na qarşı mübarizə şüarı altında türklərə qarşı soyqırım aparırdılar. Hadisələrdən əvvəl şəhərə müxtəlif cəbhələrdən, təxminən, 7 min erməni əsgəri gətirilmişdi. Anastas Mikoyanın başçılıq etdiyi, soyqırımda xüsusilə fəallıq göstərən "qızıl qvardiya" adlı 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi.
Mart qırğınları zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapıldı. Gənc qadınları diri-diri divara mıxlayır, hamilə qadınları ağlasığmaz işgəncələrlə qətlə yetirirdilər. İki min nəfərin ermənilərin hücumundan qaçaraq sığındıqları şəhər xəstəxanası yandırıldı. Həmin dəhşətli günlərin şahidi olan Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə yazırdı ki, ermənilər 1918-ci ilin Mart hadisələri zamanı müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər: "Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etmədilər".
Nəriman Nərimanov da erməni vəhşilikləri barədə deyirdi: "Müsəlmanlara qarşı hər cür cinayət törətdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər".
Martın 31-i səhər tezdən bolşevik-daşnak dəstələrinin hücum etdikləri "Kərpicxana", "Məmmədli" və başqa məhəllələr həm də havadan təyyarələr, dənizdən hərbi gəmilərlə bombalanırdı. Ermənilər rus hərbçilərini aldadaraq, İçərişəhərdə türklərin rusları qətlə yetirdiklərinə inandırmışdılar. Matroslar bunun yalan olduğunu bilib atəşi dayandırdılar. Ancaq artıq gec idi. Alovlara bürünən məhəllələrdə ölənlərin sayı-hesabı bilinmirdi...
Kütləvi qırğınlar aprelin 1-də də davam etdirildi. Bolşevik-daşnak dəstələri müsəlmanlar ziyarətgahlarını, məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarını dağıtdılar. Bakının ən gözəl memarlıq abidələrindən sayılan "İsmailiyyə", "Kaspi" qəzeti redaksiyasının binalarını və redaksiyada yeni çap edilmiş "Quran-Kərim"ın 5 min nüsxəsini yandırdılar. Bu vəhşiliklərə dözməyən Bakıda yaşayan azərbaycanlılar könüllü dəstələr təşkil edərək, Bakı Sovetinə müqavimət göstərməyə başladılar. Qüvvələr qeyri-bərabər idi. Bolşevik-daşnaq qüvvələrinin törətdikləri faciələrinin qarşısını almaq mümkün deyildi.
Rəsmi mənbələrə əsasən, Mart soyqırımında təkcə Bakıda 12 minə yaxın (bəzi mənbələrdə 15 min) azərbaycanlı qətlə yetirildi, on minlərlə insan itkin düşdü. Öldürülənlərin çoxunun meyidi tapılmadı. Şahidlərin sözlərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə, quyulara atırdılar ki, cinayətin izini itirsinlər.
Bolşevik-daşnaq birləşmələri yalnız Bakı və Bakıətrafı bölgələrdə deyil, Şamaxı, Quba, Xaçmaz, Muğan, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə də qırğınlar törətdilər. Həmin ərazilərdə soyqırım zamanı 50 mindən çox azərbaycanlını qətlə yetirdilər, 10 minlərlə insanı öz evindən qovdular.
Ermənilər Gəncəyə hücuma hazırlaşırdılar. Qəhrəman Türk Ordusunun Bakıya gəlişi, azərbaycanlıların Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsi işğalçıların planlarını yarımçıq qoydu.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin 15 iyulunda yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, Mart qırğınlarından sonra sülh sazişi imzalansa da, Bakıda sentyabrın 15-nə qədər ermənilər müntəzəm olaraq Bakı küçələrində, ətraf kəndlərə gedən yollarda türkləri qətlə yetirir, meyitlərini neft quyularına, dənizə atırdılar. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 31 martın azərbaycanlıların Ümummilli matəm günü kimi qeyd olunması barədə qərar verdi.
1948-1953-cü illərdə Sovet hakimiyyətinin himayə etdiyi ermənilər Azərbaycan türklərinin xeyli hissəsini Qərbi Azərbaycan torpaqlarından deportasiya etdilər. 1988-ci ildən yenə Azərbaycana qarşı torpaq iddiaları irəli sürdülər, XX əsrin sonunda torpaqlarımızın 20 faizini də işğal etdilər. Bu gün dünya ictimaiyyəti Xocalı faciəsi, Şuşa, Ağdam, Ağdərə, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan itkiləri barədə məlumatlıdır. Lakin haqq-ədalət hələ də bərqərar olunmayıb.
MƏSLƏHƏT GÖR: