
OLİMPƏ DOĞRU
Azərbaycan idmançıları 2011-ci ili 705 medalla başa vurdular
Müəllif: Nadir XOSROVOĞLU Bakı
2011-ci il Azərbaycan idmanı üçün əlamətdar hadisələrlə zəngin oldu. Həm idman nailiyyətlərimiz, həm də infrastruktur baxımından yeniliklərimiz çoxdur. Başa çatan il ölkədə fəaliyyət göstərən Olimpiya idman komplekslərinin sayı 33-ə çatdırıldı. Daha 10 belə kompleks qarşıdakı illərdə tikilib istifadəyə veriləcək. Yola saldığımız ildə Azərbaycanda 42 beynəlxalq idman tədbiri, o cümlədən, dünya və Avropa çempionatları təşkil edilib. Eyni zamanda, ölkədə 84 növ üzrə 415 Azərbaycan birinciliyi, çempionatı, kubok yarışı və digər respublikadaxili turnir keçirilib. Bu yarışlarda, demək olar ki, ölkənin bütün şəhər və rayonlarından 100 minə yaxın idmançı iştirak edib. Ayrı-ayrı Olimpiya və qeyri-olimpiya idman növləri üzrə milli yığma komandalarımızın üzvləri 139 dünya və Avropa birincilik və çempionatlarına, 39 Dünya Kuboku, 18 Avropa Kuboku, 12 Qran-pri yarışlarına və 67 beynəlxalq turnirə ezam olunub.
2010-cu ildə idmançılarımız tərəfindən 675 medal (206 olimpiya, 469 qeyri-olimpiya) qazanılmışdısa, 2011-ci ildə 276 olimpiya və 429 qeyri-olimpiya idman növü üzrə olmaqla, ümumilikdə, 705 medal əldə olunub.
2011-ci ildə əsas məqsədlərimizdən biri XXX London Yay Olimpiya Oyunlarına maksimum lisenziya əldə etmək idi. Bugünədək idmançılarımız 10 idman növü üzrə 28 lisenziya əldə edib. Proqnozlara əsasən, 2012-ci ilin ilk yarısında idmançılarımızın daha 15-20 lisenziya əldə etmək imkanları var. Eyni zamanda, Azərbaycan paralimpiyaçılarının da London Olimpiya Oyunlarına 18 vəsiqə qazandığını unutmaq olmaz.
2011-ci il cüdoçular, boks, bədii gimnastika, güləş, voleybol və şahmatçılarımız üçün xüsusilə uğurlu keçdi. Olimpiya çempionu Elnur Məmmədli karyerasında ikinci dəfə Avropa çempionu oldu. Boksçularımız əvvəlcə qitə birinciliyində tarix yazdı, ardınca isə dünya çempionatında xalqımızı sevindirdi. Uzun fasilədən sonra Azərbaycan boks üzrə yeni dünya çempionuna qovuşdu. Məhəmmədrəsul Məcidov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Gimnast Aliyə Qarayeva dünya çempionatında bürünc medala layiq görüldü. Güləşdə Rövşən Bayramovla Şərif Şərifov dünya çempionluğunun sevincini yaşadı. "Azərreyl" voleybol klubu "Çağırış" kubokunu qazandı, "Rabitə" isə Çempionlar Liqasının finalına qədər irəlilədi, klublar arasında dünya çempionatında isə qızıl medal əldə etdi. SOCAR şahmat klubu Avropa Kubokunda gümüş medala sahib çıxdı. Kişi şahmatçılarımız qitə birinciliyini 2-ci yerdə başa vurdu. Sadalanan faktlara əsasən Gənclər və İdman Nazirliyi ilin laureatlarının adını açıqlayıb.
Hər il olduğu kimi, 2011-ci ilin sonunda da dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmançılarla görüş keçirdi. Yeni istifadəyə verilən Sumqayıt Olimpiya Kompleksində baş tutan görüşdə dövlət başçısı yola saldığımız ili idmanımız üçün uğurlu il adlandırdı. Uğurlarımız haqda danışan İlham Əliyev 2012-ci ildə qarşımızda dayanan mühüm vəzifələrdən söz açdı. İlk olaraq, əlbəttə ki, London Yay Olimpiya Oyunlarına mümkün qədər çox lisenziya qazanmalıyıq. Sonra mötəbər yarışda uğurlu çıxış etmək üçün idmançılarımız yüksək səviyyədə hazırlıq prosesi keçməlidir. İlham Əliyev London Yay Olimpiya Oyunlarında komandamızın uğurlu çıxışına inandığını söylədi: "2011-ci ildə Azərbaycan idmançıları 700-dən çox medal qazanıb. Bu medalların çoxu olimpiya idman növlərində əldə olunub. Bu uğurlar idmançılarımızdan Londonda böyük uğurlar gözləməyə imkan verir. Olimpiya oyunlarında idmançılarımızın ölkənin idman şərəfini layiqincə qoruyacağına əminəm".
2012-ci ilin sonuna yaxın isə Bakı futbol üzrə 17 yaşlı qızların dünya çempionatına ev sahibliyi edəcək. Prezident İlham Əliyev mötəbər yarışın paytaxtımızda yüksək səviyyədə keçiriləjəyinə inandığını bildirdi. Milli Olimpiya Komitəsinin prezidenti görüşün sonunda bir sıra idmançılara fəxri adlar və mənzil orderlərini təqdim etdi.
Beləliklə, 2011-ci il başa çatdı. Qarşıda bizi daha məsuliyyətli 2012-ci il gözləyir. Ümid edirik ki, yeni Əjdaha ilində idmanımız daha böyük qələbələr qazanmaqla dövlətin onlara göstərdiyi yüksək diqqəti və etimadı doğruldacaqlar.
İlin ən yaxşı 10 idmançısı
1. Məhəmmədrəsul Məcidov - boks üzrə dünya çempionu
2. Valentin Demyanenko - avarçəkmə üzrə dünya çempionu
3. Rövşən Bayramov - yunan-Roma güləşi üzrə dünya çempionu
4. Mariya Stadnik - güləş üzrə Dünya Çempionatında 2-ci yer
5. Teymur Məmmədov - boks üzrə Dünya Çempionatında 2-ci yer
6. Şərif Şərifov - sərbəst güləş üzrə dünya çempionu
7. Aliyə Qarayeva - bədii gimnastika üzrə Dünya Çempionatında 3-cü yer
8. Valentin Xristov - ağır atletika üzrə Dünya Çempionatında 3-cü yer
9. İlqar Müşkiyev - cüdo üzrə Dünya Çempionatında 3-cü yer
10. Ramin Əzizov - taekvondo lisenziya turnirinin qalibi
MƏSLƏHƏT GÖR: