
İKİNCİ HEYƏTLƏ
Güləş üzrə Azərbaycan yığması Avropa çempionatından altı medalla qayıtdı
Müəllif: Nadir XOSROVOĞLU Bakı
Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən güləşçilərin Avropa Çempionatı lisenziya xarakteri daşımadığından, diqqətdən kənarda qaldı. Olimpiya ilində əsas idmançılarını Londona saxlayan əskər ölkələr Serbiyada ikinci heyətlə mübarizə apardı. Əsas hədəfi lisenziya qazanmaq olan Azərbaycan Güləş Federasiyası da liderlərini Olimpiya təsnifat turniri üçün qorudu. Bununla belə, komandamız əvvəlki kimi iddialılığını göstərməliydi.
Sərbəst güləşçilərimizin Serbiya səfəri 1 qızıl və 1 bürünc medalla yadda qaldı. Ötən il qitə birinciliyində 2 qızıl, 3 bürünc medala sevinən pəhləvanlarımız həmin uğuru təkrarlaya bilmədi.
Lakin yarışa ikinci heyətlə yollanmasına baxmayaraq, Azərbaycan yığması ölkəmizə yeni çempion bəxş elədi. Söhbət gənc və perspektivli Toğrul Əsgərovdan gedir. Püşkdə bəxti gətirməyən güləşçimiz bütün rəqiblərini üstələməklə layiq olduğu qızıl medalı qazandı. Özü də Toğrul əksər rəqiblərini böyük hesabla sıradan çıxardı. Məsələn, yarımfinalda rumın Qeorge Buçurla mübarizədə həmyerlimiz 10:0 hesablı qələzə qazandı. Finalda isə bolqar Anatoli Quydeaya şans verməyən Toğrul Əsgərov karyerasında ilk dəfə qitə birinciliyinin qalibi oldu.
74 kq.-da çıxış edən Aleksandr Qostiyev üçün də Avropa Çempionatı uğurlu oldu. Son Kiyev turnirində qızıl medal qazanan güləşçi Serbiyada bürünclə kifayətləndi. Yarımfinalda gürcü Xuçişviliyə uduzan Qostiyev təsəlliverici görüşlərdə qələbə qazanmaqla bürüncə layiq görüldü. Təəssüf ki, Cəmaləddin Məhəmmədov (120 kq) ümidləri doğrultmadı. Ötən qitə birinciliyində bürünc medal qazanan ağırçəkili pəhləvan Serbiyada medalsız qaldı. Onun kimi Qalib Əliyev (55 kq), Emin Əzizov (66 kq), Novruz Temrezov (84 kq) da fəxri kürsüyə qalxa bilmədilər. Adıçəkilən pəhləvanların medal qazanmaq şansları olsa da, yol verilən səhvlər uğura gedən yolun qapısını bağladı.
Xanım güləşçilərimiz də ötənilki uğuru təkrarlaya bilmədilər. “Avro-2011”də 3 qızıl və 1 bürünc medalla rekorda imza atan zərif cinsin nümayəndələri bu dəfə 2 bürünc medalla sığortalandı. Sona Əhmədli (59 kq) və Nadejda Sementsova (67 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlməklə işini bitmiş saydı. Halbuki Sona yarışa keçmiş Avropa çempionu kimi yollanmışdı. Nadejda Sementsova da son iki qitə birinciliyinin qalibidir. Sonuncu yarımfinalda ukraynalı Alla Çerkasovaya uduzmaqla qızıl medaldan məhrum oldu. Təsəlliverici görüşdə rusiyalı Yuliya Bartnovskayaya qalib gələn Nadejda bürünc medala layiq görüldü. Sona Əhmədli isə ümumiyyətlə turnirə məğlubiyyətlə başladı. Ukraynalı Qana Vasilenkonun finala qədər irəliləməsi isə həmyerlimizə bürünc medal qazanmaq şansı verdi. Xanım güləşçilərdən Patimat Baqomedova (51 kq) yarımfinalda uduzaraq medalsız qaldı. Ən böyük təəssüf isə Yuliya Ratkeviçlə bağlı oldu. Avropa çempionumuz debütdə uduzmaqla qitə birinciliyini tərk elədi.
Xatırladaq ki, London Yay Olimpiya Oyunlarına cəmi iki lisenziya turniri qalıb. Millimizdə isə yalnız Mariya Stadnikin lisenziyası var. Digər çəkilərdə idmançılarımız turnirlərdə uğurlu çıxış etməklə lisenziya qazana bilərlər. Serbiyadakı səhvlər təkrarlansa, Londonda xanım güləşçilərimizin sayı az olacaq.
Yunan-Roma güləşçilərimiz Avropa Çempionatında 1 qızıl və 1 bürünc medal əldə etdilər. Ötənilki qitə birinciliyindən Bakıya 1 qızıl, 4 bürünc medalla qayıtmasına baxçayaraq, klassiklərimizin Serbiya səfərini də uğurlu saymaq olar.
Yığmanın heyətində ən böyük uğur Elçin Əliyevdən (55 kq) gəldi. İkinci dəfə qitə birinciliyinin qızıl medalını qazanan pəhləvan 55 kq.-da Avropanın ən güclülərindən olduğunu sübut etdi. Həmyerlimiz 2 il əvvəl Bakıda keçirilən Avropa Çempionatında Dövlət Himnimizi səsləndirmişdi. Ondan sonra Dünya Çempionatında qızıl medal qazanan Rövşən Bayramovun (hər ikisi 55 kq.-da çıxış edir) kölgəsində qalan Elçin yenidən Serbiyada sözünü dedi. Bayramov Londona lisenziya qazandığından, məşqçilər korpusu Avropa Çempionatında Elçini sınamaq qərarına gəldi. Sonuncu da bütün rəqiblərinə qalib gəlməklə çempion oldu. Püşkün Elçinə güclü rəqiblər bəxş etməsi xüsusi vurğulanmalıdır. İlk döyüşdə erməni Roman Amoyan, ardınca ukraynalı Dmitri Xarko, türk Fatih Uçuncu, finalda isə macar Peter Modoşu sıradan çıxaran Əliyev qızıl medala layiq olduğunu göstərdi. Şalva Qadabadze (96 kq) ötənilki nəticəni təkrarladı. Yarımfinalda uduzan təmsilçimiz bürünc medal qazandı. Millinin heyətində ilk böyük yarışa yollanan Kamran Məmmədov (60 kq) da medala yaxın idi. Amma yarımfinalda bolqar güləşçiyə uduzan həmyerlimiz tez bir zamanda özünə gələ bilmədi. Təsəlliverici görüşdə isə Rusiya idmançısı Arslan Abdullin Kamranın medala gedən yolunu kəsdi.
Avropa çempionu Vitali Rəhimovun isə sadəcə bəxti gətirmədi. İlk mərhələdə zədələnən Rəhimov mübarizəni davam etdirə bilmədi. Saman Təhmasibi (84 kq) Avropa Çempionatına parlaq qələbəylə başlasa da, uğurun davamı gəlmədi. Startda Olimpiya çempionu Aleksey Mişini üstələyən güləşçimiz 14 finalda litvalı həmkarına uduzdu. Elvin Mürsəliyev (74 kq) də ümidləri doğrultmadı. Ağır çəkidə Məsud Həşimzadənin çıxışı məşqçiləri yaxşı mənada təəccübləndirdi. Yarımfinala qədər irəliləyən pəhləvan burada məşhur Həsən Baroyevə uduzdu. Təsəlliverici görüşlərdə isə ukraynalı Yevgeni Orlov idmançımızdan güclü oldu. 120 kq.-da millidə həmişə problem olduğundan, Məsudun yarımfinala qədər irəliləməsinin özü artıq müsbət nəticə sayıla bilər. Bu səbəbdən, fikrimizcə, məşqçilər korpusu Həşimzadəyə lisenziya xarakterli yarışlarda da şans verməlidir. Beləlikə, sərbəst güləşçilərimiz komanda hesabında 8-ci, xanımlar 4-cü, klassiklər isə 3-cü yeri tutdu. Ümumilikdə, Avropa Çempionatının nəticələrini komandamız üçün normal saymaq olar. Qazanılan medallar yığmanın layiqli davamçılarının olduğunu göstərdi. Bu, millidə rəqabətədavamlı heyətin formalaşmasından xəbər verir. İndi isə əsas heyəti apreldə lisenziyaxarakterli yarışlar gözləyir.
MƏSLƏHƏT GÖR: