15 Mart 2025

Şənbə, 02:41

AZƏRBAYCAN "G20" SAMMİTİNDƏ:

Artan beynəlxalq rolun daha bir təsdiqi

Müəllif:

01.03.2012

Son zamanlar Azərbaycanın beynəlxalq nüfuzunun artdığının açıq etirafı sayıla biləcək hadisələr baş verir. Ölkəmizə rəsmi və işgüzar səfərlə gələn prezidentlərin, hökumət başçıları, xarici işlər nazirləri, nüfuzlu beynəlxalq qurum rəhbərlərinin sayı qonşu Gürcüstan və Ermənistana edilən səfərlərin ümumi sayını xeyli üstələyir. Ötən il Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü seçildi, həmçinin, YUNESKO-nun bir sıra alt komitələrinə rəhbərlik bizim təmsilçiliyimizə keçdi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun "G20" ölkələrinin XİN başçılarının fevralın 18-20-də Meksikanın Los-Kabos şəhərində keçirilmiş sammitinə dəvəti isə bu tendensiyanın davamı oldu. 

Məlum olduğu kimi, hazırda bu nüfuzlu beynəlxalq foruma rəhbərlik Meksikadadır və 2012-ci ilin yayında qurumun yüksək səviyyədə forumu məhz bu ölkədə keçiriləcək.

"G20"nin nə olduğunu xatırlatmaq yerinə düşər. Bu, "Great20" sözünün, yəni "böyük iyirmilik"in qısaldılmış formada yazılışıdır. O, hər il 19 dövlətin (Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR, Koreya və Yaponiya) başçısı və ya baş naziri, maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin, üstəgəl, Avropa İttifaqının birgə iclasını nəzərdə tutur. Bir qayda olaraq, bu sammitlərdə BMT-nin Baş katibi, həmçinin, BVF və Dünya Bankının yüksəkrütbəli nümayəndələri də iştirak edirlər. "G20" ölkələri dünya iqtisadiyyatının 90%-ni, beynəlxalq ticarətin 80%-ni, dünya əhalisinin isə üçdəikisini özündə birləşdirir.

"G20" formatında görüşlər, ilk növbədə, dünya iqtisadiyyatı və maliyyəsi ilə bağlı aktual problemlərin müzakirəsi üçün keçirilirdi. Lakin 2008-ci ildən sonra dövlət və hökumət başçıları da bu toplantılara qatılmağa başladılar və sammitlər beynəlxalq siyasətin zəruri məsələlərinə dair fikir mübadiləsi və mövqelərin razılaşdırılması üçün də meydana çevrildi. Qurumun 2011-ci il noyabrın əvvəllərində Fransanın Kann kurort şəhərində keçirilmiş son sammitində dünyada tüğyan edən maddi-iqtisadi böhranın və qlobal tənəzzülün qarşısının alınması məsələləri diqqət mərkəzində olub.

Ənənəvi olaraq, qurumun sammitlərinə "G20"nin daimi iştirakçıları ilə yanaşı,  digər maraqlı dövlətlərin nümayəndələri, həmçinin, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də dəvət olunurlar. Bu dəfə Meksikaya Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla yanaşı, Avstriya, Norveç, Kamboca, BƏƏ, İspaniya, Sinqapur, Kolumbiya, Əlcəzair və Çilinin xarici işlər nazirləri, Afrika Şurasının nümayəndəsi də dəvət olunmuşdular. 

Göründüyü kimi, qonaqlar arasında müxtəlif qitələrin təmsilçiləri vardı. Şərqi Avropa ölkələrindən isə sammitə yalnız Azərbaycan dəvət edilmişdi.

Bu hadisəni mətbuat üçün şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elman Abdullayev bildirib ki, hər hansı ölkənin "G20" sammitinə dəvəti zamanı bir sıra göstəricilər nəzərə alınır: ölkə inkişafının dinamikliyi, regiondakı rolu, beynəlxalq humanitar missiyalardakı fəallığı. E. Abdullayevin sözlərinə görə, belə beynəlxalq forumlarda iştirak "ölkənin ciddi tərəfdaş sayıldığının göstəricisidir. Bu, daha konkret və perspektivli təşəbbüslər və təkliflərlə çıxış etmək imkanı yaradır. Təbii ki, bununla Azərbaycan beynəlxalq iştirakı artıracaq".

Görüşə sədrlik edən Meksika xarici işlər naziri Patrisiya Espinoza isə öz növbəsində bildirib ki, Azərbaycanın və digər ölkələrin iclasda qonaq kimi iştirakı onların təmsil etdikləri regiondakı əhəmiyyəti və beynəlxalq aləmdəki rolundan irəli gəlir.

Azərbaycan XİN başçısı E.Məmmədyarov isə toplantıda sadəcə dinləyici kimi iştirak etməyib. Panellərdən birinə sədrlik məhz ona həvalə olunub. E.Məmmədyarov çıxışında BMT qətnamələrinin həyata keçirilməsi üçün mexanizmlərin hazırlanmasının vacibliyini bildirib. Nazir sözlərini əsaslandırmaq üçün BMT TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnamə qəbul etdiyini, lakin onların reallaşdırılması mexanizmi olmadığından, təxminən, 20 ildir ki, qətnamələrin tələblərinə əməl olunmadığını göstərib. E.Məmmədyarov xatırladıb ki, həmin qətnamələrdə Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş torpaqlarının dərhal və qeyd-şərtsiz boşaldılmasını tələb etsə də, bu tələblərə hələ də əməl olunmayıb.

Daha sonra E. Məmmədyarov dayanıqlı inkişaf və yoxsulluğun aradan qaldırılması məsələlərinə toxunub, Azərbaycanın 20 illik müstəqillik dövründə bu sahədə əldə etdiyi uğurlardan danışıb. O bildirib ki, Azərbaycan təhsil sahəsinə böyük investisiyalar yatırır və bu, gələcək nəslə güclü iqtisadiyyata, sosial siyasətə malik qüdrətli dövlət qurmaq imkanı verəcək. E.Məmmədyarov ölkədə əsas inkişaf istiqamətinin informasiya və kommunikasiya texnologiyaları sahəsi olduğunu da deyib.

E. Məmmədyarov sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib. O, ispaniyalı həmkarı Xose Manuel Qarsiya-Marqayo, İtaliya XİN dövlət katibi Marta Dassu, ABŞ-ın Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar və başqaları ilə görüşüb. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, həmçinin, bir sıra regional məsələlər müzakirə olunub.

Azərbaycana maraq tamamilə konkret xarakter daşıyır. Çünki dünyaya tarixi mifləri, əsassız iddiaları, bitib-tükənmək bilməyən maddi və iqtisadi yardım istəklərindən başqa verməyə heç nəyi olmayan Ermənistandan fərqli olaraq, Azərbaycanın əhəmiyyətli neft resusrları var və o, tərəfdaşlarının enerji təhlükəsizliyinə ciddi töhfə vermək iqtidarındadır. Azərbaycanın Dövlət Neft Fondu və Mərkəzi Bankında toplanmış valyuta-maliyyə ehtiyatlarının ümumi həcmi bu ilin əvvəlində 40 milyard dolları ötüb və bu, ölkəni vacib potensial beynəlxalq investora, yoxsul ölkələr üçün iqtisadi yardım donoruna çevirib.

Bu, həmçinin, beynəlxalq öhdəliklərin icrasına məsuliyyətli yanaşma, dünya siyasətinin vacib problemləri ilə bağlı prinsipial mövqenin ortaya qoyulması baxımından yalnız ayrı-ayrı dövlətlərin deyil, həm də dünyanın nüfuzlu hərbi-siyasi və iqtisadi birliklərinin diqqətini Azərbaycana cəlb edir. Bu baxımdan, Prezident İlham Əliyevin fevralın 15-də Brüsselə baş tutmuş səfərini də qeyd etmək lazımdır. Səfər çərçivəsində o, NATO-nun Baş katibi Anders Foq Rasmussenlə də görüşüb. Tərəflər Azərbaycanın avroatlantik məkana inteqrasiyası, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, enerji təhlükəsizliyi, alyansın Əfqanıstanda apardığı əməliyyatlar kimi məsələləri müzakirə ediblər. Azərbaycan NATO aviasiyasının Əfqanıstana uçuşlar reallaşdırması üçün öz hava məkanından istifadəyə bundan sonra da imkan yaratmağa hazır olduğunu bildirib, eyni zamanda, Əfqanıstan təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsində iştiraka razılıq verib. İlham Əliyevin NATO-nun Çikaqoda keçiriləcək sammitində iştirak edəcəyi, həmçinin, Seulda nüvə təhlükəsizliyinə dair keçiriləcək sammitə qatılacağı da elan edilib.

Azərbaycanla Avropa İttifaqı arasında dialoq və əməkdaşlıq da fəal şəkildə inkişaf edir. Bu ilin aprelində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində yaradılmış "Avronest" Parlament Assambleyasının birliyin ərazisindən kənarda təşkil olunacaq ilk iclası da məhz Bakıda keçiriləcək.

Azərbaycanın qlobal və regional siyasətə getdikcə daha çox cəlb edildiyini göstərən başqa nümunələri də göstərmək olar. Bütün bu nümunələr sübut edir ki, həm bədxahları, həm də dostları təəccübləndirməkdə davam edən Azərbaycan hər il beynəlxalq mövqelərini daha da gücləndirir, müstəqil xarici siyasət yürüdən, mövqeyinin dinlənilməsi və qəbul edilməsi qaçılmaz olan dövlətə çevrilir.



MƏSLƏHƏT GÖR:

547