Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Hazırda futbolla maraqlanan hər bir azarkeş Azərbaycan millisinin baş məşqçisinin kim olacağı ilə maraqlanır. Mediada müxtəlif versiyalar səslənsə də, AFFA-nın yeni çalışdırıcının adını ilin sonundan tez açıqlamayacağı görünür. AFFA rəhbərliyi Berti Foqtsun yığmadan gedişindən sonra, boş qalmış baş məşqçi postunu müvəqqəti olaraq, almanın köməkçisi Mahmud Qurbanova tapşırmağı lazım bildi. O, yığmanı noyabrın 16-da Bakıda Norveçlə seçmə oyuna çıxaracaq. Təyinatı və gələcək planları ilə bağlı fikirlərini Mahmud Qurbanov "R+"la bölüşüb.
- Xorvatlardan alınan 0:6 hesablı yenilik necə təsir etdi? Berti Foqtsun istefasını gözləyirdinizmi?
- Milli Azərbaycana qayıdanda o bizimlə gəlmədi. Bir neçə gün sonra onun istefa verdiyini öyrəndik. Qərarı barədə heç kimə məlumat verməmişdi. Hamımız üzüldük. Rəhbərlik, məşqçilər, futbolçular... Əlbəttə, azarkeşlərimizi də məyus etdik. Düzdür, rəqib güclüydü, yığmanın Osiyekdən xalla qayıdacağına inam az idi. Amma belə nəticənin qeydə alınacağını gözləmirdik. Futbolda qələbə ilə yanaşı, məğlubiyyət də qaçılmazdır. Ancaq belə hesab heç kimə başucalığı gətirmir.
- Yığma üzvləri Osiyekdə oyundan əvvəl uduzacağımızı bilirdi?
- Demək istəyirəm ki, çoxları yığmanın ardıcıl iki səfər görüşündən üzüağ dönəcəyinə inanmırdı. Ancaq bu o demək deyildi ki, Palermoya və Osiyekə gedəndə məğlubiyyətlə barışmışdıq. Ən azı, futbolçular meydançada mübarizə aparmağı, məşqçilər korpusu imkan daxilində səfərdən minimum 1 və ya 3 xalla dönməyi planlaşdırırdı. İtaliya ilə qarşılaşmada buna yaxın olsaq da, sonadək dözə bilmədik. Xorvatiya haqda danışmaq isə yersizdir. Hesab hər şeyi deyir.
- Xorvatiyada məğlubiyyətdən sonra, Berti Foqts bütün məsuliyyəti futbolçuların üstünə atıb. Doğrudanmı, fiaskoya görə baş məşqçini qınamq doğru deyil?
- Gedənin dalınca danışmaq bir qədər düzgün çıxmır. Məğlubiyyət varsa, komandada hamı günahkardır. Günahın isə azı-çoxu yoxdur.
- Foqtsun istefasından sonra, millinin sizə tapşırılması gözlənilməz oldu?
- Yığmada işləmək şərəflidir. Ona görə də mənim üçün bu, gözlənilməz oldu. Başda AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov olmaqla, inandılar və bu işi mənə həvalə etdilər. Çalışacağam ki, Norveçlə seçmə oyunda millimizin xal qazanması üçün əlimdən gələni əsirgəməyim. Mənim üçün bu, böyük bir şansdır. Asan bir iş yoxdur. Amma inanıram ki, bu işin öhdəsindən gələ biləcəyəm.
- Millidən əvvəl "Kəpəz"də baş məşqçi olmusunuz. Amma orada karyeranız elə də uğurlu olmadı...
- Fikrimcə, klubda çalışmaqla millidə işləmək arasında fərqlər var. Millidə çalışmaq daha məsuliyyətli, daha ağır işdir. Mənə yığma komanda etibar olunubsa, bundan yararlanmaq üçün əlimdən gələni edəcəyəm. Hər halda, ilk növbədə, məni şəxsi uğurumdan çox, yığmanın uğuru daha çox maraqlandırır.
- Yeni baş məşqçinin adı nə vaxt məlum olacaq?
- Hələ bu barədə məlumat yoxdur. Amma Aslan və Raufla, əlbəttə ki, bir yerdə işləyəcəyik. Düşünmək baxımından bir-birimizə kömək edəcəyik ki, yığmamız Norveçlə matçda, ən azından, yaxşı oyun nümayiş etdirsin. AFFA rəhbərliyi ilə danışmışıqsa, 1 aya yeni baş məşqçinin gələcəyini düşünmürəm. Norveçlə oyuna komandanı mənim çıxaracağım dəqiqdir. Bu matça millini biz hazırlayacağıq. Ondan sonra yeni baş məşqçinin kim olacağı barədə heç nə deyə bilmərəm.
- AFFA rəsmiləri ilə görüş zamanı sizin hansı müddətə milliyə rəhbərlik edəcəyiniz deyilib?
- Mənə bu postu müvəqqəti tapşırıblar. Amma şübhəsiz ki, məsuliyyət çox böyükdür. Gecə-gündüz qarşıdakı Norveç oyunu haqda düşünürəm. Çünki nəticəyə məhz mən cavabdeh olacağam. Görüş zamanı yalnız Norveçlə oyun barədə danışdıq. Yəni, bilirəm ki, milli bir oyunluq mənə tapşırılıb.
- Norveçlə oyunda müsbət nəticə qazanacağınız halda, taleyiniz necə olacaq?
- Hazırda məşqçilər korpusu Norveçlə oyuna hazırlığa başlayıb. Başa düşürük ki, nəticəyə görə biz məsuliyyət daşıyacağıq. İstəyirik, azarkeşləri yaxşı nəticə ilə sevindirək. Sonrakı məsələlər bizdən asılı deyil.
- Mahmud Qurbanov indiki halda millidə baş məşqçi olmağa hazırdırmı?
- Bəlkə də bir qədər tez oldu. Məşqçiliyə təzə başlamışam. Təcrübə toplamağa vaxt olmayıb. O mənada çox çətindir. Millidə işləmək şərəfdir, lakin uzun müddət baş məşqçi olmaq çətin işdir. İndi AFFA milliyə yeni məşqçi axtarır, ona görə artıq şərhə ehtiyac yoxdur.
- Yeni baş məşqçi təyin olunandan sonra, köməkçi kimi işinizi davam etdirəcəksiniz?
- Kimin təyin olunacağını bilmirəm. Amma yəqin ki, millidəki çıxışımı davam etdirəcəyəm. Bütün bunlar gələcəyin mövzusudur. İndi bütün diqqətim qarşıdakı oyuna yönəlib.
- Təyinatınızdan sonrakı ilk açıqlamanızda legionerlərdən imtina edəcəyinizi açıqlamısız...
- Hamısından imtina etməyi düşünmürəm. Böyük ehtimalla, Dmitri Nazarovu dəvət edəcəyəm. O, son oyunlarda göstərdi ki, komandamıza lazımdır.
- Vaqif Cavadovla Mahir Şükürova dəvət göndərəcəksiniz?
- Norveçlə oyunda təcrübəli futbolçulara ehtiyacımız olacaq. Cavid İmamverdiyevlə Rəhman Hacıyevə dəvət göndərməyi planlaşdırıram. Yığmada oyun təcrübəsi olan futbolçular çıxış etməlidir.
- Ardıcıl 3 məğlubiyyətdən sonra, millidə islahatlara ehtiyac var?
- Onsuz da böyük seçim olmur. İndi əsas məqsəd Norveçlə oyuna hazır olmaqdır. Milliyə ən yaxşılar dəvət olunacaq. Biz doğma azarkeşlər önündə qənaətbəxş nəticə qazanmağa çalışmalıyıq. Ona görə ən yaxşı dəvət olunacaq.
- Sizcə, millinin yeni baş məşqçisi yerli mütəxəssis olsa yaxşıdır, yoxsa əcnəbi...
- Hansı cavabı versəm belə, başqa mənaya yaxınlaşacaqlar. Qərarı AFFA qəbul edir.
Hamıya məlumdur ki, milli üçün ideal şərait yaradıblar. Bizdən uğur tələb etmək düzgündür. Kimin rəhbərlik etməsindən asılı olmayaraq, Azərbaycan millisinin səviyyəsini yüksəltmək vacibdir. Yeni məşqçi tez bir zamanda futbolçularımızı öyrənməli olacaq.
MƏSLƏHƏT GÖR: