15 Mart 2025

Şənbə, 01:39

"ÖZ ALOVUNU YANDIR!"

"Avroviziya-2012"nin rəmzi açarı Bakıya təqdim edildi

Müəllif:

01.02.2012

"Light your fire!" ("Öz alovunu yandır!"). Bu şüar qarşıdan gələn 57-ci beynəlxalq "Avroviziya" mahnı müsabiqəsinin əsas ideyası sayılıb. Bu günlərdə Bakı sözügedən nüfuzlu müsabiqənin paytaxtı statusunu əldə edib. 25 yanvarda "Buta Palace" əyləncə-konsert salonunda keçənilki müsabiqə keçirilmiş Düsseldorf şəhərinin meri Dirk Elbers tərəfindən "Avroviziya"nın simvolik açarları Bakı meri Hacıbala Abutalıbova təqdim edilib. İctimaiyyətə, həmçinin, müsabiqənin rəsmi loqotipi təqdim olunub - bu, alov dilləri rəqs edən od çiçəyidir. 

Mərasimdə iştirak etmək üçün Bakıya "Avroviziya"nın icraçı-direktoru Yan Ola Sand, müsabiqənin təşkilati məsələlər üzrə direktoru Sietse Bakker, mədəniyyət və incəsənət xadimləri, həmçinin, dünyanın 10-dan çox ölkəsinin jurnalistləri gəliblər. Salam nitqi ilə çıxış edən Bakı meri Abutalıbov bildirib ki, mahnı müsabiqəsi Azərbaycan paytaxtında yüksək səviyyədə keçəcək: "Bizim ölkə bu prestijli müsabiqəyə ciddi hazırlaşır. Mən əminəm ki, bu, əzəmətli musiqi bayramı olacaq, bizim paytaxtın bütün qonaqlarının yaddaşında silinməz izlər qoyacaq".  Paytaxtın qonaqlarına bayram konsert proqramı - "Sehrli Azərbaycan" təqdim edilib, konsertdə xalq artisti Teymur Gökçayevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə Azərbaycanın xalq və klassik musiqisi ifa edilib. Tamaşaçılar qarşısında Azərbaycan cazının ulduzu - pianoçu İsfar Sarabski, Natiq Şirinovun nağaraçı  ritm-qrupu  və başqaları çıxış ediblər. Tanınmış folklor hiti "Sarı gəlin"i ifa etmiş Alim Qasımovun təkrarsız səsi bütün zalın alqışlarına səbəb olub. 

Daha sonra səhnəyə "Avroviziya-2009"un bürünc mükafatçısı Aysel Teymurzadə öz mahnısı - "Always" ilə, "Avroviziya-2009" mahnı müsabiqəsinin qalibi Alekcandr Rıbak öz kompozisiyası "Fairytale" ilə, "Avroviziya-2010"nun iştirakçısı Səfurə Əlizadə "Drip drop" ilə, "Avroviziya-2010"nun qalibi Lena Mayer-Laundrut "Satellite"si ilə çıxıb, nəhayət, Eldar Qasımov və Nigar Camal keçənilki Avropa musiqi müsabiqəsində qalib gəlmiş mahnıları "Running scared" ilə çıxış ediblər.

Təntənəli mərasimdə, həmçinin, "Avroviziya" yarımfinalının iştirakçılarının çıxış sırasını müəyyən etmək üçün püşkatma keçirilir. Bizim paytaxtda mayın 22-də keçiriləcək birinci yarımfinalda Çernoqoriya, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan çıxış edəcəklər.

Qalan 19 ölkə - Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan, Bosniya və Herseqovina mayın 24-də ikinci yarımfinalda çıxış edəcəklər. "Avroviziya" müsabiqəsinin finalı mayın 26-da keçiriləcək. Qeyd edək ki, müsabiqənin qaydalarına görə beş ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, həmçinin, keçənilki qalib - Azərbaycan birbaşa müsabiqənin finalında çıxış edəcəklər. 

Artıq gələcək mahnı müsabiqəsinin keçirilmə yeri də açıqlanıb - "Avroviziya-2012" aprel ayında istifadəyə veriləcək "Baku Crystal Hall" konsert-kompleksində keçiriləcək. Yeni konsert zalı, təxminən, 25 min tamaşaçıya hesablanıb. Yeri gəlmişkən, Osloda  "Avroviziya-2010" müsabiqəsinin keçirildiyi stadion  dörd min adam tuturdu, Düsseldorfdakının tutumu isə 10 min adamı keçmirdi. 

"Baku Crystal Hall"un ərazisində, həmçinin, mətbuat konfransı üçün zal, "Euroclub" və "Eurovillage" olacaq. Qonaqlar və müsabiqə iştirakçıları şəhərdə "Shuttule Bus" markalı xüsusi avtobuslarla hərəkət edəcəklər. Artıq 50 belə avtobus gətirilib, daha 100 belə avtobus isə martın sonuna kimi Bakıya gətiriləcək. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, peşəkar sürücülərin cəlb edilməsi üçün elan verilib, onların ingilis dili bilməsi əsas şərtlərdəndir. 

Yeri gəlmişkən, Ermənistanın "News.am" informasiya agentliyi müsabiqəöncəsi yanlış məlumatlar yaymağa başlayıb və bəyanat verib ki, guya "Avropa ölkələri "Avroviziyia-2012"də iştirak edib-etməmək barədə düşünürlər... Çexiya, Polşa və İslandiya artıq Avropa mahnı müsabiqəsində iştirak etməkdən imtina barədə məlumat yayıb, Belçika, Niderland, Norveç, İsveç, Danimarka, Almaniya və Lüksemburq isə yekun qərarını hələ verməyiblər", - deyə agentlik kinli sevinclə bildirirdi. 

Arzu etdiklərini gerçəklik kimi təqdim edən digər erməni KİV də Avropa ölkələrinin Bakı müsabiqəsini guya "boykot" etmək niyyəti barədə qərəzli  məlumatlar yaymaqla məşğul idilər. Yəqin ki, bu cür taktikanın başqa məqsədi də var idi: bəlkə, bu cür dezinformasiya  ilə kiminsə fikrini dəyişə bilərdilər. Amma alınmadı. Müsabiqənin rəsmi saytı Avropa Yayım İttifaqına  istinadən bildirir ki, bu ilin may ayında Bakıda keçiriləcək - sayca 57-ci olan "Avroviziya - 2012" musiqi müsabiqəsində iştirak üçün 43 ölkə ərizə verib - bu, Düsseldorfda keçirilmiş "Avroviziya - 2011" müsabiqəsində iştirak etmiş ölkələrin sayına bərabərdir. Amma aydındır ki, hər il iştirakçı ölkələrin tərkibi qismən dəyişir. 

Əlbəttə, gerçəkdən Polşa bu il "Avroviziya"da təmsil olunmaya-caq, çünki onun İctimai Kanalı efirin böyük hissəsini futbol üzrə Avropa Çempionatı - "Avro-2012"yə həsr etmək niyyətindədir. Çexiyanın imtinası isə "Avroviziya" müsabiqəsində ölkənin üzləşdiyi uğursuzluqlarla bağlıdır. Lüksemburqa gəldikdə isə, o artıq 1993-cü ildən "Avroviziya" müsabiqəsində iştirak etmir. 

Hazırda iştirakçı ölkələrin tərkibi müəyyən edildikdən sonra, onların çoxu üçün ən önəmli mərhələ - mahnı və ifaçı seçimi mərhələsi başlayacaq. Bu, martın sonuna kimi çəkəcək. Bakıdakı "Avroviziya" səhnəsinə çıxacaq azərbaycanlı iştirakçı isə fevralın sonuna kimi müəyyən ediləcək. Hələ ki Avropa mahnı müsabiqəsində iştirak uğrunda yarış davam edir. 



MƏSLƏHƏT GÖR:

380