
"QAYA": YARIM ƏSR EYNİ YELKƏN ALTINDA
Azərbaycanın xalq artisti Rauf Babayev: "Keçmişlə gələcək arasında bağ qırılmamalıdır"
Müəllif: Nərminə VƏLİYEVA Bakı
"Qaya" ansamblı keçən yüzilliyin 60-70-ci illərinin ən populyar musiqi kollektivi olub. Bu vokal kvartet yalnız Qərb kompozisiyalarını ifa etməklə qalmayıb, həm də Azərbaycan musiqsini fəal təbliğ edib. Qısa müddət ərzində bütün SSRİ-ni başdan-ayağa gəzib. Və olduqları hər yerdə onların səfərləri uğur və anşlaqla müşayiət olunub, axı bu, Sovet İttifaqında caz ifa edən yeganə kollektiv olub. Bu yaxınlarda tanınmış ansambl yarıməsrlik yubileyini qeyd edib. Tanınmış dördlüyün iştirakçılarından biri, Azərbaycanın xalq artisti Rauf BABAYEV "Qaya"nın keçmişi, bugünü və gələcəyi haqqında bizim jurnala danışıb.
- Rauf müəllim, necə oldu ki, siz həyatınızı musiqiyə həsr etməyə qərar verdiniz?
- (Gülür) Hərdən mənə elə gəlir ki, bütün bunlar təsadüfən baş verdi, amma hərdən də düşünürəm, bütün bunlar yuxarıdan yazılmışdı. Ailə vəziyyətimizə görə 7-ci sinifdə məktəbi buraxmağa məcbur oldum və Asəf Zeynallı adına Musiqi Texnikumunun zərb alətləri sinfinə daxil oldum. Təsəvvürümdə bu məktəb xüsusi elit müəssisə idi və orada paytaxtın ən stilli gənc insanları oxuyurdular. Onlar mənə yetkin və ciddi görünürdülər, halbuki cəmi iki yaş fərqimiz var idi. Buna görə də əvvəlcə bir qədər özümü itirdim. Sonra yaxından tanış olanda anladım ki, necə deyrələr, yaxşı oğlanlardır. Yeri gəlmişkən, buna qədər isə mən Opera və Balet Teatrının yanında yerləşən 8 saylı musiqi məktəbini bitirmişdim. Bizim sinfimizin uşaqları çox mehriban və qoçaq uşaqlar idilər.
(Gülür) Tez-tez xuliqanlıq da edirdik. Bizim məktəbin həyətindən keçməyə cürət edən başqa məktəblərdən olan uşaqlarla əsl yumruq davasına çıxardıq. Çantalarımızı dəhlizdə gizlədərdik və bütün siniflə dərsdən qaçıb kinoya gedərdik. Yeri gəlmişkən, o vaxt bütün aparıcı musiqi müəssisələri bir binada yerləşirdi. Birinci mərtəbədə Asəf Zeynallı adına Musiqi Texnikumu, ikinci mərtəbədə sonradan Bülbülün adı verilmiş onillik musiqi məktəbi, üçüncü mərtəbədə isə konservatoriya yerləşirdi. Biz birinci kurs tələbələri tez-tez yuxarı sinifdən olan yoldaşlarımızın dövlət imtahanlarını dinləməyə gedərdik, çünki yaxşı musiqini sevərdik.
Onsuz da imtahan konsertlərində izləyicilər üçün boş yer olmurdu. Biz musiqi mühitində böyüyürdük. Texnikumda Teymur Mirzəyev, Arif Hacıyev və Adil Nəzərovla tanış oldum. İlk dəfə məhz bu tərkibdə oxumağa başladıq. Teymur Ariflə həmin müddət xor-dirijorluq bölməsində oxuyurdu, Adil kontrabas bölməsində idi. İlk dəfə bizdən kimin ağlına kvartet yaratmaq gəldiyini indi xatırlamaq çətindir, aradan 40 il keçib. Böyük ehtimalla bu, Teymur idi, məhz o, "Amerikanın səsi"ndə eşitdiyi musiqi verilişi barədə bizə danışdı. Veriliş "The Hi Lo`s" və "The for freshman" kvartetlərinə həsr edilmişdi. Qeyd edim ki, bizim gənclik illərimizdə caz bir qədər küncə sıxışdırılmış vəziyyətdə idi, bu barədə məlumatı, məhdud da olsa, radioverilişləri dinləyərək almaq olardı. O vaxt yeni musiqiləri yalnız "Kubinka"dan almaq mümkün idi. Həmin plastinkalar "əldəqayırma" kopiyalardan ibarət idi və sadəcə, rentgen çəkilişləri üzərinə yazılırdı. Hər hansı bir ifaçının orijinal plastinkasını əldə etmiş adam bizim nəzərimizdə xoşbəxt insan idi.
Kompozisiyalarda məhz nə oxunulduğunu anlamadan, ingilis dilini bilmədən, mətnləri yaddaşımıza yazırdıq. Əlbəttə, bir növ "abrakadabra" alınırdı. Amma cazın çoxsəsliyinə elə aşiq olmuşduq ki, bizə heç nə mane ola bilməzdi. Axşamlar bulvardakı "Bahar" kinoteatrına yığılardıq, onun yerində indi restoran yerləşir. Təəssüratları bölüşərdik. Söhbət istisna olaraq musiqidən gedirdi. Ümumiyyətlə, o vaxt Bakı musiqili şəhər idi. Hər bir özünə hörmət edən ali məktəbin öz orkestri vardı və orada musiqili axşamlar təşkil edilirdi. Hər bir kinoteatrın öz orkestri var idi. Çox maraqlı yaşayırdıq! Özü də bizim heç birimiz varlı yaşamırdıq. Böyük qardaşlarımızın, atalarımızın paltarını geyinirdik (gülür). Paltarları daraltdırırdıq, qalstukları tərsinə çevirtdirirdik, bununla da köhnə əşyalara yeni görkəm verirdik. Amma heç nəyi vecimizə almırdıq. İlk yerdə musiqi dururdu. Bir müddət sonra birbaşa küçədə məşq etməyə qərar verdik. Akustikası yaxşı olan həyətlərdə toplaşaraq oxuyurduq.
- "Həyət" kvartetindən pərəstiş olunan ansambla necə çevrildiniz?
- Hərdən biz dostların ad günlərində və qonaqlıqlarında çıxış edərdik. Çox tezliklə, necə deyərlər, "xalq teleqrafı" sayəsində bakılılar öyrəndilər ki, şəhərdə caz oxuyan qrup yaranıb. Bizə dərhal təklif elədilər ki, Azərbaycan Estrada Orketrinin tərkibinə daxil olaq, amma biz imtina etdik (gülür). Bu necə ola bilərdi! Biz caz oxuyurduq, amma bizə adi estrada orkestrində çıxış etmək təklif edilirdi. Sonra, orkestrin rəhbəri məşhur bəstəkar Rauf Hacıyev olanda onun təkrar, amma şəxsi təklifini qəbul elədik. Onda Leninqraddan musiqi rəhbəri kimi məşhur caz pianoçusu və aranjmançısı Anatoli Kalvarski dəvət edilmişdi. Yeri gəlmişkən, daha sonra o, azərbaycanlı qızla evləndi. Özü də qızı şərqlisayağı qaçırtdı. Çünki qızın valideynləri bu nikahın əleyhinə idi.
Orkestr Leninqrada qastrola getməyə hazırlaşırdı. Proqram üzərində Boris Siçkin və Arkadi Arkanov kimi məşhur musqiçilər işləyirdilər. Bizi dinləməyə çağırdılar və Amerika cazmenlərinin repertuarından bəzi mahnılar oxuduq, amma dərhal xəbərdar etdilər ki, mahnı mətnləri rus dilində ifa ediləcək, bəstəkarların ad və soyadını isə ruslara məxsus şəklə salacaqlar. Caz ifa etməyin xatirinə yalanla razılaşmalı olduq. Beləliklə, biz estrada orkestri ilə işləməyə başladıq.
- Sizin kollektivdə Lev Yelisavetski necə peyda oldu?
- Bir müddət sonra kvartet iştirakçılarından biri Adil Nəzərov Moskvadan olan gənc voleybolçu qızla tanış oldu və tezliklə o, evlənmək barədə xəbərlə bizi çaşdırdı. Gənc ailə Rusiyaya köçməyi qərara aldı. Onda Lev Yelisavetski estrada orkestrində truba çalırdı və bizim məşqlərə tez-tez gəlirdi. Bizim musiqini dinləmək onun xoşuna gəlirdi. Öz aramızda danışaraq ona bizimlə birgə oxumağı təklif etdik. Daha çox tanınan tərkibdəki kvartet belə yarandı. Təxminən, həmin vaxt estrada kollektivi ilə vidalaşmalı olduq. Onda yaxın dostumuz, doktor Kajlayevin oğlu, konservatoriyanın məzunu və Dağıstan Bəstəkarlar İttifaqının katibi Murad Kajlayev bizə Dağıstanda işləməyi təklif etdi. Orada instrumental heyətə rəhbərlik edən Rafiq Babayevlə birgə məşhur Qunib kəndinin adını daşıyan kvartet yaratdıq. Bir neçə ay ərzində böyük uğur qazanmış proqram hazırladıq.
Bir neçə ay ərzində Moskvaya ilkin dinləmələrə hazırlaşmağa başladıq, bundan sonra bizim dördlüyü Əlcəzairə - beynəlxalq festivala göndərməli idilər. Həmin zaman SSRİ-nin ovaxtkı mədəniyyət naziri Yekaterina Fursevaya Azərbaycandan şikayət məktubu gəldi ki, Dağıstan bizim musiqiçiləri ələ keçirir. Tezliklə Əlcəzairdə dövlət çevrilişi oldu və oraya gedə bilmədik. Dağıstanda isə bizə dostcasına vətənə qayıtmaq barədə düşünməyi məsləhət verdilər. Geri qayıdandan sonra bir müddət işsiz qaldıq. Düzdür, hərəmiz bir yolla pul qazanırdıq, amma bu, bizlik deyildi. Nəhayət, "Azkonsert"in baş direktoru İldırım Qasımov bizə Müslüm Maqomayevlə birlikdə Uzaq Şərqə qastrola getməyi təklif elədi. İlk dəfə ansamblın adı barədə də o vaxt düşünməyə başladıq. Bir neçə variant vardı, onlardan biri "VOKİN" idi ki, vokal-instrumental kvartet mənası verirdi və "Dörd dost" variantı da mövcud idi (düşünür). "Qaya" adını ilk dəfə kimin təklif etdiyi indi, hətta yadımda da deyil. Amma yeni yaranmış kvartet üçün seçilmiş ad o qədər xoşumuza gəldi ki, Uzaq Şərqə artıq yeni "yelkən"lə yola düşdük.
- Yeni ad seçiləndən sonra həyatınızda nəsə dəyişdimi?
- (Fikirləşir) Düşünürəm ki, dəyişib. Mənə elə gəlir ki, bu ad müəyyən mənada bizə uğur gətirdi. 1966-cı ildə Moskvada sovet mahnısının ən yaxşı ifası üzrə Ümumittifaq müsabiqəsi keçirilirdi, bütün nazirliklərə onda sifariş verilmişdi. Yuxarı orqanlar Azərbaycandan heç bir ərizə verilmədiyindən heyrətlənmişdilər. SSRİ mədəniyyət naziri müsabiqəyə 20 gün qalmış Azərbaycanın ovaxtkı mədəniyyət naziri Rauf Hacıyevə zəng eləmişdi və təcili şəkildə müsabiqəyə hazırlaşmağı tələb etmişdi. Rauf müəllim dərhal bizi yanına çağırdı və dedi ki, Azərbaycanı müsabiqədə "Qaya" təmsil edəcək. Deyim ki, müsabiqəyə cəmi iki həftə yarım qalmışdı. Opera Teatrında bizə xüsusi otaq ayırdılar və səfərə hazırlaşmağa başladıq. Musiqi nümayəndə heyətinin rəhbəri Tofiq Quliyev oldu. Müsabiqə üç turdan ibarət idi. Birinci turda müharibədən əvvəlki illərin, ikinci turda isə müharibədən sonrakı illərin mahnılarını, üçüncü turda isə çağdaş mahnıları oxumalı idik. Müsabiqəyə sonradan sovet musiqisinin simasına çevrilmiş kollektivlər və artistlər - Alla Puqaçova, İosif Kabzon, Viktor Vuyaçiç və başqaları da qatılmışdılar.
- Yetərincə qısa olan bir müddətdə belə yaxşı hazırlaşmağı necə bacardınız?
- (Gülür) Biz bütün günü məşq edirdik. Yalnız yeməyə və bir az yatmağa çıxırdıq. Sonra Moskvaya gələndə aydın oldu ki, bütün iştirakçılar müsabiqəyə düz, bir il hazırlaşıblar, onlar repertuardan başlayaraq kostyuma qədər hər şeyi ən kiçik detalına kimi planlaşdırmışdılar. Biz hətta cürbəcür geyinmişdik - Teymurla mənim kostyumum tünd-göy, Ariflə Levin kostyumu isə açıq-boz rəngdə idi. Təşkilatçılar xəbərdarlıq etdilər ki, kvartetin bütün iştirakçıları eyni cür geyinməlidirlər. Biz bir qədər düşünərək, Oleq Lundstremə zəng etdik. Onun kollektivi məzuniyyətdə idi, o dedi: "Problem yoxdur, bizim bazaya gəlin və özünüzə kostyum seçin". Bizim hamımız üzərində "O.L." hərfləri olan kostyumlarla çıxış etdik (gülür). Püşkü çıxartmağa Levi göndərdik. Dedik ki, hamımız azərbaycanlıyıq, təkcə sən yəhudisən, püşkü çıxar, sənin bəxtin gətirməlidir. Özünüz düşünün də, birinci nömrə çıxdı! Bundan sonra uzun müddət Levin bu "yəhudi xoşbəxtliyi"ni lağa qoyurduq. Biz səhər-səhər birinci çıxış etməliydik. Vokalçılar üçün bu, inanlımaz çətin işdir. Səhər saat beşdə yuxudan durmalı olduq ki, çıxışın başlamasına qədər bir qədər oxuyub, səsimizi normal vəziyyətə gətirək.
Münsiflər heyəti təskinlikverici idi - Leonid Utesov, Revaz Laqidze, bizim Tofiq Quliyev və sovet estradasının başqa tanınmış şəxsləri orada idilər. Bizim dördlük bütün üç mərhələdən keçə bildi. Münsiflər heyəti elə də tərəddüd etmədi. "Qaya" heç bir çətinliksiz birinci yeri tutdu. Yeri gəlmişkən, bu müsabiqədə Alla Puqaçova birinci turdan çıxdı, İosif Kabzon ikinci yeri tutdu.
1972-ci ildə Nazirlər Kabinetinin qərarı ilə bizim kvartet dövlət ansamblı statusu aldı. Yuli Qusmanın təklifi ilə yeni şou hazırlamağa başladıq. Bu məqsədlə sekstet yaradıldı. Tamilla Ağəmiyevanı və Qala Barinovanı dəvət etdik. Şounun əsasında "İsus Xristos - superulduzdur" rok-operasını götürdük. İsusun partiyasını mən, İudanı Lev Yelisavetski, Maqdaleni isə Qala oynayırdı. Bu şou bütün Sovet İttifaqında böyük uğur qazandı! Bundan sonra heç də az uğur qazanmamış konsert proqramı - "Böyük şəhərin işıqları" gəldi. Bu şou üzərində tanınmış rejissorlar Mark Rozovski və Yuli Qusman işlədilər, kostyumlar üzrə rəssam isə Vyaçeslav Zaytsevin özü oldu. Bir neçə hissədən ibarət proqram üç saat davam etdi. Biz nələri ifa etmədik! Həm Azərbaycan xalq mahnılarını, həm də SSRİ xalqlarının musiqisini. Həmkarların dostyana parodiyası da vardı. Böyük proqram "O olmasın, bu olsun", "Arşın mal alan"dan səhnələr daxil edilmiş böyük final kompozisiyası ilə başa çatırdı. Yeri gəlmişkən, "Qaya" hansı ölkədə bu proqramla çıxış edirdisə, final hissə yerli dildə ifa edilirdi ki, bu da hər dəfə tamaşaçıları heyrətə gətirirdi.
- Rauf müəllim, hazırda öz gücünüzü uşaq vokal kollektivi "Bəri bax"a həsr edirsiniz, o da "Qaya" dövlət caz ansamblının tərkibində rəsmi status alıb.
- (Gülür) Demək olar ki, bütün günümü öz uşaqlarımla keçirirəm. Onlar çoxdan böyüsələr də, mənim üçün onların hamısı uşaqdır. Xatırlayıram, bir neçə il əvvəl Bakıda məşhur caz müğənnisi Kelli Cons çıxış edirdi. "Bəri bax", əlbəttə ki, bu hadisəni əldən buraxa bilməzdi. Konsertdən sonra biz onunla görüşdük. O, uzun müddət və dözümlə uşaqların suallarına cavab verdi və bundan sonra onlar üçün master-klass keçdi. Müğənni istirahət etdiyi fasilədə mənim qızlarım və oğlanlarım kiçik konsert verdilər. Kelli Cons onların peşəkar ifasına heyran qaldı. "Mən bir saat sizə cazı necə oxumaq barədə danışdım. Sən demə, mənsiz də hər şeyi bilirmişsiniz!" - deyə müğənni vidalaşan zaman dedi.
Başqa məşhur caz ifaçısı Koko York da Bakıya gələn zaman bizim uşaqlarla tanışlıqdan sonra, "Bəri bax"la duetdə oxuduğu "Azərbaycan" mahnısını yazmışdı. Mən "Qaya"nın bayrağını bu uşaqlara ötürmək istəyirəm. Keçmişlə gələcək arasında bağ qırılmamalıdır. XXI əsrin "Qaya"sı öz növbəsində yeni "Bəri bax" ansamblının uşaqlarına öz biliklərini çatdıracaq. Heç kim bilmir ki, Yaradan yerdə mənə nə qədər ömür verib. Amma çox istəyirəm ki, məndən sonra da "Qaya" haqqında bilsinlər və onu xatırlasınlar.
MƏSLƏHƏT GÖR: