
ZAMAN, VARİASİYALAR, CAZ
"Baku Jazz Festival - 2014"də cazın müxtəlif istiqamətləri və üslubları səsləndirilib
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Cazın musiqi janrı kimi unikallığı - improvizasiya üçün böyük imkanların olmasında, dəyişkənlik və notlara daha nələrin yerləşdirilə bilməsindədir. Ona görə də caz "standartlar" kimi məfhumu yaradıb - istənilən cazmenin repertuarında ümumqəbul edilmiş kompozisiyalar olmalıdır. Hesab edilir ki, yaxşı cazmen iki yüz standart bilməlidir. Standartın nə olub, olmadığını kim müəyyən edir? Ancaq zaman. Zaman, eləcə də bu və ya digər caz kompozisiyasını öz repertuarına daxil edən musiqiçilər. Hər il Azərbaycanın paytaxtında keçirilən "Baku Jazz Festival - 2014" caz festivalı zamanı neçə improvizənin səsləndiyini demək çətindir. Bəlkə, ən məşhur və ən gözəl caz variasiyaları, bəlkə də, yüzlərlə.
Bu valehedici musiqinin hüdudsuz təbəqəsini çuğlamaq mümkündürmü? Lakin onun Bakıda bütün caz sevənlərə böyük həzz yaşatdığı şübhəsizdir. Hər il payızda paytaxtımız bütün təzahürlərində əsl caz paytaxtına çevrilir. Klassik caz və onun müasir interpretasiyaları, daim kədərli blüz və hərarətli diksilend, asta soul və sürətli svinq - caz festivalı Azərbaycanda o qədər fərqlidir ki, istənilən qəlbi fəth etməyə qadirdir.
Cazın dilində danışmaq
Bu il festival tanınmış caz musiqi ustaları, o cümlədən Terens Blançard kvarteti, Anat Koen kvarteti, kreyq Teborn triosu, Terri Lin Kerrinqton kvarteti və başqaları Bakıya toplanmışdı. Festivalı çıxışı ilə amerikalı Kreyq Teborn açıb. Çox gözəl caz pianoçusu, orqançı və bəstəkar səhnəyə musiqiçilər Ceyms Beytons və Tomas Morqan ilə çıxıb. Teborn əsasən caz üslubunda işləyir, bəzən dark ambient və techno-da da özünü sınayır. Tebornun diskoqrafiyasında dörd fərdi studiya albomu və digər musiqiçilərlə, təxminən, 60 birgə relizi var. "Caz pianino məktəbində çox sayda traktovka və üslublar var. Ənənəvi üslub mövcuddur, improvizasiya da var. Mən çox cəld şəkildə lirik ifadan daha aqressiv və səsin gurluğunu itirmədən, yenidən lirik üslubuna qayıdaraq ifa tərzini dəyişə bilərəm. Mənim üçün bu bu, bir növ ovqatın sözlər vasitəsilə ifadəsidir... İnsanlar aralarında necə asanlıqla ünsiyyət qururlar, mən də eləcə musiqi vasitəsilə özümü izhar edirəm", - deyə Kreyq Teborn öz ustalığının sirlərini "R+" jurnalına açıb.
Festivalın ikinci günü Terri Linn Kerrinqtonun kvartetinin çıxışı ilə yadda qalıb. O, zərb alətlərini digər musiqi alətlərindən üstün tutan dünyanın ən yaxşı caz ifaçılarından biridir. Onun ustalığını və istedadını layiqincə qiymətləndiriblər. Həmçinin "Qremmi" mükafatı sahibidir. O, dünyanın dahi musiqiçiləri - Herbi Henkok və Sten Qetsem ilə çıxış edib. "Mən alətlərimi kökləyirəm, çıxış edəcəyim məkanın akustikası ilə onların səslənməsini və tembrini uyğunlaşdırıram. Bu gün biz artıq standart dəstlə səyahət etmirik. Mən hər dəfə müxtəlif alətlərdə ifa edirəm, ona görə də konsertə diqqətlə hazırlaşmağa çalışıram. Hər şeyin əla keçəcəyinə əmin olmaq üçün bütün alətlərin səslənməsini yoxlamaq lazımdır", - deyə Terri Linn "R+"la fikirlərini bölüşüb. Massaçusetsdən olan 49 yaşlı ifaçı bütün həyatı boyu musiqi ilə məşğul olub. Ona yeddi yaşında artıq zərb aləti alıblar. Solisti olduğu kvartetdə klaviş alətləri partiyasını Aaron Parks, bas alətlərini Antonnio Hart, əlində saksafonla isə Zekari Brauni çıxış edir. Terri Linnin sözlərinə görə, o, Bakıya birinci dəfədir gəlib. Şəhər Avropa memarlığı və insanlarının qonaqpərvərliyi ilə onu heyran qoyub.
Həmin gecə Beynəlxalq Muğam Mərkəzində görkəmli amerikalı musiqiçilər Ben Strit və Cef Bellardla birgə çıxış edən gənc azərbaycanlı musiqiçi Elçin Şirinovun konserti keçib. Elçin musiqi məktəbində təhsil almayıb, lakin Vaqif Sadıqov, Aaron Qoldberq, Kevin Heys, Yakov Okun kimi caz pianoçularının dərslərini dinləyib. Texniki planda öz bacarıqlarını yaxşılaşdırmaq üçün o, sevimli musiqiçiləri - Bill Evans, Herbi Henkok, Bred Meldaunun ifalarına müraciət edib. Bu gün Elçin perspektivli və istedadlı azərbaycanlı musiqiçilərdən biridir.
Bu məftunedici caz ...
Daha sonra proqram üzrə ABŞ-dan olan Terens Blanşardın kvintetinin - müasir post-meynstrim virtuozlarından biri, truba ifaçısının konserti olub. Beş yaşında ikən fortepiano çalmağa başlayıb, səkkiz yaşında isə trubaya "keçib". Ellis Marsalisin yanında dərs alıb, həmçinin yerli universitetdə kompozisiyalarla məşğul olub. 1980-82-ci illərdə Layonel Hemptonun biq-bendində, 1982-ci ildə isə Jazz Messengers-də Uinton Marsalisi əvəz edib. Dörd il sonra pianoçu Molqrü Millerlə birgə kvartet, 1989-cu ildə isə saksafonçu Donald Harrisonla kvintet təşkil edir. 90-cı illərin əvvəllərində Nyu-York caz səhnəsinin liderlərindən biri olur.
Daha bir möhtəşəm konsert - Azərbaycan cazının meri Cəmil Əmirova məxsus olub. Adlı - sanlı musiqiçinin mükəmməl konserti sürəkli və gurultulu alqışlarla qarşılanıb. Cəmil Əmirov Azərbaycan cazının görkəmli nümayəndələrindən biri, tanınmış bəstəkar Fikrət Əmirovun oğludur. Onun 2003-cü ildə yaratdığı "Savab" qrupu Türkiyə və ABŞ-da solo konsertlər verib, albom yazıb. Hər il istər Bakıda, istərsə də xaricdə keçirilən caz festivallarında fəal şəkildə iştirak edirlər.
İsrailli saksafon və klarnet ifaçısı Anat Koenin ifasını da qeyd etməmək olmaz. Onun debüt albomu 2005-ci ildə çıxıb. 2007-ci ildə Caz Jurnalistləri Assosiasiyası (Jazz Journalists Association) tərəfindən "İlin ən yaxşı klarnet ifaçısı" və "İlin parlayan ulduzu" elan edilib. Anat üç növ saksafonda (tenor, soprano və alto) və klarnetdə çalır. Bu işdə ona ifaçıların sayına görə əsl biq-bend, amma son dərəcə qeyri-adi heyətə - üç saksafon, üç truba, iki trombon, üç violonçel və fortepianosuz ritm-qrupu: gitara, kontrabas, zərb və perkussiyaya malik "Anzic Orchestra" köməklik göstərir.
Anat ən müxtəlif musiqi janrları - klezmer, afro-kubalı və Braziliya musiqisindən tutmuş Argentina tanqosu və cazına qədər hamısını ram edir. Onu çox vaxt ən tanınmış cazmenlər birgə çıxışlar və albomların yazılması üçün dəvət edirlər. Anat qardaşları Yuval (saksafon) və Avişa (truba) ilə böyük məmnuniyyətlə işləyir. Yeri gəlmişkən, Bakı səhnəsinə israilli saksafon ifaçısı qardaşlarının müşayiəti ilə çıxıb. "Harada olmağıma baxmayaraq, onlar hər yerdə mənimlədirlər. Birlikdə biz bütün dünyanı gəzmişik və Bakıya gəlmişik", - deyə Anat bildirir. Koenlər Azərbaycanın paytaxtına ilk dəfədir gəliblər. "Buranı çox bəyəndik! Xüsusilə insanlar təəssürat oyatdılar - səmimi, gülərüz və olduqca musiqi qabiliyyətinə malikdirlər", - deyə Anat təəssüratlarını bölüşüb.
Bu gecənin daha bir konserti - gənc azərbaycanlı pianoçu, "Bakuba" bendinin iştirakçısı Etibar Əsədlinin çıxışı olub. Etibar Əsədli izləyicilərə ötən il həyata keçirilən "Muğam dünyası" festivalında etnocaz layihəsi ilə də yadda qalıb.
Şöhrətli pianoçu və bəstəkar Kamilo Mişelin çıxışı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutub. O, bibop texnikasını Latın Amerika ritmformulları ilə birləşdirən virtuoz kimi şöhrət qazanıb. Özü etiraf edib ki, ona daha çox klassik pianoçular - Art Teytum, Oskar Piterson, habelə kubalı bəstəkar Ernesto Lekuon təsir göstərib.
Daha sonra isə bakılılar inanılmaz Trilok Qurtu ilə görüşüb. Trilok beş yaşından tablda oynamağa başlayıb. 60-cı illərdə cazla maraqlanan gənc "Wavefront" layihəsinin iştirakçısı olur. Sonra bu layihə sayəsində ilk dəfə Avropaya gəlir. Daha sonra isə əfsanəvi cazmen Don Çerri, Ravi Şankar, Zakir Hüsseyn və "Oregon" proqressiv-caz ansamblı ilə çıxış edib.
Bu əfsanəvi caz
Əfsanəvi amerikalı caz musiqiçisi və bəstəkarı Stenli Klarkın konserti bir göz qırpımında keçib. Musiqiçi bu ilin festivalının ən məşhur qonaqlarından biri olub. Amerikalı cazmen öz qrupu ilə çıxış edib. O, dinləyiciləri qeyri-adi ifası, texnikası və mükəmməlliyi ilə heyran qoyaraq, bir çox alətlərdə mahircəsinə ifa edir. Məsələn, bas-gitara çalaraq Stenli Klark sağ əlini simə elə yaxınlaşdırır ki, sanki onlar kontrabas çalır, lakin 90 dərəcə dönərək. Bakı tamaşaçıları cazmeni hərarətlə qarşılayıb, demək olar ki, onun hər bir ifası gur alqışlarla müşayiət olunub. Musiqiçi ən nüfuzlu mükafat və bəxşişlərin - "Qremmi", "Emmi", "Rolling Stone" jurnalının versiyasına görə "Cazmen", Şöhrət xiyabanında ulduza, həmçinin çox sayda qızıl və platin plastinkaların sahibidir. Klark yeni əsər təqdim etməyib. Konsert bir neçə yaxşı kompozisiyaları və bir sıra yeni interpretasiyalardan ibarət olub. Kompozisiyalarından birini təqdim edərkən, musiqiçi qeyd edib ki, ona çox vaxt filmlər üçün musiqi sifarişi verirlər. "Lakin bu filmlər o qədər dəhşətlidirlər ki, onlar musiqini sadəcə korlayırlar. Mən kompozisiyalarımı filmlərdən ayrıca dinləyərək, ümid edirəm ki, onları qiymətləndirəcəksiniz", - deyə o, zarafatla bildirib.
Festival çərçivəsində həmçinin azərbaycan kollektivləri olan "Cəngi", Salman Qəmbərov, Rain Sultanov və "Rast" qrupu da öz konsertləri ilə çıxış edib. Caz festivalının son günü Arslan Növrəslinin konserti ilə yadda qalıb. Çoxsaylı müsabiqələrin laureatı, tarda gözəl ifa sahibi "Baku Jazz Center"in səhnəsində klassik və ənənəvi standartları milli alətin interpretasiyasında təqdim edib.
Gecədə Mayls Devis, Şahin Növrəsli, Dizzi Qillespi, Frank Paparelli və başqalarının əsərləri səsləndirilib. Arslan Növrəsli öz bəstələdiyi "Blues" əsərini və "Dədə Qorqud" bədii filmindən "Yallı" kompozisiyasının improvizasiyasını ifa edib. Sonda qeyd edək ki, "Baku Jazz Festival 2014" - əsl musiqi bayramını bakılılar üçün Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu təşkil edib.
MƏSLƏHƏT GÖR: