15 Mart 2025

Şənbə, 01:16

DAŞIN SEHRİ - "AKKORD" TİKİR və GÖZƏLLƏŞDİRİR

Mərmər-qranit zavodu Azərbaycanın neftdənkənar bölməsinin inkişaf konsepsiyasına tam uyğundur

Müəllif:

15.12.2011

Azərbaycan iqtisadiyyatının neftdənkənar bölməsi bu gün respublikanın inkişafının güclü katalizatoruna çevrilib. Bu sahədə dövlətin birbaşa dəstəyi və stimullaşdırma siyasəti hesabına yeni-yeni irimiqyaslı layihələr gerçəkləşdirilir. Yerli istehsalçıların uğurlu inkişafına örnək kimi, Azərbaycanın tikinti sektorunda layiqli paya malik "Akkord Tikinti-Sənaye İnvestisiya Korporasiyası" ASC-ni göstərmək olar. 

Yaşayış binalarının tikintisi ilə yanaşı, "Akkord" Azərbaycanın dinamik templərlə inkişaf edən inşaat sektorunu tikinti materialları ilə təmin etmək sahəsində də uğurlar qazanıb. "Akkord" Korporasiyasının nəzərəçarpacaq uğuru kimi tezliklə ölkənin sənaye mərkəzlərindən birinə çevriləcək Qaradağ rayonu ərazisində yerləşən mərmər-qranit zavodunu göstərmək olar. 

2010-cu il avqustun 9-da müəssisənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib və həm ölkənin, həm də bütünlükdə regionun tikinti sektorunun inkişafında zavodun önəmini və rolunu xüsusi vurğulayıb. Ümumi sahəsi 80 min kv.m olan və aylıq istehsal gücü 60 min kv.m-ə çatan müəssisə mərmər və qranit blokların kəsilməsi, cilalanması və bölünməsi üzrə çağdaş avadanlıqla təchiz edilib. Müəssisə ölkənin neftdənkənar bölməsinin beynəlxalq institutlar tərəfindən fəal tövsiyə olunan və hökumət tərəfindən dəstəklənən inkişaf konsepsiyasına tam uyğundur. Zavod müxtəlif ölçülü üzlük plitələr, pilləkənlər, pəncərə altlıqları, məhərrəclər, küçə dekoru üçün vaza və fəvvarələr, səki daşları istehsal edir, zavodda quraşdırılmış Türkiyə, Çin, Polşa və İtaliya istehsallı 44 dəzgah məhsulun səthini müxtəlif üsullarla emal etməyə imkan verir. Səth xam, cilalanmış, haşiyələnmiş və ya yandırılmış ola bilər. Daşlar həm təbii və cilalı örtüklərlə, həm də pardaxlanmış şəkildə buraxıla bilər. 

Müəssisə, həmçinin, "Akkord" Korporasiyasının tikinti materialları idxalının azaldılmasına və tələbatın daxili resurslar hesabına təmin edilməsinə yönəlmiş fərdi strategiyasına da uyğun gəlir. Burada Azərbaycanın özündə çıxarılan təbii əhəng daşı "aqlay"ın emalı gerçəkləşdirilir ki, bu da müəssisənin xərclərini xeyli aşağı salır. 

Özü də məhsulun 30%-i şirkətin özü tərəfindən gerçəkləşdirilən tikinti işlərində istifadə edilir. O cümlədən, "Akkord"un məhsulu şirkət tərəfindən paytaxtda tikilmiş yeraltı keçidlərin üzlənməsində və bəzədilməsində istifadə edilib. 

Qeyd etmək yerinə düşər ki, qranit-mərmər zavodu həm də Azərbaycanda iki əhəng daş karxanasının, həmçinin, Türkiyədə bej- rəngli mərmər karxananın və Ukraynada qranit karxananın sahibidir. Zavod, həmçinin, dünyanın müxtəlif ölkələrindən alınmış mərmər və qranit blokların istehsalını gerçəkləşdirir. 

Müəssisənin tikintisinə 19 mln manatdan çox sərmayə yatırılıb ki, bunun  3,5 mln manatı ölkənin İqtisadi İnkişaf Nazirliyi (İİN) yanındakı Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli krediti şəklində ayrılıb. Zavodda və karxanalarda 200-dən çox adam çalışır. Burada ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilir, bunun üçün zavodda sutəmizləyici qurğu da quraşdırılıb. 

Fərdi parametrli özəl sifarişlərin qəbul edilməsi üçün Badamdarda, Kürdəxanıda və Lökbatanda məntəqələr açılıb. "Akkord" Korporasiyası tərəfindən yetərincə qısa müddətdə görülmüş işlər göstərir ki, şirkət Azərbaycanın çağdaş tikinti tarixində layiqli iz qoymaq niyyətindədir,  önəmli regional layihələrdə fəal iştirak etməkdədir, həmçinin, Qafqazın və Avropanın tikinti sektorunda getdikcə artan nüfuz qazanmaqdadır.


MƏSLƏHƏT GÖR:

541