15 Mart 2025

Şənbə, 03:05

HİP-HOP RİTMİNDƏ ƏBƏDİ MƏHƏBBƏT DASTANI

Azərbaycanda ilk dəfə! Leyli və Məcnun haqqında əfsanə yeni üslubda səhnə həyatı əldə edib

Müəllif:

01.01.2012

Azərbaycanın ilk müzikli - "Leyli və Məcnun"un əbədi sevgisindən bəhs edən və  hip-hop janrında səhnəyə qoyulan tamaşa dekabrın 17-də Heydər Əliyev Sarayında "Əfsanə geri qayıdır" şüarı altında baş tutdu. Mədəniyyət və Turizm Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi və "İrəli" İctimai Birliyinin birgə layihəsi əsasında dahi Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş premyera böyük ajiotaja səbəb oldu və anşlaqla qarşılandı. Dahi Nizami Gəncəvinin məşhur "Xəmsə"sinə daxil olan "Leyli və Məcnun" poeması 1188-ci ildə yazılıb. 103 il qabaq isə böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən Şərqin ilk operası "Leyli və Məcnun" tamaşaya qoyulub. 

Bu dəfə isə əbədi sevgi haqqında əfsanə bizim günlərdə dəbdə olan müzikl formatında təqdim edilmişdi. Dərhal qeyd edək ki, tamaşa zalda birmənalı reaksiya doğurmadı. Tamaşaçılar həmişə olduğu kimi, iki düşərgəyə bölünmüşdülər: bir tərəfə təşkilatçıların cəsarətli yeniliyi maraqlı görünürdü, o biri tərəf isə bu cür yeniliklərin əleyhinə idi. Həmin gün yeni müziklə baxmağa gələn tanınmış mədəniyyət və incəsənət xadimlərinin, həmçinin, yerli şou-biznes və televiziya təmsilçilərinin də fikri bu cür şaxələnirdi. Dəvət olunanlar arasında ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə də var idi və jurnalistlərin diqqəti ona yönəlmişdi. 

"Mən şadam ki, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun əsəri Amerikanın hip-hop mədəniyyəti ilə birgə təqdim edilir. Mənə çox xoşdur ki, bu layihənin hazırlanmasında mənim doğma şəhərim Çikaqodan gəlmiş tanınmış Amerika  xoreoqrafı Çarlz Lourens iştirak edir", - deyə səfir bildirib. M.Brayzənin sözlərinə görə, layihə onun iki sevimli şəhərini - Çikaqo və Bakını mədəniyyət körpüsü ilə birləşdirib. 

Müzikldə əsas rolları Natəvan Həbibi (Leyli) və Elşad Xose (Məcnun) oynayıblar. Tamaşada, həmçinin, xalq artisti Alim Qasımov (Məcnunun atası), Elnur Məmmədov (İbn Salam), Azad Şabanov (Zeyd), Oksana Rəsulova (Zeynəb), meyxana ustası Ağamirzə Məmmədov (Leylinin atası) rollarda yer alıblar. "Leyli və Məcnun"un çağdaş versiyasında yeni personajlar  - Günəş Adam (Natiq Şirinov), Külək (Ələfsər Rəhimov) və İblis (M.Murad) rolları da peyda olub. Yeri gəlmişkən, sonuncu həm də bu layihənin bəstəkarıdır. Musiqi partiyalarının aranjmanında xalq musiqi alətləri - tar, kamança, ud və balaban istifadə edilib. Ssenari müəllifi və rejissoru İradə Gözəlova  olan müziklin xoreoqrafiyasının gerçəkləşdirilməsi üçün Çikaqodan xüsusi olaraq xoreoqraf Çarlz Lourens dəvət edilib. Müziklin qəhrəmanları aydın və uzlaşdırılmış şəkildə rəqs edirdilər. Amma belə görünürdü ki, tamaşada əsl Brodvey cazibəsi və energetikası çatışmırdı. Çarlz Lourensin sözlərinə görə, məşqlər iki aya yaxın davam edib. "Mən sizin aktyorların iş qabiliyyətinə və Azərbaycan toplumunun qonaqpərvərliyinə heyranam", - deyə xoreoqraf bildirib.  

Tamaşanın tərtibatı özündə eyni anda həm dəbdəbəni, həm də  minimalizmi birləşdirirdi. Quruluşçu rəssam Rəşad Ələkbərov Heydər Əliyev Sarayının səhnəsində çağdaş sevgililər Zeyd və Zeynəbin iki otağını, Leyli və İbn Salamın heyranedici çadırını, Leyli ilə Məcnunun görüşdüyü bağı təsvir edə bilmişdi. Bütün divarboyu yerləşmiş böyük ekran səhnəyə baxımlılıq verirdi - müziklin ölçülü tempi videocərgəni - vəhşi heyvanların oyununu, günəşdən və küləkdən yanmış səhranı, Məcnunun həyatında sonuncu olan Günəş doğuşunu izləməyə imkan yaradırdı. Yeri gəlmişkən, bu sevgi dastanının baş qəhrəmanlarının ataları Alim Qasımov və Ağamirzə Məmmədov öz uşaqlarını böyük ekran vasitəsilə ağıllı olmağa çağırıblar. Yaşlı nəslin virtual çıxışı gur alqışlarla qarşılanıb. 

Bütünlükdə tamaşaya gəldikdə isə, gəlin tənqiddən uzaq dayanaq, unutmayaq ki, "Leyli və Məcnun" layihəsi bizim ölkədə müzikl qoyuluşu üzrə ilk təcrübədir. Təkcə elə bunun önəmi böyükdür. Şəksiz ki, tamaşa inkişaf edəcək, peşəkarlar tərəfindən söylənən  rəylər nəzərə alınacaq, gələcəkdə pozuntular və yanlışlıqlar az, izləyici heyranlığı isə çox olacaq. Başlıcası odur ki, kollektiv ideya ilə doludur və yaradıcılıq axtarışlarına doğru üz tutub. Axı mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sözlərinə görə, "Leyli və Məcnun" müzikli, ola bilsin ki, ölkə üzrə və ondan kənarlara qastrola da yola düşsün. Bu, böyük məsuliyyətdir...



MƏSLƏHƏT GÖR:

499