
"AVROVİZİYA"ya YOLLANIŞ
Ölkəmizi 57-ci beynəlxalq mahnı müsabiqəsində Səbinə Babayeva təmsil edəcək
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Bu ilin may ayında Bakıda keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı güclü səsə malik istedadlı müğənni Səbinə Babayeva təmsil edəcək. Əlbəttə, 32 yaşlı Səbinə milli seçim turuna bundan əvvəl də qatılmşdı, amma uğur bu dəfə onun üzünə gülüb. Final qala konserti Heydər Əliyev adına Sarayda keçirilib. Konsertin başlanğıcı tamaşaçılarda xoş təəccüb oyatdı: əvəzsiz aparıcılar Leyla Quliyeva, Hüsniyyə Məhərrəmova və Kamran Quliyev çılğın miks rəqsi ifa etdilər, bununla da bütün zalın əhvalını yüksəltdilər. Maykl Ceksonun məşhur "ay yerişi"nin elementləri yer almış rəqs nömrəsi isə axşamın qonaqlarının ən çox xoşuna gəlmişdi.
Amma "Avroviziya-2012"nin milli seçim turunun iştirakçıları isə izləyiciləri rəqsləri ilə deyil, güclü səsləri ilə heyran qoymalı idilər. Lakin onların bəzilərinin vokal göstəriciləri daha yaxşısını arzulamağa vadar edirdi. Beş iştirakçının hər biri Azərbaycan dilində və xarici dillərdə üç mahnı ifa etməli idilər. Sondan əvvəlki seçim turunda səsinə görə həm izləyicilərin, həm də tamaşaçıların mütləq favoriti olan Orxan Kərimlinin, şəksiz ki, gözəl səsi var idi. Amma oğlanda pərəstişkarlarını coşduraraq arxasınca aparmağa qadir "qığılcım" yox idi.
Barnauldan olan 17 yaşlı məktəbli Elton İbrahimov izləyiciləri gözəl səs tembri, uğurlu repertuar seçimi və rok-n-rolla fəth etdi.
Bir vaxt populyar telelayihə olan "Azeri Star"da ikinci yer tutmuş Fəqan Səfərov da yüksək səviyyədə idi. Amma 17 yaşlı Arzu İsmayılova açıq-aydın dinləyiciləri yola verirdi. Maraqsız ifa və səhnədə özünü apara bilməməsi gənc müğənnini finalın autsayderi elədi.
Son aylarda, demək olar ki, dəyişmiş Səbinə Babayeva isə inamlı və sakit görünürdü. Müxtəlif dünya səhnələrində çoxillik çıxış təcrübəsi də işinə yarayırdı. Müğənni izləyicilərin və münsiflər heyətinin qəlbini güclü vokal ilə ələ aldı. Qeyd edək ki, Səbinə artıq dörd il idi ki, bütün milli seçim turlarına qatılırdı. O, 1999-cu ildə "Dalğa" müsabiqəsində xarici mahnıların ən yaxşı ifası nominasiyasına görə qalib olub, gənc vokalçıların beynəlxalq "Golden Hit-99" müsabiqəsinin, həmçinin, başqa müsabiqələrin də qalibidir.
Heyətində İctimai Telekanalın baş direktoru İsmayıl Ömərov, xalq artistləri Faiq Sücəddinov, Rafiq Babayev, Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva, musiqişünas, professor Zümrüd Dadaşzadə, Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Mənzər Nurəliyeva olan münsiflər öz seçimlərini izləyicilərin favoriti olan Səbinə Babayevanın xeyrinə etdilər.
Heydər Əliyev adına Sarayda keçirilən qala-konsertdə, həmçinin, "Avroviziya-2012" yarışmasında Türkiyəni və Maltanı təmsil edəcək Can Bonomo və Kurt Kalleya, əvvəlki müsabiqələrin iştirakçıları Səfurə Əlizadə, Nigar Camalzadə və Eldar Qasımov da iştirak ediblər. Bakılılar və paytaxtın qonaqları, həmçinin, əməkdar artistlər Anar Şuşalı və xanəndələr Təyyar Bayramovu, Aynur İsgəndərli və Arzu Əliyevanın möhtəşəm ifasını da dinləyiblər.
Qeyd edək ki, bu ilin mayında keçiriləcək yarımfinal və final konsertlərinin biletlərinin satışının başlanma tarixi və həm də onların qiyməti artıq yaxın günlərdə bəlli olacaq. Biletlərin qiyməti İctimai Televiziya, həmçinin, biletlərin satılması və yayılmasında məsul olan təşkilatlar tərəfindən müəyyən ediləcək. Mahnı müsabiqəsi kütləvi tədbir olduğundan, qiymətlər yalnız imkanlı adamlar üçün deyil, həm də ortabüdcəli insanlara görə də əlverişli olacaq.
Paytaxtımızda mayın 22-də keçiriləcək birinci yarımfinalda Çernoqoriya, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan iştirak edəcəklər.
Qalan 19 ölkə - Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan, Bosniya və Herseqovina isə mayın 24-də keçiriləcək yarımfinalda çıxış edəcəklər.
"Avroviziya" müsabiqəsinin yarımfinalı mayın 26-da keçiriləcək. Yada salaq ki, qaydalara görə beş ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, həmçinin, festivalın keçənilki qalibi Azərbaycan dərhal finalda çıxış edəcəklər.
Artıq gələcək şənliyin yeri də açıqlanıb. "Avroviziya - 2012" müsabiqəsi artıq aprel ayında istismara veriləcək "Baku Crystal Hall" konsert kompleksində keçiriləcək. Yeri gəlmişkən, yeni konsert zalı, təxminən, 25 min izləyiciyə hesablanıb. Müqayisə üçün deyək ki, Osloda "Avroviziya 2010" müsabiqəsinin keçirildiyi stadion cəmi dörd min adam tuturdu, Düsseldorfda isə 10 min izləyici yerləşdirmək mümkün olmuşdu. "Baku Crystal Hall"un ərazisində, həmçinin, mətbuat konfransı üçün zal, "Euroclub" və "Eurovillage" olacaq. Qonaqlar şəhərdə "Shuttule Bus" markalı xüsusi avtobuslarla gəzəcəklər. Artıq 50 belə maşın gətirilib, 100 ədəd avtobus isə Bakıya martın sonunda çatdırılacaq. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, peşəkar sürücülər üçün seçim elan edilib, seçimin əsas şərtlərindən biri də ingilis dilini bilməkdir.
Bakı Biznes Mərkəzində "Avroviziya" qərargahı işə başlayıb. Bəllidir ki, şou keçirilən zaman burada beynəlxalq mahnı müsabiqəsinə həsr edilmiş muzey açılacaq, bütün müsabiqə həftəsi fəaliyyət göstərəcək mətbuat mərkəzi də işə başlayacaq. Biznes- mərkəzdə, həmçinin, mətbuat konfransının keçirilməsi üçün xüsusi zallar mövcuddur.
Xəbər verildiyi kimi, Bakıda keçiriləcək "Avroviziya-2012" yarışmasının növbəti tərəfdaşı Almaniyanın "Brainpool GmbH" şirkəti olub, müsabiqənin keçirilməsi ilə bağlı yaranacaq bütün istehsalat məsələləri ilə o məşğul olacaq. "Avroviziya-2012" müsabiqəsinin icraçı-prodüseri Adil Kərimlinin sözlərinə görə, bu şirkət ötən il Almaniyada keçirilmiş müsabiqədə nümunəvi iş nümayiş etdirib və buna görə də seçim zamanı həmin şirkətə də üstünlük verilib.
MƏSLƏHƏT GÖR: