15 Mart 2025

Şənbə, 02:51

ELNUR MƏMMƏMLİDƏN NÖVBƏTİ İPPON

Olimpiya çempionumuz ardıcıl ikinci dəfə “world masters”də himnimizi səsləndirdi

Müəllif:

01.02.2012

Qazaxıstanın Almatı şəhərində keçirilən usta cüdoçuların “World Masters” turniri Azərbaycan ən güclü idmançılarının iştirakı ilə əlamətdar oldu. Turnir London Yay Olimpiya Oyunlarına lisenziya baxımından böyük əhəmiyyət kəsb edirdi. Çünki yarışın qalibi olacaq idmançı 400 lisenziya xalı qazanacaqdı. Bu isə Olimpiada ilində Londona getmək istəyənlər üçün əla fürsət idi. 

 Baş məşqçi Ağayar Axundzadənin rəhbərlik etdiyi yığma komandamız “World Masters” turnirinə uğursuz başladı. İlqar Müşkiyev, Tərlan Kərimov (hər ikisi 60 kq) erkən mərhələdə uduzmaqla medal ümidini puç elədi. İlqar Müşkiyev ilk görüşdə fransız Sofiana Milaya təslim oldu. Tərlan isə keçmiş dünya çempionuna uduzmaqla ümidləri doğrultmadı. 90 kq.-da Elxan Məmmədov ilk görüşdə özbək idmançısı Xurşud Nəbiyevə qalib gəldi. Təəssüf ki, həmyerlimiz uğurun davamını gətirmədi. Növbəti görüşdə braziliyalı Tyaqu Kamiloyla bacarmayan Elxan yekun nəticədə 5-ci yeri tutmaqla kifayətləndi. 

Xanım cüdoçularımız da heç nəylə yadda qalmadı. Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) da lisenziya xalını artırmadı. Kifayət ilk mərhələdə braziliyalı Rafaella Silvaya uduzdu. Ramilə isə 14 finalda mübarizəni dayandırdı. 

Azərbaycan millisinin üzünü yenə Elnur Məmmədli güldürdü. Pekin Yay Olimpiya Oyunlarının qalibi 81 kq.-da bütün rəqiblərinə qalib gəlməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Koreyalı dünya çempionu Cae Bum Kim və olimpiya mükafatçısı Leandro Qulxeyro Qazaxıstana gəlmədiyindən, Məmmədli turnirin əsas favoriti göstərilirdi. İlk görüşdə meydan sahibi İslam Bozbayevi xal hesabına üstələyən Elnur ardınca italiyalı idmançı Françesko Bryuyeri sıradan çıxardı. Yarımfinalda ingilis Euan Bartonu məğlub etdikdən sonra isə həmyerlimiz finala adladı. Həlledici mərhələdə onun rəqibi yapon Takaxiro Nakai oldu. Yaponiya cüdonun vətəni sayılsa da, Elnur Məmmədli idmanın bu növündə ən güclülərdən olduğunu sübut etdi. Həmyerlimiz ippon fəndi ilə inamlı qələbə qazanmaqla yarışın qalibi oldu. Bu qələbə sayəsində aktivinə 400 lisenziya xalı yazan cüdoçu həm də 6 min dollar qazandı. Bununla Azərbaycan cüdoçusu dünya reytinqindəki  üçüncü yerini qoruyub- saxladı. “Azerisport.com”un verdiyi məlumata görə, Qazaxıstandakı qələbə Elnur üçün vacib idi. Çünki oun Bakıda keçirilmiş  «World Masters» turnirində qazandığı 400 xaldan 200-ü qalmışdı.  İndi isə onların əvəzinə yanmayan lisenziya xalları qazanan Elnur, həmçinin, kateqoriyanın liderləri ilə fərqi də azaltmış oldu.  Beləliklə, ötən il Bakıda keçirilən “World Masters»də rəqib tanımayan cüdoçu Qazaxıstanda da birinci yeri tutdu və ardıcıl ikinci dəfə usta beynəlxalq turnirdə Azərbaycan Himnini səsləndirdi. 

Millidə yalnız Elnur Məmmədlinin medal qazanması isə bir qədər təəssüf doğurur. Əlbəttə, yığmanın liderinin hər zaman zirvədə olması sevindirici amildir. Lakin komandamızın digər cüdoçularının uğursuz çıxışı başadüşülən deyil. Olimpiya çempionumuza gəldikdə isə o artıq London Yay Olimpiya Oyunlarında iştirakını dəqiqləşdirib. Sadəcə, beynəlxalq federasiya apreldə bu barədə məlumatı rəsmən verəcək.

 

 

SİTAT

«İdmançılarımız kobud səhvlərə yol verməsəydi, medallarımız çox olacaqdı. Səhvlər üzərində işləməliyik. Olimpiadaya az qalır, ona görə bizi daha ciddi iş gözləyir. Millidə Elnur Məmmədli yenə öz sözünü dedi. Sözün əsl mənasında, o, hamıdan güclü olduğunu göstərdi. Bu gün Məmmədli dünyanın ən güclü idmançılarındandır. Buna baxmayaraq, üzərində işləməlidir. Olimpiadaya tam hazır olmaq üçün fiziki göstəricilərini yaxşılaşdırmalıdır. Taktiki cəhətdən ondan razıyam. Amma bir qədər dözümlülüyünü artırmalıdır». 

 

Ağayar Axundzadə, cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi


MƏSLƏHƏT GÖR:

605