
MÜRƏKKƏB REGİONDA QLOBAL OYUNÇU
Müəllif: Redaksiya
Kəmiyyətin keyfiyyətə keçməsi gerçəkliyini son zamanlar Azərbaycanın geosiyasi statusu ətrafında baş verən hadisələrdə tam açıq şəkildə görmək mümkündür. Ötən ilin sonunda Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, "Qoşulmama hərəkatı"na imza atdı.
Sonra daha bir əlamətdar hadisə baş verdi - xarici işlər naziri Elmar Məmmədyarov "Böyük iyirmilik" ölkələri XİN başçılarının Meksikanın Los-Kabos şəhərində keçirilən toplantısına dəvət olundu. Rəsmi Bakı dünyanın "elit klubu"na ilk dəfə dəvət alırdı və bu, əlbəttə ki, Azərbaycanın regional liderlikdən qlobal oyunçuya çevrilməkdə olduğunun göstəricisi idi.
48-ci Münhen Təhlükəsizlik Konfransı və onun ardınca Seulda keçirilmiş nüvə təhlükəsizliyi üzrə sammit Bakının siyasi nüfuzunun və iqtisadi qüdrətinin inkişafının daha bir göstəricisi oldu.
Cənubi Qafqazın aparıcı dövlət başçısının Cənubi Koreyada təşkil olunmuş sammit iştirakçıları sırasına daxil edilməsi, şübhəsiz, Azərbaycanın beynəlxalq aləmin Qafqaz regionunun təhlükəsizliyi baxımından səylərinin gücləndirilməsinə, eyni zamanda, ümumilikdə, nüvə silahlarının məhvi prosesinə töhfə verə biləcəyinin bariz nümunəsidir. Bu fikri Prezident İlham Əliyevin özü də Seuldakı çıxışında dilə gətirib. O bildirib ki, nüvə təhlükəsizliyi bütün dövlətləri narahat edir və Azərbaycan da istisna deyil.
Azərbaycan Prezidentinin sözlərinə görə, rəsmi Bakı nüvə təhlükəsizliyi ilə bağlı bütün qərarları yerinə yetirir və dünya ictimaiyyətinin bu istiqamətdəki səylərini dəstəkləyir. Bu məsələdə Azərbaycan artıq uzun müddətdir ki, MAQATE ilə əməkdaşlıq edir. Qurum öz növbəsində, hələ 2007-ci ildə Azərbaycanda respublikanın ilk nüvə tədqiqatı reaktorunun inşasına razılıq verib.
Seul sammiti dünya ictimaiyyətinin diqqətini Cənubi Qafqaz regionunda nüvə təhlükəsizliyi ilə bağlı ciddi problemə cəlb etməyə də imkan yaradıb. Söhbət Ermənistandakı köhnə AES-dən gedir. Azərbaycan Prezidenti bildirib ki, Ermənistanda 1976-cı ildə inşa olunmuş AES müasir standartlara cavab vermir və seysmik zonada yerləşir. Bu isə Metsamor AES-i bütünlükdə region və yaxın qonşular üçün təhlükə mənbəyinə çevirir. Bununla yanaşı, Prezident İlham Əliyevin nüvə enerjisi qurğusunu tikməyi arzulayan tərəfə səlahiyyətlər verəcək regional nüvə təhlükəsizliyi və etibarlılığını müəyyənləşdirən rejimin tətbiqinə dair təşəbbüsü də maraqla qarşılanıb. Bu halda, öz qonşularından razılığın alınması, həmin sahələrin etibarlılığı və təhlükəsizliyi barədə məlumatların şəffaf şəkildə mübadiləsi, yoxlamaların qəbulu və risklərə görə kompensasiyanın ödənilməsi kimi prosedurlar nəzərdə tutula bilər. Yəni, rəsmi İrəvan yeni AES-lərin inşası zamanı qonşularının fikirləri ilə hesablaşmalı olacaq.
Bakının bu ideyanı həyata keçirməkdə qərarlı olduğunu nümayiş etdirən İlham Əliyev bildirib ki, Azərbaycan BMT TŞ-yə sədrlik edəcəyi may ayı ərzində məsələnin yüksək səviyyədə müzakirəyə çıxarılmasını planlaşdırır. Bu, terrorizm, nüvə terrorçuluğu ilə mübarizə kimi əhatəli məsələlərin də müzakirəsi üçün imkan olacaq.
Maraqlıdır ki, İlham Əliyevin çıxışı Ermənistan prezidenti Serj Sarqsyanı özünə haqq qazandırmağa çalışmaq məcburiyyətində qoyub. O, sübut etməyə çalışıb ki, Metsamor AES-in istismar müddəti 2016-cı ildə başa çatsa da, o hələ də təhlükəsizdir, nüvə təhlükəsizliyi məsələsi isə rəsmi İrəvan üçün prioritetdir.
Prezident bildirib ki, o, sammitin müasir dünyada nüvə təhlükəsizliyinə çağırışlar baxımından effektiv nəticələr verəcəyinə əmindir.
Seul sammiti ümumilikdə sübut edib ki, Azərbaycanla münasibətləri genişləndirməyə çalışan ölkələrin sayı durmadan artır, Bakının düşmənləri isə ciddi müdafiə mövqeyinə keçmək məcburiyyətində qalıb. Bakının dünyanın "siyasət mətbəxi"nə daxil olması o deməkdir ki, Azərbaycana müraciətlər axmağa başlayacaq. Demək, nəticədə Azərbaycanın istəkləri də nəzərə alınacaq.
Bütün bunlar milli prioritetlərin irəli çəkilməsində Azərbaycan diplomatiyasının imkanlarını artırır və göstərir ki, 2014-cü ildə Niderlandda keçirilməsi nəzərdə tutulmuş növbəti nüvə təhlükəsizliyi sammiti Ermənistan üçün daha ağır olacaq. Çünki BMT TŞ-də təmsil olunan Azərbaycan Ermənistanı tez bir zamanda yerinə otuzdura, sonunda qətnamələrin qəbul olunacağı müzakirələrin təşəbbüskarı kimi çıxış edə bilər. Bu, Dağlıq Qarabağ münaqişəsi mövzusuna da aiddir.
MƏSLƏHƏT GÖR: