
DÜNYA XOCALINI ANDI
Bu ili xocalı soyqırımının beynəlxalq aləm tərəfindən tanınması işində dönüş nöqtəsi saymaq olar
Müəllif: Namiq MAYILOV Bakı
Pis hala salınmış cəsədlər, şikəst edilmiş qadınlar və uşaqlar, taqətdən düşmüş qocalar, Azərbaycanın Qarabağ regionunda xarabalığa çevrilmiş kiçik şəhərcik. Ermənilər tərəfindən Xocalıda törədilmiş qətliamın foto və videogörüntülərinə, yalnız bu faciəni törədənlər biganə qala bilərlər. Amma insanlıq əleyhinə həyata keçirilmiş bu cinayətə hələ də layiqli qiymət verilməyib.
Bununla yanaşı, son illərdə Xocalı soyqırımı daha tez-tez dünyanın müxtəlif tribunalarından pislənməkdədir. Bu ili isə Xocalıda törədilmiş faciənin beynəlxalq aləm tərəfindən bəşəriyyət əleyhinə cinayət kimi tanınması işində dönüş nöqtəsi saymaq olar.
«Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı “insanlığa qarşı törədilmiş kütləvi cinayət” hadisəsi kimi tanıyıb və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırım aktı kimi tanınması barədə qətnamə qəbul edilib», - deyə Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı xalqa müraciətində bildirib.
Bu gün ABŞ-da Xocalı soyqırımının tanınması çağırışları daha gur səslənməkdədir. İndiana ştatının ABŞ Konqresindəki nümayəndəsi, Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, konqresmen Den Barton fevralın 18-də Nümayəndələr Palatasındakı çıxışı zamanı Konqresi Xocalı soyqırımını tanımağa çağırıb.
ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Kris Kristi və vitse-qubernator Kim Qadaqno Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərək, bu faciəyə dair birgə bəyanat yayıblar. Corciya ştatının qəbul etdiyi qətnamədə isə Ermənistanın Xocalıda baş verənlərə görə günahı boynundan atması pislənilir.
Əlbəttə ki, 20 il əvvəl baş vermiş faciə ilə bağlı bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha ciddi səylər göstərilməlidir. «Xocalıya ədalət!» kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışında bildirdiyi kimi, hazırda bu kampaniya dünyanın 50 ölkəsində aparılır, müxtəlif tədbirlər təşkil olunur, kitablar, bukletlər, disklər buraxılır. «Heydər Əliyev Fondu və «Xocalıya ədalət!» kampaniyası Xocalı hadisələri ilə bağlı bütün həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasını qarşısına məqsəd qoyub», - Day.Az agentliyinin məlumatına görə, L.Əliyeva bildirib.
Bu istiqamətdə hansı işlərin görüldüyünü isə artıq Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş tədbirlərin miqyası göstərir. Xocalı soyqırımı qurbanlarını yad etmək, günahkarların cəzalandırılması tələbini səsləndirmək üçün Bakıda 60 mindən artıq, İstanbulda isə təxminən, 50 min insan küçələrə və meydanlara çıxıb. İştirakçıların sayı bir qədər az olsa da, analoji aksiyalar bir sıra digər ölkələrdə də keçirilib. Dünya ölkələrində ermənilərin törətdiyi soyqırım haqda sənədli və bədii filmlər yayımlanıb, Vaşinqton və Nyu-Yorkda Xocalı mövzusunda informasiya lövhələri metro stansiyalarında, avtobuslarda, avtobus dayanacaqlarında və digər nəqliyyat məntəqələrində asılıb. Bir sıra nüfuzlu dünya KİV-in səhifələrində də Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş məqalə və reportajlar yer alıb. Amerikanın "New York Times" və "Washington Post" qəzetlərini, "Sun Sentinel", "Boston Globe", "Associated Press", "Reuters" agentliklərini, Almaniyanın "Die Welt", Rusiyanın "Arqumentı nedeli" və "Nezavisimaya qazeta" qəzetlərini, Macarıstanın "Nepszava", Pakistanın "Daily İttehad" və "Daily Times" qəzetlərini və Türkiyə mətbuatını misal göstərmək olar. "First news" agentliyinin məlumatına görə, Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı materiallara Meksika, Küveyt, İspaniya, İtaliya, Böyük Britaniya və digər ölkələrin mətbuatında da rast gəlinib. Xocalı soyqırımına dair reportajlar, həmçinin, bu faciəyə həsr olunmuş aksiyalar CNN, CNBC, "Euronews", "CNN Türk", "France 24", "Rossiya 24" və ayrı-ayrı dövlətlərin digər nüfuzlu televiziya və radiokanalları ilə nümayiş olunub.
Dünya bir daha 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş Sovet Ordusunun Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini necə Yer üzündən sildiyinin şahidi olub. Dinc insanlara qarşı həyata keçirilmiş amansız qətliamda 613 nəfər həlak olub, cəsədlər təhqir edilib, 1275 nəfər girov götürülüb. Onlardan 150-nin taleyi haqda hələ də məlumat yoxdur. Öldürülənlər arasında 63 uşaq, 106 qadın, 70 yaşlı və qoca da olub. Ermənilərin hərbi təcavüzü nəticəsində, 8 ailə tamamilə məhv edilib.
Əlbəttə ki, faciəvi hadisələrin 20-ci ildönümündə ermənilərin dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş növbəti addımlarına da rast gəlinib. Amma Azərbaycanı Xocalı haqda yalan məlumatlar yaymaqda ittiham edən erməni təbliğat maşınının nümayəndələri nəinki xarici mətbuatın hadisə yerindən verdiyi foto və videoreportajları unudur, hətta baiskarların öz etiraflarını da yaddan çıxarır. Bu səbəbdən, dünyaya Xocalıdakı qətliamın əsas baiskarlarından biri, Ermənistanın hazırkı prezidenti Serj Sarqsyanın bəyanatını bir daha xatırlatmağı vacib sayırıq. Erməni tərəfinin S.Sarqsyanla müsahibədə səslənən faktları təhrif etməsindən bezən Tomas de Vaal, axırda bu söhbətin stenoqramını dərc etmək məcburiyyətində qalıb. «Xocalıya qədər azərbayanlılar elə düşünürdülər ki, onlarla sadəcə zarafat edirlər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Bu düşüncəni dəyişmək lazım idi. Belə də oldu», - deyə S.Sarqsyan britaniyalı jurnalistə müsahibəsində bildirib.
Bu, soyqırımı, dinc insanlara qarşı etnik mənsubiyyətinə görə məqsədli şəkildə kütləvi qətliam törədildiyini təsdiqləyən ən bariz nümunədir. Ekspertlər soyqırım cinayəti ilə bağlı BMT Konvensiyasının 2-ci maddəsinə və bu cinayətə görə cəzanı nəzərdə tutan, 1948-ci il dekabrın 9-da Baş Assambleyanın Parisdə qəbul etdiyi 260 saylı qətnaməyə diqqət çəkirlər. Sözügedən maddədə soyqırıma belə tərif verilir: «...Hansısa milli, etnik, irqi və ya dini qrupun məhv edilməsi məqsədilə həyata keçirilən fəaliyyət...».
Erməni tərəfi başqa bir arqument kimi, guya Xocalıdan dinc sakinlərin çıxması üçün dəhlizin verildiyini iddia edir. Amma arxada qalmış 20 il ərzində həmin vaxt mühasirəyə alınmış Azərbaycan şəhərinin əhalisinə belə dəhlizin yaradıldığı haqda məlumat verilməsi ilə bağlı heç bir sübut təqdim olunmayıb. Əksinə, insanların tələyə salındığına və kütləvi şəkildə məhv edildiyinə dair təkzibolunmaz sübutlar var. Ermənilərin, qaçmağa çalışan insanların ermənilərlə səhv salınaraq azərbaycanlı hərbçilər tərəfindən güllələndiyi haqda haqsız iddiaları barədə isə heç danışmağa da dəyməz. Bunu öldürülmüş xocalılıların, demək olar ki, hamısının cəsədlərinin tanınmaz hala salınması da sübut edir. 1992-ci ilin fevralında yaşananları işıqlandırmış reportyorlar bildirir ki, ermənilər sağ qalmış xocalılıları da təhqir edirmiş. Onlar insanların başının dərisini soyur, başını və digər orqanlarını kəsir, uşaqların gözlərini oyur, hamilə qadınların qarnını deşirdilər.
Xocalı soyqırımının digər baiskarı, erməni yazıçı Zori Balayan «Ruhumuzun canlanması» kitabında yazır: «Biz Xaçaturla ələ keçirilmiş evlərdən birinə daxil olarkən, orada bizim əsgərlərimiz 13 yaşlı uşağı divara mismarlayırdı. Sonra mən bu uşağın sinəsinin, qarnının və başının dərisini soydum. Saata baxırdım: uşaq qanaxmadan 7 dəqiqə sonra öldü. Sonra Xaçatur artıq ölmüş uşağın cəsədini hissələrə böldü. Axşam daha 3 türk uşağının başına eyni şeyi gətirdik. Mən əsl erməni vətənpərvəri kimi, öz borcumu yerinə yetirirdim».
Ermənilərin guya əhaliyə dəhliz verməsi haqda yalanlarını faciəvi hadisələrin baş verdiyi məkanda olmuş rusiyalı jurnalist Viktoriya İvleva da ifşa edir. Onun ermənilərin Xocalını ələ keçirməsindən bir neçə gün sonra çəkdiyi şəkillərdə şəhər küçələrinə səpələnmiş qadın və uşaq cəsədləri açıq-aydın görünür. «Mən hücumdan sonra Xocalı şəhərində oldum və şəhərin ələ keçirilməsi zamanı qətlə yetirilmiş uşaqların, qadınların dəhşətli şəkillərini çəkdim. Fotolardan görünür ki, xocalılılar yaxın məsafədən atəşə tutulub, şəhərə sərt artilleriya-raket zərbələri endirilib», - deyə V.İvleva bildirir.
Rusiyanın «Memorial» hüquq müdafiəsi təşkilatının məlumatında isə bildirilir ki, şəhərin erməni silahlı birləşmələri tərəfindən ələ keçirilməsindən sonra, orada 86-sı Məshəti türkü olmaqla, 300-dək dinc sakin qalmışdı: «Hər iki tərəfdən əldə edilmiş məlumatlara görə, 1992-ci il martın 28-nə Azərbaycan tərəfinə Xocalıdan olan 700-dən artıq əsir təhvil verilib. Onlar həm şəhərin özündə, həm də Ağdama aparan yolda əsir düşmüşdülər. Əsirlərin əksəriyyəti qadınlar və uşaqlar idi...».
Xocalıda dinc sakinlərə qarşı görünməmiş vəhşilik edildiyini məşhur 366-cı motoatıcı alayın çoxsaylı hərbçiləri, həmçinin, digər şahidlər (qeyri-azərbaycanlılar) də təsdiqləyir. Sanki hər şey nümayiş olunub və söylənilib, hər şey göz önündədir. Amma faciənin üstündən 20 il keçməsinə baxmayaraq, Xocalı yarasından hələ də qan axmaqdadır. Çünki şəhərdə bəşəriyyət əleyhinə yol verilmiş cinayət hələ də layiqli siyasi qiymətini almayıb, günahkarlar isə cəzalandırılmayıb.
Günahkarlar etiraf edir
"Xocalıya qədər azərbayanlılar elə düşünürdülər ki, onlarla sadəcə zarafat edirlər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Bu düşüncəni dəyişmək lazım idi. Belə də oldu".
Serj Sarqsyan, Ermənistan prezidenti
"Biz Xaçaturla ələ keçirilmiş evlərdən birinə daxil olarkən, orada bizim əsgərlərimiz 13 yaşlı uşağı divara mismarlayırdılar. Sonra mən bu uşağın sinəsinin, qarnının və başının dərisini soydum. Saata baxırdım: uşaq qanaxmadan 7 dəqiqə sonra öldü. Sonra Xaçatur artıq ölmüş uşağın cəsədini hissələrə böldü. Axşam daha 3 türk uşağının başına eyni şeyi gətirdik. Mən əsl erməni patriotu kimi, öz borcumu yerinə yetirirdim".
Zori Balayan, erməni yazıçısı
Şahidlər danışır
"1992-ci il fevralın 26-sı səhər haradansa Xankəndi ətrafından qayıdırdıq. Bu vaxt ikinci pilot mənə dedi: "Aşağı baxın, görün, ətrafa nə qədər əsgi səpələnib!". Aşağı baxdım və yerin rəngbərəng olduğunu gördüm. Bir az aşağı endik və qəflətən bunların insan cəsədləri olduğunu gördük. Onların sayı, ən azı, 300-400, bəlkə də daha çox idi. Orada yaraqlı insanlar gəzişir, yaralıları öldürürdü. Bizi görən kimi atəşə tutdular. Aradan çıxa bildik.
Şokda idik! Həyatımda çox şey görmüşdüm. Amma belə şeyə rast gəlməmişdim. Bu, dinc əhalinin kütləvi qırğını idi. Həyatımda bundan vəhşi aksiya görməmişəm.
Ermənilər Xocalını üç istiqamətdən götürdülər və bir istiqaməti, guya ki, dinc sakinlərin çıxması üçün açıq saxladılar. Amma burada pulemyotlarla şəhərdən çıxan sakinləri qırdılar. İnsanlar tələyə düşdü. Onların sağ qalmaq şansı yox idi".
Mayor Leonid Kravets, göyərtəsindən Xocalı faciəsinin videoçəkilişləri aparılmış vertolyotun komandiri
"…Ermənilər azərbaycanlıların cəsədlərini ruslara məxsus 02-19 MM nömrəli "KamAZ"a yığırdılar. Sonra Xocalıda tonqal qaladılar… İnsanın insana nifrəti bütün sərhədləri aşmışdı və mən, bunun kökünü anlaya bilmirdim… Mən Rusiya ordusunun ermənilərə qoşularaq, azərbaycanlıları güllələyən və bundan həzz alan zabitlərinin adlarını açıqlamaq istəyirəm.
…Bunu yazmaya bilmirəm. Güllələrlə deşik-deşik edilmiş ana və uşaqların, hamilə qadınların cəsədləri yadımdan çıxmır. Həmin qanlı hadisələr zamanı heç nə edə bilmədiyim üçün azərbaycanlılar məni bağışlasın. Mən yalnız Kremlə və Müdafiə Nazirliyinin generallarına məxfi arayış göndərə bildim".
Polkovnik-leytenant Vladimir Savelyev, 366-cı motoatıcı alayının xüsusi şöbəsinin (№02270) rəisi
MƏSLƏHƏT GÖR: