
"BİZ BİRLİKDƏ BACARARIQ"
Azərbaycan keçirmək istədiyi 2020-ci il olimpiadasının atributikasını açıqladı
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən Bakı 2011-ci ilin sonunda yarışın loqosunu ijtimaiyyətə təqdim etdi. Məşhur xalçalarımızın naxışlarına bənzəyən "Bakı-2020"nin loqosu Olimpiya halqalarının rənglərini özündə birləşdirir. Artıq Olimpiya hərəkatımızın şüarı da məlumdur. Ölkəmiz 2020-ci ildə Yay Olimpiya Oyunlarını "Biz birlikdə bacararıq" (To-gether we can) devizi ilə keçirmək niyyətindədir. Yarışın rəsmi saytı isə www.baku2020.com olacaq.
2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsinə Olimpiya çempionlarımız da dəstək olur. Sidney Olimpiadasının qalibi Zemfira Meftahəddinova 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarının Bakıda keçiriləcəyinə əminlik ifadə edib. İkiqat paralimpiya çempionumuz İlham Zəkiyev Azərbaycanın çox qısa müddətdə böyük uğurlara imza atdığını və Olimpiada təşkilinə də nail olacağını bildirib. Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli isə 2020-ci il Olimpiadasını Bakıda keçirmək üçün çox böyük şanslarımızın olduğunu deyib: "Biz hamımız bir olmalıyıq ki, Olimpiada Bakıda keçirilsin. Həmin vaxt 32 yaşım olacaq. İnanıram ki, həmin vaxt da idmançı kimi Olimpiadada iştirak edəcəyəm".
Təşkilat komitəsi 2012-ci ilin fevralın 15-dək Beynəlxalq Olimpiya Komitəsinə Sifariş kitabını təqdim etməlidir. Həmin nəşrdə Azərbaycan mədəniyyəti, idmanı, iqtisadiyyatı və digər sahələri üzrə geniş məlumat veriləcək. Bununla bağlı ölkəmiz dünyada tanınmış üç şirkətlə müqavilə bağlayıb. Həmin şirkətlərdən biri həm strateji, həm də nəqliyyat, ekologiya, mühafizə və digər məsələlərlə bağlı suallara cavabı Sifariş kitabına daxil edəcək. Digər şirkət piar və kommunikasiya məsələləri, üçüncüsü isə Bakıda bir neçə texniki işlər - vebfilm, videoçarxlar çəkir. Bütün bu işlərin köməyi ilə Bakı 2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə hazır olduğunu göstərməlidir.
"Bakı-2020"nin Təşkilat Komitəsinin sədri, Baş nazirin müavini Yaqub Eyyubov "Around the Rings" nəşrinə açıqlamasında görüləcək işlər barədə bunları deyib: "Ölkəmizin müstəqillik əldə etdiyi 20 il ərzində biz bir xalq olaraq çox uzun yol keçdik. 2020-ci il Olimpiadasını keçirmək arzusunu reallaşdırsaq, inanıram ki, ölkəmizin inkişafı istiqamətində irəliyə doğru növbəti böyük addım atılacaq. Biz birlikdə güclənə və müsbət iqtisadi və sosial dəyişikliklərimizi davam etdirə bilərik. Son 20 ildə gedən inkişaf nəticəsində Bakı şəhəri Olimpiadayadək dünyada aparıcı mövqeyə çata bilər. Biz birlikdə komanda idmanının, ölkəmizdə gənc və yaşlı nəsil üçün faydalı olan yeni idman növlərinin sürətli inkişafına nail ola bilərik. Nəhayət, biz birlikdə ölkəmizin idman potensialını həyata keçirməyə imkan yarada, inkişafa təkan verə və idmanın Azərbaycan cəmiyyətinə inteqrasiyasına zəmin yarada bilərik".
Bununla belə, Təşkilat Komitəsinin sədri namizədliyin təkcə Azərbaycan üçün deyil, dünya olimpiya hərəkatı üçün əhəmiyyətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Olimpiadanın Bakıda keçirilməsi az tanınan, amma Bakı kimi böyük uğurlar əldə etməyə qadir olan digər namizəd şəhərlər üçün də stimullaşdırıcı faktor ola bilər: "Bakıda Olimpiya Oyunlarının keçirilməsi Beynəlxalq Olimpiya Komitəsi üçün yeni və dinamik bazarlar açacaq, Olimpiya hərəkatına yeni qoşulmuş regionlara mühüm və ecazkar Olimpiya də-yərlərini təqdim edəcək".
2020-ci ildə Olimpiadaya ev sahibliyi etmək üçün namizədliyi təsdiqlənən Roma (İtaliya), Tokio (Yaponiya), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Doha (Qətər) ilə müqayisədə Bakının bəzi üstünlükləri var. Beynəlxalq Olimpiya Komitəsi iddiaçı şəhərlər qarşısına bir sıra şərtlər qoyub. Əsas tələb şəhər iqtisadiyyatının güclü olmasıyla bağlıdır. Əgər şəhər maliyyə baxımından bu yarışı keçirmək iqtidarında olmasa, deməli, qalib gələ bilməyəcək. BOK-un Dəyərləndirmə Komissiyası tərəfindən həmin iddiaçı şəhərə mənfi xallar veriləjək. Bu baxımdan, Madrid və Roma iqtisadi bohrandan ziyan çəkib. Dohanı qeyd etsək, onların maliyyə baxımından elə bir problemi yoxdur. Amma burada iqlim məsələsi önəmlidir. BOK-un qoyduğu qaydalarda da bu, xüsusi yer tutur. Əgər iqlimdə hansısa çatışmazlıq varsa, bu şəhərin qələbəsi bir qədər çətin olur. İddiaçı dövlət Sifariş Kitabında Olimpiadanı keçirmək istədiyi tarix barəsində də məlumat verməlidir. Bu tarixlər isə yay aylarına təsadüf etməlidir. Amma Qətər Olimpiadanı payız aylarında təşkil etmək niyyətindədir.
"Bakı-2020"nin təbliğatıyla bağlı rolik hazırlamaq üçün Hollivuddan məşhur recissor Rupert Ueynrayt Azərbaycana dəvət edilib. Bizim minifilmlər, roliklərin çəkilişi onun rəhbərlik etdiyi şirkət tərəfindən aparılır. Hazırda çəkilişlər uğurla davam etdirilir. Şirkət nümayəndələri Bakının müxtəlif görməli yerləri, hətta rayonlarında da çəkilişlər aparıblar. İddiaçı şəhərlər tərəfindən sifariş kitabı hazır olandan sonra, Beynəlxalq Olimpiya Komitəsi növbəti mərhələyə keçəcək namizədlərin adlarını açıqlayacaq. Mayda 6 namizəd şəhərdən bəziləri Olimpiadaya ev sahibliyi uğrunda mübarizəni davam etdirəcək. Bəziləri isə şərtlərə cavab vermədiyindən, müsabiqədən kənarda olacaq.
İstənilən halda ardıcıl iki dəfə Bakının mötəbər yarışa ev sahibliyi etmək uğrunda mübarizə aparması ölkəmizin adına böyük göstəricidir.
MƏSLƏHƏT GÖR: