24 Noyabr 2024

Bazar, 15:05

BAŞINI BOYAYA SOXMAQ

Başı, sadəcə, boyamaq həyat üçün çox təhlükəli bir işə çevrilə bilər

Müəllif:

01.02.2012

Gülnarə Şirinova (ad və soyad dəyşidirilib - müəllif) həmişə dünyanın ən aparıcı istehsalçılarından birinin saç boyasından istifadə edib. Bu dəfə də o, öz adətinə xilaf çıxmadı və işlədiyi ofisin yaxınlığında yerləşən mağazadan yenə belə boya aldı. Evdə boyanı saçına sürtdükdən on dəqiqə sonra əvvəlcə onun sifəti, daha sonra isə bütün başı şişməyə başladı. Gülnarə dərisində yanma və gözlərində sancmalar hiss etdi, bədənində suluqlar yarandı. 

Daha sonra onda boğulma baş verdi. Yalnız "təcili yardım" xidmətinin evlərinin yaxınlığında yerləşməsi Gülnarənin imdadına çatdı.  Beş dəqiqə ərzində gəlmiş həkimlərin operativ müdaxiləsi nəticəsində, Gülnarə xilas edildi.  Bir dəqiqə gecikmə belə, ağır nəticələrə gətirə bilərdi - Gülnarə anafilaktik şoka düşə bilərdi, yəni dərhal baş verən  allergik reaksiya ilə üzləşərdi. Bütün bunlara baiskar isə ilk baxışdan tam qorxusuz sayılan, o birilərindən heç nə ilə fərqlənməyən adi saç boyası idi. Amma Gülnarənin qardaşı bu tanınmış boyanın doldurulduğu qabın üzərinə baxarkən onun yazılarının bulanıq və poliqrafik keyfiyyətinin pis olduğunu aşkarladı - mal saxta imiş. 

Təəssüf  ki, Gülnarənin qohumları boya partiyasını gətirən adamı tapmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmədilər. Başlarını bu işə qatmaq və kimləri isə işə salmaq istəmədilər. Amma mütləq saxta malın alındığı mağazaya müraciət edilməli idi, çünki böyük ehtimalla dükan sahibi necə bir gecaçılan bomba satdığından xəbərsiz idi. Bu boya partiyası satışdan çıxarılmalıydı. Gülnarənin qohumlarının laqeydliyi və vətəndaş məsuliyyətsizliyi üzündən başqa adamlar da zəhərlənə bilərdi. Həm də Gülnarədən daha bəxtsiz olanlardan kimsə həlak olardı. Yeri gəlmişkən, saxta boyalar yalnız Azərbaycanda satılmır, bəllidir ki, ölkəyə müxtəlif cür saxta malların gətirilməsi sahəsində ciddi problemlər var və yaxın günlərdə dövlət başçısı İlham Əliyev də bunu vurğulamışdı. Bu, hər yerdə baş verir, Rusiyada bu cür hadisələr, hətta ölümlə də nəticələnib. 

Azərbaycan hakimiyyəti saxta mallara qarşı "müharibə elan edib" və İqtisadi İnkişaf  Nazirliyi yanında Dövlət Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq bu barədə məlumat verir. Belə ki, 2011-ci ildə qurum tərəfindən 167,7 ton vaxtıkeçmiş və normativ sənədlərin tələblərinə uyğun gəlməyən ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.

Müsadirə olunmuş məhsulların mənşəyi məlum deyildi, vaxtı keçmişdi, onların markalaşdırılması, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələbinə uyğun gəlmirdi. Onların sırasında ət və ət məhsulları, şəkər, bal və qənnadı, eləcə də süd və süd məhsulları, həmçinin, konservlər, balıq məhsulları və sərinləşdirici içkilər olub.  Bir tona yaxın mənşəyi bilinməyən yuyucu vasitələr və kosmetika da məhv edilib, onların markalaşdırılması normativ tələblərə uyğun gəlməyib. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, qanunvericiliyi pozan sahibkarlıq subyektləri ilə bağlı 1485 qərar verilib və bunun əsasında 1,29 milyon manat cərimə kəsilib.  Bununla yanaşı, hakimiyyətin cəhdlərinə baxmayaraq, istehsalına gizli sexlərin də çox "səy göstərdiyi" saxta mallardan bu gün heç bir istehlakçı sığortalanmayıb. 

   

Ehtiyatlı olun, kimyəvi maddə var 

Saç boyalarının allergik reaksiyası həmişə yalnız saxta məhsullarlamı bağlı olur? Məsələn, İngiltərənin Uest-Yorkşir qraflığının 38 yaşlı sakini də  Gülnarənin başına gələn hadisəyə bənzər olayla üzləşibmiş. Culi Makkeyb tanınmış kosmetika konserninin evdə saçboyama dəstini istifadə etdikdən bir neçə dəqiqə sonra huşunu itirib və nəfəsi kəsilib. Culi də Gülnarə kimi ağır allergik reaksiya ilə qarşılaşıb. Qorxmuş qohumları onu xəstəxanaya aparıblar və həkimlər onun komada olduğunu bildiriblər. Mütəxəssislər bu nəticəyə gəliblər ki, faciə bütün saç boyalarının 99%-də olan parafenilendiamin (PPD) adlı kimyəvi maddə səbəbindən baş verə bilər. Həkimlərin proqnozları da dəhşətli olub: əgər qadın sağ qalarsa belə, onun beyni, yəqin ki, zədəli olacaq. Makkeybin başına gələnlərdən bir neçə həftə əvvəl isə başqa qraflıqda yaşayan  17 yaşlı Tabata Makkurt da faciə ilə üzləşmişdi. Gənc qız ev şəraitində başını boyamasından 20 dəqiqə sonra dünyasını dəyişmişdi. 

Əgər Azərbaycanda Gülnarənin qohumları onun boya ilə zəhərlənməsinin səbəblərini araşdırmaq istəməmişdilərsə, İngiltərədə bu məsələni diqqətsiz qoymayıblar. Polis hər iki hadisənin səbəblərinin istintaqına başlayıb. Ekspertlər qadınların istifadə etdikləri boyaların tərkibinin analizinin nəticələrini gözləyirlər. Hər iki qurbanın qohumları kosmetika şirkətinə qarşı iddia qaldırmağa hazırdırlar, onların hüquqşünasları təhlükəli  kimyəvi maddələrlə zəhərlənmə üzrə bu cür başqa halları da araşdırırlar. "Biz bu ciddi hadisə barədə daha çox məlumat əldə edilməsində həddindən artıq maraqlıyıq. Biz baş vermiş hadisələrin detallarını bilmirik və buna görə də onu şərh etməyi gərəkli  saymırıq, amma bu qadınların ailələrinə yardım etmək üçün əlimizdən gələn hər bir şeyi edəcəyik", - deyə konsernin rəsmi təmsilçiləri bildiriblər. 

 

Sayıqlıq hər şeydən vacibdir

Gördüyümüz kimi, saç boyası ilə zəhərlənmə  ən təhlükəli nəticələr verə bilər. Qeyd etmək lazımdır ki, əgər saçı boyama zamanı başda yanma və sancmalar hiss edilərsə, vasitəni dərhal yumaq və başı 15 dəqiqə axar su altında tutmaq lazımdır. Bununla yanaşı, istehsalçı satıcının və uyğun olaraq təchizatçının  vicdanlı olmasına güvənməməlidir. Məhsulu almazdan öncə, onun saxta olub-olmaması, istehlak müddəti və şəksiz, boya vasitəsi ilə yaranan allergik reaksiyalara meyil dərəcəsi öyrənilməlidir. Sadə və aydın bir məsləhətə də əməl edilməlidir -  küçə xırdavatçılarından və yeraltı keçidlərdən mal almayın, belə yerlərdə, adətən, saxta mal satılır, ixtisaslaşmış mağazalara gedin. Qablaşmanın keyfiyyətinə diqqət yetirin. Karton möhkəm, poliqrafik tərtibat isə yüksəkkeyfiyyətli olmalıdır. Əgər qablaşma həddindən yumşaqdırsa, deməli, o saxtadır. 

Bütün qablaşmaların dibində partiyanın kodu olmalıdır. Əgər bu yoxdursa, məhsul saxtadır, yaxşısı budur, belə məhsulu almayın. Hər bir saç boyası qutusunda təlimat əlavəsi olur və ona ciddi riayət etmək lazımdır. Orada, həmçinin, boyanın allergik reaksiya yaratması və digər ehtimal mənfi  təsirləri barədə də məlumat verilməlidir. Hər zaman eyni saç boyasından istifadə etsəniz belə, heç vaxt bu proseduru təxirə salmayın. Hər dəfə istifadə edəndə ehtimal mənfi təsirləri də yoxlayın. İstifadə üçün hazır qatışığı dirsəyə çəkməklə bunu eləmək mümkündür. Çünki oranın dərisi ən zərifdir. Əgər 2-5 dəqiqə ərzində allergik reaksiya olmasa, bu vasitəni cürətlə işlətmək olar. 

 

Təhlükəsiz boya 

Bu gün həyatıboyu bir dəfə də olsun, saç üçün möhkəm boyadan istifadə etməmiş qadına nadir hallarda rast gəlmək olar. Bunun hansı səbəblə - imic dəyişikliyi, ağ saçların gizlədilməsi və ya sadəcə, sınaq üçün edilməsinin elə bir önəmi yoxdur. Özü də onlar bilirlər ki, hətta bircə dəfə istifadə etməklə saçın keyfiyyəti xeyli pisləşir. Mütəmadi rəngləndikdə isə onlar kövrəkləşir və ölgünləşir. Bütün saç boyalarında ammonyak və hidrogen-peroksid var, onlar saçın yuxarı layını zədələyir və onu qurudur, onlar saçı kövrək, ölgün və tutqun edir. Ancaq qadınlar yeniləşmək üçün hər şeyə hazırdırlar. Buna görə də saçları sağlam və gözəl saxlamaq, müxtəlif cür allergik təzahürlərdən qorunmaq üçün mütəxəssislər təhlükəsiz boya seçməyi məsləhət görürlər. Onu necə seçməli? Saç üçün təhlükəsiz boyanın tərkibində ammonyak olmur, az faizdə hidrogen-peroksid daxildir və belə boya  yarım permanentdir. Bu cür boyanın tez-tez istifadəsi minimum mümkün zərər verir. Təhlükəsiz boyalar üçün əsas tonlarda hidrogen-peroksid 6%-dən və güclü rəngləmə tonlarında isə 9%-dən aşağı olur. Adi kimyəvi boyalarda içə hidrogen-peroksid 12-15 faiz arasında dəyişir. 

Həmçinin, təsir müddəti minimum (10-15 dəqiqə) olan saç boyaları da təhlükəsiz sayılır. Ancaq bu halda da unutmaq olmaz ki, təhlükəsiz boyanın seçimi zamanı tanınmış istehsalçılara etibar etmək lazımdır və onları xüsusi mağazalardan almaq gərəkdir. Orada lazımi məsləhətlər almaq və saç üçün peşəkar boya əldə etmək mümkündür. Belə boyalar daha təhlükəsiz olur, çünki onun lazımi komponentləri sırasına provitamin V5 (və ya  pantenol), bitki cövhərləri, UF-süzgəclər və protein əlavələr daxildir. Bu cür tərkib pulcuqları hamarlamaqla saçların strukturunu yaxşılaşdırmağa və saçları daha yumşaq etməyə imkan yaradır. Saçların rənglənməsinin zərərsiz keçməsi üçün boyanın içinə qoyulan təlimatı ətraflı öyrənmək lazımdır. Amma ən təhlükəsiz boya təbii komponentlərdən (otlardan və bitki meyvələrindən) düzəldilmiş boya sayılır. 

Saçlar üçün təhlükəsiz boyanı özünüz də həna və bitki tərkibindən istifadə etməklə ev şəraitində düzəldə bilərsiniz: saçlara daha tünd çalarlar vermək üçün qozdan və qəhvə dənələrindən, mis rəngi vermək üçünsə qızdırılmış çuğundur şirəsindən istifadə edirlər.  

Rəngləyici tərkib maska kimi çəkilir, üzərindən  isidici kalpak geyinilir, təsir müddəti 1,5-2 saat olur. Sarışın saçlara qızılı çalarlar verilməsi üçün çobanyastığı çiçəklərinin həlməşiyindən istifadə edilir. Soğan qabığı da yaxşı rəngləyici effekt verir. Həlməşiyin saxlanması müddətindən asılı olaraq, saçların rənginə qızılıdan parlaq-kürənə qədər çalar verə bilər. Saçlar üçün ev boyalarının istifadəsinin yeganə mənfiliyi odur ki, rəngləyici həlməşiyin hazırlanması və rəngləmə prosesinin özü yetərincə çox vaxt aparır. Əgər tənbəllik edilməsə, həm arzuedilən saç rəngi əldə etmək, həm də zədələnmiş saçları sağlamlaşdırmaq mümkündür. 



MƏSLƏHƏT GÖR:

384