
ERMƏNİ MİFİ FRANSA DEMOKRATİYASINI NECƏ LƏKƏLƏDİ?
Müəllif: Redaksiya
Fransa Parlamentinin aşağı palatasında "Osmanlı İmperiyasında erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbulunu Qərbin müasir siyasi-hüquqi həyatının ən böyük absurdu saymaq olar. Özünü demokratiyanı dəbə salmış, azadlıq, bərabərlik, birlik ideallarının təbliğatçısı kimi təqdim edən ölkə parlamentariləri təhrif olunmuş bir mifi qanuni çərçivəyə salmaq istəyir. Qərar Fransa Parlamentinin 577 deputatından yalnız 38-nin səsi sayəsində hüquqi qüvvəyə minib. Bu, özlüyündə, yumşaq desək, anlaşılmaz bir haldır. Qanun "soyqırım"ı inkar edən şəxslərin 1 ilədək azadlıqdan məhrum edilməsini və 45 min avro məbləğində cərimələnməsini nəzərdə tutur.
Beləliklə, Fransa növbəti dəfə, az qala, 1 əsrdir davam edən tarixi mübahisədə tərəflərdən birinin - Türkiyənin əks-arqumentlərini dinləməyərək, digər tərəfin sayıqlamadan başqa bir şey olmayan iddialarını dəstəklədi. Halbuki Ankara tarixi həqiqətin üzə çıxarılması üçün beynəlxalq ekspertlərin də iştirakı ilə ermənilərlə birgə komissiyanın yaradılmasını təklif edirdi. Demokratik məhkəmə hüququ, hətta ən qatı cinayətkara da özünü müdafiə etmək hüququ tanıyır. Amma fransalı qanunvericilər guya insanpərvərlik xətrinə, əslində isə insanların fikir və söz azadlığına məhdudiyyət qoyaraq, böyük bir xalqı, eyni zamanda, özünün müttəfiqi olan dövləti (Fransa ilə Türkiyə yarım əsrdən artıqdır ki, NATO çərçivəsində əməkdaşlıq edir) birmənalı şəkildə görünməmiş cinayətdə günahlandırır. Üstəlik, onlar türklərin ittiham edildiyi cinayəti şübhə altına alacaq şəxsləri həbsə atmağa da hazırdır. Bu məsələnin Holokostun inkarına görə nəzərdə tutulmuş cəza ilə müqayisəsi yersizdir. Çünki hitlerizmin cinayəti Beynəlxalq Tribunal tərəfindən sübut olunub.
Bu halda isə fransalı deputatlar özlərini bəşəriyyətə qarşı cinayət ittihamına dair yekun qərar çıxarmaq hüququnda olan qurum hesab edib, bu zaman ittihamların nə qədər əsaslı olduğunu araşdırmağa lüzum görməyib.
Fransalı parlamentarilərin qərarı, təbii ki, Türkiyə tərəfindən təhqir kimi qəbul edilib və Ankara Parisdəki səfirini geri çağırıb. İndi Türkiyə Fransa ilə bütün siyasi və diplomatik əlaqələri dondurmaq haqda düşünür. Bundan başqa, Ankara bu ölkə ilə iqtisadiyyat və təhsil sahəsindəki birgə layihələrdən imtina etməyə, hərbi sahədə Parislə əməkdaşlığa son qoymağa (xüsusilə Fransanın hərbi təyyarələri və gəmilərinin Türkiyənin dəniz limanları və aviabazalarından istifadəsni yasaqlamağa), Parislə Avropa İttifaqı çərçivəsində əməkdaşlığı dayandırmağa da hazırdır. Üstəlik, Türkiyə Fransanın özünü müstəmləkə işğalı zamanı əlcəzairlilərə qarşı soyqırım törətməkdə ittiham edir və bu istiqamətdə kampaniyaya da başlayıb.
Şübhəsiz, bütün bunlar ikitərəfli əməkdaşlığa təsirini göstərəcək. Fransalı parlamentarilərin qərarı və nəticədə, Ankaranın Fransaya qarşı tətbiq edəcəyi sanksiyalardan Paris Türkiyədən heç də az zərər çəkməyəcək. Hətta ola bilsin ki, Fransanın bu məsələdə itirəcəkləri daha çox olacaq. Məsələ ondadır ki, rəsmi məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsi 13 milyard avrodan artıqdır. İndi Fransanın avtomobil sənayesinin Türkiyəyə ixracının intensivliyi, "Turkish Airlines" aviaparkının "Airbus" tərəfindən təchizat planı sual altına düşüb. İndi Türkiyədə AES tikintisində iştirak etmək niyyətində olan Fransa şirkətləri Ankaranın tərəfdaşları siyahısından çıxarıla bilər.
Bütün bunlar ortaya bir sual çıxarır: hansı məqsədlər naminə Fransa, birbaşa Parisə aidiyyəti olmayan erməni rəvayətinin kriminallaşdırılmasına yönəlmiş bu hay-küyə qanunverici meydan açdı? Səbəb kimi, ilk növbədə, Prezident Nikola Sarkozi və onun rəhbərlik etdiyi partiyanın Fransanın yarımmilyonluq erməni diasporunu, həmçinin, müsəlmanlara, xüsusilə türklərə qarşı olan, miqrasiyanın əleyhinə çıxan millətçi elektoratı ?z tərəfinə çəkmək cəhdləri göstərilir. Fransa siyasi elitasının Yaxın Şərq və Cənub-Şərqi Avropanın lideri statusuna iddia edən Türkiyənin getdikcə artmaqda olan qüdrətinə "badalaq vurmaq" niyyəti haqda deyilənlər də kifayət qədər əsaslıdır. Bundan başqa, bu addımla türkləri Avropa İttifaqı ailəsinin üzvü kimi görmək istəmədiklərini bir daha onların diqqətinə çatdırırlar.
Amma Fransa həqiqətənmi, "erməni məsələsi"ndən istifadə etməklə, Türkiyəyə geosiyasi zərbə endirəcəyinə inanır? Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dediyi kimi, "Türkiyə heç kimi itirməkdən qorxmur. Qoy, başqa ölkələr Türkiyənin dəstəyi və dostluğunu itirməkdən qorxsun".
Ermənilərə gəlincə, onlar növbəti dəfə beynəlxalq arenanın ucuz aləti rolunda çıxış etdilər. Özü də antitürk əhvalı ermənilərin gözlərini o qədər örtüb ki, onlar fövqəldövlətlərə öz tarixlərinin acılı səhifələri ilə manipulyasiya etməyə imkan yaradarkan, əslində, həmin tarixi ləkələdiklərinin də fərqində deyillər.
Fransa isə erməni fantaziyalarına mane olmamaqla nəinki Türkiyə ilə münasibətlərdə, digər sahələrdə də problemlərlə qarşılaşacaq. Artıq Parisin Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunda bitərəf vasitəçilik missiyasını həyata keçirməsinin mümkünsüzlüyü gündəmə gəlib. Gözlənildiyi kimi, rəsmi Bakı Türkiyəni tam şəkildə dəstəklədiyini nümayiş etdirərək bildirib ki, Fransa Parlamentinin aşağı palatasının sözügedən qərarı Fransa ilə Azərbaycan arasında dövlətlərarası münasibətə də mənfi təsir göstərə bilər. Azərbaycan XİN başçısı Elmar Məmmədyarov deyib: "Fransa Milli Assambleyasının qərarı Azərbaycan üçün qəbuledilməzdir. Fransalı deputatlar 100 il əvvəl baş vermiş hadisəyə münasibət bildirirsə, qoy onlar Xocalı soyqırımına, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə də münasibətlərini ortaya qoysunlar".
Fransanın beynəlxalq arenada üzləşdiyi riskləri nəzərə alaraq, onun bədxah qanun layihəsinə münasibət bildirməli olan senatorlarını indi yalnız bir məsələ maraqlandırmalıdır: müasir Avropa demokratiyasına ləkə sayıla biləcək bu yeni inkvizisiya dayandırılmalı və qondarma "soyırım"la bağlı layihənin Yelisey sarayına gedib-çatmasına imkan verilməməldir.
MƏSLƏHƏT GÖR: