
TÜRK YÜKÜ
Beynəlxalq Strateji Perspektivlər İnstitutunun prezidenti Yusuf Çinar: "İndiki şəraitdə Ankara son dərəcə ehtiyatlı olmalıdır"
Müəllif: Fuad HİLALOV Bakı
- Türkiyə bir neçə şəhərdə küçə iğtişaşlarına çevrilmiş etiraz aksiyalarından sonra yenicə özünə gəlib. Həmin hadisələr onlarca insan həyatına son qoyub. Üstəlik, toqquşmalar polislə nümayişçilər arasında yox, Kürd Fəhlə Partiyasının Ankaranın Kobanidə kürdləri müdafiə etməməsindən qəzəblənən tərəfdarları ilə islamçı, yenə də əsasən, kürdlərdən ibarət Hür Dava Partiyası (HÜDAPAR) tərəfdarları arasında baş verib. Bu iğtişaşları necə xarakterizə edərdiniz?
- Kobani etirazları kürd siyasi lider Səlahəddin Dəmirtaşın tərəfdarlarını Suriyanın Kobani şəhərinin İŞİD tərəfindən işğal olunması təhlükəsi ilə əlaqədar küçələrə çıxmağa çağırmasının nəticəsi olub. Bu şəhər kürdlər üçün 2 səbəbdən vacibdir.
Birincisi, Kobani kürd lideri Abdullah Öcalanın təklif etdiyi muxtariyyətin reallaşdırıldığı şəhərdir. 2012-ci ildə Suriyanın kürdlərin məskunlaşdığı Arfin, Kobani və Cəzirə şəhərləri "demokratik muxtariyyət" statusu qazanıb. Türkiyənin kürd siyasi hərəkatı qarşısına analoji hədəfi qoyub. İndi İŞİD Kobanini ələ keçirərsə, türk muxtariyyəti üçün nümunə ola biləcək model itəcək.
İkincisi, Kobani kürdlər üçün rəmzi əhəmiyyət daşıyır və bu, PKK-nın yaradılması ilə bağlıdır. Vaxtilə Öcalan Türkiyə hökumətinin təqiblərindən xilas olmaq üçün məhz Kobaniyə qaçmışdı.
HÜDAPAR ilə PKK arasındakı toqquşmalara gəlincə, onların düşmənçiliyinin kökləri 90-cı illərə gedib çıxır. O zaman HÜDAPAR-ın sələfləri - kürdlər, radikal islamçılar PKK-nın bir çox liderini məhv etmiş, PKK-çılar da onlara eyni yolla cavab vermişdilər.
2002-ci ildən sonra kürdəsilli islamçı yaraqlılar silahlı dəstələrin ləğv edildiyini və siyasi fəaliyyətə başladıqlarını bəyan etdilər. HÜDAPAR tərəfdarları və İŞİD terrorçuları islamın sünni məzhəbinə aid olduqlarından, PKK tərəfdarları partiyanı İŞİD-i dəstəkləməkdə günahlandıraraq hücumlara başladılar. Nəticədə, toqquşmalar baş verdi, hər iki tərəfdən 40 nəfər həlak oldu; banklar, məktəblər, digər dövlət mülkiyyətləri dağıdıldı. Baş verənlərə görə əsas məsuliyyət Dəmirtaşın üzərinə düşür. Çünki tərəfdarlarını küçə etirazlarına məhz o çağırıb.
- Bəzi analitiklər hesab edirlər ki, bu hadisələrdən sonra Türkiyə hökumətinin milli azlıqlara geniş hüquqlar vermək təşəbbüsü dayandırıla, hətta ümumiyyətlə, ləğv edilə bilər. Həbsxanada PKK lideri Abdullah Öcalanın saxlanma şəraitinin yaxşılaşdırılması tələbinə hökumətin sərt reaksiyası bu ehtimalları təsdiqləyir. Bu haqda nə deyə bilərsiniz?
- Türkiyə üçün demokratik təşəbbüslər prosesi o qədər vacibdir ki, ona etiraz aksiyaları ilə son qoymaq mümkün deyil. Bu gün hakim Ədalət və İnkişaf Partiyası ölkənin kürdlər yaşayan şərq və cənub-şərq regionlarında ən böyük elektorata malikdir. Kürd əhalinin əksəriyyəti demokratik dəyişikliklərin dinc yolla həyata keçirilməsini dəstəkləyir. Bu prosesin türk xalqı tərəfindən dəstəklənməsi Türkiyə rəhbərliyinə bundan imtina etmək imkanı qoymur. Dövlətin silahlı münaqişəyə son qoyulması məqsədilə qiyamçılarla apardığı danışıqlarda mövqeyi birmənalıdır. Lakin sülhə nail olunması ehtimalı o qədər də yüksək deyil. Güc qiyamçı qrupların tərəfində olacaqsa, problemin sülh yolu ilə həll ehtimalı daha da azalacaq. Bu gün PKK ilə danışıqlarda Türkiyə dövlətinin şanslarının yüksək olduğunu söyləmək mümkün deyil. Tərəflərin hər biri zaman-zaman gücünü nümayiş etdirməyə çalışır. PKK tərəfdarlarının küçə etirazları bununla izah olunmalıdır. Bu, müəyyən mənada xəbərdarlıqdır. Sanki Kobani işğal olunacağı təqdirdə, Türkiyə Ordusuna qarşı hərbi əməliyyatlar bərpa edilə bilər. Ankara kürdlərin hərbi dəstələri olan peşmərgənin öz ərazisindən Suriyaya keçməsinə icazə verməklə böhranı aradan qaldıra bilib. Lakin Qərbin artan İŞİD təhlükəsi ilə mübarizə məqsədilə PKK-nı və "Demokratik İttifaq" partiyasını (PKK-nın Suriya qanadı) silahla təmin etmək istəyi Ankara ilə silahlı kürd qiyamçıları arasında danışıqlara mənfi təsir göstərə bilər. Bu prosesdə Türkiyə son dərəcə ehtiyatlı olmalıdır.
Öcalanın həbsxana şəraitinin yaxşılaşdırılması məsələsinə gəlincə, fikrimcə, yaxın gələcəkdə bu ehtimal azdır. 2015-ci ilin avqustunda Türkiyədə parlament seçkisi keçiriləcək və bu addım bir tərəfdən, elektoratın hakim partiyaya inamını azaldacaq, digər yandan, müxalifət partiyalarına seçkiqabağı təbliğat üçün "kozır" verəcək. Uzaq perspektivdə isə kürd siyasi hərəkatının atacağı addımlardan asılı olaraq (məsələn, kürd yaraqlılarının tərk-silahı və cəmiyyətə reinteqrasiyası), Öcalanın saxlanma şəraitinə baxıla, o, hətta ev dustaqlığı ilə əvəzlənə bilər.
- İŞİD-ə yaxın informasiya agentliklərində, həmçinin terror təşkilatının Twitter mikrobloqundakı akkauntunda Türkiyənin ünvanına hədələr yer alır. Fikrinizcə, İŞİD İraq və Suriyadan sonra Türkiyəyə istiqamət ala və ona PKK-dan daha artıq təhlükə yarada bilərmi?
- İŞİD ABŞ-ın 2003-cü ildə İraqa girməsinin nəticəsidir. Amerikalılar İraqda işlək qabiliyyətli dövlət qura bilmədilər. Onların köməyi ilə yaradılmış şiəpərəst hökumət sünniləri hakimiyyət orqanlarından kənarlaşdırdı, beləliklə də, İŞİD-in sosial bazasının bir hissəsinə çevirdi. Bununla əlaqədar olaraq, bu gün əvvəlki İraqın geri qayıdacağı ehtimalı, demək olar ki, yoxdur. ABŞ və digər Qərb dövlətlərinin yalnız aviazərbələrdən ibarət gecikmiş hərbi əməliyyatları isə İŞİD-in əldə etdiyi uğurların əsas səbəblərindən biridir. İŞİD-i dayandırmaq üçün Qərb PKK-nın Suriya qanadı olan "Demokratik İttifaq" partiyasından və Şimali İraqdan olan kürd peşmərgələrdən istifadə etməyə çalışır. Hazırda İŞİD-in qarşısı alınıb və o, demək olar ki, Kobanidən çıxarılıb. Bu konteksdə Türkiyə üçün ən böyük təhlükə PKK yaraqlıları və onun ağır texnika ilə təchiz olunmuş Suriya qanadıdır. Son hadisələri nəzərə alsaq, demək olar ki, PKK rəhbərliyində "qırğılar" partiyası formalaşıb. Onlar Türkiyə ilə sülh arzulamırlar. Onu da nəzərə alsaq ki, bu gün kürdlər İŞİD-lə mübarizə üçün ağır silahlar əldə edir, İŞİD-dən sonra onların hədəfi, böyük ehtimalla, Türkiyə ola bilər.
- Bu gün müzakirə olunan məsələlərdən biri Türkiyənin İŞİD-ə qarşı Qərb koalisiyasına qoşulmasıdır. Ankaranın koalisiyaya qoşulmaq üçün ABŞ qarşısında dörd şərt irəli sürəcəyi məlumdur. Bufer və uçuşsuz zonalar, Suriyanın silahlı müxalifətinə təlimlərin keçilməsi və yekun hədəf kimi, Əsəd rejiminin devrilməsi. ABŞ rəhbərliyinin Əsədə qarşı əvvəlki sərt siyasətindən imtina etdiyini nəzərə alsaq, bu şərtlərin qəbuledilmə ehtimalı nə qədərdir?
- "Ərəb baharı" kontekstində Türkiyə Qərbin Bəşər Əsəd rejiminin devrilməsi məsələsində onu tam dəstəklədiyini düşünürdü. Lakin zaman keçdikcə, Ankara Əsədlə mübarizədə tək qaldığını anladı. Türkiyənin İŞİD-ə qarşı ehtiyatlı davranışının səbəblərindən biri - Əsədlə mübarizədə olduğu kimi, bu təşkilatla mübarizədə yenə də tək qalmaq istəməməsidir. Hazırda Türkiyədə İraq və Suriyadan 2 milyon qaçqın var. Ankara artıq onlara 4 milyard dollar xərcləyib. Türkiyənin bufer və uçuşsuz zonalar tələb etməsinin real səbəbi beynəlxalq birliyin qaçqınlara yardım göstərilməsi üçün ciddi cəhdlər etməməsidir. Bununla əlaqədar olaraq, buferzona prosesə BMT-dən humanitar yardımların cəlbinə kömək edəcək, nəticədə, Türkiyənin yükü azalacaq. Ankaranın Suriya böhranı zamanı ABŞ-ın xarici siyasətindən kənara çıxmaq cəhdləri Vaşinqtonun həyəcanlı reaksiyasına səbəb olub. Lakin Türkiyənin İŞİD-ə qarşı koalisiyaya qoşulmaması onun lazımi dərəcədə effektiv olmasına imkan vermədiyindən, ABŞ kompromisə getmək qərarına gəlib. Məhz bu üzdən Vaşinqton Türkiyəyə mötədil Suriya müxalifətinə təlimlər keçilməsinə razılıq vermək fikrinə düşüb. Fikrimcə, ABŞ bundan sonra da Əsəd rejiminin devrilməsində fəal rol oynamayacaq. Hələ Suriyada vətəndaş müharibəsinin başladığı dövrlərdə Bəşər Əsəd Qərbə xəbərdarlıq edərək, hakimiyyətdən gedəcəyi təqdirdə Suriyaya "Əl-Qaidə" yaraqlılarının rəhbərlik edəcəyini bildirmişdi. Bu gün İŞİD-in meydana çıxması Əsədin proqnozlarını doğruldur və Qərbin gözündə onu daha az təhlükəli qüvvəyə çevirir. Türkiyə isə sonda koalisiyanı dəstəkləyəcək, lakin güman ki, əvəzində tələb etdiklərinin heç də hamısını ala bilməyəcək.
- Ötən yay Ermənistan prezidenti Serj Sarqsyan Türkiyə prezidentini növbəti il üçün Ermənistana səfərə, orada qondarma erməni soyqırımının yüzüncü ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştiraka dəvət etmişdi. Fikrinizcə, Türkiyə prezidenti bu dəvəti qəbul edəcəkmi və əgər edəcəksə, bu, hansı nəticələri verəcək?
- Baş nazir Əhməd Davudoğlu "qonşularla sıfır problem", o cümlədən Ermənistanla münasibətlərin yumşaldılması siyasətinin müəllifidir. Davudoğlunun xarici siyasi doktrinası və əsas baxışı "uzanmış əlin sıxılması"dır. Türkiyənin Ermənistan istiqamətində atdığı bir sıra müsbət addımlara baxmayaraq, İrəvan bu məsələdə çox ləng davrandı. Türkiyə Ermənistana əl uzatsa da, onun əli hələ havada qalıb. Ermənistandan xoşniyyət addımlar gözləyən Ankara əvəzində ünvanına birbaşa ittihamlar alır. Bu, şübhəsiz, iki dövlət arasında münasibətlərin yumşaldılması prosesinə mənfi təsir göstərəcək. Bu baxımdan, hesab edirəm ki, Türkiyə prezidentinin "erməni soyqırımı"nın yüzüncü ildönümü ilə bağlı tədbirlərə qatılması mümkün deyil. Digər tərəfdən, bütün bunlar Türkiyəyə Qarabağ məsələsində Ermənistana qarşı daha sərt siyasət yürütməyə imkan verə bilər.
MƏSLƏHƏT GÖR: