Müəllif: Sənan NADİROĞLU Bakı
F
utbol üzrə əsas milli komandamız Avro-2016-nın seçmə mərhələsində ardıcıl 3 görüşdə məğlub olandan sonra üzümüzü yeniyetmələrimiz güldürdü. 17 yaşdan ibarət yığma komandamız Avropa Çempionatının seçmə mərhələsində uğurla çıxış etməklə elit-raunda vəsiqə qazandı. Qrup mərhələsində Belçikaya 0-3 hesabıyla uduzan Mirbağır İsayevin komandası İsveçrə üzərində 2-1 hesablı qələbə qazandı. Son matçda penaltilər seriyasında Bosniya və Herseqovinaya məğlub olan yeniyetmə futbolçularımız 10-cu qrupda ən yaxşı 3-cü komanda kimi mərhələ adladı. Azərbaycan millisi üçüncülər arasında ən yaxşı göstəriciyə malik 5 komandadan biri kimi elit-raunda vəsiqə əldə edib.
Azərbaycan millisinin elit-raunddakı rəqibləri İsveçrənin Nyon şəhərindəki dekabrın 3-də baş tutacaq püşkatmada müəyyənləşəcək. 32 komanda 8 qrupa bölünəcək. İlk iki pilləni tutan 16 komandadan 15-i Bolqarıstandakı final mərhələsinə yüksələcək. Bunlara həmçinin final mərhələsinə ev sahibliyi edən Bolqarıstan qoşulacaq. Ən zəif nəticəyə malik ikinci yerin sahibi isə mübarizəni dayandıracaq.
Belçikanın Eisden şəhərində yeniyetmələrdən ibarət yığmamızın oyununu canlı izləyən AFFA-nın baş katibi Elxan Məmmədov futbolçuların mübarizliyini yüksək qiymətləndirib: "İlk növbədə, hər birimizi və böyük əzmkarlıq nümayiş etdirən futbolçuları təbrik edirəm. Onlar son iki oyunda bir-birilərinə dəstək olaraq əsl komanda olduqlarını sübut etdilər. Millimiz hər iki görüşdə hesabda geridə olsa da, sonradan oyunda dönüş yarada bildi. İsveçrə ilə matçda 3 xal, Bosniya və Herseqovina ilə görüşdə 1 xal qazanıldı. Bu bizim üçün önəmli bir uğurdur. 4-5 illik fasilədən sonra komandamız yenidən elit-raunda vəsiqə qazandı. Təbii ki, bu da sevindirici haldır. Bildiyiniz kimi, komandamız 4-5 il əvvəl elit-raunda vəsiqə qazanmışdı. Uzun müddətdən sonra komandamız elit mərhələdə oynayacaq. Ümid edirəm ki, komandamız elit-raundda da gözəl oyun nümayiş etdirəcək".
Yeniyetmə futbolçularımızın Avropa Çempionatının elit-raundunda şansları barədə "R+" komandanın baş məşqçisi Mirbağır İsayevlə danışıb.
- Avropa Çempionatının ilkin seçmə mərhələsində komandamızın oyunundan razı qaldınızmı?
- Komandamızın Avropa Çempionatının elit-raunduna vəsiqə qazanmasına görə, ilk növbədə, Allaha şükr edirəm. Komandanın formalaşmasına, eləcə də mütəmadi təlim-məşq toplanışlarının təşkilinə şərait yaratdığına görə AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Ötən ilin bu vaxtlarında işə başlayarkən AFFA-nın texniki direktoru Bernhard Lippert sual verdi ki, U-17 elit-raunda yüksələ biləcəkmi? Cavab verdim ki, 95 faiz. Baş katiblə də bu haqda söhbətimiz oldu. Hər işin başlanğıcında ən vacib məsələ inamdır. Bizə yaradılan şəraitin qarşılığını verməli idik. Şükürlər olsun ki, Avropa Çempionatının ilkin seçmə mərhələsindən üzüağ çıxdıq. Bu da, ilk növbədə, futbolçularda xarakterin olması sayəsində baş verdi. Uşaqlar meydanın hər qarışı uğrunda mübarizə apardılar.
- İlk oyundakı məğlubiyyətdən sonra futbolçuları İsveçrəylə matça hazırlamaq çətin oldu?
- İlk oyunda Belçika yığmasına böyük hesabla məğlub olduq. Atletik baxımdan çox güclü idilər. Futbolçularının əksəriyyəti İngiltərə, Almaniya, Hollandiya çempionatında çıxış edirlər. Bizim komandanın üzvlərinin isə əksəriyyəti aşağıyaşlı futbolçular arasında təşkil edilən liqalarımızda oynayırlar. Həmin uşaqlar xarakter nümayiş etdirdilər. İlk böyükhesablı məğlubiyyətdən sonra toparlanmağı bacardılar. İsveçrə ilə matçın gedişində hesabda geri düşsək də, 2 qol vurub qələbə qazandıq. Son oyunda Bosniya və Herseqovina yığması ilə qarşılaşdıq. Görüşdən əvvəl hər iki komandanın xalı, vurulan və buraxılan topları, sarı vərəqələrinin sayı kimi bir çox göstəricilərdə bərabərlik var idi. Uşaqları psixoloji cəhətdən yaxşı hazırlamaq vacib idi. Hesabda yenə geri düşsək də, komanda xarakter nümayiş etdirdi və fasiləyə qədər bərabərliyi təmin etdi. Sonda isə penalti seriyası təyin olundu. Düzdür, ikinci zərbədən sonra üstünlük tərəfimizdə idi. Çünki rəqib bir penaltidən yararlana bilməmişdi. Ancaq penalti seriyası lotereyadır. Yəni lotereyada uduzduq. Əsas odur ki, U-17 növbəti mərhələyə yüksəldi. Bu, futbolçularımızın əziyyətinin bəhrəsidir. 6 il idi bu nəticəni gözləyirdik.
- Futbolçular, təxminən, 10 ay sizin rəhbərliyiniz altında toplanışlarda oldular, yoxlama matçlarına çıxdılar. Rəsmi görüşlərdə onlardan istədiyiniz oyunu, mübarizliyi ala bildinizmi?
- Turnirə böyük itkilərlə getmişdik, 7-8 futbolçumuz yox idi. Zədə və digər səbəblərdən Ziya Əzizov, Emin Əliyev, Murtuz Abakarov, Səid İbadov, David Dadaşov, Ziya Mirzəyev bizə qoşula bilmədilər. Bu qədər futbolçunun yoxluğu böyük itki idi. Ancaq sevindirici haldır ki, seçim imkanımız var idi. Bunu da, təbii ki, məşqçilər korpusu yaratmışdı. Çünki məşqçi çempionat oyunlarını izləyir və elə yoxlama oyunları təşkil edir ki, futbolçuları tam yoxlaya bilsin. Seçmə mərhələdə heç-heçə etdiyimiz Bosniya və Herseqovina yığmasına başqa bir turnirdə 0:5 hesabı ilə uduzmuşduq. Ancaq həmin matçda biz Hacıağa Hacıyevi qazandıq və bu gün o, komandanın kapitanıdır. Əziyyətinin, zəhmətinin hesabına buna nail oldu. Hazırda bizdə U-17-nin A və B olmaqla 2 heyəti var.
- Maraqlıdır ki, İsveçrə yığması ilə matçdan sonra niyə məhz qapıçının adını çəkdiniz?
- Çünki o, tapıntı idi. Bakıdakı və Xorvatiyadakı son toplanışlarda bütün qapıçıları yoxladıq. Bəziləri zədə səbəbindən komandaya qoşula bilmədilər.
- Heyətdə yer alanların əksəriyyəti AFFA-nın təşkil elədiyi liqalarda çıxış edən futbolçulardır. Sizcə, bu seçim həmin liqalardakı futbolçuları stimullaşdıracaqmı?
- Yalnız Kazım Birkan Türkiyədə, Ruslan Bediyev isə Gürcüstanda çıxış edir. Qalanları öz klublarımızda oynayırlar. Bu onu göstərir ki, material var, sadəcə, işləmək lazımdır. Nizam-intizam ön planda olmalıdır. Seçmə mərhələyə qədər 10 ay ərzindəki oyunların nəticələrinə gəldikdə vacib deyildi. Çünki seçim aparırdıq. Əsas rəsmi oyunlardır. Qaldı ki stimula, bunu klublarda yaratmaq lazımdır. Bir faktı da deyim, 2 futbolçumuzu xarici klublar istəyirdilər. Sadəcə, onların xarici dil bilməməsi bu keçidin baş tutmasına mane oldu. Çünki ünsiyyət qurmaq üçün bu vacibdir.
- Elit-raunda hazırlıqla bağlı planınız hazırdırmı?
- Bir məsələni vurğulayım ki, əgər mərhələ adlamasaydıq, istefa verəcəkdim. Planlarla bağlı isə hələ danışmaq tezdir. Çünki müqaviləm başa çatıb. Təklif olsa, danışacağıq.
MƏSLƏHƏT GÖR: