
“BAKI-2020”nin ŞANSLARI ARTIR
Jaq Roqqe, Bok Prezidenti: “Bakı güclü namizəddir”
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Bakı şəhərinin 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsinə namizədliyi artıq qəbul olunub. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, eləcə də “Bakı-2020”nin təşkilat komitəsi ölkəmizin namizədliyini təsdiqləmək üçün “Sifariş kitabı”nı Beynəlxalq Olimpiya Komitəsinə təqdim edib. Bəziləri Azərbaycan tərəfinin namizədliyini özünüreklam kimi qiymətləndirsə də, “Bakı-2020”nin təşkilat komitəsi ölkəmizin Olimpiadaya iddiasını layiqincə nüma-yiş etdirir.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe “Associated Press” agentliyinə açıqlamasında Bakının namizədliyi barədə kifayət qədər dəyərli fikirlər işlədib: “Bakının namizədliyinə ciddi yanaşmaq lazımdır. Azərbaycan paytaxtı güclü rəqibdir. Bütün namizədlərin şanslarını bərabər qiymətləndirirəm. Hər biri Olimpiadaya ev sahibliyi etmək istəyir. Beş iddialı şəhərin olması mənə təskinlik verir”.
Artıq məlumdur ki, Bakıda 2020-ci il Olimpiya Oyunları ilə bağlı çoxlu sayda idman qurğuları inşa olunacaq. “Sifariş kitabı”nda ölkəmizin infrastruktur layihələrinin, obyektlərin yerləşdiyi ərazi və tamaşaçı tutumu haqda geniş məlumat verilib. Olimpiya şəhərciyi “Ağ Şəhər”dəki neft emalı zavodu ərazisində tikiləcək. Zavod yaxın zamanlarda köçürüləcək. Orada olimpiya obyektlərinin tikintisi Olimpiada Bakıya həvalə olunacağı təqdirdə aparılacaq. Olimpiya şəhərciyində idmançıların yaşaması üçün evlər, yeməkxanalar, istirahət mərkəzləri, poliklinikalar və digər Olimpiya kəndinin tələbinə uyğun obyektlər inşa olunacaq.
Sifariş kitabında qeyd olunub ki, Olimpiada üçün nəzərdə tutulan 26 obyektdən yarısı artıq hazırdır. Bakı Sərgi Mərkəzi, Binə mərkəzi, Milli Atıcılıq Mərkəzi, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tennis Mərkəzi dünya standartlarına uyğunlaşdırılıb. Gəncə, Qəbələ və Sumqayıt şəhər stadionları yenidən qurulacaq. “Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsini qəbul edəcək Büllur Zalı və 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarının da təşkil olunacağı “8-ci km” stadionu hazırda tikilməkdəkir. Bakı Olimpiya Stadionu, Milli Su İdman Növləri Mərkəzi və Milli Gimnastika Mərkəzi 2013-2015-ci illərdə tikiləcək. 2019-cu ildə Velosiped-Motosiklet Mərkəzi, çoxməqsədli arena və Xocasən gölündə kayak-kanoe və Akademik Avarçəkmə Mərkəzinin tikintisi nəzərdə tutulub. Eyni zamanda, Biləcəridə dağ veloidmanı və bulvar ərazisi də müvəqqəti idman qurğuları üçün istifadəyə veriləcək. 26 qurğudan 21-inin Olimpiya kəndindən 20 dəqiqəlik məsafədə yerləşməsi Bakının üstünlüyü sayılır.
Bakı şəhərinin 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarını keçirmək istədiyi tarix də müəyyənləşib. Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunan “Sifariş kitabı”nda Yay Olimpiya Oyunlarının açılış mərasiminin 2020-ci il iyulun 17-də keçiriləcəyi göstərilib. Olimpiadanın bağlanış mərasiminin avqustun 2-də təşkili nəzərdə tutulub. Avqustun 13-də Yay Paralimpiya Oyunları start götürməlidir. Bu yarış avqustun 24-dək davam edəcək.
“Bakı-2020” ilə bağlı hazırlanan 7 dəqiqəlik reklam çarxı “Sifariş kitabı”nda əks olunan gələcək Olimpiya infrastrukturunun 4 sektorunu əyani nümayiş etdirir. Çarxda, həmçinin, Bakının 2020-ci il Olimpiya Oyunlarına ev sahibi olacağı təqdirdə, istifadə ediləcək digər möhtəşəm tikili və ərazilər də öz əksini tapıb. Məşhur Hollivud rejissoru Rupert Vainrayt tərəfindən çəkilən reklam çarxında Azərbaycan paytaxtında aparılan futuristik quruculuq işlərinin görüntüləri və kompyuter vasitəsilə canlandırılan paytaxtımızın 2020-ci ildəki mənzərəsi təqdim edilir.
Xatırladaq ki, 2020-ci il Yay Olimpiya Oyunlarına Bakıdan əlavə, Doha (Qətar), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokio (Yaponiya) şəhərləri də iddialıdır. Rəqib ölkələrdən biri artıq geri çəkilib. Söhbət İtaliyanın paytaxtı Romadan gedir. İtaliya hökuməti maliyyə böhranı ilə əlaqədar namizədliyini geri götürüb.
2012-ci il mayın 23-də Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsi Kanadanın Kvebek şəhərindəki iclasında iddiaçı şəhərlər sırasından “qısa siyahı” (short list) seçəcək. Qalib şəhərin adı isə 2013-cü il sentyabrın 7-də İOC-un Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək sessiyasında açıqlanacaq.
2020-Cİ İLDƏ YAY OLİMPİYA VƏ PARALİMPİYA OYUNLARININ KEÇİRİLƏCƏYİ BAKI ARENALARI
Oxatma və reqbi - 12 min nəfərlik “8-ci km” qəsəbə stadionunda
Açılış və bağlanış mərasimi, atletika, futbol (final) - 80 min nəfərlik Olimpiya stadionunda
Suyatullanma, üzgüçülük, sinxron üzgüçülük, su polosu, müasir beşnövçülük (üzgüçülük) yarışları - 12 min nəfərlik Milli Su İdman Növləri Mərkəzində
Açıq suda üzgüçülük və triatlon - Bakı buxtasında
Badminton və bədii gimnastika - 6 min nəfərlik Milli Gimnastika Mərkəzində
Basketbol, qılıncoynatma, müasir beşnövçülük (qılıncoynatma), həndbol, stolüstü tennis, taekvondo, ağırlıqqaldırma - 15 min nəfərlik Bakı Sərgi Mərkəzində
Boks - 8 min nəfərlik Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Kanoe-kayak (slalom, sprint) və akademik avarçəkmə - Xocasən gölü ətrafında salınacaq 12 min nəfərlik Avarçəkmə Mərkəzində
Velosiped idmanı - 5 min nəfərlik Velosiped-Motosiklet Mərkəzində
Dağ velosipedi - 2 min nəfərlik Biləcəri Dağ Veloidman Qurğusunda
Veloyürüş - bulvarətrafında
Velotrek - 5 min nəfərlik velodromda
Atçılıq, otüstü hokkey, müasir beşnövçülük (atçılıq) - 12 min nəfərlik Binə Mərkəzində
Futbol üzrə seçmə oyunlar - 15 min nəfərlik Qəbələ və Sumqayıt, 25 min nəfərlik Gəncə şəhər stadionlarında və 32 min nəfərlik Tofiq Bəhramov adına Respublika stadionunda
Qolf - 2 min nəfərlik Bakı Arzular Adasında
İdman gimnastikası və tramplin gimnastikası - 12 min nəfərlik Gimnastika Arenasında
Güləş və cüdo - 25 min nəfərlik Büllur Zalında
Yelkən idmanı - Bakı Yelkən İdman Mərkəzində
Atıcılıq - 3 min nəfərlik Milli Atıcılıq Mərkəzində
Tennis - 21 250 nəfərlik Tennis Mərkəzində
Çimərlik voleybolu - bulvarda
Voleybol - 15 min nəfərlik Bakı Çoxməqsədli Arenada
MƏSLƏHƏT GÖR: