15 Mart 2025

Şənbə, 03:04

QONAQDAN EV SAHİBLİYİNƏ

“Avro-2020” Azərbaycan və Gürcüstanda keçirilə bilərmi?

Müəllif:

15.03.2012

Gürcüstan Prezidenti Mixail Saakaşvilinin Azərbaycana səfəri zamanı futbol üzrə Avropa Çempionatıyla bağlı açıqlaması tez bir zamanda qitənin aparıcı medialarının diqqətini cəlb etdi. Qonaq Gürcüstanın Azərbaycanla birlikdə 2020-ci ildə futbol üzrə Avropa Çempionatına ev sahibliyi etmək istəyini açıq şəkildə bəyan etdi. Qitə birinciliyini keçirmək hər iki ölkə üçün böyük şərəf, həm də məsuliyyətdir. Və bu mənada qonşu ölkə başçısının istəyini yalnız alqışlamaq olar. Lakin bunun üçün gərək istəklərimizlə imkanlarımız üst-üstə düşsün. Bəs reallıq və imkanlarımız nədən ibarətdir? 

İndiyə qədər bir sıra dünya və Avropa çempionatlarına ev sahibliyi edən Azərbaycan təşkilatçılıq baxımından böyük təcrübəyə malikdir. Bu mənada, Gürcüstan Azərbaycanın təcrübəsi və idman qurumlarında qazandığı nüfuzdan istifadə edə bilər. 

Digər tərəfdən, ölkəmizdə keçirilən beynəlxalq futbol yarışlarının sayı o qədər də çox deyil. Sirr deyil ki, Azərbaycanda, eləcə də Gürcüstanda dünya standartlarına cavab verən stadionlarla bağlı problem var. Hərçənd, nəzəri baxımdan infrastrukturu lazımi tələblərə uyğunlaşdırmaq üçün vaxt var. Çünki “AVRO-2020”ni qəbul edəcək ölkə hələ 2014-cü ildə təsdiqlənəcək. 

Bəs UEFA-nın Avropa Çempionatını keçirmək üçün tələb etdiyi şərtlər nədən ibarətdir? İlk növbədə, qurum namizəd ölkədən tutumu 50 min olan 2, tutumu 40 min olan 3 və 30 min azarkeşi qəbul edə biləcək 4 stadionun olmasını tələb edir. Bakıda Olimpiya stadionunun təməlqoyma mərasimi artıq keçirilib, 2015-ci ildə hazır olacaq stadion 80 min azarkeş qəbul edə biləcək. Gürcüstanda isə Tiflisdəki “Boris Payçadze” arenası 55 min azarkeş tutumuna malikdir. Deməli, böyük arenayla bağlı problem olmayacaq. Hər iki ölkədə belə stadion 2020-ci ildə olacaq. 

Tofiq Bəhramov adına stadionda artıq bərpa işləri başa çatır. Yayda istifadəyə veriləcək arena 31200 azarkeşi qəbul edəcək. Tiflisdə Mixail Mesxi adına stadion da 30 min tutuma malikdir. UEFA-nın tələb etdiyi 30 minlik stadionla da problem yoxdur. Amma adıçəkilən stadionlardan başqa nə Azərbaycan, nə də Gürcüstanda dünya standartlarına cavab verən arena var. UEFA-nın tələb etdiyi 9 stadiondan hazırda yalnız 4-ü mövcuddur və ya inşa etdirilir. Digər arenalarla bağlı problemi yenilərin inşası və ya köhnələrin bərpasıyla həll etmək olar. 

Stadionlardan başqa, UEFA namizəd ölkədə yüksək standartlara cavab verən magistral, şose yolları, dəniz və dəmiryolu vağzalı, eləcə də hava limanının olmasını vacib sayır. Azərbaycanda yollara xüsusi diqqət yetirilir. Dəniz və dəmiryolu vağzalı yenidən qurulub. Hava limanının genişləndirilməsi işləri isə artıq başlanılıb. Bununla belə görüləsi işlər çoxdur. Əgər Azərbaycan və Gürcüstan Avropa çempionatını keçirmək istəyirlərsə, onda tez bir zamanda lazımi işlərə başlanılmalıdır. 

UEFA-nın namizəd ölkəyə əsas tələbi isə siyasi məsələylə bağlıdır. Avropa Çempionatını keçirmək istəyən ölkə müharibə şəraitində olmamalıdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı problemi həll olunmayıb. Gürcüstanda da separatçılıq ocaqları qalmaqdadır. Bu baxımdan, Avropa Futbol Qurumunun mötəbər yarışı Azərbaycan və Gürcüstana həvalə edəcəyi inandırıcı görünmür. 

Sözsüz ki, Azərbaycanın “Avro-2020”yə namizəd olması artıq böyük uğur kimi qiymətləndirilməlidir. Ölkəmiz bu sahədə təcrübəsini artırmaqla gələcəkdə qitə birinciliyinə ev sahibliyi arzusunu reallaşdıra bilər. Onsuz da yaxın keçmişdə ölkəmiz “Avro-2012”ni keçirmək istəyini bəyan etmişdi. O vaxt UEFA çempionatı Polşayla Ukraynaya etibar etmişdi.

UEFA həmçinin namizəd ölkənin futbol yığmasının uğurlarına nəzər salır. Azərbaycan millisi ciddi uğurla öyünə bilməz. Buna görə də Avropa Futbol İttifaqının qitə birinciliyini bizə həvalə etməsinə inam azalır.  

Digər tərəfdən, Azərbaycanın “Avro-2020”yə namizəd göstərilməsi ölkəmiz üçün böyük reklam olacaq. Amma bu reklamdan səmərəli istifadə etmək lazımdır. Göstərməliyik ki, Avropa Çempionatını keçirmək üçün cüzi çətinlikləri aradan qaldırmaq kifayət edəcək.

Bundan başqa, Azərbaycan 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına da namizəd ölkədir. Bir il ərzində həm Olimpiada, həm də futbol üzrə qitə birinciliyinə ev sahibliyi etmək çox çətindir. UEFA-nın da bu amilləri nəzərə alacağı dəqiqdir. 

Qeyd edək ki, Gürcüstan və Azərbaycanda futbol üzrə Avropa Çempionatının keçirilməsi mümkün-lüyünün təfərrüatları martın 21-də İstanbulda baş tutacaq UEFA-nın konqresində məlum olacaq. Gür-cüstanın idman və gənclərlə iş üzrə naziri Vladimir Vardzelaşvilinin sözlərinə görə, tərəflər artıq 14 vacib bənd üzrə razılığa gəlib. İndi UEFA-dan tələb olunan şərtlərlə bağlı rəsmi müzakirələr aparmaq lazımdır. 

AFFA prezidenti Rövnəq Abdullayev isə tələsməməyi məsləhət görür: “Azərbaycanla Gürcüstanın sıx əlaqələrini nəzərə alaraq idmanda da əməkdaşlıq etməyimizi təklif etmişdim. Bildiyiniz kimi, SOCAR həm Gürcüstan Futbol Federasiyasının, həm də futbol yığmasının sponsorudur. Bununla belə, Avropa Çempionatıyla bağlı düşünmək lazımdır. Bakı həm də Yay Olimpiya Oyunlarına namizəddir. Hər iki yarışı keçirmək çətin olar. “Avro-2020”lə bağlı yaxınlarda rəsmi mövqeyimizi açıqlayacağıq”.

Bu arada 2020-ci ildə baş tutacaq Avropa Çempionatını keçirmək istəyən ölkələrin sayı günbəgün artır. Azərbaycanla Gürcüstandan başqa daha 7 namizəd var: Belçika, Bosniya, Xorvatiya, Serbiya, Çexiya-Slovakiya, Rumıniya, Bolqarıstan- Hollandiya, İrlandiya, Şotlandiya, Uels və Türkiyə. UEFA qitə birinciliyini qəbul edəcək ölkənin adını 2014-cü ildə açıqlayacaq. 



MƏSLƏHƏT GÖR:

490