25 Noyabr 2024

Bazar ertəsi, 17:21

İKİQAT YAXŞI YAŞAMAQ

ÜDM-in iki dəfə artırılması üçün azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə başlanılir

Müəllif:

15.01.2012

Bəllidir ki, proqnozlaşdırma indiki dəyişkən dünyada arzuolunan iş deyil, amma iqtisadiyyat onsuz  da keçinə bilməz. Biz çoxdan bazar iqtisadiyyatı yoluna qədəm qoysaq da və iqtisadiyyatın kapitalist üsulu ilə idarəedilməsinə səs versək də, həyat və təcrübə göstərir ki, inkişafın müəyyən istiqamətlərinin planlaşdırılmasında və proqnozlaşdırılmasında pis heç nə yoxdur. Əksinə, iqtisadiyyatın inkişafının Azərbaycan modelinin əsas dirəklərindən biri məhz iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üzrə müəyyən zaman kəsiyinə hesablanmış dövlət proqramlarıdır. 

Bir halda ki cari ildə yerinə yetirilməsi gözlənən konkret işlər bəllidir və hökumətin makroiqtisadi göstəricilər üzrə proqnozları ilə ifadə edilmiş müəyyən hesablamaları var, onda Azərbaycanın 2012-ci ildəki iqtisadi həyatının təxmini mənzərəsini təsəvvür etmək olar. 

 

AMB pul-maliyyə sabitliyi vəd edir 

Avropada, ABŞ-da və bütün-lükdə dünyada iqtisadi durum barədə getdikcə dərinləşən bədbin proqnozlar fonunda Azərbaycan iqtisadiyyatının ürəkaçan perspektivləri barədə deyilənlər hərdən bir qədər qeyri-real görünür. Halbuki, Mərkəzi Bankın (AMB) 2012-ci il üzrə pul və maliyyə sabitliyi siyasətinin istiqamətləri barədə bəyanatlarından görünür ki, dünyada baş verən proseslər ölkə üçün elə də xüsusi təhlükə təşkil etmir, əksinə, bəzi məqamlar hətta müsbətdir.  Belə ki, 2012-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ümumi daxili məhsulun (ÜDM) 20-25% faizi səviyyəsində gözlənilir. "Gələn il üçün son qlobal proqnozlar nəzərə alındıqda, Azərbaycanın ixrac mallarının qiymətləri ölkənin tədiyə balansına müsbət təsir göstərə bilər", - deyə AMB-nin bəyanatında bildirilir. 

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu bu il üçün neftin bir barrelinin qiymətinin $100-ı keçəcəyini proqnozlaşırır, halbuki büdcə zərfində onun qiyməti $80 səviyyəsində nəzərdə tutulub. "Belə olan şəraitdə cari əməliyyatlar hesabı balansın profisiti sayəsində valyuta rezervlərinin artımı davam etdiriləcək", - deyə AMB-nin bəyanatında bildirilir.

AMB-nin məlumatına görə, 2012-ci ildə yüksək daxili dövlət tələbatı şəraitində ölkənin iqtisadi artımı davam edəcək. "Makroiqtisadi proqnozlar nəzərə alınmaqla, həmçinin, inflyasiya amilləri üzərində nəzarətin və əlaqələndirmə fəaliyyətinin gücləndirilməsinin vacibliyi artır", - AMB-nin bəyanatında bildirilir. Cari ildə inflyasiyanın həm daxili tələbat, həm də xarici amillər hesabına formalaşacağı gözlənilir. AMB-nin 2012-ci il üçün pul siyasətinin əsas məqsədi inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması olacaq. İnflyasiyanın aşağı səviyyədə saxlanması ödənişqabiliyyətli tələbatın qorunması, əhalidən və biznesdən maliyyə yığımlarının gerçək dəyərinin təmin olunması, faiz dərəcələrinin aşağı salınması və manatın real məzənnəsinin rəqabət qabiliyyətinin təmin edilməsi baxımından həlledici amildir. 

İnflyasiya üzrə məsələlərin həlli üçün AMB aralıq məqsədlər kimi, pul təklifindən və valyuta məzənnəsindən yararlanacaq. Maliyyə sabitliyinin idarəedilməsi zamanı manatın məzənnəsi makroiqtisadi sabitliyin saxlanmasında, həmçinin, neftdənkənar bölmənin beynəlxalq rəqabət qabiliyyətinin təmin edilməsində önəmli amil olaraq  qalacaq. 2012-ci ildə manatın məzənnəsinə təsir edən əsas makroiqtisadi amil ölkənin valyuta gəlirlərinin artımıdır. Neft gəlirlərinin manatın real effektiv məzənnəsinə önəmli təsiri nəzərə alınmaqla, ortamüddətli perspektivdə getdikcə daha çevik məzənnə rejiminə keçid imkanlarına baxılır. 

AMB-nin maliyyə sabitliyi siyasətinə gəldikdə isə, cari ildə o, banklarda sağlamlaşdırıcı tədbirlərin davam etdirilməsinə və preventiv qaydada risklərin tənzimlənməsinə yönəldiləcək. Bu kontekstdə bankların, xüsusilə də sistem əhəmiyyətli bankların aktivlərinin keyfiyyəti ilə bağlı risk mövqeləri, həmçinin, likvidlik diqqət mərkəzində qalacaq. "Sağlam" zonada kapital aktivliyinin saxlanması və "leveric" əmsalının (bankın birinci səviyyə kapitalının balans aktivlərinə və balansdankənar öhdəliklərə nisbəti göstəricisinin) səviyyəsinin gözlənməsi təmin ediləcək. 

 

Bu gün, həmişə, daha... 10 il 

Əgər iqtisadiyyat üzrə qlobal proqnozlar götürülərsə, ölkə hökumətinin vədlərinə uyğun olaraq, bu il və sonrakı üç il ərzində ölkə iqtisadiyyatının fəal şaxələndirilməsi siyasəti davam etdiriləcək və burada əsas rol iqtisadiyyatın neftdənkənar bölməsinin inkişafına veriləcək. Nəticədə, ÜDM-də neft bölməsinin payı 2010-cu ilin 48,5%-ə bərabər olan göstəricisindən  2015-ci ildə 29,3%-ə düşəcək, neftdənkənar bölmənin payı isə 2015-ci ilə kimi 44,4%-dən 61,3%-ə kimi qalxacaq. 

İqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, son zamanlarda olduğu kimi, 2012-ci ildə də iqtisadi artım neftdənkənar bölmənin hesabına təmin ediləcək. Onun artımı 8,6% səviyyəsində proqnozlaşdırılır, sonrakı üç ilə ərzində isə orta hesabla, 8% olacaq. "Bu, ölkə iqtisadiyyatının şaxələnməsi və neftdənkənar bölmənin dinamik inkişafına yönəlmiş siyasətin nəticəsidir", - deyə nazir vurğulayıb. O cümlədən, 2012-ci ildə ÜDM-in 57%-ə yaxını neftdənkənar bölmənin payına düşür, ölkə iqtisadiyyatına isə 14 mlrd manat yönəldiləcək ki, bu da keçənildəkindən 10% çoxdur, həmçinin, daxili sərmayələrin 70%-dən çoxunu təşkil edəcək. 

Neftdənkənar bölmənin müsbət dinamikası idxalın fəal şəkildə əvəzlənməsinə və ixrac potensialının artırılmasına əsaslanacaq. Belə ki, 2012-ci ildə Azərbaycanın neftdənkənar ixracatı ümumi ixracatın 7,6%-ni təşkil edəcək, 2015-ci ildə bu göstərici 10,23%-ə çatacaq. Eyni zamanda, bu müddət ərzində neft ixracatının payı 92,3%-dən 89,7%-ə enəcək. 

Bununla yanaşı, bildirmək gərəkdir ki, bütövlükdə, neftdənkənar bölmənin inkişafında böyük rol 2009-2013-cü illər üçün Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin gerçəkləşdirilməsinə, o cümlədən, istehsalat və xidmət sahəsi müəssisələrinin tikilməsinə ayrılır. 

Ancaq ÜDM yetərincə qlobal iqtisadi göstəricidir və onun artımının ölkənin hər bir sakininin rifah səviyyəsində özünü necə göstərəcəyini aydınlaşdırmaq üçün daha fərdi olan göstəriciyə - adambaşına ÜDM göstəricisinə baxmaq lazımdır. Qeyd edək ki, 2008-ci ildən Azərbaycan adambaşına gəlirin səviyyəsinə görə ortadan yüksək olan ölkələr qrupuna daxil olub. Dünya Bankının metodologiyasına görə, bu kateqoriyaya əhalinin adambaşına gəlirləri   $3946-dən $12 195-ə kimi dəyişən ölkələr daxildir. 2012-ci ildə bu göstərici ölkə üzrə $6004,4-ə bərabər olacaq.

Bu zaman  əhalinin pul gəlirlərinin real artım templəri meyli ölkə üzrə istehlak qiymətlərinin artım tempi (inflyasiya) səviyyəsindən yüksək olacaq. Əgər 2011-ci ildə Azərbaycan üzrə əhalinin pul gəlirlərinin real artımı 14,2% təşkil edibsə, ortaillik inflyasiya səviyyəsi 9,8% təşkil edib. Hökumətin proqnozuna görə, 2012-ci ildə Azərbaycan əhalisinin pul gəlirləri real 6,8% artımla $46 mlrd təşkil edəcək, ölkə üzrə ortaillik inflyasiya isə 6% səviyyəsində gözlənilir.

Uyğun olaraq, ildən-ilə Azərbaycanda orta sinif artaraq formalaşacaq - çağdaş insana uyğun gələn madditəminatlı iqtisadi aktiv əhali təbəqəsinin payının artmasına yalnız yüksəkmaaşlı işlə nail olmaq olar. Orta sinfin olması isə istənilən ölkədə iqtisadiyyatın inkişafının əsasında durur. 

Qeyd edək ki, bu il ölkə iqtisadiyyatı üçün yaxın 10 ildə ÜDM-in 2 dəfə artırılması və neftdənkənar bölmənin xüsusi çəkisinin 80%-ə qaldırılması məqsədi ilə Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə başlanılması baxımından da önəmli ola bilər. İqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, Azərbaycan hökuməti iqtisadiyyatın beş əsas modernləşdirmə istiqamətini müəyyən edib. İlk növbədə, bu, innovativ inkişafdır və Azərbaycan şirkətləri tərəfindən çağdaş texnologiyaların mənimsənilməsini, yeni rəqabətqabiliyyətli məhsulların istehsalının təminatını və ixrac bazarlarının genişləndirilməsini nəzərdə tutur. 

İkinci istiqamət isə dinamik inkişaf edən bazar institutlarının möhkəmlənməsi və rəqabətin təmin edilməsidir. Üçüncüsü isə milli iqtisadiyyatın şaxələndirilməsinin davam etdirilməsi, çağdaş texnologiyaların istifadəsi ilə son məhsulların istehsalının genişləndirilməsi, emal sənayesinin və "elmtutarlı iqtisadiyyat"ın rəqabət qabiliyyətinin artırılmasıdır. "Bu gün innovativ inkişafın stimullaşdırılması üçün innovasiya fəaliyyətinin hüquqi və iqtisadi əsaslarının təkmilləşdirilməsi üzrə işlər davam etdirilir ki, bu da çağdaşlaşdırma siyasətinin ən önəmli elementlərindən biridir", - deyə Ş.Mustafayev bildirir.

Dördüncü istiqamət isə yenikeyfiyyətli insan kapitalına nail olunması, iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr hazırlığının təşkilidir. "Bu, nəzərə alınaraq, hazırda ölkədə təhsilin forma və məzmununun yeniləşdirilməsi üzrə tədbirlər davam etdirilir", - deyə Ş.Mustafayev bildirib.

Nazirin sözlərinə görə, iqtisadiyyatın modernləşdirilməsinin beşinci istiqaməti yeni iqtisadi artım qaynaqlarının yaradılması üzrə işlərin davam etdirilməsidir. "Bu baxımdan, Bakı - Tbilisi - Qars və Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi çox önəmlidir, çünki ölkənin tranzit potensialını artıracaq, həmçinin, sənaye şəhərciklərinin salınması, gəmiqayırma zavodunun, üç sement zavodunun, başqa yeni istehsal və emal müəssisələrinin tikilməsi də bu istiqamətə daxildir", - deyə Ş.Mustafayev vurğulayıb.

Sadalanan tədbirlərin çoxuna bu il başlanacaq. Ancaq iqtisadiyyatın inkişafının stimullaşdırıcı amillərindən danışan zaman bu ilin may ayında ölkədə "Avroviziya" müsabiqəsinin keçirilməsini də unutmaq olmaz. Bu planda əsas rolu turizm sektoru oynayacaq, onun çoxsaylı xarici qonaqlara öz potensialını göstərmək üçün unikal şansı yaranıb. Bununla yanaşı, demək olar ki, ölkə iqtisadiyyatının bütün seqmentləri bu hadisəyə özünəməxsus şəkildə yanaşır və lazımi islahatların gerçəkləşdirmə templərini sürətləndirir. Bu mədəniyyət müsabiqəsi mahiyyət etibarilə Azərbaycan iqtisadiyyatı üçün özünəməxsus şəkildə imtahan olacaq və statistik göstəricilərin formalaşmasında çox böyük rol oynayacaq. Əsas odur ki, ümidlər və gözləntilər özünü doğrultsun.


MƏSLƏHƏT GÖR:

333