15 Mart 2025

Şənbə, 01:19

KEYKO MATSUİNİN "YENİ YOL"u

Dünyaca məşhur yapon pianoçusu Bakıda yeni konsert proqramı - "The Road…"la çıxış edib

Müəllif:

15.12.2011

Keyko Matsuinin musiqisi həyəcanverici, əbədi, ehtiraslı, emosional və ekzotik, eləcə də harmoniya və ritmlərlə doludur. Bakı izləyiciləri bu tanınmış yapon pianoçusunun yaradıcılıği ilə ilk dəfə keçən il tanış olublar. Onda o, Bakı caz festivalı çərçivəsində çıxış etmişdi. Həmin çıxışında Keyko bakılılar üçün ən yaxşı hitlərini ifa etmişdi. 

Tanınmış yapon qızı yenə Bakıya gəlib, onun indiki konserti keçəndəfəki kimi Heydər Əliyev Sarayında oldu. Keyko bakılıların və şəhərin qonaqlarının qarşısına yeni konsert proqramı-"The Road"la çıxdı və eyniadlı albomundan yeni kompozisiyalar ifa etdi. "The Road" Keyko Matsuinin son dörd il ərzində ilk albomudur və 2007-ci ildə Cənubi Afrikadan ilham almış daha öncəki "Mouo" albomunun ardıcılıdır. 

Keykonun öz sözlərinə görə, bu layihənin başlanmasından öncə o, uzun müddət ruh haqqında düşüncələrə dalıb. "Mən artıq yeni yoldayam və yetərincə uzaqlara getmişəm, amma yenə də sanıram ki, həyat gözəldir. Hətta çətinliklər belə xoş naxışlar yaradır və yol davam edir", - deyə Keyko vurğulayır. 

Keyko Matsuinin musiqisinin ən önəmli və tanınan elementlərindən biri unudulmaz melodiyalar bəstəsidir, musiqiçi onları "güzgü və ya özünün istənilən an əksi" kimi təsvir edir. "Mən həmişə insanların qəlbində ənənəvi və klassik musiqi kimi qalan, əbədi yaşayan melodiyalar yazmaq istəmişəm", - deyə pianoçu etiraf edir. 

Pianoçunun Bakı konsertini açdığı ilk trek  "Secret Pond" oldu. Mahnı Keykonun  melodiya ilə ruhi əlaqəsini əks etdirir və bu melodiyanın yazılmasına artist xanımın bir zaman öz  fanatlarının birindən aldığı məktub səbəb olub. "Bir dəfə amerikalı pərəstişkarlarımdan biri mənə məktub yollamışdı və orada deyilirdi ki, yaratdığım musiqi insanları ruhlarının başlanğıcına qaytarır. Bu sözlər yadımda qaldı, mahnı isə bizim həyat gəzintimizin başlanğıcını əks etdirir", - deyə o söyləyir. 

Keykonun başqa mahnısı - "Embrace & Surrender" zəriflik və hərarət bəxş edir. Onun bu mahnının mənasına emosional bağlılığı hər bir notu əhatə edir. Pianoçu qadın bu melodiyanı ifa edəndə izləyicilərdə o qədər emosiya oyanır ki, onların bəziləri, hətta göz yaşlarını saxlaya bilmirlər. Bir sözlə, onun musiqisi hamını vahid bir tam şəklində birləşdirir. Onun Bakıda təqdim edilmiş son albomu "The Road"ın əsas məqamı Keykonun tanınmış Kamerun bas ustası, gitaraçısı və vokalçısı Riçard Bonla əməkdaşlıq etməsidir. O, "Nguea Wonj" və "Touching Peace" mahnılarının həmmüəllifidir. 

Keyko Matsui öz işinin əvəzsiz ustasıdır və istənilən musiqi janrında özünü sərbəst hiss edir. "The Road" caz, klassik musiqi, rok, blyuz, dünya musiqisi, dünyanın ənənəvi musiqisi və s. kimi müxtəlif üslubların çuğlaşmasını nümayiş etdirir. Bütün bu hisslər "The Road" konsert proqramının həyəcanlı final mahnısı "Bohemian Concerto"da əks etdirilib. Keykonun sözlərinə görə, bu mahnı onun Şərqi Avropaya üçhəftəlik turu zamanı son dəqiqələrdə yaranıb. Musiqinin və ruhun qovuşdurulması onun yaradıcılığının əsas mövzusudur. O, tez-tez kompozisiyaların yazılması prosesini dua ilə müqayisə edir. Keykonun ibadəti dözüm və sadiqlikdən ibarətdir. "Mən həmişə musiqi yazmaq üçün vaxt tapıram", - deyə musiqiçi qadın bildirir. "Mən tam sakitlikdə pianonun qarşısında oturur və gözləyirəm ki, haradansa mənə melodiya gələcək. Gözləməyim bütöv bir gün də çəkə bilər, amma nə zaman ki,  ilk notları eşitməyə başlayıram, dərhal onları yazıram". Əksər musiqi tənqidçilərinin fikrincə, Keyko Matsui  bütün klass və kateqoriya çərçivələrindən kənara çıxır. Keykonun istedadı başqalarını kölgədə qoyur, onun heyranedici melodiyaları sadəcə, insanın ruhunu sarır!

Bakı konserti tam anşlaqda keçib. Həm royalda, həm də elektron pianoda heyranedici çıxışlar uzunsürən alqışlarla qarşılanıb. O isə tamaşaçılara alqışların qarşılığında təşəkkür etməyi unutmayıb. Saatyarım  çəkmiş konsert proqramından sonra pianoçu qadın tamaşaçı alqışlarına cavab olaraq, bir neçə dəfə səhnəyə qayıdıb, hər dəfə də onlara əvəzolunmaz musiqi nömrələri  bəxş edib. 

Qeyd edək ki, Keyko Matsui solo-karyerasına 1987-ci ildə başlayıb. Onda əri Kazu ilə birlikdə balayı zamanı fərdi vəsaitləri hesabına yazılmış "A Drop Of The Water" albomunu təqdim edib. Daha sonra tanınmış səsyazma studiyaları ilə sazişlər bağlanıb, amma pianoçu qadın ən böyük uğuru 1992-ci ildə qazanıb. O vaxtlar caz musiqisi naşiri "White Cat"la əməkdaşlıq etməyə başlayıb. Həmin zamandan Matsuinin səsyazıları ən populyar və satılanlar siyahısında yuxarı sətirləri tutmağa başlayıb.  Ən uğurlular sırasında 1995-ci ildə çapdan çıxmış "Sapphire" albomu olub. Ümumiyyətlə, tənqidçilər ondan sonra gələn  "Deep Blue", "The Ring", "Wildflower" plastinkalarını da iltifatla qiymətləndiriblər. Otuz ildən çox olan musiqi fəaliyyəti dövründə Keyko Matsui 22 albom buraxıb. 



MƏSLƏHƏT GÖR:

491