15 Mart 2025

Şənbə, 02:51

DÖVLƏT DUMASI-2011: MİLLİ SƏSVERMƏNİN ÖZƏLLİKLƏRİ

Rusiyada postsovet dövrünün ən gərgin parlament seçkilərindən biri keçirildi

Müəllif:

15.12.2011

Rusiya Dövlət Dumasına dekabrın 4-də keçirilmiş seçkini,  yəqin ki, "Putin Rusiyası"nın tarixində ən səs-küylü seçki prosesi adlandırmaq olar.  90-cı illərin təlatümlərindən və 2000-ci illərdəki nisbətən sabit dövrdən sonra Rusiya ölkədə siyasi sistemin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən seçkiyə səhnə oldu. Amma bu mənzərə hələ ki Rusiyanın hansı istiqamətdə irəliləyəcəyi sualına birmənalı cavab vermir. Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) seçkinin başa çatmasından sonra açıqladığı rəqəmlərə əsasən, səsverməyə ölkə seçicilərinin 60,21%-i qatılıb. Onların 49,3%-i hakim "Yedinaya Rossiya", 19,2%-i Rusiya Federasiyası Kommunist Partiyasına (RFKP), 13,25%-i "Spravedlivaya Rossiya", 12,0%-i Liberal-Demokrat Partiyasına (RLDP) səs verib.

Bu səslərə əsasən, yeni Dumada "Yedinaya Rossiya" 238, kommunistlər 92, "Spravedlivaya Rossiya" 64, liberal-demokratlar 56 deputatla təmsil olunacaq. "Yabloko", "Doğru Əməl" və "Rusiya vətənpərvərləri" partiyaları Dumaya düşmək üçün tələb olunan 7%-lik baryeri keçə bilməyib. Seçkinin rəsmi nəticələri onu Vladimir Putin - Dmitri Medvedev tandeminin, həmçinin, onların rəhbərlik etdikləri "Yedinaya Rossiya" partiyası və "Ümumrusiya xalq cəbhəsi"nin növbəti uğuru kimi qiymətləndirilə bilər. Hakim partiyanın özü isə hələ seçkidən əvvəl əldə ediləcək nəticəyə gələn il keçiriləcək prezident seçkisi öncəsi əsas yarış kimi baxırdı. Xatırladaq ki, həmin seçkidə "Yedinaya Rossiya"nın namizədi Vladimir Putin olacaq. Dumaya seçkinin nəticələri müxalifət qüvvələrinin kəskin etirazına səbəb olub. Və bu etiraz hakimiyyətin gözləmədiyi dərəcədə ciddi xarakter alıb. Bu üzdən müşahidəçilər, demək olar ki, birağızdan Rusiyada son dərəcə çətin dövrün başlandığına dair fikirlər səsləndirməyə başlayıb. Onların fikrincə, proseslər, az qala, Sovet İttifaqının dağılmasından sonra ən ciddi siyasi böhrana aparıb çıxara bilər.

Seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edən müxalifətçi siyasi qüvvələr dərhal kütləvi etiraz aksiyalarına başlayıblar. Müxalifətə, ən azı, liberal siyasi qüvvələrə Qərbdən də dəstək var. Yeri gəlmişkən, artıq Qərbin Rusiya hakimiyyətinin ünvanına səsləndirdiyi tənqidlər Moskva ilə Avroatlantik dünya arasında münasibətlərin müəyyən qədər korlanmasına səbəb olub.

ATƏT-dən olan müşahidəçilər Dövlət Dumasına seçkinin "kifayət qədər rəqabət şəraitində keçirilmədiyini", "səslərin sayılması zamanı pozuntulara yol verildiyini" bəyan edib. Avropa Şurası Partlament Assambleyasının (AŞPA) rəhbəri Petros Eftimiu da Rusiyada parlament seçkisinin gedişində, xüsusilə səslərin sayılmasında çoxsaylı qanun pozuntularına yol verildiyini bildirib.

Rusiya hökumətinin ünvanına daha sərt tənqid isə ABŞ-dan gəlib. Rusiyada keçirilmiş parlament seçkisindən ciddi  narahatlığını rəsmən bəyan edən Vaşinqton "maxinasiyalar haqda inandırıcı olan məlumatlar"ın tam şəkildə araşdırılmasının vacibliyini bildirib. ABŞ dövlət katibi Hillari Klinton Dumaya seçkini "ədalətsiz və qeyri-düzgün" adlandırıb. O deyib: "Rusiyalı seçicilərin manipulyasiyaların və saxtakarlıqların tam şəkildə araşdırılmasına haqqı çatır. Onlar ədalətli, azad və şəffaf seçkiyə, qarşılarında hesabat verən liderlərə layiqdirlər".

ABŞ Dövlət Departamentindən səsləndirilən tənqidlər Moskvanın hiddətinə səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi Amerikanın bəyanatlarını yolverilməz adlandırıb.

Rusiya xarici işlər naziri Ser-gey Lavrov bildirib ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının Vilnüsdəki toplantısında Moskvanın ünvanına tənqidlər səsləndirən Hillari Klinton "Oraya yalnız Demokratlar Partiyasının seçiciləri qarşısında özünü göstərmək üçün gəlmişdi".

Dövlət Dumasının əvvəlki heyətində beynəlxalq məsələlər komitəsinə rəhbərlik etmiş "Yedinaya Rossiya" partiyasının nümayəndəsi Konstantin Kosaçyov isə deyib: "Bizim seçkisonrakı vəziyyətimiz  bizim işimizdir və yalnız biz - Rusiya vətəndaşları seçkinin keçirilmə paramentlərini müəyyənləşdirə, sonda ona qiymət verə bilərik". O, Dumaya seçki ilə bağlı ABŞ dövlət katibinin sərt bəyanatlarının Amerika administrasiyasının hansısa addımları ilə müşayiət olunacağı təqdirdə, Rusiyanın buna kəskin reaksiya verməsinin mümkünlüyünü bildirib. "Amerika hökumətinin Klintonun qəribə bəyanatından hansısa praktiki nəticə çıxaracağını düşünür, hər halda, buna ümid edirəm", - deyə Kosaçyov bildirib.

Vaşinqtonun bəyanatına V. Putinin reaksiyası da kifayət qədər səciyyəvi olub. O, Klintonun seçkiyə "ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun materialını belə əldə etmədən məsələyə münasibət bildirdiyini və onu ədalətsiz adlandırdığını" xatırladıb. Putin deyib ki, "Bizim ölkəmizdə insanlar vəziyyətin Qırğızıstanda, yaxud yaxın keçmişdə Ukraynada olduğu kimi inkişaf etməsini  istəmir".

Bununla yanaşı, Putin xarici dövlətlərin Rusiyada gedən siyasi proseslərə təsirinin yolverilməz olduğunu bəyan edib. O hesab edir ki, Hillari Klinton, faktik olaraq, Rusiya daxilindəki bəzi siyasi xadimlərə "siqnal verib" və "onlar bu siqnalı eşidib, ABŞ Dövlət Departamentinin dəstəyi ilə fəal işə başlayıblar".

Rusiya baş naziri "fəal iş" deyərkən Rusiyanın bir sıra şəhərlərində keçirilməkdə olan etiraz aksiyalarını nəzərdə tutub. Qeyd edək ki, dekabrın 10-da Moskvada son 10 ildən artıq müddətdə, yəni Vladimir Putinin hakimiyyətdə olduğu dövrdə müxalifətin ən irimiqyaslı mitinqi keçirilib. Kütlənin siyasi fəallığı baxımından bu hadisənin adi hal olmadığını göstərən daha bir məqam hakimiyyətin sabitliyin pozulmasına real təhlükələri önləmək üçün analoqu olmayan tədbirlər görməsidir. Rusiya Daxili İşlər Nazirliyi Rusiya paytaxtı və onun ətrafına hərbçilərdən ibarət dəstələrin toplanılmasını belə izah edib: "İcazəli kütləvi aksiyaların keçirilməsi ilə əlaqədar, həmçinin, mümkün icazəsiz tədbirlərin təşkilinin önlənməsi üçün mobil ehtiyat qüvvələrin ümumi sayı artırılıb. Bu işə Daxili Qoşunlar da cəlb edilib".

Müxalifətin mitinqlərində isə seçkinin nəticələrinin ləğvi, Dövlət Dumasına təkrar seçkinin keçirilməsi, MSK sədri Vladimir Çurovun istefaya göndərilməsi tələblərinin yer aldığı qətnamələr qəbul edilir.  Eyni zamanda, Rusiyanın əsas müxalifət partiyası olan RFKP Dumaya keçirilmiş seçkini "həm mənəvi, həm də siyasi baxımdan qeyri-legitim" elan edib. Kommunistlər  seçkinin nəticəsini "hakim rejimin ağır məğlubiyyəti" kimi qiymətləndirib.

Kreml isə öz növbəsində hesab edir ki, mitinqlərdə səsləndirilən seçkinin nəticəsinin ləğvi tələbi əsassızdır. Bununla yanaşı, hakim dairələr daxili siyasi gər-ginliyi aradan qaldırmaq üçün koalisiyaya getməyə hazırdır. Bu isə "Yedinaya Rossiya"nın ölkəyə təkbaşına rəhbərliyi dövrünün sonu kimi qiymətləndirilə bilər. Amma hətta son variant baş verəcəyi təqdirdə belə, Rusiyanın hazırkı rəhbərliyi ölkənin daxili siyasi həyatında mövqelərinin sarsılmaz olduğuna əmindir. Müvafiq olaraq, o, Kremlin "Strategiya-2020"  adlandırdığı strateji kursun dəyişməz olduğuna da şübhə etmir. Rusiyada həqiqətən də artıq bir neçə aydan sonra prezidentliyə qayıtmağa hazırlaşan Vladimir Putinə alternativ görməyən insanların sayı çoxdur. Onlar hesab edir ki, hazırkı baş nazir dizüstə çökmüş Rusiyanı ayağa qaldırıb, ölkənin ərazi bütövlüyünün pozulmasının qarşısını alıb, ruslara milli ləyaqət hissini qaytarıb, hətta dünyadakı iqtisadi böhran şəraitində Rusiya iqtisadiyyatının tənəzzülünə imkan verməyib.

Bununla yanaşı, Rusiyanın hazırk? vəziyyəti gələcəyi proqnozlaşdırmağa imkan vermir. Çünki Rusiya ictimaiyyətində gələcəyə vahid baxış yoxdur. Bu səbəbdən də ekspertlər ölkədə asayişin ciddi şəkildə pozula biləcəyini istisna etmir və Oktyabr İnqilabının 100 illiyi ərəfəsində, az qala, ölkədə yeni inqilabın baş verəbilmə ehtimalının olduğunu dü-şünürlər.

Bununla  yanaşı, o da nəzərə alınmalıdır ki, Rusiyadakı hazırkı daxili siyasi qarşıdurmadan onun dünyadakı mövqeyi də asılıdır. Söhbət Moskvanın öz yaxın ətrafındakı ölkələrlə münasibətindən əlavə, həm də qlobal siyasətdə fundamental rollardan birini oynayan Rusiya-Qərb dialoqunun gələcəyindən gedir.



MƏSLƏHƏT GÖR:

444