
DOĞULDUĞUN YERDƏ OL
Azərbaycan əmək miqrantları üçün ən cəlbedici ölkələrdən birinə çevrilib
Müəllif: Alyona MOROZ Bakı
"Harada yaşamaq daha yaxşıdır?". Hələ 10 il qabaq bu suala cavabların 99%-i eyni olardı: "Zəngin Avropada". Əslində, Köhnə Dünya savaşlardan, zülmdən qaçanlar və daimi iş axtaranlar üçün həmişə sığınacaq olub. Həmçinin, məhz Avropa ölkələri "beyin axını"nın, geridönməz miqrasiyanın əsas "günahkarları" idi.
Bu gün isə əks mənzərə müşahidə olunur. Belə ki, 2011-ci ildə Portuqaliya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya və başqa ölkələrdən on minlərlə insan gedib. Onların çoxu Cənub yarımkürəsinə, Afrikanın cənubuna, Avstraliya və Argentinaya üz tutub. Avropadaxili miqrasiya da var, çoxları iş dalınca varlı Almaniyaya gedir və orada İspaniya, Yunanıstan, Baltikyanı ölkələrdən, Bolqarıstan, Polşa və Rumıniyadan işçi qüvvəsi axını müşahidə edilir. Bu gün Avropa postsovet məkanı ölkələri üçün elə də sabit görünmür. Bu da asan izahediləndir.
Yaxşı həyat axtarışında
Avropadakı borc böhranı işsizliyin kəskin artımına səbəb olub. Avropa Birliyinin (AB) statistika xidmətinin məlumatına görə, 2011-ci ilin dekabr ayında avrozona ölkələrində işsizlik 10,4% təşkil edib, amma bir il qabaq bu göstərici 10% olub.
"Avrostat"ın məlumatına görə, bu cür mənzərə bütün AB-yə xasdır. 2010-cu ilin dekabr ayında AB-də işsizlik səviyyəsi 9,5% olduğu halda, 2011-ci ilin dekabr ayında bu göstərici 9,9% təşkil edib. Böhran bir daha Şimal və Cənub ölkələrinin iqtisadiyyatları arasında kəskin fərqi ortaya çıxardı. Belə ki, ən aşağı işsizlik səviyyəsi Avstriya (4,1%), Niderland (4,9%) və Lüksemburqda (5,2%) müşahidə edilib. Ən yüksək işsizlik səviyyəsi isə İspaniyada (22,9%), Yunanıstanda (19,2% - oktyabr 2011) və Litvada (15,3% - III rüb 2011) nəzərə çarpır.
Hətta rifahlı Almaniyada da bu ilin yanvar ayında işsizlik keçən ilin dekabr ayına baxanda 0,7 faiz artaraq 7,3% təşkil edib.
Yüksək işsizlik və işçi xərclərinin azaldılması... Bu, Avropanın əmək bazarındakı yeni istiqamətdir. Özü də işsizlərin əsas hissəsi gənc insanlardır ki, bu da çox pis amildir. Avropa daxilində də miqrasiya prosesləri artır və bunu nəzarətdə saxlamaq çox çətindir. Bir sözlə, Avropa ölkələri artıq "yaxşı həyat" vəd edən yerlər deyil. Xüsusilə də inkişaf etməkdə olan ölkələrin vətəndaşları üçün, çoxsaylı təlatümlərə və böhranlara baxmayaraq, bu ölkələrdə işsizlik və yoxsulluq səviyyəsi aşağı düşür, yeni iş yerləri açılır.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə ölkə üzrə işsizlik səviyyəsi 5,4% təşkil edib. Keçən il ölkədə 94 min yeni iş yeri açılıb ki, bunun 72,7 mini daimidir. Bu və başqa amillər işsizliyin 0,5 faiz azaldılmasına imkan yaradıb.
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun sözlərinə görə, 2003-cü ildən bu yana Azərbaycanda 930 min yeni iş yeri açılıb. "Bütünlükdə, 20 illik müstəqillik dövründə ölkə üzrə yoxsulluq səviyyəsi 67%-dən 9%-ə kimi, işsizlik səviyyəsi isə 17%-dən 5,6%-ə kimi azalıb (2011-ci ilin göstəriciləridir - müəllif)", - deyə F.Ələkbərov bildirib.
Göründüyü kimi, Azərbaycanda işsizlik səviyyəsi Avropanın çox ölkələrinə baxanda aşağıdır. Özü də rəsmi göstəricilər qeydiyyatı olmadan fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxsləri əhatə etmir. Onların sırasında mənzil təmiri ilə məşğul olan və başqa xidmətlər göstərən çoxsaylı ustalar ordusunu, ev qulluqçularını, dayələri, repetitorları və s.-ni göstərmək olar. Ölkədə qeyri-rəsmi məşğulluq səviyyəsi yetərincə yüksəkdir, bu barədə dəfələrlə Dövlət Statistika Komitəsindən bildiriblər, buna görə də 5,6% rəqəmini nisbi saymaq olar.
Bundan başqa, ölkədə, hətta işçi qüvvəsinin çatışmazlığı da müşahidə edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Rauf Tağıyevin sözlərinə görə, 2012-ci ildə ölkəyə əmək miqrantlarının cəlb edilməsi üzrə kvota artırılacaq. Əgər 2011-ci ildə Azərbaycan iqtisadiyyatında məş-ğul olan əmək miqrantlarının sayı 9 min olubsa, 2012-ci ildə bu rəqəm 10 minə çata bilər.
"Kvotanın artırılması Azərbaycanda iri layihələrin gerçəkləşdirilməsi ilə bağlıdır, bunların sırasında "Avroviziya - 2012" üçün xüsusi səhnənin tikilməsini və başqa iri obyektləri də göstərmək olar", - deyə R.Tağıyev bildirir.
Yəni Azərbaycanda tikinti sahəsində işçi qüvvəsinə ehtiyac duyulur, bu sahə isə, bəllidir ki, heç də hər bir ölkədə inkişaf etmir. Hazırda bir sıra Avropa ölkələrində tamamilə əks mənzərə müşahidə edilir: tikinti sektoru tənəzzül yaşayır. Sərmayəçilər bir sıra obyektlərin tikintisini dayandırıblar, onların sırasına otellər, mehmanxanlar, yaşayış evləri, məktəblər də daxildir.
Dərin depressiya fonunda bir sıra Avropa ölkələri xərcləri azaltmaqda davam edir, bu, əsasən, sosial müavinətlərin azaldılması hesabına baş verir. Azərbaycanda isə tamamilə əks mənzərə müşahidə edilir. 2012-ci il büdcəsinin xərclərinin dörddəbirindən çoxu sosialyönümlü xərclərə yönəldiləcək. Bu zaman sosial xərclərin artımı 1% təşkil edəcək.
İşsizlik və miqrasiya Avropa ölkələrinin probleminin yalnız bir hissəsidir. Beynəlxalq reytinq agentliyi "Fitch" bu il avrozonada iqtisadi artım templərinin 0,4%-ə qədər azalmasını gözləyir. Agentliyin məlumatına görə, bu, sərt iqtisadiyyat və maliyyə bazarlarında şərtlərin pisləşməsi ilə bağlı ola bilər ki, bu da bütün dünya üzrə kredit şərtlərinin kəskinləşməsinə gətirə bilər.
Dünya Bankının "2012-ci il üçün qlobal iqtisadi perspektivlər" (Global Economic Prospects 2012) adlı məruzəsinə görə, "avrozonadakı borc problemləri və formalaşmaqda olan bazara malik bir sıra ölkələrdə artımın zəifləməsi dünya iqtisadiyyatının artım perspektivlərini azaldır".
Bununla belə, inkişaf etməkdə olan iqtisadiyyatlar çox sahələrdə inkişaf etmiş iqtisadiyyatları ötür, dünya ümumdaxili məhsulunda (ÜDM) onların payı daim artır, onlar xarici sərmayələr üçün getdikcə daha cəlbedici olurlar.
Misal üçün, Azərbaycanın ÜDM-i 20 il ərzində 20 dəfə artıb və yaxın 10 ildə bu göstəricinin iki dəfə artırılması planlaşdırılır. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, ÜDM-in artımı neftdənkənar bölmənin inkişafı hesabına olacaq və bu bölmənin ÜDM-də payı 80%-ə qədər artırılacaq. Qarşıda duran ilk addım ölkə iqtisadiyyatının qısa müddətə modernləşdirilməsidir.
"Buna hərtərəfli şəkildə innovasion inkişafın stimullaşdırılması, iqtisadiyyatın sənayeləşdirilməsi siyasətinin gerçəkləşdirilməsi, sənaye zonalarının yaradılması, çağdaş texnologiyalar əsasında ixracyönümlü, rəqabətqabiliyyətli istehsal həcmlərinin artırılması, aqrar bölmədə intensiv üsulların tətbiqinin genişləndirilməsi hesabına nail olunacaq", - deyə nazir bildirib.
İstənilən halda, sadalanan tədbirlər yeni iş yerlərinin açılmasına səbəb olacaq.
Yeri gəlmişkən, daimi yaşayış üçün Azərbaycana gələn vətəndaşların sayı ölkəni tərk edənlərin sayından çoxdur ki, bu da çox şeydən xəbər verir. Məsələn, 2011-ci ildə 2,2 min nəfər daimi yaşayış üçün Azərbaycana gəlib, ölkəni isə 0,5 min nəfər tərk edib.
Statistika göstərir ki, əgər 90-cı illərin əvvəlində əmək resurslarının Azərbaycandan getmə meyli müşahidə edilirdisə, indi buraya iş üçün gələnlərin sayı daha artıqdır.
Göründüyü kimi, Azərbaycanın dinamik inkişafı ölkəni xaricilər üçün cəlbedici edib. Arzuolunandır ki, ölkənin gələcək inkişafında miqrantlar deyil, onun öz vətəndaşları iştirak etsinlər. Özü də mütəxəssislərin özlərini sınaya biləcəyi sahələr çox saydadır. Bu, tikinti və İKT, neft və qaz hasilatı, neft emalı, turizm və otel biznesi sahələridir.
Bununla yanaşı, bu gün müşahidə edilən miqrasiya artımı da ürəkaçandır. Əsas məsələ odur ki, ölkəyə yüksəkixtisaslı mütəxəssislər gəlirlər. Onlar ölkə iqtisadiyyatının effektivliyinin artmasına və xarici investisiyaların axınının çoxalmasına yardım edə bilərlər. Bu isə nəticə etibarilə şirkətlərin mənfəətinin və işçilərin gəlirlərinin artmasına səbəb olar.
MƏSLƏHƏT GÖR: