Müəllif: Nigar QULİYEVA Bakı
Alternativ enerji qaynaqlarının tapılmasının bu gün yalnız ənənəvi yanacaq qıtlığı ilə üzləşən ölkələr üçün deyil, həm də bu yanacağın bol olduğu ölkələr üçün aktual olduğu bir zamanda, bu istiqamətdə edilən hər bir yenilik xüsusi önəm kəsb edir. Bu baxımdan, ən yaxşı alternativ enerji qaynaqlarından sayılan, həmçinin, sənayenin müxtəlif sahələrində - mebel, toxuculuq, avtomobil istehsalında, yüngül sənayedə işlədilən metanolun Azərbaycanda istehsalı ilə bağlı layihəni, şəksiz ki, son illərin ən yaxşı biznes başlanğıclarından biri kimi də dəyərləndirmək olar.
Metanol karbohidrogen oksidin və ya karbodidogen iki oksidin hidrogenlə birləşməsindən yaranıb və XXI əsrin ən ekoloji təmiz yanacağı sayılır, çünki onun istehsalı zamanı nə atmosferə, nə də su hövzələrinə heç bir tullantı atılmır. Onun benzinə əlavə edilməsi yanacağın tam yanması nəticəsində zərərli tullantıları azalda bilər. Bununla yanaşı, dünya sənayesində metanol artıq əminliklə müxtəlif sahələrdə geniş məhsul çeşidi istehsalında əvəzsiz inqredient kimi yer tutub - bu, mebel sənayesində istifadə edilən laminat, süni dəri və toxuculuq məmulatları üçün sintetik liflərin və hətta sirkə turşusunun istehsalı sahələridir. Maye yanacaq elementlərinə tətbiq etməklə, həmçinin, metanolun yardımı ilə kompüterlərin, mobil telefon batareyalarının və s.-in işini təmin etmək mümkündür. Axı bu öz-özlüyündə enerji mənbəyidir, həm müdafiə sənayesində, həm də binaların enerji ilə təmin edilməsində geniş istifadə edilir.
Metanolun məhz bu faydalı və önəmli xüsusiyyətləri Azərbaycan Metanol İstehsalı Zavodunun yaradılması ideyasının əsasını təşkil edib. Metanol istehsalı üçün xammal rolunu respublikamızda istehsalı ildən-ilə artan təbii qaz oynayır. Əslində, "AzMeCo" şirkətinin Azərbaycan Metanol İstehsalı Zavodu qazı xammal kimi istifadə edən ilk müəsisə olacaq. Layihənin unikallığı bununla bitmir - Bakının Qaradağ rayonunda tikilən və üçqat təhlükəsizlik sisteminə malik zavod 9 bal maqnitudalı seysmik dayanıqlılıq nəzərə alınmaqla layihələndirilib. Özü də hər hansı təhlükə siqnalı alınan kimi, istehsal avtomatik olaraq dayanacaq. Başqa sözlə, bu müəssisə yerli sənayenin qalan subyektləri üçün çox yaxşı nümunə ola bilər, onları təhlükəsiz və ekoloji təmiz istehsal prosesinin təmin edilməsində stimullaşdıra bilər.
"AzMeCo"nun özünün də yeni istehsal sahələrinin yaradılması üzrə planları var və şirkətin Direktorlar Şurasının sədri Nizami PİRİYEV bu barədə "R+"a danışıb.
- Zavodun tikintisi hansı mərhələdədir və istehsal nə vaxt başlayacaq?
