15 Mart 2025

Şənbə, 01:22

MUSİQİ NAMİNƏ…

Bakıda v beynəlxalq mstislav rostropoviç festivalı başa çatıb

Müəllif:

15.12.2011

"Mən bakılıyam. Mən burada doğulmuşam. Burada mənim dostlarım yaşayır. Bakı - mənim Vətənim, mənim evimdir …".

Mstislav Rostropoviç

 

Bakı altıgünlüyə dünyanın musiqi paytaxtına çevrilmişdi. Dekabrın 4-dən 10-na kimi paytaxtın ən yaxşı səhnələrində  V Beynəlxalq Mstislav Rostropoviç festivalı keçirilib. Bu günlərdə Bakıya dünyanın 10-dan artıq ölkəsindən - Fransadan, ABŞ-dan, Belçikadan, Cənubi Koreyadan, Avstriyadan, Rusiyadan musiqiçilər yığışıblar. Bakılıları və paytaxtımızın qonaqlarını öz möhtəşəm çıxışı ilə Rauf Abdullayevin rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Paris Kamera Orkestri, Nijeqorod Filarmoniyasının Aleksandr Skulskin rəhbərlik etdiyi Akademik Simfonik Orkestri, Antverpen  Simfonik Orkestri, skripaçı Viktor Tretyakov,  Qalina Vişnevskaya adına Opera İfaçılığı Mərkəzinin pianoçuları və solistləri sevindiriblər. Festival çərçivəsində dinləyicilər, həmçinin, caz pianoçusu və bəstəkar Luis Bakalovun inəsənəti ilə də tanış olublar. O öz caz-bendi ilə "Tanqo gecəsi" proqramını ifa edib. 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və festivalın bədii rəhbəri, Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçin çıxış etdiyi festivalın açılışı  Heydər Əliyev Sarayında olub. Ə.Qarayevin sözlərinə görə, festivalın əsas məqsədi Mstislav Rostropoviçin vətənində dünyada tanınmış musiqiçilərin çıxışının təşkil edilməsidir. Nazir qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşmərmalı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il dekabr ayında keçirilən bu beynəlxaq festival paytaxtımızda əsl musiqi bayramı kimi təşkil edilir. Rostropoviç Fondunun prezidenti  Olqa Rostropoviç vurğulayıb ki, Bakıda festivalın keçirilməsi onun atasının arzusu olub. 2006-cı ildə burada böyük Dmitri Şostakoviçin anadan olmasının 100 illiyinə həsr edilmiş festivalı təşkil etməklə o, bu xoşməramlı ənənənin əsasını qoyub. 2007-ci ildən başlayaraq Bakının ən yaxşı konsert  zallarında və teatrlarında keçirilən Beynəlxalq Rostropoviç Festivalı müxtəlif ölkələrdən ən görkəmli ifaçıları toplayır. Onun ənənələrindən biri də gənc istedadlı musiqiçilərin - maestronun davamçılarının çıxış etməsidir. 

Festivalın ertəsi günü bədii rəhbər və baş dirijor Dmitrii Yurovskinin idarə etdiyi Flamand Simfonik Orkestrinin möhtəşəm çıxışı ilə yadda qalıb. Heydər Əliyev Sarayında keçirilən konsertdə M. Bruxun və P.Çaykovskinin əsərləri səsləndirilib.  Solist SSRİ xalq artisti, M.Qlinka adına dövlət mükafatı laureatı Viktor Tretyakov (violin) olub. Yeri gəlmişkən, 1988-ci ildə Antverpen və Qent teatrlarının bazasında yaradılmış Flamand operası Belçikada dövlət tərəfindən maliyyələşdirilən tək opera truppasıdır. Kollektivin ən uğurlu işləri sırasında "Nibelunqların üzüyü" sırasından olan "Mosart - da Ponte" layihəsini göstərmək olar. Hazırda operanın rəhbəri Avel Kanndır. Flamand Simfonik Orkestrinin baş dirijoru Dmitri Yurovski və baş xormeysteri Yanis Puspurik təyin ediləndən sonra, kollektivin həyatında yeni bədii sıçrayış baş verib. "XXI əsirin operası" festivalının təşkilatçılarından biri olan Flamand operası "Samson və Dalila", "Yason", "Semiramida", "Stabat Mater" operalarının CD və DVD disklərini buraxmaq istəyir. 

Tənqidçilərin fikrincə, dirijor D.Yurovski bəstəkarların ən məhrəm düşüncələrini əks etdirmək bacarığına malikdir. Moskvada anadan olmuş D.Yurovski təhsilini əvvəlcə doğma şəhərində alıb, sonra isə Berlində davam etdirib. Onun ən yaxşı işləri sırasında Bolonyedə "Teatro Kommunale"də L.Bethovenin ikinci və yeddinci simfoniyaları ilə çıxışını, O.Respiqinin, N.Rotun, P.Xindemitin, A.Kezellanın əsərlərinin ifasını, həmçinin, Toskanini orkestri lə çıxışını göstərmək olar. D.Yurovskinin idarəsi ilə P.Çaykovskinin "Mazepa", "Yevgeni Onegin", "Ovsunçu qadın" operalarının, D.Massnenin  "İrodiada", D.Verdinin "Aida" operalarının premyerası olub. Dmitri Yurovski müxbirimizlə söhbətində bildirib ki, Rostropoviçi bütün dünyada tanıyırlar. 

"Harada olursunuz-olun, istər Braziliyada, istər İspaniyada, istər Norveçdə - Maestro haqqında, demək olar ki, hər şeyi bilirlər", - deyə musiqiçi qeyd edib.

Festival çərçivəsində növbəti konsert Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında keçirilib. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri dünya klassiklərinin əsərlərini ifa edib. Solist əməkdar artist Murad Adıgözəlzadə (fortepiano) idi. Dirijor - Averi Fişer mükafatı laureatı, Filadelfiya Kamera Orkestrinin fəxri dirijoru, Moskva Simfonik Orkestrinin dəvət olunmuş baş dirijoru İqnat Soljenitsın idi. Yeri gəlmişkən, bir zamanlar məhz Rostropoviç Aleksandr İsayeviç Soljenitsinin və Natalya Dmitriyevnanın diqqətini oğullarının musiqi istedadına yönəltmişdi, pedaqoq tapmağı məsləhət görmüşdü. Bu  gün İqnat Soljenitsın dünyanın ən istedadlı dirijorlarından biridir. 

"Mən Mstislav Rostropoviçin vətənində çıxış etməkdən çox şadam. Məndən ötrü o, sadəcə görkəmli musiqiçi olaraq qalmır, həm də mənə öz musiqi istedadımı dərk etdirmiş insandır. Mən onun ümidlərini doğrultmağa çalışıram", - deyə müxbirimizə Soljenitsın bildirib.

Ənənəvi olaraq Bakı festivalına gənc ifaçılar da gəlir, onlar üçün Rostropoviç sənət qibləgahıdır. Belə musiqiçilərdən biri Koreyadan olan gənc istedadlı skripkaçı Soyanq-Yunqdur və onun çıxışı tamaşaçıların gur alqışları ilə qarşılandı.  Koreyalı qızın konserti dekabrın 9-da Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında keçirildi. Qeyd edək ki, Soyanq-Yunq Polşada keçirilən Q. Venyavski adına XIV Beynəlxalq müsabiqənin birinci mükafatının laureatıdır. Gənc qız bakılılar və paytaxtın qonaqları qarşısında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə dünyada tanınmış bəstəkarlar Y.Sibeliusun, P.Çaykovskinin, Q.Qarayevin əsərlərini ifa edib. 

"Mən bakılı dinləyicilərə heyran qaldım, mənə elə gəlir ki, onlar musiqini çox incə dərk edir və qəbul edirlər. Başqa cür də ola bilməz, axı Rostropoviç bu şəhərdə doğulub - o, musiqi ilə yaşayan insan idi. Həm də Azərbaycan Q.Qarayev, F.Əmirov, Üz.Hacıbəyov kimi qeyri-adi bəstəkarların vətənidir. Q.Qarayevin əsərlərini ifa edərkən mən gerçək həzz alıram - hər bir əsərində güc, ehtiras, emosiya və harmoniya var. Bu dahiyanədir. Bir neçə söz də sizin qonaqpərvər paytaxtınız haqqında demək istəyirəm - Bakı çox gözəl və yaradıcı şəhərdir. Burada olmaq mənə xoşdur", - deyə istedadlı skripkaçı "R+"la söhbətində bildirib.           

V Beynəlxalq Mstislav Rostropoviç Festivalı Azərbaycan Dövlət Filarmoniyasında Paris Kamera Orkestrinin çıxışı ilə başa çatıb. Konsertin dirijorı Lourens Foster (ABŞ), solisti (fortepiano)  isə  Jan-İv Tibode (Fransa) idi. Konsertdə Q.Fore, K.Sen-Sansa, İ.Stravinskinin, F.Şubertin əsərləri ifa edilib. Qeyd edək ki, orkestr 1967-ci ildə Fransa mədəniyyət naziri A.Malronun təşəbbüsü ilə yaradılıb. Onun təşkil olunmasında "Paris konservatoriyasının konsertləri cəmiyyəti"nin dəstəyi ilə Paris bələdiyyəsi və Paris rayon departamentləri iştirak edib. Orkestrin tərkibində özlərini bu orkestrdə işə həsr etmiş 110-a yaxın yüksəkixtisaslı musiqiçi çalışır ki, bu da onun iştirakçılarından müstəqil kamera ansamblları yaratmağa imkan verib. Hansı ki, onlar da eyni zamanda dünyanın bir neçə konsert zalında çıxış edə bilirlər. 

Festivalda çıxış edən Jan-İv Tibode bakılıları və paytaxtın qonaqlarını fortepianoda texniki ifası, həmçinin, emosionallığı ilə heyran qoydu. Jan-İv Tibode sənətə vunderkind olaraq başlayıb, buna görə də artıq 30-dan çox disk yazmağı bacarıb. "Grammy" mükafatının münsiflər heyəti Ravelin əsərlərinin toplusuna görə onu mükafatlandırıb. Onun tez-tez televiziyada çıxışları, filmlərdə ifa etdiyi saundtrekləri var. Onlardan biri "Qürur və əminlik" "Oskar"ın nominantı olub. Bundan başqa, Tibode baş rollardan birini Nikol Kidmanın oynadığı "Qadın portreti" filminə Şubertdən iki ekspromt yazıb. Jan-İvin fikrincə, paltarda olduğu kimi musiqidə də üç keyfiyyət - zəriflik, gözəllik və poetiklik cəmlənməlidir. "Bu, ümumiyyətlə, fransız mədəniyyətinin, o cümlədən, fransız fortepiano məktəbinin əsas xüsusiyyətidir", - deyə o, izah edir.



MƏSLƏHƏT GÖR:

395