
ƏSAS HƏDƏF "AVRO-2016" OLMALIDIR
Daha 2 il Azərbaycan millisini çalışdıracaq Berti Foqts hansı işləri görməlidir?
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Futbol üzrə Avropa Çempionatının seçmə mərhələsi başa çatandan sonra, hamını maraqlandıran baş məşqçi Berti Foqtsun taleyi idi. Nəhayət, AFFA İcraiyyə Komitəsinin iclası baş tutdu və icrakomun yeddi üzvünün hamısı alman məşqçinin millidə işini davam etdirməsinə səs verdi. İclasın yekununda Berti Foqtsla yeni - ikiillik müqavilə imzalandı. İndi artıq Foqtsun yığmada işini təhlil etmək mənasızdır. Amma alman məşqçinin yığmada işlədiyi dövrdəki lehinə və əleyhinə olan faktları yada salmaqla, növbəti 2 ilin planlarını da cızmaq olar.
Berti Foqts niyə qalmalı idi?
Azərbaycan yığmasının başında alman məşqçinin dayanması futbolumuz üçün yaxşı reklam imkanıdır. Hamı razılaşmalıdır ki, Foqts dünya çapında tanınmış mütəxəssisdir. Ən azı, onu qeyd etmək lazımdır ki, Foqtsun rəhbərliyi altında Almaniya yığması Avropa çempionu olub. Yəni Foqts məşhur futbolçu olmaqla yanaşı, nəticə verən məşqçidir. Bundan əlavə, hər seçmə mərhələnin oyunlarından öncə, oyunların təqvimi razılaşdırılarkən, Foqtsun bir mütəxəssis kimi rəyi nəzərə alınır. Bu isə milliyə qrup oyunlarında müəyyən üstünlük verir.
Berti Foqts 4 ilə yaxındır Azərbaycan millisini çalışdırır. Bu, yerli futbolu və futbolçuları tanımağa yetərincə böyük vaxtdır. Artıq uyğunlaşma vaxtını arxada qoyan alman hər bir futbolçunun bacarığını öyrənə bilib. O, hətta milliyə namizədlərin də müsbət və mənfi tərəflərini artıq özü üçün aşkarlayıb. Bu isə yığmanın məşqçisi üçün mühüm cəhətdir. Aşağı yaş qruplarından dəvət olunan yeni futbolçuları öyrənmək də Foqts üçün problem olmamalıdır. Çünki aşağı yaş qrupları ilə işləyən həmyerlisi Bernard Lippert onun sistemiylə çalışır.
Foqtsun qalmasını məqsədəuyğun edən əsas şərt isə hazırkı yığma üzvlərinin onun işindən razı olmasıdır. Növbəti seçmə mərhələdə yığmanın əsasını indiki oyunçuların təşkil edəjəyini nəzərə alsaq, bu da müsbət haldır. Millinin futbolçuları hər açıqlamalarında Foqtsun öz postunda qalmasını və onun rəhbərliyi altında işləmək istədiklərini deyirlər. Bu isə yığmanın bir komanda kimi formalaşmasını, daxili ab-havanın yüksək olduğunu göstərir. Deməli, artıq uyğunlaşmaya da vaxt itirilməyəjək. Son seçmə mərhələdə qazanılan 7 xal da baş məşqçinin qalmasını şərtləndirən səbəblərdən biridir. Ona qədər heç bir məşqçi Azərbaycan millisində bu qədər xal toplamayıb.
Foqtsun şikayət etməyə haqqı yoxdur
Müstəqillik dönəmindən yığmada çalışan məşqçilər arasında ən yaxşı şərait Foqts üçün yaradılıb. Təsəvvür edin, 2011-ci ildə yığma üzvləri 87 gün onun rəhbərliyi altında məşq ediblər. Foqtsun dönəmində qazanılan 7 xal tarixi nəticə kimi qeyd olunsa da, qeyd etmək lazımdır ki, Şahin Diniyevin vaxtında qrupdakı rəqib Ermənistan olmasaydı, milli 8 xal da toplaya bilərdi. Həmin vaxt UEFA iki ölkə arasında yaşanan siyasi münaqişəni nəzərə alaraq, oyunları təxirə saldı. Ermənistanın əvəzinə onun reytinq xalına uyğun rəqib olsaydı, millimiz, ən azı, evdə qələbə qazana bilərdi. Bu, Foqtsun hazırkı yığma üzvlərinin potensialından tam faydalana bilməməsindən xəbər verir.
Foqtsdan nəyi tələb etmək lazımdır
Növbəti iki ildə Azərbaycan millisini çalışdıracaq alman məşqçinin səmərəli işləməsi üçün onun qarşısında konkret tələblər qoyulmalıdır ki, onlar da bir sıra amillərlə şərtlənir.
Birincisi, alman məşqçi yığmada işlədiyi vaxtda milliləşdirilmiş legioner əvəzinə, yerli oyunçu kəşf etmədi. Bunun da səbəbi onun premyer-liqa oyunlarını müntəzəm izləməməsidir. Nəticədə, ehtiyatda oturan futbolçu milliyə dəvət alır, 90 dəqiqə meydanda can qoyan oyunçular isə yığmaya çağırılmırlar. Əsas tələb isə alman mütəxəssisin ölkəmizdə mümkün qədər çox vaxt keçirməsi ilə bağlıdır. Foqts yalnız oyunlar ərəfəsində Bakıya gəlir. İndi çempionat oyunlarını izləmək lazımdır. Belədə o, hansı futbolçunun milliyə lazım olub-olmadığını özü görə bilər.
İkincisi, Berti Foqts işlədiyi dövrdə klub məşqçiləri ilə dil tapa bilmədi. Gah Foqts onların "bostanı"na daş atdı, gah da məşqçilər alman mütəxəssisi tənqid atəşinə tutdular. Halbuki, millinin baş məşqçisi klublarda işləyən həmkarları ilə dil tapmağa məcburdur. Bəzən yığma üzvlərini klubun oyunundan bir həftə əvvəl millidə toplantıya çağıran Foqts, klubları da başa düşməlidir. Belə hallardan ən çox "Qarabağ" əziyyət çəkir, çünki ağdamlılar milliyə 8, bəzən də 9 futbolçu verir. Belə olan halda, klub nə normal məşq keçir, nə də oyuna hazırlaşa bilir.
Üçüncüsü, yeni mövsümdə yığmadan daha çox xal toplamaq tələb olunmalıdır. Yığma baxımlı futbolla yanaşı, sabit oyun nümayiş etdirməlidir. Komanda bir qələbə qazanandan sonra, oyun nizamını itirməməlidir. Hər bir görüşdə əzmkar və döyüşkən komanda görməliyik.
Dördüncüsü, yığmada gəncləşdirmə siyasəti davam etdirməlidir. Əgər biz 2016-cı ildə keçiriləcək qitə birinciliyinə yollanmaq istəyiriksə, deməli, millinin qapılarını yeni oyunçuların üzünə açmalıyıq. İndi millinin əsas üzvünə çevrilən Rəşad Sadıqov, Rail Məlikov və ya Mahir Şükürovun həmin vaxt komandamıza kömək edə biləcəyi sual altındadır. Ona görə güjlü, rəqabətədavamlı ehtiyat oyunçularımız olmalıdır.
Və nəhayət, Berti Foqtsun qarşısına konkret hədəf qoyulmalıdır. Məlumdur ki, növbəti seçmə mərhələdə yığma, ən yaxşı halda, qrupda 3 və 4-cü yerlər uğrunda yarışa bilər. Hətta bunun özü də real görünmür. Amma 2016-cı ildə keçiriləcək Avropa çempionatında 24 komandanın iştirak edəcəyini unutmaq olmaz. Həmin mövsüm də bir sıra yığmalar qitə birinciliyinin final mərhələsinə vəsiqə ala biləcək. Arzumuz, millimizi final mərhələsində görməkdir. Foqtsun rəhbərliyi altında oynayan gənclər həmin vaxt artıq sözlərini deməlidirlər. AFFA alman məşqçidən Azərbaycan millisini "Avro-2016"ya aparmağı tələb etməlidir. Sözsüz ki, əgər 2012-2013 mövsümü uğurlu alınarsa.
Sentyabrda başlayacaq Dünya Çempionatının seçmə mərhələsində millimizi Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburqla maraqlı və eyni zamanda, çətin görüşlər gözləyir. İstənilən halda, baş məşqçi komandaya qarşı tələbkarlığı artırmaqla yanaşmalıdır, amma azarkeşlər də daim Azərbaycan millisinin yanında olmalıdır.
MƏSLƏHƏT GÖR: