15 Mart 2025

Şənbə, 01:34

TEHRAN ÖZÜNÜ ÇIXILMAZ VƏZİYYƏTƏ SALIR

İranın qeyri-adekvat xarici siyasəti onun beynəlxalq aləmdən təcridini daha da dərinləşdirir

Müəllif:

01.03.2012

Bu ilin fevralından Qərb-İran münasibətlərində gərginlik daha da artıb. Tehranın indiyədək səsləndirdiyi cəsarətli bəyanatlara baxmayaraq, Qərbin tətbiq etdiyi sərt sanksiyalar İranın ərzaq idxalını pozub, ölkədə ərzaq çatışmazlığı və qiymətlərin bahalaşmasına səbəb olub. Məsələn, İran diyetasının əsasını təşkil edən düyünün qiyməti bir neçə həftə ərzində 2 dəfədən artıq bahalaşıb. Ətin qiymətində isə üçqat artım var.

İranın siyasi rəhbərliyində də müəyyən böhran yaşanmaqdadır. Fevralda ölkə parlamentinin deputatları Prezident Mahmud Əhmədinejadı qəbul etdiyi bir sıra daxili və xarici siyasi qərarlarla bağlı izahat verməsi üçün parlamentə çağırıblar. Bu çağırışı 290 deputatın 150-si imzalayıb. Onlar prezidentdən iqtisadi sahədəki qərarlarını, xüsusilə Tehranda ictimai nəqliyyat sahəsində xüsusi xərclərin ayrılmasından imtinasını, həmçinin, daxili və xarici siyasətə dair bir sıra qərarlarını əsaslandırmasını tələb edib. Bu, İranın müasir tarixində deputatların prezidentin dinləmələrə qatılmağa və parlamentarilərin suallarını cavablandırmağa çağırdığı ilk haldır. Bundan əvvəl isə Əhmədinejad və tərəfdarlarının ünvanına oğurluq, korrupsiya, hətta "naməlum dünya" ilə əlaqələrə dair ittihamlar da səsləndirilmişdi.

Deputatların bu qərarı bir sıra dairələr tərəfindən birmənalı qarşılanmayıb. Onlar hesab edir ki, İrandakı siyasi vəziyyət, həmçinin, onun xarici düşmənlərin hədəfində olduğu nəzərə alınarsa, prezidentin izahat üçün parlamentə çağırılması İran xalqının maraqlarına heç cavab vermir. Həmin dairələr indiki dövrdə deputatların bu addımını yanlış hesab edir və bildirir ki, bu, hökumətlə qanunverici hakimiyyət arasında parçalanmaya səbəb ola bilər.

Bu üzdən bəzi nüfuzlu dini strukturlar deputatların əməllərini pisləyərək, prezidenti izahat verməyə çağıran parlamentarilərin adlarını artıq bu ay keçiriləcək növbəti parlament seçkisinə qatılacaq namizədlərin siyahısından çıxarıb.

Son zamanlar İranda Prezident M.Əhmədinejadla ölkənin ali dini lideri Ə.Xamnei arasında siyasi mübarizənin qızışdığını da xatırlatmaq lazımdır. Maraqlıdır ki, ötən ilin mayında İran klerikallarından biri, dini lider M. Nubian ölkə prezidentini İsraillə dost münasibətlərdə ittiham etmişdi.  O, İran prezidentinin baş məsləhətçisi və yaxın qohumu olan E.R.Maşainin 3 il əvvəl Tehranın yəhudi dövləti ilə "dost münasibətləri" qurmalı olduğunu dilə gətirdiyini xatırladıb. Nubian onu da iddia edir ki, İran Prezidenti Maşainin bəyanatını dəstəklədiyini ona şəxsən bildirib. Guya Nubian həmin anda islam respublikasının liderinə hörməti aradan qaldırmamaq üçün heç bir cavab verə bilməyib.

Bununla yanaşı, sanksiyaları sərtləşdirməklə Tehranı nüvə silahının yaradılması proqramından imtinaya məcbur etməyə çalışan ABŞ və Aİ-nin cəhdləri hələ ki nəticə vermir. İran hakimiyyəti fevralın 15-də Tehran tədqiqat reaktoruna nüvə yanacağının vurulmasına başlanıldığını bəyan edib. MAQATE nümayəndələrinin İrana fevralın 21-22-də etdikləri növbəti səfər isə nəticəsiz olub. Agentliyin direktoru Y. Amano MAQATE müşahidəçilərinin İran paytaxtı yaxınlığındakı Parçin hərbi obyektinə buraxılmadıqlarından məyusluğunu qeyd edib: "İranın bizim xahişimizi qəbul etməməsi və müşahidəçiləri Parçinə buraxmaması  məyusluq yaradır. Səylərimizin konstruktiv xarakterinə baxmayaraq, razılaşma əldə etmək mümkün olmayıb".

Maraqlıdır ki, MAQATE nümayəndələrinin İrana səfəri ərəfəsində "Alef" analitik saytında yerləşdirilmiş məqalədə İranın dini liderinin mövqeyi əks olunmuşdu. Xamnei həmin məqalədə İsraili növbəti dəfə "xərçəng şişi" adlandırıb, yaxın gələcəkdə İsrailə zərbələr endirilməyəcəyi təqdirdə, "sonra imkanın əldən veriləcəyini" bildirib. Dini liderin hesablamalarına görə, İranın raket potensialı ona İsraili 9 dəqiqəyə məhv etməyə imkan verir, Təl-Əviv isə Amerika administrasiyasının köməyi olmadan zərbə endirmək iqtidarında deyil. Ayətulla Əli Xamnei belə zərbənin endirilə biləcəyi vaxtı da göstərib - 2014-cü il.

Əlbəttə ki, bu bəyanat Təl-Əvivdə ciddi narahatlıq yaradır və İsrail İrana önləyici zərbələrin endirilməli olduğunu bildirir. Vaşinqton isə hələ ki bunun qarşısını almağa çalışır. İsrail Ağ evi teokratik rejimin əməllərinin ABŞ-ın öz təhlükəsizliyinə problem yaratdığına inandırmağa çalışır. İsrail maliyyə naziri Y.Ştaynisin sözlərinə görə, hazırda Tehran qitələrarası ballistik raket (QBR) istehsalı ilə məşğuldur və bu işə milyardlarla dollar xərcləyir. O hesab edir ki, görülən işlər nəticəsində, 2-3 il sonra İran ilk QBR-yə sahib olacaq və həmin raket ABŞ-ın şərq sahillərini vurmağa imkan verəcək. Nazir hesab edir ki, həmin raketlər Avropa və Amerika üçün nüvə təhlükəsi də yaradacaq.

İran ətrafında vəziyyətin gər-ginləşməsinə daha bir ciddi səbəb dünyanın müxtəlif yerlərində İsrailin diplomatik missiyalarına qarşı ardarda həyata keçirilən terror aktlarıdır. Son zamanlar Hindistan, Gürcüstan və Tailandda belə silsilə terror aktları baş verib. İsrail bütün bu terror hücumlarına görə məsuliyyəti İranın üzərinə qoyub və baş verənlərin cavabsız qalmayacağını bəyan edib. Tehran isə öz növbəsində, ittihamları "yalan" adlandırıb, baş vermiş terror aktlarına hes bir aidiyyətinin olmadığını bəyan edib.

İlk baxışdan belə düşünmək olar ki, bütün baş verənlər fonunda İranın teokratik rejimi, heç olmasa, yaxın qonşuları ilə davranışında ehtiyatlı olmalıdır. Çox təəssüf ki, Tehranın bu istiqamətdəki xarici siyasi kursu da adekvatlığı ilə fərqlənmir. Və nə qədər qəribə olsa da, Tehranın bütün neqativi məhz onun suverenliyinə, dincxarakterli nüvə proqramı haqqına hörmətlə yanaşan ölkələrə, yəni Azərbaycanla Türkiyəyə qarşı yönəlib. Tehran fasiləsiz və əsassız olaraq, Bakını Təl-Əvivlə sıx əməkdaşlıqda günahlandırır, bu sahədə ondan əks-mövqe nümayiş etdirməsini tələb edir (?!). Bu isə beynəlxalq hüquq baxımından qətiyyən yolverilməzdir. Bakı ilə Təl-Əviv arasında münasibətlərə zərər vurmaq niyyəti ilə İran xüsusi xidmət orqanları və "Hizbullah"ın yerli islamçılardan ibarət agentləri Bakıdakı İsrail diplomatik missiyasının və yəhudi təşkilatlarının nümayəndələrini ələ keçirmək və məhv etmək üçün çoxsaylı cəhdlər göstərib. Yalnız Azərbaycanın təhlükəsizlik orqanlarının effektiv fəaliyyəti nəticəsində belə cəhdlərin üstü hər dəfə vaxtındaca  açılıb. Bu ilin yanvarında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Bakıda israilli diplomatlar və əcnəbi ictimai xadimlərə qarşı terror aktının qarşısını alıb. Tehran dərhal məsələyə aiddiyyətinin olmadığını bəyan edib. Fevralın 17-də isə Bakı və Sumqayıtda İranın "Səhər" telekanalı və Fars informasiya agentliyində çalışan reportyoru  A.Bayramlı (baxış zamanı onun üzərindən 0,387 qram heroin tapılıb) və "Səhər" telekanalının müxbir məntəqəsinin sürücüsü R. Dadaşov həbs olunublar. Onların hər ikisi Azərbaycan vətəndaşlarıdır. Əlbəttə ki, belə vəziyyət Tehranın xoşuna gələ bilməzdi və gözlənildiyi kimi, İran Azərbaycanın Tehrandakı səfiri D.Axundova 10 gün ərzində 2 nota təqdim edib.

İlk notaya Şimon adlı israilli agentin "London Times" qəzetində dərc olunmuş müsahibəsi səbəb olub. Şimonun iddiasına görə, guya 2011-ci ildə İsrail Azərbaycandakı agenturasını genişləndirib və onlar Azərbaycan-İran sərhədində effektiv fəaliyyət göstərir. Göründüyü kimi, bayağı qəzet şayiəsi Tehranın Azərbaycan hökumətini İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırması və iranlı nüvə alimi M.A.Rouşenin qatillərinin İsrailə Azərbaycandan keçərək qaçdığını bildirməsi üçün kifayət edib. Tehranın iddiasına görə, qatillərin Azərbaycan vasitəsilə İsrailə qaçmasına Azərbaycan hökuməti kömək edib. İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nəzarətində olan "Fars News" agentliyi isə Azərbaycanın guya bir neçə iranlı nüvə aliminin, xüsusilə M.A.Məhəmmədi və M.A.Roşanın qətlində iştirak etmiş Cavidan adlı yəhudi "Mossad" agentinə sığınacaq verdiyini bildirir. Qəribədir ki, dünyada ən güclü kəşfiyyata malik ölkələrdən biri olan İran müsahibədəki fikirlərin həqiqiliyini yoxlamağı lazım bilməyib və dərhal Azərbaycanı ittiham etməyə başlayıb. Əgər belə ciddi ittihamlar hər yerdə sərsəmləmələrə əsaslansaydı, beynəlxalq münasibətlər sistemində əsl kollaps yaşanardı. Bundan başqa, son dərəcə güclü İsrail kəşfiyyatının agentinin birdən-birə heç nə olmamış kimi, "Mossad"ın sirlərini "London Times" qəzetinə açıqlaması nə dərəcədə məntiqi görünür?

İranın ikinci notası A. Bayramlı və R. Dadaşovun həbsi ilə bağlı olub. Tehran Azərbaycan hökumətindən bu şəxslərin azad olunmasını tələb edir (?!). Bu isə Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etməkdir. İlk növbədə, bu şəxslər Azərbaycan vətəndaşıdır və onlar öz dövlətlərinin qanunlarına əməl etməlidirlər. Onların qanunsuz əməlləri hansısa ölkənin notası ilə qiymətləndirilmir.

Azərbaycan XİN artıq İranın notalarına cavab verib. Qurum Tehranın ittihamlarını absurd, əsassız və uydurma adlandırıb. Azərbaycan heç zaman ərazisində terror aktlarının törədilməsinə imkan verməyəcək. İranın onun daxili işlərinə qarışmaq cəhdləri isə ikitərəfli münasibətlərə xeyir gətirmir.

Azərbaycan İrana münasibətdə hər zaman obyektiv mövqe tutur. Azərbaycan rəhbərliyi balanslaşdırılmış siyasət yürüdərək, bütün qonşuları ilə dost münasibətləri qurur və bu, İrana da aiddir. Amma təəssüf ki, Tehranın qonşularına qarşı siyasətini adekvat qiymətləndirmək mümkün deyil. İranın ayrı-ayrı rəsmiləri dəfələrlə öz bəyanatlarında Azərbaycana dost münasibətlərini dilə gətirib, öz həmvətənlərini dərrakəyə çağırıb. Xüsusilə İran Parlamentinin spikeri Əli Laricani 2010-cu ilin oktyabrında Qazaxıstana səfəri zamanı bildirmişdi ki, Azərbaycanla İran arasında münasibətləri dostluq səviyyəsindədir. Ötən ilin avqustunda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi S.Q.Firuzabadi Azərbaycanla bağlı yersiz fikirlər və hədələr səsləndirdiyi zaman isə Ə.Laricani rəsmi şəxslərin siyasi bəyanatlar verən zaman daha diqqətli olmasının vacibliyini söyləmiş, onların mənasız fikirlər söyləməklə, qonşu dövlətlərlə münasibətlərə xələl gətirməməli olduqlarını bildirmişdi.

Son hadisələrlə bağlı İranın müdafiə naziri, briqada generalı A.Vahidi də narahatlığını dilə gətirib. Amma təəssüf ki, o da məsələyə düzgün qiymət verməyib. Bir sıra ölkələrin İranın qonşuları ilə yaxşı münasibətlərdə olmasını istəmədiyini, bu münasibətləri pozmağa çalışdığını deyən nazir Azərbaycan rəsmilərini "İranla Azərbaycanın dost münasibətlərini pozmağa çalışan bəzi qrupların hiyləgər tələsinə düşməməyə" çağırıb. Sual yaranır: əgər İran siyasi isteblişmentinin nümayəndələri durmadan iki ölkə arasında münasibətləri korlamağa çalışırsa, buna hansısa qrupların hiyləgər tələləri və Azərbaycan rəsmilərinin nə aidiyyəti var? Bu məsələdə İranın Rusiyadakı səfiri M.R.Sacadi xüsusi fərqlənib. Cəmi 1 həftə ərzində o, 2 bəyanat səsləndirib və onun bu bəyanatlarını heç bir halda Azərbaycana qarşı dost münasibətin təzahürü kimi qiymətləndirmək mümkün deyil. Erməniliyin ünvanına mədhiyyə səsləndirən iranlı diplomat "Pakistan və Meksika Xocalı soyqırımını tanıdı. İran da bu addımı atmağı düşünürmü?" sualına cavabında, bu haqda ilk dəfə eşitdiyini bildirib: "Məndə Xocalı soyqırımı haqda məlumat yoxdur. Bu üzdən sualınıza cavab verə bilməyə-cəyəm". Belə hörmətsiz cavab bu günlərdə bütün dünyanın 20 illiyini qeyd etdiyi Xocalı soyqırımı qurbanlarının xatirəsinə birbaşa təhqirdir.

Bundan heç də az hörmətsizlik sayılmayacaq daha bir hadisə Xocalı soyqırımının 20 illiyi ərəfəsində erməni müğənnilərinin Təbrizdə (?!) təşkil edilmiş konserti idi.  İranın Ermənistandakı səfiri S.A.Sahayan isə İranın güclü dövlət olduğunu, onun regionda, xüsusilə regionun qaynar nöqtələrində hər hansı dəyişikliyə imkan verməyəcəyini bildirib. 

Sadə dildə desək, iranlı səfir Tehranın Dağlıq Qarabağ münaqişə zonasında Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış status-kvodan razı olduğunu söyləmək istəyir. Əslində, İranın işğalçı Ermənistanla dost münasibətləri fonunda bu heç də təəccüblü deyil.

Bütün bunlar Tehranın Azərbaycanla bağlı mehriban qonşuluq münasibətləri və "islam həmrəyliyi"lə bağlı bəyanatlarının səmimiliyini şübhə altına alır. Axı Xocalı soyqırımı qurbanları, həmin hadisələr zamanı girov götürülmüş insanlar, həmçinin, qadınlar da müsəlmanlardır. Niyə erməni vandallarının Ermənistanda və Azərbaycanın işğal altındakı torpaqlarında məscidləri, islam mədəniyyəti abidələrini məhv etməsi Tehranda cinayətdə ittiham olunan şəxslərin (həm də Azərbaycan vətəndaşlarının) həbsi qədər mənfi reaksiya yaratmır? Belə çıxır ki, İranın beynəlxalq aləmdən təcrid durumuna düşməsinin əsas səbəbi də məhz Tehranın qeyri-adekvat və dolaşıq xarici siyasətidir.



MƏSLƏHƏT GÖR:

531