- Cari ilin dekab ayının sonuna kimi zavodun tikintisi üzrə işlər 90% başa çatacaq, daha sonra 3-3,5 ay ərzində elektrik təminatı və istehsal prosesinə başlanılması üzrə işlər görüləcək. Düşünürəm ki, 2012-ci ilin ikinci yarısından zavod məhsul buraxılışına başlaya bilər və iyul-avqust aylarında layihə gücü 560 min tona çata bilər. Artıq gələn ilin dekabr ayında isə biz zavodun gücünü 720 min tona qaldırmağı düşünürük ki, bu da ilkin istehsal zamanı atmosferə atılan karbon qazının (SO2) qaytarılaraq emal edilməsi hesabına baş tutacaq. Yeri gəlmişkən, məhz bu məqam bizə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), eləcə də Avropa İnvestisiya Bankı (AİB) tərəfindən birgə təsis edilmiş Beynəlxalq Karbon Kreditləri Fondunun "karbon kreditləri"ni cəlb etməyə imkan yaradacaq.
- "AzMeCo" bu cür iri və mürəkkəb layihənin maliyyə tərəfini təmin etməyə necə nail oldu, başqa mənbələr cəlb etməmisiniz ki?
- Bu layihənin gerçəkləşdirilməsi ərzində bizə önəmli dəstək Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilib. O, şirkətin təsis edilməsi zamanı bizə maliyyə yardımı göstərməklə yanaşı, həm də sərmayə yatırımına da qatıldı. Tərəfdaşlar sırasına Avropa, Rusiya və Kanada bankları da daxil oldular. Qeyd edim ki, layihənin dəyəri $380 mln səviyyəsində qiymətləndirilir.
Burada bir məqamı da qeyd etmək yerinə düşər. Layihənin gerçəkləşdirilməsi zamanı biz bu qərara gəldik ki, Azərbaycanda yerli rezidentlərin beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinə dəstək üçün - "Eximbank"ın yaradılması vacibdir. Bu bank başqa ölkələrin müəssisələrinə pulun 60-65%-i həcmində Azərbaycan məhsullarını almaq şərti ilə kreditlər verə bilərdi. Misal üçün, metanol istehsalı üzrə zavodun tikintisi zamanı biz başqa ölkələrin eksimbanklarından ciddi dəstək əldə etdik, onların maliyyə vəsaitləri hesabına, biz həmin ölkələrin istehsal avadanlığını əldə etdik.
Tərəfdaşlardan danışan zaman qeyd etmək istərdim ki, elə ilk günlərdən biz təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət orqanları ilə, həmçinin, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə əməkdaşlıq edirik.
- "AzMeCo"nun zavodunda istehsal edilən metanolun satışı necə gerçəkləşdiriləcək?
- İlkin mərhələdə biz məhsulun 90%-ni xarici bazarda və 10%-ni yerli bazarda satmaq istəyirik. Daha sonra metanolun xammal kimi istifadə ediləcəyi yeni istehsal sahələri işə salındıqdan sonra bu nisbət, əlbəttə ki, dəyişəcək. Ümid edirik, Azərbaycanda metanol həm alternativ enerji mənbəyi kimi geniş tətbiq ediləcək, həm də onun benzinə əlavə edilmək xüsusiyyətindən istifadə olunacaq.
Xarici bazarlara gəldikdə isə, bizim üçün ən yaxın bazar Türkiyədir və orada metanola illik tələbat 500 min tona çatır. Avropa ölkələrində bu göstərici daha yüksəkdir. Məhsul ixrac üçün dəmir yolu ilə Gürcüstanın Poti limanına qədər aparılacaq, oradan da gəmilərlə Avropaya daşınacaq.
- Siz yeni müəssisələr barədə danışdınız, "AzMeCo" konkret olaraq, hansı istehsal sahələrini açmaq istəyir?
- Bizim şirkətin növbəti layihəsi formaldehid zavodu olacaq, sonra paraformaldehid istehsalı təşkil ediləcək. Biz həm də sirkə turşusu istehsalı üzrə müəssisə tikmək istəyirik. Bundan sonra isə yerli və xarici şirkətlərlə metanol əsasında yeni məhsul növlərinin buraxılışı üzrə danışıqlara başlayacağıq - biz bu sahədə layihələr üzrə tərəfdaş kimi çıxış etməyə hazırıq.
MƏSLƏHƏT GÖR: