
BUMERANQ SAHİBİNƏ QAYITDI
Ermənistan "Avroviziya-2012"də iştirakdan imtina etdi
Müəllif: Redaksiya
Çox düşündükdən və hay-küy saldıqdan sonra, Ermənistan bu ilin mayında Bakıda keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina etmək qərarına gəlib.
"Biz Ermənistanın bu qərarından məyus olduq. Avropa Yayım İttifaqının səylərinə və müsabiqəni təşkil edən ölkənin təhlükəsizliyə zəmanət verməsinə baxmayaraq, Ermənistan bizim nəzarətimizdən kənar olan bir qərar qəbul edib", - deyə "Avroviziya" müsabiqəsnin icraçı-direktoru Yan Ola Sand "Eurovision.tv"yə müsahibəsində bildirib. Beləliklə, daha öncə ərizə vermiş 43 ölkədən yalnız 42-si müsabiqəyə qatılacaq.
Ermənilərin "Avroviziya -2012" ilə bağlı isteriyası bu nüfuzlu müsabiqədə Azərbaycan dueti - Eldar Qasımovun və Nigar Camalın qələbəsindən sonra dərhal başlayıb.
Xəbər verdiyimiz kimi, bu böyük hadisə ərəfəsində erməni agentliyi "News.am" yalan məlumat yaymışdı ki, "Avropa ölkələrinin "Avroviziya -2012"də iştirakla bağlı qərarı dəyişir". "Çexiya, Polşa, İslandiya", - deyə agentlik bədxahlıqla bildirir, - "artıq Avropa mahnı müsabiqəsində iştirakdan imtina etmək barədə bəyanat veriblər; Belçika, Hollandiya, Norveç, İsveç, Danimarka, Almaniya və Lüksemburq hələ tam qərar verməyib". Avropa ölkələrinin Bakıdakı müsabiqəni "boykot" etməsi barədə arzu etdiklərini gerçəklik kimi təqdim etmək məsələsində digər erməni KİV-i də geri qalmamışdı.
Yəqin ki, bu taktikanın öz məqsədi olub: bəlkə, bu cür qarayaxma ilə kimisə yoldan çıxarmaq mümkün oldu. Amma alınmadı.
Yəni ermənilər bir qədər düşünərək onlara xas olan ssenari ilə hərəkət etməyə, yəni bütün dünyaya səs-küy salmağa və növbəti dəfə özlərini "əzabkeş" millət kimi təqdim etməyə qərar verdilər. Fevralın sonuna bir qrup erməni müğənnisi Ermənistan ictimai televiziyasına və Avropa Yayım Şurasına ünvanlanmış məktub yaydılar. Məktubda "Avroviziya"da iştirak etmək istəmədiklərini bəyan edirdilər və hamını bu müsabiqəni boykot etməyə çağırırdılar. İmtinanın əsas səbəbi Ermənistanın Tavuş rayonunun Çinar kəndində yerləşən döyüş mövqesində əsgər Albert Adibekyanın öldürülməsi göstərilirdi. Ermənistan Müdafiə Nazirliyi də əsgərin Azərbaycan snayperinin gülləsindən həlak olması barədə xəbər yaymağa tələsdi. Amma hadisələrdən cəmi bir neçə gün sonra istintaq göstərdi ki, o, heç də Azərbaycan snayperinin gülləsindən yox, həmin hərbi hissədə müddətli hərbi xidmətdə olan digər erməni əsgərinin gülləsindən həlak olub. Deməli, ermənilərin yalan bumeranqı bu siyasi təxribatın təşkilatçılarının üzərinə qayıdıb.
Dünyanı azərbaycanlıların "qaniçən" olduğuna inandırmaq istəyən erməni tərəfi, yəqin unudub ki, məhz bu günlərdə doqquzyaşlı azərbaycanlı oğlan Fariz Bədəlovun erməni snayper tərəfindən öldürülməsinin bir ili tamam olurdu. Ermənistan 8 mart 2011-ci ildə Azərbaycan analarına məhz belə bir "hədiyyə" etmişdi. Özü də bunu biz demirik, bu fakt bütün beynəlxalq təşkilatlar tərəfindən qeydə alınıb və pislənib. Eynən keçən ilin iyun ayında Tovuz rayonunun Əlibəyli kəndində azərbaycanlı qız Aygün Şamxalıyevanın ölümü kimi. Onda oyuncağa quraşdırılmış və ermənilər tərəfindən Tovuz çayına axıdılmış partlayıcı qurğu işə düşmüşdü.
Amma hətta bundan sonra da rəsmi Bakı "Avroviziya"nın erməni iştirakçıları və qonaqları üçün indiyə qədər dəfələrlə səsləndirdiyi təhlükəsizlik zəmanətindən imtina etmədi. Nazirlər səviyyəsində verilən bəyanatlarla yanaşı, keçən ilin oktyabr ayında Azərbaycanın Baş naziri Artur Rasizadə Avropa Yayım Şurasına müsabiqənin bütün iştirakçıları, nümayəndə heyətlərinin üzvləri və ölkənin qonaqlarının təhlükəsizliyinə zəmanət verildiyi barədə məktub ünvanladı.
Yada salmaq yerinə düşər ki, son illərdə Azərbaycan öz ərazisində müxtəlif beynəlxalq tədbirlər, o cümlədən, elmi və mədəni forumlar, idman turnirləri keçirib ki, orada Ermənistan təmsilçiləri də iştirak ediblər. Bu tədbirlərdə Ermənistan təmsilçilərinin təhlükəsizliyi həmişə yüksək səviyyədə təmin edilib. Bu, beynəlxalq qurumların və idman federasiyalarının hesabatlarında da əksini tapıb. Bütün dünyanı çaşdırmağa çalışan İrəvanda, yəqin ki, bu barədə unudublar.
Ermənistan öz ağılsızlığından özünə gələ bilmədiyi bir zamanda, Avropa Yayım Şurası "Avroviziya-2012" müsabiqəsi üçün iştirakçı siyahısını "qapayıb". Səfalət içində yaşayan Ermənistan özünü "Avroviziya" adlı tamaşa və bayramdan məhrum etməklə yanaşı, üstəlik, cərimə də ödəməli olacaq. Müsabiqənin qanunları ədalətlidir və bu cür nüfuzlu tədbirdə iştirak uşaq oyuncağı deyil. İstənilən pozucu məsuliyyət daşımalıdır. Belə olan halda, Ermənistan müsabiqədə iştirakdan imtinaya görə, Avropa Yayım Şurasına cərimə ödəməlidir, çünki rəsmi şəkildə qeyd edilib və siyahıda təsdiq edilib ki, müsabiqədə 43 iştirakçı ölkə var. İndi onların sayı 42-yə düşüb.
Lakin bəlkə də İrəvan üçün bu, yaxşı nəticədir. Müsabiqədən iştirakdan imtina edən Ermənistan bəlkə də daha az itki ilə yaxa qurtarıb. İşdir, birdən gələn il İrəvan "Avroviziya"nı keçirməli olsa idi (nəzəri cəhətdən bu mümkündür), itkisi daha çox ola bilərdi. Çətin ki, Ermənistanın iqtisadi imkanları, daha doğrusu, imkansızlığı bu cür bahalı işin öhdəsindən gəlməyə imkan verərdi.
MƏSLƏHƏT GÖR: