15 Mart 2025

Şənbə, 01:16

XOCALI BİR ƏSR ƏVVƏL

Və ya əsrə bərabər 20 il

Müəllif:

15.02.2012

İki təəssürat, iki tarix... Birində 1906-ci il, digərində 2012-ci ildir. Aralarında böyük bir zaman var. Xəyalımda bu iki zamanı qarşılaşdırıb görüş-dürürəm. Azərbaycanın görkəmli publisisti, pedaqoqu, filosof-alimi Əhməd bəy Ağaoğlunun “İrşad” qəzetinin 25 sentyabr 1906-cı il tarixli 225-ci sayında dərc olunmuş “Qarabağın əhvalı” məqaləsindən başlayıram. Dağlıq Qarabağa səfərindən yazır Əhməd bəy. Təəssüratları kədərlidir. Necə də olmasın... Qarabağa səyahətində Tanrının gülüstan yaratdığı yurdunu erməni əli ilə viran edilən görüb. Dünyaya göz açdığı, boya-başa çatdığı Şuşa şəhərinə gedən yolları erməni yaraqlıları bağlayıb. Əhməd bəy həyatının həmin anlarını belə təsvir edir: “...Ağdam ilə şəhərin əlaqəsi bağlı idi, demək olar. Fəqət sahib mənsəblər və qoşun böyügləri gəlib-gedirdilər. Qeyrilər isə cürət edib Əsgərandan keçə bilmiyordular. Şəhərə azim olmadan qabaq general Qoloşçapova teleqraf ilə xəbər verdik və təhlükəni gözümüzün qabağına alıb yola düşdük.

Təhlükəli halətə gətirilən yolların kənarlarında, dağların ətəklərində ot və çiçəklər döşənib. Yay fəslinin xitamə yetişməginə baxmayaraq, təbiət səfalıdır. Lakin ətrafdakı bütün müsəlman (türk) kəndlərinin cümləsi talan, ziri-zəbər olub. 

...Şişə yolu dağların sağ tərəfilə keçir və keçidin də boğazı sağdan sola dutan bir uzun divarın arasından mürur ediyor. Bu divarı mərhum Qarabağ xanı Pənah xan təmir etmiş və məqsədi Şişəni düşmənlər tərəfindən mühafizət etmək imiş. Çünki boğazın iki tərəfində on-igirmi adam əgləşdigdə təmam bir qoşunun yolunu kəsə bilirlər. 

İştə dəva əsnasındə ermənilər buraya dəstələr göndərib yolu müsəlmanlara bağlamış idilər. General Qoloşçapov buna da kifayət edəməyib həman bu Əsgərana ermənilərə kömək və müsəlmanları Şişəyə müavinət etmək qəsdilə... yüz kazaq da göndərmişdi!

Yetişdik Xocalı deyilən postxanəyə. Bu postxanənin adı yovuqluqda bir il bundan əqdəm mövcud olan müsəlman kəndinin adından əxz olunub. Lakin bu gün həman kənddən bir əsər də qalmıyıb, yurtları böylə itmiş. Kəndi ermənilər talan etmişlər.

Yol ilə yaylaqdan enən müsəlman əyaləti gediyordular. Bunlar hər qədəmdə bizə ermənilərdən və kazaqlardan şikayət ediyordular. Birisinin qoyununu əlindən almışlar, birisinin atını, birisinin dəvəsini. Hər qədəmdə min əziyyət görmüş. Və hər yerdə ermənilər qazaqlar ilə iş görüyordular. Ermənilərin xəncər və bombalarından tənha sahib mənsəblər və hökumət kişiləri degil, qoşun əhalisi də vahimə edib onlar ilə həmkar olmuşlar!

Köçərilərin ən şiddətli şikayətləri Ağa körpüsü deyilən mövqedən idi. ...körpünün yovuqluğunda olan doktor Atabəkyanın evindən müsəlləh dəstələr çıxıb onlara tüfəng zoru ilə əziyyət edib mallarını qarət ediyorlar. Doktor Atabəkyanın evi böyük bir imarətdir. Bu imarət bir dəgirman ilə bərabər məzkur körpünün üst tərəfindən bir təpənin üstündə bina olunub. Təəccüb şurasıdır ki, həman yeri Pənah xanın nəvadəsi mərhumə Xurşudbanu bəgim bu doktora məccanən olaraq bağışlamış və şimdi həman müsəlman tərəfindən bağışlanmış mövqe müsəlmanlar üçün min bir bəla və müsibət yuvası olub! Budur tarixin birəhimanə nəticələri və budur keçmişdə olan xətalarımızın bizə səmərələri!”.

 Bu isə Xocalı şəhər sakini İsmayıl Cavadovun Xocalının işğalından 20 il sonra - 2012-ci ilin fevralında mənə danışdıqlarıdır: “Müxtəlif illərdə erməni-azərbaycanlı münaqişəsi olmuş, üç dəfə Xocalı ermənilər tərəfindən yandırılmışdır - 1905-ci ildə, 1918-ci ildə və 1950-ci illərdə. İndi uşaqlığımı yadıma salanda düşünürəm: kəndimizin yaşlıları adbaad deyirdilər kənddə kimin qardaşını, kimin əmisini, dayısını, südəmər körpəsini, gəlinini, oğlunu, qızını ermənilər vəhşiliklə qətlə yetirib, əsir ediblər. Ancaq bir kərə də onların dilindən eşitmədik bizə anlatsınlar: “Ermənilər bizim düşmənimizdir, onlardan ehtiyatlı olun”. Biz tarixini unudan millət deyilik, amma düşməninə də acıyan, qıymayan millətik. Gəlin bunu etiraf edək. 

Ağdərənin Vəng kəndindən xeyli yuxarıda ermənilər Qarabağa gəlmələrinin 150 illiyi münasibətilə lövhə qoymuşdular. 1988-ci ildə Dağlıq Qarabağa iddialarını aydın şəkildə büruzə verəndə onu sındırdılar. Yəni öz həqiqətlərinin sübutunu aradan götürdülər. Amma abidəsiz, lövhəsiz də bu böyük bir tarix deyildi ki, unudulsun. Xocalı da daxil olmaqla, Qarabağ türklərin qədimdən məskunlaşdıqları məkandır. Bunun təsdiqi tarixi adibələrdə də qalmaqdadır. 

Xocalının strateji mövqeyə malik olması, Şuşa, Əsgəran-Xankəndi yolunun üstündə yerləşməsi də ora ermənilərin marağını artırırdı. 1980-ci illərin sonlarında Xocalı ilk şəhidlərini Əsgəran barısında verdi. Ermənilər iki milis işçimizi qətlə yetirdilər. Sonra tez-tez şəhidlər versək də, Xocalının işğal olunacağına inanmırdıq. Müharibə gedə-gedə mən özümə ev tikirdim. Şəhərdə böyük sosial inkişaf başlamışdı. Bu, erməniləri çox məyus edirdi. 1992-ci ilin qanlı faciəsinədək Xocalıda 7 min əhali yaşayırdı. Heç bir şayiə, qaçmaq fikri olan yox idi. Doğrudur, bir az hərc-mərclik var idi. Silah-sursatımız, döyüş taktikamız zəif idi. Qüvvələr arasında fərq böyük idi. Ermənilərin tərəfində hər cür hərbi texnikaya malik olan keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayı var idi. Xocalını isə əsasən, avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və hələ formalaşmamış Milli Ordumuzun döyüşçüləri müdafiə edirdilər.

1992-ci ilin 30 oktyabrından şəhərin avtomobil yolları bağlandı. Yeganə nəqliyyat vasitəsi vertolyot idi. Fevralın ikinci yarısından Xocalını erməni silahlı dəstələri mühasirəyə aldılar. Onlar hər gün şəhəri toplardan, ağır texnikadan atəşə tuturdular. Şuşa səmasında mülki vertolyot vurulub, içindəki 40-dan artıq azərbaycanlı həlak olandan sonra, şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmədi. Ərzaq tükənmişdi. Bütün Azərbaycandan təcrid olunmuş, Allahın ümidinə qalmışdı Xocalı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş 366-cı alayının köməyi ilə silahsız, köməksiz Xocalıya hücum etdilər. Şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Fevralın 26-sı səhər saat 5 radələrində Xocalı alova büründü. Şəhər erməni işğalçıları tərəfindən zəbt edildi. Hücum üç istiqamətdən aparıldığından, əhali Əsgəran tərəfə üz tutub qaçmağa başladı. Ancaq Naxçivanik kəndi yaxınlığında erməni silahlı dəstələri yolu kəsdilər. Onlar dinc əhaliyə amansız divan tutdular. Güllələrdən yayınıb meşələrə, dağlara qaçanların çoxu soyuqdan, şaxtadan məhv oldu. Ermənilər vertolyotlarla, ağgeyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanları axtarır, tapdıqlarını əsir götürür, işgəncələr verirdilər.

Xocalının işğalı zamanı kiçik bacım Rayanın 19 yaşlı oğlu Zahid və həyat yoldaşı 43 yaşlı Yelmar şəhərdən çıxa bilməmişdilər. Binanın zirzəmisinə çəkilib gözləyiblər. Şəhərdən çıxıb üzümlüklərin arasından keçiblər. Əsgərandan Xanabada gedən yola səhərəyaxın çatıblar. Maşının işığında xocalılı qadın, kişi və uşaqların əsir götürüldüyünü görüblər. Ermənilər gəlinlərin boyun-boğazlarından, qulaqlarından zinət əşyalarını çəkib çıxarır, onları söyür, təhqir edirmişlər. Yelmar dözməyib, erməni yaraqlılarının üstünə atılıb. Onu güllələyiblər. Ermənilər çox günahsız qanlar töküblər. Yelmar onlardan yalnız biri idi. Zahidin faciəsi daha dəhşətli oldu. Əsir götürüləndə əynində Milli Ordunun geyimi var imiş. Ermənilər Xocalı özünümüdafiə dəstəsinin üzvlərinə divan tutdular. Zahidin taleyindən də bu günədək xəbərsizik. Cəmillidə yaşayan böyük baçımın oğlu İsmayılov Bəhram da şəhid oldu, Böyük Vətən müharibəsinin veteranı olan atam Kəriş kişi isə Xocalıda güllə yarası aldı. Hamımız ölüm ayağında oradan çıxdıq. İtkilərimiz çox oldu. Deyirəm, hər evdən iki şəhid verəydik, ancaq torpağımız əlimizdən getməyəydi. Buna görə Xocalının işğalından keçən bu 20 ili ömrümdən saymıram». 

İndi ermənilər “genosid”dən danışırlar. Beynəlxalq qurumlara, təşkilatlara deyirik: 1992-ci ildə xarici ölkələrin mətbuat nümayəndələrinin yazdıqlarına, bir də hələ fiziki və mənəvi yaraları sağalmamış xocalılılara baxın!”.

...Bunlar da artıq yazılmış, kameralarla lentə alınmış tarixdir: fevralın 28-də yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çatdı. Düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında yalnız 4 meyit götürə bildilər. Martın 1-də hadisə yerində olan yerli və xarici jurnalistlər dəhşətə gəldilər: meyitlərin başının dərisi soyulmuş, qulaqları və digər orqanları kəsilmiş, gözləri çıxarılmış, çoxsaylı bıçaq və güllə yaraları almış, ağır texnika ilə əzilmiş, yandırılmışdılar. 

Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzi məlumat verirdi ki, 4 gün ərzində Ağdama Xocalıda qətlə yetirilən 200 azərbaycanlının meyiti gətirilib, onlarca meyitin təhqirə məruz qalması faktı aşkarlanıb. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə tibbi ekspertizadan keçirilib. Müəyyən edilib ki, 151 nəfər güllə ilə, 20 nəfər qəlpə yaralarından ölüb, 10 nəfər küt alətlə qətlə yetirilib. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdı. Əsir götürülənlərə amansız işgəncələr verilmişdi. 

Təsadüfi deyil ki, xarici mətbuat bu qanlı hadisəni insanlıq tarixinin ən dəhşətli soyqırımları  Xatın, Liditsa, Oradur soyqırımlarına bənzədir.

 

 

XX ƏSRİN ƏVVƏLİ 

«Yetişdik Xocalı deyilən postxanəyə. Bu postxanənin adı yovuqluqda bir il bundan əqdəm mövcud olan müsəlman kəndinin adından əxz olunub. Lakin bu gün həman kənddən bir əsər də qalmıyıb, yurtları böylə itmiş. Kəndi ermənilər talan etmişlər».

Əhməd bəy Ağaoğlu, «İrşad» qəzeti, 25 sentyabr 1906-cı il.

 

XX ƏSRİN SONU

Fevral, 1992-ci il. Erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş 366-cı alayın köməyi ilə silahsız, köməksiz Xocalıya hücum etdilər. Şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Artıq fevralın 26-sı səhər saat 5 radələrində Xocalı alova büründü.

 

XOCALI SOYQIRIMI: DƏHŞƏTLİ STATİSTİKA

613 nəfər, o cümlədən 106 qadın, 83 uşaq və 70 qoca qətlə yetirilib;

56 nəfər xüsusi amansızlıqla öldürülüb;

8 ailə tamamilə məhv edilib;

130 uşaq valideynlərindən birini itirib;

25 uşaq hər iki valideynini itirib;

1000 nəfər, o cümlədən 76 uşaq yaralanıb;

1275 xocalılı əsir götürülüb;

150 xocalılı itkin düşüb. 

 

XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA

"Krua I Eveneman" jurnalı (Paris), fevral 1992-ci il: "Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu". 

"Sandi Tayms" qəzeti (London), 1 mart 1992-ci il: "Erməni əsgərləri minlərlə ailəni məhv ediblər".

"Tayms" qəzeti (London), 4 mart 1992-ci il: "Çoxları eybəcər hala salınıb, körpə qızın ancaq başı qalıb". 

"İzvestiya" (Moskva), 4 mart 1992-ci il: "Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü". 

"Faynenşl Tayms" qəzeti (London), 14 mart 1992-ci il: "General Polyakov bildirib ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qaldı". 

"Le Mond" qəzeti (Paris), 14 mart 1992-ci il: "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüblər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır".

"İzvestiya" (Moskva), 13 mart 1992-ci il: "Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü". 

"Valer aktuel" jurnalı (Paris), 14 mart 1992-ci il: "Bu “muxtar region”da erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən, vertolyotlara malikdirlər.

ASALA-nın da Suriya və Livanda hərbi düşərgələri və silah anbarları var. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək, Qarabağdakı azərbaycanlıları məhv ediblər". 

 

İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti R.Patrik: "Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz".



MƏSLƏHƏT GÖR:

573