
FRANSA FRANSAYA QARŞI
Müəllif: Redaksiya
1915-ci ildə Osmanlı İmperiyası tərəfindən törədildiyi iddia olunan qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun Fransa Konstitusiyasına zidd hesab olunub. Bu qərar 2012-ci il fevralın 28-də Fransa Konstitusiya Şurası (KŞ) tərəfindən qəbul edilib.
"Qanunverici orqan söz və mətbuat azadlığından ictimai asayişi və üçüncü tərəfin hüquqlarını pozan sui-istifadə hallarına qarşı cəza tədbirləri müəyyənləşdirə bilər",-deyə KŞ-nin qərarında bildirilir: "Amma demokratiyanın şərtlərindən, bütün digər hüquq və azadlıqlara riayət edilməsində zəmanətlərdən biri olan bu azadlığın məhdudlaşdırılması düzgün deyil. Qanunverici orqanın məqsədi soyqırımın "tanınması" olan bu qərarı ona əsaslanaraq yeni qanun çıxarmaq üçün kifayət edəcək normativ qüvvəyə malik deyil".
Başqa sözlə, KŞ üzvləri müasir Fransa üçün söz azadlığının vacib əhəmiyyət daşıdığını xatırladır: sənəddə 1789-cu ilə aid İnsan və Vətəndaş Azadlığı Bəyannaməsinin bu azadlığı nəzərdə tutan 11-ci maddəsi bir neçə dəfə xatırladılır.
Digər tərəfdən, bu azadlığın məhdudlaşdırılması üçün sadəcə bir neçə qanunun - əvvəlcə soyqırımın tanınması, daha sonra onun inkarına görə məsuliyyətin nəzərdə tutulmasına dair qanunların qəbulu kifayət deyil. "Erməni soyqırımı"nın inkarına görə cəzanı nəzərdə tutan qanunun qəbulu üçün ölkə Konstitusiyasına da dəyişiklik edilməlidir.
Beləliklə, görünür, bir neçə aydır davam edən avantüradan ibarət proses müvəqqəti olaraq dayandırıldı. Hələ bu il yanvarın 31-də bir qrup parlamentarinin KŞ-yə müraciət etdiyi zaman bir çoxlarında məsələylə bağlı nikbinlik yaranmışdı. Şurada peşəkar hüquqşünasların çalışması, bu "düyün"ün açılması zamanı qanun və ədalətin aliliyinin əsas götürüləcəyinə ümid yaradırdı, çünki erməni diasporunun səsləri naminə presidenti olmayan addımlar atmağa hazır olan siyasətçilərdən fərqli olaraq, KŞ-nin üzvlərinə bu səslər lazım deyil.
Rəsmi Ankaranın Fransa KŞ-nin qərarına reaksiyası özünü çox gözlətməyib. Türkiyənin Parisdəki səfirliyinin rəsmi bəyanatında deyilir: "Türkiyə guya 1915-ci ildə Osmanlı İmperiyası tərəfindən törədilmiş "erməni soyqırımı"nın inkarına görə cəzanı nəzərdə tutan qanunun ləğvinə dair xəbəri məmnunluqla qarşılayır". Səfirliyin rəsmisi bu qərarın iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına kömək edəcəyinə ümidini də dilə gətirib.
Fransa KŞ-nin qondarma soyqırımın inkarına görə məsuliyyətin nəzərdə tutulduğu qanunu ləğv etməsi Azərbaycan tərəfindən də alqışlanıb. "İnterfaks-Azərbaycan"ın Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Fransa KŞ-nin qərarını söz və fikir azadlığının zəfəri kimi qiymətləndirib: "Dövlət başçısı bu ədalətli qərarı alqışlayır və Fransada bu cəsarətli mövqeni tutmuş hər kəsə təşəkkürünü bildirir".
Hər halda, Fransa KŞ üzvlərinin siyasi bitərəfliyi sonda Fransanın özünə daha böyük zərər verə biləcək prosesin qarşısını alıb. Bu proses Fransanın demokratik imicini, fransızların əcdadlarının uğrunda qan tökdükləri söz azadlığı və insan haqlarına əsaslanan Konstitusiyasının təməlini riskə atmışdı.
Amma prosesin bununla başa çatdığını düşünmək də sadəlöhvlük olardı. Belə düşünmək təhlükəli ola, hətta gözlənilməz nəticələr verə bilər. Çünki gözlənildiyi kimi, başda prezident Nikola Sarkozi olmaqla, qanunun qəbulunun tərəfdarları KŞ-nin qərarından sonra heç də sakitləşmək fikrində deyillər. Hələ 1 ay əvvəl bir qrup parlamentarinin (onların arasında qanun layihəsini irəli sürmüş hakim partiyanın üzvləri də var) qanuna etiraz olaraq KŞ-yə müraciəti zamanı, N.Sarkozi qanunun rədd olunacağı təqdirdə, hökumətə yeni analoji layihənin hazırlanmasına dair tapşırıq verəcəyini söyləmişdi. KŞ-nin qərarı açıqlandıqdan dərhal sonra o, həmin fikrini bir daha təkrarlayıb. Prezident seçkisi öncəsi Fransa Parlamentinin məzuniyyətə gedəcəyini və yeni qanun layihəsinin ən yaxşı halda gələn il müzakirəyə çıxarıla biləcəyini nəzərə alsaq, N. Sarkozinin sözlərini simasını qoruyub-saxlamaq üçün edilən uğursuz cəhd də saymaq olar. Çünki KŞ-nin qərarı prezidentliyə namizəd kimi, N.Sarkoziyə zərbədir.
"Erməni soyqırımı" haqda mifin Fransanın hazırkı dövlət başçısının seçkiqabağı kampaniyasındakı mövzular sırasına daxil edilməsini ermənipərəst elektoratın dəstəyini qazanmağa yönəlmiş cəhd saymaq olar.
Amma prezidentliyə digər namizəd Fransua Ollandın seçki kampaniyası da nikbinliyə əsas vermir. Erməni diasporu nümayəndələri qarşısında dəfələrlə çıxış etmiş Olland hələ ötən il "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbuluna tərəfdar olduğunu təkrarlayaraq, Türkiyə hökumətinin mənfi reaksiyasına səbəb olub.
Olland qələbə qazanacağı təqdirdə, nazir postlarını tutmağa namizəd olacaq şəxslərlə bağlı detallı analiz apardıqda görünür ki, Fransanın gələcək siyasəti Türkiyəyə sözügedən qanunun yenidən qəbulundan daha artıq xoşagəlməzliklər vəd edir.
Analitiklərin fikrincə, Ollandı prezident seçiləcəyi təqdirdə, Fransanın baş naziri postunu onun yaxın dostu Mişel Sapin tutacaq. O, açıq-aşkar antitürk mövqeyi ilə seçilən ermənipərəst siyasətçidir. Bütün bunlara əsasən, Fransada keçiriləcək prezident seçkisində Sarkozinin əsas rəqibi qələbə qazanacağı təqdirdə, antitürk və ermənipərəst ritorikanın azalacağına ümid etmək sadəlövlük olardı. Bunun yalnız Fransada erməni diasporunun fəallığı, yaxud son zamanlar Ümumavropa tendensiyasına çevrilmiş millətçilik əhvalının yüksəlməsi ilə əlaqələndirmək də doğru olmazdı. Fransa Türkiyəyə Şimali Afrika və Yaxın Şərq kimi regionlarda özünün tarixi rəqibi kimi baxır. Belə qanun layihələri, Türkiyənin Aİ-yə üzvlüyünə süni maneələr isə təzyiq rçaqlarıdır.
Bu, Türkiyəyə qarşı uzunmüddətli və nadürüst oyunun sadəcə növbəti bir raundudur və həmişə olduğu kimi, ermənilər bu dəfə də piyada rolundadır.
MƏSLƏHƏT GÖR: