15 Mart 2025

Şənbə, 01:28

«QARABAĞ» AZƏRBAYCANIN «BARSELONA»sı OLA BİLƏRMİ?

Q.Qurbanov: «Qvardiola ilə görüş gələcək əməkdaşlığımıza şərait yaradacaq»

Müəllif:

15.02.2012

Hazırda Azərbaycan futbolunda ən çox sevilən məşqçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur desək, yəqin ki, yanılmarıq. 

Ağdam komandasının, əsasən, yerli futbolçulardan formalaşması, üstəlik, avrokuboklarda uğurlu çıxışı “Qarabağ”ı azarkeşlərə çox sevdirib. Avropa Liqasında “Rusenborq”, “Visla” kimi nəhəng klubları məğlub edən ağdamlıların uğurunda da böyük pay sahibi baş məşqçi Qurban Qurbanovdur. 

Futbolçu karyerasını başa vurandan sonra, məşqçiliyə başlayan keçmiş hücumçu bacarıqlı və tələbkar mütəxəssis kimi formalaşmağa başladı. Əvvəlcə Qurbanov Türki-yənin “Qalatasaray”, sonra Almaniyanın Dortmund şəhərinin “Borussiya” klubunun düşərgəsində oldu. Bu yaxınlarda isə məşqçi bacarığını artırmaq üçün Qurban Qurbanov hazırda dünyanın ən güclü klubu sayılan “Barselona”nın bazasında olub. “Qarabağ”ın çalışdırıcısıyla söhbətdə də elə Barselona şəhərinə birhəftəlik səfərinin təəssüratları, həmçinin, Antalyada keçirilən hazırlıq barədə danışdıq.

- Söhbətə “Barselona” klubunun düşərgəsində gördüklərinizdən başlamaq istərdim. Kataloniyalılar hazırda dünyanın ən güclü komandası sayılır. Səfərlə bağlı təəssüratlarınızı bilmək maraqlıdır...

- Olduqca faydalı səfər oldu. Hətta deyərdim ki, gözlədiyimizdən də yaxşı alındı. Proqramımız yaxşı tərtib olunmuşdu. Bizi çox isti qarşıladılar. Səfər müddətində faydalı görüşlər keçirdik. Öncə “Barselona”nın ölkə kubokunda “Osasuna”yla qarşılaşmasını izləməyi planlaşdırsaq da, istəyimiz baş tutmadı. Müəyyən görüşlərimizin olması katalonların qonaq qismində çıxdığı matçı izləməyə problem yaratdı. 

- İspaniya çempionatının oyunlarını izləmək imkanınız oldumu?

- İspaniya kubokunun əvəzinə “La Liqa”da “Espanyol”un “Kordoba”nı 4:2 hesabıyla məğlub etdiyi görüşə baxdıq. “Barselona”nın çempionatda “Betis”i eyni hesabla məğlub etdiyi oyunu da stadiondan izlədik. Əsas komandayla yanaşı, 7 yaşından əvəzedicilərə qədər bütün yaş qrupları üzrə komandaların məşqlərində olduq. “Barsa”nın dünyanın ən güclüsü sayılmasının səbəbi bütün yaş qruplarının eyni futbol fəlsəfəsinə güvənməsindədir. Ümumilikdə, səfərdən ancaq xoş nəticələr çıxardıq.

- Baş məşqçi Xosep Qvardiolayla görüşməyə imkan oldumu?

- Səfər zamanı idman direktoru Andoni Subisarretanın köməkçisi bizə çox kömək etdi. Əvəzedicilərin baş məşqçisi Eusebio ilə müzakirələrimiz oldu. Gərgin iş qrafikinə baxmayaraq, Xosep Qvardiola ilə görüşümüz səmərəli alındı. Qvardiola ilə tanışlığımız gələcək əməkdaşlığa kömək olacaq.

- “Barselona” ilə hansı səviyyədə əməkdaşlıq etmək fikrindəsiniz?

- Səfər zamanı bu komanda haqda çox maraqlı məlumatlar əldə etdim. Aşağı yaş qruplarında məşq-lər “Barselona”nın nəyə görə belə gözəl oyun göstərməsinin sirrini açdı. Hamı yalnız əsas komanda üçün çalışır. Yeniyetmələr sürətlə inkişaf edərək, əsas komandaya düşməyə çalışırlar. Səfərin yekununda “Barselona” nümayəndələrini Bakıya dəvət etdim. Onlar dəvəti qəbul etdilər. “Qarabağ”ın “Barselona”ilə əməkdaşlıqdan müsbət nəticələr əldə edəcəyinə inanıram.

- “Qarabağ”ın “Barselona”ya oxşadığını deyirlər. Bu fikrə münasibətiniz necədir?

- (Gülür) Əlbəttə, belə oxşarlıq bizi sevindirir. Amma “Barselona”nın real gücünə nəzər salsaq, müqayisə düzgün olmaz. Hərçənd, oyun üslubunda oxşarlıq var. 

- “Barselona”nın hazırlıq prosesində hansı fərqli cəhətlər gördünüz?

- Maraqlıdır ki, “Barselona”nın aşağı yaş qruplarının bütün komandalarında keçmiş futbolçuları çalışır. Yəni onlar klubun oyun tərzini davam etdirir. Hazırlıq prosesi cəlbedicidir. Həmin məşqləri tez bir zamanda “Qarabağ”a tətbiq etmək çətin olar. Amma gələcəkdə onlardan istifadə etmək olar.

- Əvvəl “Qalatasaray”, sonra Dortmund “Borussiya”sı indi “Barselona”nın bazasında oldunuz. Böyük klubların hazırlığında olmaq, yəqin, karyeranıza da müsbət təsirini göstərəcək...

- Azərbaycan futbolu naminə çalışmaq lazımdır. Bildiklərimizi hər zaman artırmağa çalışmalıyıq. Çünki futbolumuz Avropayla müqayisədə geri qalır. İnkişaf üçün futbolçular da çalışmalıdır. Heç vaxt hər şeyi bilirik deyərək, özümüzü kənara çəkməməliyik. 

- “Qarabağ” yoxlama görüşlərində yaxşı nəticə qazanmır. Budəfəki toplanış da istisna deyil. Türkiyədə keçirdiyiniz dörd oyunun üçündə uduzub, birində heç-heçə etmisiniz. Səbəbi nədədir?

- Biz istəyirik, hər bir oyunda qələbə qazanaq. Amma hazırlıq prosesində istədiyin oyunu sərgiləyə bilmirsən. Sevinirəm ki, komandada işlər yaxşılığa doğru gedir. Futbolçular daha sürətlə oynayır və səhvlər azalmağa başlayır. Qarşıda bizi çətin oyunlar gözləyir. “Qarabağ” avrokuboklara vəsiqə qazanmaq üçün vacib oyunlardan qələbəylə ayrılmalıdır. 


MƏSLƏHƏT GÖR:

499