
TÜRKİYƏ: HƏDƏFDƏ ORDUDUR?
Sabiq baş qərargah rəisinin həbsi cavabsız sualları bir az da artırdı
Müəllif: Ramin ABDULLAYEV Bakı
Türkiyədə yeni siyasi qalmaqal baş verib. Və bu qalmaqal ölkənin diqqətini bir anlıq Suriya və İran ətrafında baş verənlərdən, partiyalararası qarşıdurmadan, hətta terrorla mübarizədən də yayındırıb. Baş Qərargahın sabiq rəhbəri İlkər Başbuğun həbsi xəbəri ictimaiyyətdə şok yaradıb və dərhal yerli KİV-in ilk səhifələrini zəbt edib.
Dövlət çevrilişinə cəhddə, terror təşkilatı yaratmaqda və onu idarə etməkdə təqsirləndirilən Başbuğ dərhal xüsusi mühafizə altında Silivri həbsxanasına göndərilib. Sabiq komandanın həbs qərarı onun prokurorluqda 7 saat dindirilməsindən sonra İstanbul Məhkəməsi tərəfindən çıxarılıb.
İstintaqın versiyasına görə, general "internet-memorandum"un yaradıcılarından biridir. Söhbət Türkiyə hakimiyyətini nüfuzdan salmaq üçün internetə materialların yerləşdirilməsindən gedir. "İnternet-memorandum"un özü isə digər səs-küylü proses - "Ergenekon"la bağlı istefada olan polkovnik Həsən Ataman Yıldırımın evində aparılmış axtarış zamanı aşkarlanıb. Bu işdə daha 400 nəfərin adı keçir.
Sənədə əsasən, polkovnik hazırkı hökumətə qarşı "qara piar"ın aparılması məqsədilə məmurlarla fəal şəkildə əlaqələr qurub. Hakim Ədalət və İnkişaf Partiyasına (ƏİP) qarşı "informasiya hücumu"nun iştirakçıları Milli Təhlükəsizlik Nazirliyinin IP-ünvanından istifadə edib, 42 saytın bir hissəsi isə bilavasitə Baş Qərargah tərəfindən yaradılıb. Məhz bu məqam prokurorluqda şübhə yaradıb və o, dərhal gizli araşdırmalara başlayıb. Bu zaman Türkiyə hökuməti əleyhinə təbliğatın aparıldığı 430-dan artıq yerli və xarici sayt nəzarətə götürülüb. İstintaq zamanı isə bütün şahidlərin ifadəsi eyni olub - saytların yaradılması göstərişi Baş Qərar-gah rəisi İlkər Başbuğdan gəlib.
İndi onu ömürlük həbs cəzası gözləyir.
Qeyd edək ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi ƏİP-in fəaliyyətinə mümkün qadağanın qoyulması ilə bağlı 2008-ci ildə keçirilmiş səs-küylü məhkəmə prosesi zamanı da Baş Qərargahın tapşırığı ilə hazırlanmış saytların materiallarından istifadə olunub.
Türkiyə müxalifətinin Başbuğun həbsinə reaksiyası özünü çox gözlətməyib. Müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Kamal Kılıçdaroğlu sabiq Baş Qərargah rəisinin həbsinin "sonuncu olmayacağını" bəyan edib. "Hakimlər hökumətin tapşırıqlarını yerinə yetirir", - deyə o bildirib. Kılıçdaroğlu xatırladıb ki, Türkiyə Konstitusiyasına əsasən, Baş Qərargah rəisini mülki instansiyalar deyil, yalnız Ali Şura mühakimə edə bilər. Demək, bu, özü - özlüyündə qanun pozuntusudur. Müxalifət lideri hesab edir ki, hökumət bu addımları ilə İraqla sərhəddəki Uludərə adlanan yerdə baş vermiş faciənin yaratdığı rezonansı unutdurmağa çalışır. Xatırladaq ki, həmin ərazidə Türkiyə Hərbi Hava Qüvvələrinin səhvi terrorçu əvəzinə 35 qaçaqmalçının ölümünə səbəb olmuşdu.
Türkiyənin digər müxalifət lideri Dövlət Baxçalı da baş verənləri susqunluqla qarşılamayıb. Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri general Başbuğun həbsini "Ərdoğanın partiyasının çirkin dosyesində daha bir ləkə" adlandırıb. Baxçalı hesab edir ki, terrorçu Kürd Fəhlə Partiyası ilə mübarizəyə rəhbərlik etmiş generalın terrorçuluqda ittiham olunması utandırıcıdır. "Ordunun bir hissəsini terrorçu kimi təqdim etmək təhlükəlidir və bu, xaosa aparır. Əgər Başbuğ terrorçudursa, 2 il ərzində onunla çiyin-çiyinə çalışmış hazırkı prezident və baş nazir də terrorçudurlar", - deyə müxalifət lideri qeyd edib. O, ölkədə "Hizbullah" hərəkatının üzvünün qiyabi mühakimə olunduğunu, ordunun sabiq rəhbərinin isə həbsxanaya salındığını xüsusi qeyd edib.
Prezident Abdullah Gül isə Başbuğun həbsinə münasibət bildirmək istəməyib. O, bunu hələ prosesin başa çatmadığı ilə əsaslandırıb: "Məhkəmə sistemi müstəqildir və mən baş verənlərə heç nə əlavə edə bilmərəm. Bundan başqa, məhkəmə qərarı olmadan heç kimi günahkar adlandırmaq olmaz". Prezident bildirib ki, sabiq Baş Qərargah rəisinin mülki məhkəmədə deyil, Ali Şurada mühakimə olunması daha doğru olardı.
Baş nazir Ərdoğan isə daha konkret danışıb. Onun fikrincə, Başbuğun qiyabi mühakimə olunması daha məqsədəuyğun olardı.
Nəhayət, baş nazirin müavini Bülənt Arınç hökumətin Başbuğun həbsinə "qətiyyən sevinmədiyini" söyləyib. Bununla yanaşı, Arınç bu həbs ilə Baş Qərargah arasıda paralellərin aparılmasını yolverilməz adlandıraraq qeyd edib ki, "orduya hörmət şübhə doğurmamalıdır".
Xarici işlər naziri Əhməd Davudoğlu da hər kəsi təmkinli olmağa səsləyib. O, hesab edir ki, istənilən məhkəmə prosesi ilə bağlı konkret mövqe yalnız qərarın çıxarılmasından sonra ortaya qoyula bilər. Amma bu da ictimaiyyəti sakitləşdirməyib.
Başbuğun həbsindən dərhal sonra, generalın tərəfdarları Silivri həbsxanasının qarşısına toplaşıblar. Əllərinbə bayraqlar tutmuş kütlə "Ordu və xalq birdir", "Ergenekon adlı yalan ABŞ-ın planıdır" kimi şüarlar söyləyirdilər. Etiraz edənlər belə bir sual da səsləndirirdilər: "Necə ola bilər ki, Ərdoğanın rəhbərlik etdiyi ölkədə 7 il ərzində ən yüksək hərbi postları tutmuş şəxs qəflətən hökuməti devirməyə çalışan cinayətkara çevrilsin? Belə idisə, hökumət nədən Başbuğun 700 minlik orduya rəhbərlik etdiyi vaxt heç bir tədbir görmürdü?".
Bir müddət sonra baş verənlərə Başbuğun öz mövqeyi də bəlli olub. Məhkəmə zalından çıxan general jurnalistlərə açıqlamasında bütün ittihamları rədd etdiyini bildirib və istintaqın iddialarını "tragikomediya" adlandırıb. O, "Dünyanın ən güclü ordularından birinin" Baş Qərargahına 2008-ci ildən 2010-cu ilədək, yəni hazırda əleyhinə "qara piar" aparmaqda ittiham edildiyi hökumətin dövründək rəhbərlik etdiyini xatırladıb. General bildirib ki, onun həbsi mütləq Türkiyənin tarixinə düşəcək: "Ola bilməz ki, belə yüksək post tutmuş şəxs terrorçuluq fəaliyyəti ilə məşğul olsun və dövlət bunu bilməsin. Necə olur ki, məni istefamdan ilyarım sonra, belə bir ittihamla həbs edirlər?". Başbuğ bildirib ki, prokurorluğun məzəmməti onun "general şərəfinə toxunur" və o, belə ittihamların səsləndirilməsini təhqir hesab edir.
Xatırladaq ki, hələ bir neçə ay əvvəl İlkər Başbuğ bildirmişdi ki, Ankara 2003-cü ilin martında ABŞ-ın İrana müdaxiləsini dəstəkləsəydi, Amerika ordusunun öz ərazisindən İraqa keçməsinə razılıq versəydi, indi PKK terroru məsələsi də həllini tapardı. General bununla Ərdoğan hökumətinin xarici siyasi kursunun yanlış olduğuna işarə etmişdi.
Artıq Başbuğun həbsinə ilk beynəlxalq reaksiyalar da gəlib. Onlarda rəsmi Ankaranın əməllərinə qarşı tənqidi məqamlara rast gəlinmir.
ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland bildirib ki, Vaşinqton generalın həbsi ilə bağlı prosesləri diqqətlə izləyir. O, Ankaranı "hamı tərəfindən qəbul edilmiş beynəlxalq standartlar çərçivəsində ədalətli məhkəmə prosesinin keçirilməsinə" çağırıb.
Avropa İttifaqının Avropa siyasəti üzrə komissarı Ştefan Füle isə bildirib ki, "sabiq Baş Qərargah rəisi ilə bağlı məsələ Türkiyədə qanunun aliliyi və demokratiyanın inkişafı istiqamətində atılmış addımdır".
Analitiklər isə bundan sonra hadisələrin necə inkişaf edəcəyini müəyyənləşdirməyə çalışırlar. Çünki indi yalnız rəhbərliyi terror təşkilatının yaradılmasında ittiham olunan ordunun yox, həm də Ərdoğan hökumətinin imic məsələsi ortadadır. Axı vaxtilə məhz bu hökumət Baş Qərargahın 26-cı rəhbərinin bu posta təyinatına əvvəlcə "yaşıl işıq" yandırıb, daha sonra isə vəzifədən problemsiz getməsinə mane olmayıb.
Bu baxımdan, analitiklərin mövqeləri fərqlidir. Bəziləri hesab edir ki, generalın həbsi "diktaturadan demokratiyaya keçid mərhələsində olan" ölkənin ictimai-siyasi həyatında əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Digərləri əksinə, düşünür ki, indi Türkiyədə hərbçilərlə Ərdoğanın hakim partiyası arasında hakimiyyət uğrunda mübarizənin yeni mərhələsi başlayıb.
Bir qrup da var ki, onlar tam fərqli düşünür: xarici siyasətdə uğursuzluğa düçar olmuş Ərdoğan hökuməti hərbçiləri hədəfə almaqla ictimaiyyətin diqqətini bu uğursuzluqdan yayındırmağa çalışır.
Həqiqətən də İlkər Başbuğla bağlı məsələdə Ərdoğan hökuməti kifayət qədər mürəkkəb durumdadır. Türkiyəli ekspertlərin fikrincə, məhkəmə Başbuğun Baş Qərargaha rəhbərlik etdiyi dövrdə terror fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyərsə, bu, baş nazirin generalın əməllərindən məlumatlı olduğu, lakin ona mane olmadığı anlamına gələcək. Belə olan təqdirdə ortaya sual çıxır: "Ərdoğan nədən terror təşkilatına rəhbərlik edən şəxslə işləyib və dövlət əhəmiyyətli sirləri onunla bö-lüşüb?".
Digər halda - baş nazir baş verənlərdən məlumatsız olduğunu bəyan edəcəyi təqdirdə, indiyədək məsələdən xəbər tutmamış və ya baş verənləri yalnız indi açıqlamaq qərarına gəlmiş dövlət təhlükəsizlik xidmətinin səriştəsizliyi məsələsi gündəmə gələcək.
Diqqətçəkən daha bir fakt ondan ibarətdir ki, Başbuğun həbsindən əvvəl prokurorluq Türkiyənin 94 yaşlı sabiq prezidenti Kenan Evranın ömürlük azadlıqdan məhrum olunmasını tələb edib. Sabiq prezident də dövlət çevrilişi hazırlamaqda təqsirləndirilir.
Xatırladaq ki, 1980-ci ildə Baş Qərargah rəisi olmuş Evren çevriliş nəticəsində hakimiyyətə gəlmişdi. O, 1989-cu ilədək Türkiyəyə rəhbərlik edib və sonda təqaüdə gedib.
İlkər Başbuğun Türkiyədə təqib olunan ilk Baş Qərargah rəisi olmadığı da maraqlıdır. Təxminən, 50 il əvvəl general Rüşdü Erdelhun da həbs olunmuşdu. 1960-cı il mayın 27-də baş vermiş çevrilişdən sonra generalı devrilmiş hökuməti müdafiə etdiyinə görə həbs etmiş, həmin il iyunun 3-də istefaya göndərmiş, sonda isə barəsində ölüm hökmü çıxarmışdılar. Amma sonradan ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənmiş, 1964-cü ildə isə Erdelhun əfv olunmuşdu.
İlkər Başbuğun taleyinin necə olacağını söyləmək hələ ki çətindir. Yalnız bir şey aydındır ki, bu hadisələr Türkiyənin tarixində dərin iz buraxacaq və yaxın perspektivdə daha çox siyasi səs-küyə səbəb olacaq.
MƏSLƏHƏT GÖR: