24 Noyabr 2024

Bazar, 21:22

SABİT PLATFORMA

BP neftin qiymətinin ucuzlaşması səbəbilə Azərbaycanla bağlı planlarını dəyişdirmək niyyətində deyil

Müəllif:

06.11.2014

Rusiya ilə Qərb arasında davam edən sanksiya müharibəsi hər keçən gün yeni qurbanlara səbəb olur. Rublun məzənnəsinin və neftin qiymətinin düşməsi artıq, ilk növbədə, iqtisadi "cəbhə"nin hər iki tərəfində dayanan neft-qaz şirkətlərinə zərbə vurur. Yeri gəlmişkən, ekspertlərin fikrincə, bu ucuzlaşma ABŞ və Səudiyyə Ərəbistanının məqsədli şəkildə həyata keçirdikləri siyasətin nəticəsidir. Onlar bu yolla Rusiyanın gəlirlərinin azalmasına, iqtisadi durumunun ağırlaşmasına çalışırlar.

Rusiyanın ən nəhəng neft şirkəti olan "Rosneft"in hesabatında bildirilir ki, 2014-cü ilin üçüncü rübündə qurumun xalis mənfəəti 140 dəfədən çox (!!!) azalıb və 1 milyard rubl təşkil edib. Qarşı tərəfdə isə sanksiyalardan əziyyət çəkən Böyük Britaniyanın BP şirkətidir. Onun "Rosneft"də, təxminən, 20%-lik payı var. Bu ilin üçüncü rübündə BP-nin xalis mənfəəti 3 milyard dollaradək düşüb: 2013-cü ilin iyul-sentyabr aylarında bu rəqəm 3,7 milyard dollar təşkil etmişdi. Britaniya nəhənginin mənfəətinin azalmasına "töhfə"ni məhz "Rosneft" verib. Onun Rusiya şirkətinin səhmlərindən əldə etdiyi mənfəət 808 milyon dollardan 110 milyon dollara düşüb.

BP-nin postsovet məkanında Rusiya ilə yanaşı, Azərbaycanla da nəhəng biznesi var. Amma burada şirkətin işləri Rusiyadakı ilə müqayisəolunmaz dərəcədə yaxşı gedir. "Azərbaycan BP-nin ümumi göstəricilərinə müsbət təsir göstərir. Çünki neft və qaz hasilatının həcmi proqnozlaşdırılandan artıqdır", - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell "R+"un sualına cavab olaraq, jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2014-cü ilin yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" yatağı blokunda sutkalıq neft hasilatı, demək olar ki, ötənilki səviyyədə qalaraq, 655,7 min barel təşkil edib. Ümumilikdə, bu ilin 3 rübündə blokda 24,2 milyon ton neft çıxarılıb, daha 2 milyard kubmetr səmt qazı Azərbaycan Dövlət Neft Şirkətinə verilib.

2014-cü ilin 3 rübü ərzində bu blokun işlənilməsinə 2,535 milyard dollar sərmayə qoyulub. "Bu blok hasilat səviyyəsinin qorunub saxlanması üçün daim investisiya yatırımı tələb edir. Amma hələlik bizim Azərbaycan hökumətilə və layihənin digər səhmdarları ilə yeni iri sərmayə qoyuluşuna dair razılaşdırılmış planımız yoxdur", - deyə Birrell bildirib. Hazırkı mərhələdə blokun platformalarından birində - "Mərkəzi Azəri"də planlı təmir işləri aparılır. İşlərə oktyabrın 31-də başlanılıb və noyabrın 27-dək davam etdiriləcək. Dekabrın ilk günlərində hazırda sutkada 160 min barel neftin hasil olunduğu bu platforma tam gücü ilə işləməyə başlayacaq. Profilaktik işlər çərçivəsində istismar müddətini başa vurmuş qurğular dəyişdiriləcək, bütünlükdə sistemdə yoxlamalar aparılacaq. Bir platformada işin dayandırılması neft hasilatı üzrə ümumi plana təsir göstərməyəcək. "Bu il "Azəri-Çıraq-Günəşli" blokundan sutkada orta hesabla 620 min barel civarında neft çıxarmağı planlaşdırmışıq. Amma artıq indidən öz proqnozumuzu aşacağımızı söyləyə bilərik", - deyə Q.Birrell qeyd edib.

Ümumilikdə, blokdan 1997-ci ilin noyabrından başlamış hasilat çərçivəsində 350 milyon tondan artıq neft çıxarılıb və bunun 185 milyon tondan çoxu Azərbaycanın mənfəət neftidir.

"Azəri-Çıraq-Günəşli"də pik həddi artıq keçilibsə, BP-nin Azərbaycandakı digər layihəsi hələ yenicə ayaq tutmağa başlayıb. Söhbət "Şahdəniz" yatağının işlənməsi layihəsindən gedir. Bu layihə çərçivəsində artıq ikinci mərhələnin işlənməsi üçün fəal hazırlıq işlərinə start verilib. Məhz bu yataq Avropa üçün yeni alternativ qaz mənbəyi sayılır. "2013-cü il dekabrın 17-də "Şahdəniz" yatağının 2-ci mərhələsinin işlənməsilə bağlı yekun investisiya qərarı qəbul olunub. Buraya Cənub Qaz Dəhlizi sisteminin yaradılması da daxildir. Artıq 2014-cü il sentyabrın 20-də bu qaz nəqli magistralının təməli qoyulub. Cənubi Qafqaz boru kəməri magistralının (Bakıdan Gürcüstan-Türkiyə sərhədinədək) genişləndirilməsi, Transanadolu qaz kəmərinin tikintisi (Türkiyənin şərqindən qərbinə), Transadriatik qaz kəmərinin inşası (Türkiyədən Yunanıstan və Albaniya vasitəsilə İtaliyaya) da buraya daxildir", - deyə Q.Birrell bildirib.

Bu işlərin həyata keçirilməsinə yatırılmalı olan ümumi investisiyanın həcmi 45 milyard dollardır. Onun 28 milyard dolları bilavasitə yatağın işlənməsinə və Cənubi Qafqaz boru xəttinin genişləndirilməsinə xərclənəcək.

"BP-nin cavabdeh olduğu 2-ci fazanın işlənməsi çərçivəsində ("Şahdəniz" yatağının işlənməsi, həmçinin Cənubi Qafqaz boru xəttinin genişləndirilməsi) artıq 9,6 milyard dollarlıq müqavilələr imzalanıb. Amma hələ nəzərdə tutulan müqavilələrin hamısının bölgüsü aparılmayıb. Yalnız bu il bu işlərə 4,5 milyard dollar xərclənib və onun böyük hissəsi azərbaycanlı müqaviləçilər arasında paylanılıb", - deyə Q.Birrell bildirib.

Artıq 5 qabaqlayıcı  quyuda qazma işləri başa çatdırılıb, işlər təsdiqlənmiş qrafik əsasında gedir. Məqsəd 2018-ci ildə qaz hasilatına başlanılmasıdır. 2-ci fazada hasilatın pik həddi əlavə 16 milyard kubmetr qaz əldə etməyə imkan verəcək. Onun 10 milyard kubmetri Avropaya, 6 milyardı isə Türkiyəyə satılacaq.

"Şahdəniz" yatağının işlənməsinin 2-ci fazası çərçivəsində 2014-cü ilin ilk 3 rübündə 7,25 milyard kubmetr qaz, 1,72 milyon ton kondensat hasil olunub. Ümumilikdə, yatağın işlənmə dövründə isə hasil olunmuş qazın həcmi 55 milyard kubmetr, kondensat isə 14 milyon tondur. Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. Onun sözlərinə görə, bu həcmdən 4 milyard kubmetri Gürcüstana, 30 milyard kubmetri Türkiyəyə ixrac olunub, qalan həcmi Azərbaycan özü alıb.

Q.Birrell isə bildirib ki, "Şahdəniz" yatağının işlənilməsinə, ümumilikdə, təxminən, 11,4 milyard dollar investisiya qoyulub: "1-ci faza çərçivəsində biz artıq hasilatda pik həddə çatmışıq. Bu il yataqdan 9 milyard kubmetr qaz hasil ediləcəyini proqnozlaşdırırdıq. Amma faktiki həcm bundan xeyli artıq olacaq. qarşıdakı 4-5 ildə hasilatın həcmi pik həddə qalacaq".

Hazırkı mərhələdə daha bir şərtləndirici məqam neftin qiymətinin ucuzlaşmasının BP-nin Azərbaycandakı yataqların işlənməsilə bağlı planına təsirinin qiymətləndirilməsidir. "Biz neftin qiymətinin ucuzlaşması ilə əlaqədar, bu sahədə planlarımıza heç bir dəyişiklik etməyi düşünmürük. Nəzərdə tutulmuş bütün işlər iş proqramına uyğun davam etdirilir", - deyə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndəliyinin rəhbəri qeyd edib.

Prinsipcə, neftin qiymətinin ucuzlaşaraq 1 barelə görə 85 dollara düşməsi hasilatın maya dəyərinin ucuz olması üzündən Azərbaycanla bağlı layihələrə təsir göstərməməlidir. Məlum olduğu kimi, "Azəri-Çıraq-Günəşli" blokunun işlənilməsi üzrə proqram hələ 1990-cı illərin ortalarında hazırlanıb və o zaman neftin 1 barelinin qiyməti 20 dollardan bir qədər artıq idi. Yəni o dövrdə belə bu layihə qoyulan xərcləri ödəməli idi. Təbii ki, ötən dövr ərzində yeni platformalarda, quyularda aparılan əlavə işlərin qiyməti xeyli artıb. Amma "Azəri-Çıraq-Günəşli"nin işlənməsi üzrə miqyaslı investisiyalar mərhələsi artıq geridə qalıb.

«Ümumiyyətlə, Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı yaranıb ki, inanmıram, neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin. Ancaq hər halda biz buna hazır olmalıyıq və planlarımızı buna uyğun şəkildə aparmalıyıq. Çünki dünya iqtisadiyyatı, hələ ki, böhrandan çıxmayıb», - deyə İ.Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib.

Bu səbəbdən, 2015-ci il üçün dövlət büdcəsinin layihəsində neftin orta qiyməti də bir qədər aşağı həddə götürülüb. Bu il büdcədə neftin 1 barelinin qiyməti 100 dollar göstərilibsə, gələn il üçün büdcə layihəsində bu rəqəm 90 dollardır. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində dünya bazarlarında "Azeri Light" markalı neftin orta satış qiyməti isə 108,2 dollar təşkil edib.

BP prezidenti Robert Dadli hesab edir ki, ayrı-ayrı dövrlərdə neftin ucuzlaşması, eyni zamanda dünya iqtisadiyyatının inkişafına da təsir göstərir. "Ucuz neft o qədər də pis deyil. Ucuz qiymətlər sanki dünyada inkişaf üçün drayverdir. O, yanacaq idxalından asılı olan iqtisadiyyatlara sürətini artırmağa, potensialını üzə çıxarmağa kömək edir. Nəticədə, bu, ümumi rifah halının yaxşılaşmasına xidmət edir", - deyə R.Dadli Oil & Moneyin Londonda keçirilən konfransında  bildirib.

Uzaq perspektivdə isə neftin qiyməti, şübhəsiz ki, artan xətt üzrə inkişaf edəcək.

Yaxın 20 ildə neftə tələbat 40% artacaq. Dadlinin sözlərinə görə, bu, hazırkı tələbata ABŞ və Çinin tələbatlarının da əlavə olunduğu halda belədir. BP prezidenti hesab edir ki, gələcəkdə - neft-qaz sektorunda isə 20-40 il irəli baxılır - dünyanın daha çox resurslara ehtiyacı olacaq. Bu tələbatın ödənilməsi üçün yeni nəhəng layihələrə, yeni tərəfdaşlara ehtiyac yaranacaq.

Odur ki, ciddi narahatlığa əsas yoxdur. Üstəlik, Azərbaycan hökuməti artıq bir neçə ildir ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun iqtisadiyyatdakı payının artırılması strategiyasını uğurla həyata keçirir.


MƏSLƏHƏT GÖR:

547