
PAY-TERMİNAL: SİSTEM İŞLƏYİR
Rabitə və informasiya texnologiyaları Nazirliyi Azərbaycanda ödəniş terminalları sisteminin genişləndirilməsinə tərəfdardır
Müəllif: Zərifə BABAYEVA Bakı
Bakıda onlar var, amma hər yerdə deyillər. Məsələn, iri banklarda və supermarketlər də var. Parlaq, sensorlu, cazibədar və rəngarəng ödəniş terminalları. Dünyanın çox ölkələrində, o cümlədən, bəzi MDB dövlətlərində onları həm şəhərlərin küçələrində, mağazalarda, rabitə salonlarında, həm də ticarət mərkəzlərində görmək olar. Bu çox əlverişli ödəniş sistemidir, həm də vaxta qənaət etmək mümkündür. Mobil telefonun hesabını ödəmək üçün müxtəlif operatorların kartlarının satıldığı mağazaları axtarmağa ehtiyac qalmır. Elə orada plastik kartların köməyi ilə kommunal xidmətləri ödəmək mümkündür. Bu sistem onu yaxşı tanıyan xarici vətəndaşlar və turistlər üçün də mobil rabitənin haqqını ödəmək baxımından çox əlverişlidir. Onlara uzun müddət və yorucu şəkildə izah etmək lazım gəlmir ki, telefona danışıq vaxtı yükləmək üçün uyğun operatorun kartını almaq və rəqəmsal şifrəni yığmaq lazımdır. Ödəniş köşklərinin yardımı ilə onlar hara və necə ödəməyi özləri də müəyyən edə bilərlər. Amma təəsüflə yenidən qeyd edək ki, Azərbaycan şəhərlərində bu komfort vasitəsinə həddindən nadir rast gəlinir. Azərbaycan banklarında "cash-in" sistemi ilə işləyən ödəniş köşkləri var. Onların işləmə strategiyası, ilk öncə, özünəxidmət zonasının genişlənməsinə yönəlib. Bu cür ödəniş köşklərinin yardımı ilə depozit hesabları doldurmaq, mobil rabitə xidmətlərinin, sığorta şirkətlərinin haqqını keçirmək, həmçinin, kommunal xidmətlərin ödənişini gerçəkləşdirmək mümkündür. Amma bütün bu ödənişlər banklar vasitəsilə həyata keçirilir. Daha geniş giriş imkanı olan yerlərdə quraşdırılmış ödəniş terminalları isə bir qədər başqa sistemlə işləyir - bu daha komfortludur, çox sayda operator və qurumlara çıxışı var, müxtəlif növ xidmətlər təqdim edir.
Bu necə işləyir?
Bəllidir ki, bir çox hesabların ödənməsi bank əməliyyatı deyil. Belə ödənişləri sadələşdirilmiş qaydada həyata keçirmək mümkündür. Ödəniş terminallarını layihələndirən və tətbiq edən insanlar da bu sadə məsələdən yararlanıblar. Ödəniş terminalının işləməsi üçün ilk öncə paralel olaraq, məsələn, mobil rabitə operatoruna məxsus ödəniş sistemi yaradılır. Bu sistem çərçivəsində müxtəlif təşkilatlar ödəniş terminalları quraşdırır. Bunun üçün ya öz məkanlarından, ya da məsələn, Bakının böyük hipermarketlərindən istifadə edirlər. Hipermarketlərdə də belə qurğuları görmək olar. Ya da bunun üçün əlverişli və gur məkanda yer icarəyə götürülür - terminal, demək olar ki, elə də böyük yer tutmur.
Ödəniş sisteminin sahibləri ilə mobil rabitə operatorları arasında sazişdə onların gəliri - bölüşmə şərtləri yer alır. Hər hansı müəyyən pulgötürmə məntəqəsində quraşdırımış terminalın sahibinə isə komisyon haqq çatır. Bu haqq sahibin istəyindən, yerin canlılığından və başqa amillərdən asılı olaraq müxtəlif cür ola bilər, amma nadir hallarda 5%-i keçir. Adətən, 2-3% arasında dəyişir. Komisyon haqqının azalması, ilk öncə, ödəniş terminallarının sahibinə əlverişli deyil, çünki onları gəlirdən məhrum edir, amma terminalın populyarlığına isə elə bir təsir göstərmir. Əslində isə əgər siz öz hesabınızı doldurmaq istəsəniz, çətin ki, ödənişin az qisminin başqa adama gedib-getməməsi barədə fikirləşəsiniz.
Daha bir sual yaranır: bəs necə olur ki, pullar ani olaraq bir, iki dəqiqənin içində istehlakçının hesabına oturur? Axı əsginaslar terminalın içində qalır və hələ ki adi qaydada olduğu kimi inkassatorlar gəlib onu aparmayıb. Məsələ sadədir - ödəniş artıq ödəniş sistemində olan və terminal sahibi tərəfindən əvvəlcədən daxil edilmiş pullar hesabına gerçəkləşdirilir. Uyğun məbləğ məhz onun hesabından silinir. Rusiya KİV-in yazdığına görə, ödəniş terminalları həm müştərilər, həm də xidmət təchizatçıları üçün əlverişlidir.
Mobil rabitə operatorları və terminallar vasitəsilə ödənişə şərait yaradan başqa təşkilatlar üçün pulun haradan gəlməsinin elə də böyük fərqi yoxdur, ona görə də bu qurumlar avtomatik qurğuların istifadəsinə qarşı heç bir irad bildirmir. Ödəniş sistemləri sahibləri hər şeydən əlavə, terminal sahiblərindən də haqq alırlar, çünki onların texnikasına, hesablarına və s.-ə xidmət göstərirlər. Ən nəhayət, terminal sahiblərinin gəlirləri tamamilə aydındır.
Kompüterlər və internet əsrində bu cür ödəniş sisteminin işləməsinin texniki tərəfi heç kimi heyrətə sala bilməz. Təbii ki, ödəniş terminalları öz sahiblərinin hesabları ilə əlaqəni internet vasitəsilə reallaşdırırlar. Daha dəqiq desək, bu, naqilli (WLAN) və naqilsiz (Wi-Fi) internetdən fərqli olaraq, mobil modem vasitəsilə hər yerdə çıxış imkanı olan GPRS-lə gerçəkləşdirilir. Bu proses çox bahalı sayıla bilər, amma əslində isə öz xərcini çox sürətlə çıxara bilir.
Bakıda ödəniş köşkləri çoxalacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) Azərbaycanda bu cür ödəniş köşklərinin sayının az olması ilə bağlı bildiriblər ki, qurum artıq bu sistemin genişləndirilməsi üzrə əhatəli proqram tətbiq edir və sistemin tam keyfiyyətli işləməsi üçün özəl bölmə təmsilçiləri də onunla maraqlanmalıdırlar. Nəzərə alaq ki, Bakının bir çox yerlərində artıq terminallar və onlara xidmət göstərən sistem quraşdırılıb, sadəcə, genişləndirməyə ehtiyac var. İş yalnız bu cür avtomatik qurğuların alınması ilə bitir və bununla da bu biznes seqmentində maraqlı olan təşkilatlar məşğul olmalıdırlar. RİTN tərəfindən bu sistemin daha geniş tətbiq edilməsi üçün istənilən yardım göstərilməsinə hazırdırlar. Qurumdan hesab edirlər ki, texniki baxımdan ödəniş terminalları ondan istifadə edən hər kəs - həm istehlakçılar və terminal sahibləri, həm də bu və ya başqa xidmətlərin təchizatçıları üçün əlverişlidir. Buna görə də RİTN-də hesab edirlər ki, Azərbaycanda bu sistemin sonrakı inkişafı daha intensiv olacaq, yeni nöqtələr açılacaq, yeni təşkilatlarla anlaşmalara nail olunacaq və s. "Biz bu istiqamətdə işləyirik və böyük ehtimalla gələn il bu cür aparatların sayı çoxalacaq, amma onu da etiraf edək ki, bu, hələ ki, paytaxt səviyyəsində baş verəcək", - deyə RİTN-dən bildiriblər.
Həmçinin qurumdan deyiblər ki, ödəniş terminalları ilə yanaşı, Azərbaycanda RİTN-nin, müxtəlif şirkət və təşkilatların saytları vasitəsilə "on-line" ödəniş də geniş yayılıb. Bununla yanaşı, mobil və şəhər telefon rabitəsi ilə ödənişlərin təcili üsulu da geniş tətbiq edilir. Amma bunun üçün bank plastik kartının olması mütləq şərtdir.
MƏSLƏHƏT GÖR: