15 Mart 2025

Şənbə, 02:41

TARİXƏ QARŞI SİYASƏT

Hulusi kılıç, türkiyənin azərbaycandakı səfiri: "fransanın bu addımı bölgənin sabitliyinə böyük zərbə vura bilər"

Müəllif:

01.02.2012

72 fransalı senator Fransa Konstitusiya Məhkəməsinə müraciət edib. Onlar "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğvini tələb edir. Bu müraciət üçün 60 senatorun imzasının toplanması kifayət idi.

Fransalı parlamentarilərin bu qərarını şərh edən Türkiyə Prezidenti Abdullah Gül deyib: "Çoxəsrlik demokratiya ənənələri olan dövlətin deputatları öz dəyərlərinin müdafiəsi istiqamətində düzgün addım atıblar".

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə bundan sonra "prosesin normal axarına düşəcəyinə" ümidini ifadə edib.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu öz növbəsində bildiirb ki, Ankara vəziyyəti diqqətlə müşahidə edir və Fransa Konstitusiya Məhkəməsindən ədalətli qərar gözləyir.

Ankaranın bundan sonra hansı addımlar ata biləcəyini jurnalımıza müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Hulusi KILIÇ açıqlayıb.

- Cənab səfir, Fransa Senatında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsi qəbul edildi. Türkiyənin reaksiyası təbii və gözlənilən idi. Bəs bundan sonra proses Türkiyənin maraqlarına zidd  nəticələnərsə, qardaş ölkənin növbəti addımları nədən ibarət olacaq?  

- Fransanın bu qanunu qəbul etməsini çox təəssüflə qeyd etməliyəm.  Bu, insan haqlarına, ifadə azadlığına zidd olan bir qanundur. Məncə, bu, sadəcə,  bəzi  siyasətçilərin oyunudur və Fransanın bugünkü ümumi mənzərəsinin nədən ibarət olduğunu göstərir. Mənə görə, bu, Fransa üçün bir ləkədir. Türkiyə olaraq  biz qərarın yanlış olduğunu sübut edəcəyik. Bunu bizə qarşı edilən bir hərəkət, hörmətsizlik kimi qəbul edirik. Bu, tarixçilərin işidir. Siyasətin buna müdaxilə etməsi yalnız və yalnız siyasi oyundan başqa bir şey deyil. 

Biz Konstitusiya Məhkəməsinin cavabını gözləyəcəyik. Və ümid edirik, proses gözlədiyimiz kimi də nəticələnəcək. Fransa da bu ləkədən qurtulmuş olacaq. Millətimizə edilən bu iftira ortadan qalxacaq. Fransanın arada oyunçuluq etməsinin özü şübhə doğuran bir məsələdir. Odur ki, Fransa bu qərarından dönməsə, nəticədə, Türkiyə iqtisadi sanksiyalara başlayacaq.  

- Qanuna əsasən, ermənilərin Osmanlı türkləri tərəfindən öldürülməsinin «soyqırım» olduğunu inkar edən şəxs 45 min dollar məbləğində cərimələnə və bir ilədək həbs cəzasına məhkum edilə bilər. Bunun özü elə insan haqlarının pozulması demək de-yilmi? Belə çıxır ki, ən azından, Fransada yaşayan türklər, azərilər bu məsələni qəbul etmədikləri halda həbs olunacaqlar?

- Elə odur ki, Fransa düzgün qərar qəbul etməlidir. Fransa bir daha düşünməli, xalqlar arasına nifrət, kin salmamalıdır. Səlahiyyətlərini aşan  fransız siyasətçiləri hadisələrin bundansonrakı inkişafına görə məsuliyyət daşıyacaq. 

-Fransa Xarici İşlər Nazirliyi Türkiyəni qanuna ifrat reaksiya verməməyə çağırıb. Hətta Fransa xarici siyasət idarəsinin yaydığı bəyanatda Türkiyənin Fransanın “çox mühüm müttəfiqi” olduğu deyilir.

- Onlar bundan başqa nə de-yəcəklər ki? Bir daha deyirəm, tarixlə tarixçilər məşğul olmalı, siyasətlə siyasətçilər. Və onlar elə etməlidirlər ki, problemlər yaranmasın.  Bu, sadəcə, türk xalqına olan təhqirdir ki, bunu da Fransa tərəfi edir. Fransa bu addımı ilə bölgənin sabitliyinə böyük bir zərər gətirə bilər.  

-Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qanunun qəbul olunduğu günün insan haqları tarixinə qızıl  hərflərlə yazılacağını bəyan edib...

- Hələ insan haqları tarixinə nəyin qızıl hərflərlə yazılacağını indidən demək tezdir. Ermənilər elə də tələsməsinlər. Əgər Fransa obyektivdirsə, qoy, 20 il bundan əvvəl bütün dünyanın da xatırladığı və gözü qarşısında baş verən Xocalı qətliamına qiymət versin. Bir milyona yaxın didərgin düşən azəri soydaşlarımız var ki, onların hüquqları hələ də bərpa olunmur. Bunları, bu problemləri həll etmədən, 100 il əvvəl olan savaşa görə Türkiyəni mühakimə etmək düzgün deyil.   

- Azərbaycan Türkiyəyə dəstək oldu, rəsmi şəkildə Fransa Senatının  qəbul etdiyi qərara qarşı bəyanatlar da səsləndirdi. Ölkəmizin bu məsələdə tutduğu mövqeyi necə qiymətləndirirsiniz? 

- Azərbaycanın mövqeyini yüksək dəyərləndirirəm. Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, YAP icra katibi tərəfindən səslənən bəyanatlar dünyaya bir bədən olduğumuzu göstərdi. Adi insanlardan tutmuş siyasət adamlarına,  millət vəkillərinə qədər hər kəsə öz təşəkkürümü bildirirəm.  



MƏSLƏHƏT GÖR:

348