24 Noyabr 2024

Bazar, 14:31

TƏHLÜKƏSİZ TEXNİKA

Məişət texnikasının əsirinə çevrilməmək üçün nələri bilmək lazımdır

Müəllif:

01.12.2011

Belə bir qayda var. İnsan nə qədər çox peşəkar olursa, bir o qədər çox səhv edir, çünki onun bütün bilik və bacarıqları günlərin birində avtomatlaşma mərhələsinə keçir. Hər hansı bir işi görəndə baxmır və düşünmür, ona alışaraq 100% doğmalaşır. Məhz burada da gözlənilməz və ürəksıxan xətalar baş verir. Məişət texnikasına münasibətdə də bizim məhz bu cür vərdişimiz yaranır. Biz onunla elə doğmalaşmışıq ki, artıq bu texnikanın özünü qeyri-adi aparmasını, qırılmasını nəzərə almırıq və bu zaman elementar təhlükəsizlik normalarına da riayət etmirik. Halbuki təhlükə bizi hər addımda yaxalaya bilər. 

 

Qaz sobaları  

Bu yaxınlarda Bakıda öz mənzillərində 25 yaşlı İbrahim Şabanov və onun xanımı, 18 yaşlı Şəhla Hacıyeva dünyalarını dəyişmişdilər. Onlar hadisədən cəmi üç gün qabaq evlənmişdilər. Adama elə gəlirdi ki, qabaqda olan bütün həyatları, gənclikləri, uşaqları, ahıl çağları, nəvələri - hamısı qazda boğuldu. Onların meyiti valideynləri tərəfindən aşkar edilmişdi. 

Təəssüf ki, Azərbaycanda dəm qazı ilə zəhərlənmələr tez-tez insanların ölümün? səbəbi olur. Məsələ heç də Bakıya İranda istehsal edilmiş sertifikatsız qaz cihazlarının qeyri-leqal yolla gətirilməsində deyil; artıq neçə ildir ki, ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin (İB) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mütəxəssisləri həyəcan təbili çalırlar. Əgər düzgün işlədilmirsə və doğru qoyulmayıbsa, normal texnika da qəza yarada bilər. Bizim həmişə fikir vermədiyimiz bu xətalar, əslində, asanlıqla düzəldilə bilər. Onlar çox insanların həyatına bais olublar. 

"Nahaq yerə siz İranın qaz buxarılarını sevmirsiniz. Onlar normal və təhlükəsizdir, sadəcə, siz onları düzgün quraşdırmırsınız. Mənim İranda evimdə belə soba artıq 20 ildir işləyir. Hər şey əladır. Biz, demək olar ki, evdə qaz iyi hiss etmirik". 

Bu söhbət yaxınlarda "R+"un müxbiri ilə buxarı üzrə mütəxəssis olan İran vətəndaşı arasında baş vermişdi. Bu sözlərdən sonra o, İran sobasının tüstü borusunun keçdiyi  həyətə çıxdı, boruya baxıb təəssüflə başını buladı. 

"Siz tüstü borusunu düzgün quraşdırmayıbsınız. Birincisi, sobanızdan çıxan boruda çoxlu ara  calaqları var ki, bu da sovurmanı azaldır. İkincisi, tüstü borusunun quraşdırılmasının vacib şərti kimi  o, evin damından, ən azı,  500 mm yuxarıda olmalıdır. Əgər ev çardaqtiplidirsə və boru damın tilindən üfüqi istiqamətdə  1,5 metr aralıdırsa, o, damın tilindən 500 mm yuxarıda yerləşməlidir. Damın formasından asılı olaraq, orada başqa variantlar da mümkündür. Amma həmişə və hər yerdə tüstü borusunun normal işi üçün vacib şərt onun damdan yüksək olmasıdır. Sizdə tüstü borusu, hətta dama qədər də çatmır, təbii ki, belə olan şəraitdə, nə qədər ki, sovurrma avadanlığı normal vəziyyətə gətirilməyib, İran buxarısından istifadə etmək həddindən artıq təhlükəlidir", - deyə usta xəbərdarlıq edib. 

Hər bir istehlakçı da həmişə anlamalıdır ki, əgər qaz qurğusu işə salınıbsa, mənzilin harasındasa pəncərə nəfəsliyini açıq saxlamaq lazımdır. Beləliklə, təkcə dəm qazından zəhərlənməkdən deyil, həm də tez-tez binalarda müxtəlif cür "mavi yanacaq" sızması və qapalı məkanları doldurması üzündən baş verən partlayışlardan da yaxa qurtarmaq olar. 

Şəksiz, bu heç də o demək deyil ki, yerli bazarlarda satılan və həm də ən çox alınan İran texnikasının hamısının keyfiyyəti əladır. Amma mütəxəssisin sözləri göstərir ki, istehlakçı heç də həmişə məişət cihazlarının istismarı qaydalarına dəqiq əməl eləmir. Kim bilir, istehlakçı savadlı və diqqətli olsaydı, nə qədər həyatı qorumaq olardı. 

 

Təlimatlara əməl edin 

Biz tez-tez Amerikada mikrodalğa sobalarının təlimatlarında yazılmış qəribə göstərişləri lağa qoyuruq: "Ev heyvanlarını qurutmaq qadağan edilir". Bu yazı amerikalı evdar qadının hamamda çimizdirdiyi pişiyini yenicə aldığı mikrodalğa sobasında qurutmaq istəyindən sonra peyda olub. Ya da uşaq arabalarının istifadə təlimatında bu sözləri var: "Qatlamazdan öncə uşağı çıxarın". 

Bu cür gülməli təlimatlar müxtəlif səbəblər üzündən yaranır. Adətən, şirkət məhkəmə iddialarından qaçmaq üçün məhsulların üzərində aydın təlimatlar yazır. Dünyanın tanınmış qəhvəxana zəncirlərinin birindən aldığı qaynar qəhvəni tökərək əl-ayağını yandırmış qadının şirkətə qarşı bir milyon dollarlıq məhkəmə iddiasını udması ilə bağlı əhvalat hər kəsə məlumdur. Bundan sonra bütün qəhvə bardaqlarının üzərində bu sözlər yazılmağa başlandı: "Ehtiyatlı olun: qəhvə qaynardır". 

Amma bizdə, çətin ki, Azərbaycan istehlakçısının ağlına hansısa texnikanın işləməmsi zamanı manat ölçüsündə kompensasiya almaq düşsün. Bizim çoxumuz bundan uzağıq, açıq deyək, bizim təlimatlarla aramız yoxdur. Öz istehlakçı hüquqlarımızı qorumaq üçün "məlumatlı adam silahlı adamdır" prinsipinə üstünlük vermək bizə aid deyil. 

Aldığı məhsulu istifadə etməzdən öncə təlimatı öyrənən xarici vətəndaşların "çərənçi"liyi üzərində gülə-gülə deyirik ki, bu yazılmış gerçəklər ən küt adamlar üçün nəzərdə tutulub. Amma gəlin həqiqətə göz yummayaq, bizim çoxumuz "hər şey haqqında heç nə" bilə-bilə öz səriştəmizə inamımızıdan sui-istifadə edirik. "Biz çox şey görmüşük!". Amma məişət texnikası alan zaman onun istehsalçısı tərəfindən müəyyən edilmiş yararlılıq müddətinə baxmamaq istehlakçı savadsızlığının ən yuxarı həddidir. 

Bu gün alıcılara deyirlər: "İran sobalarını almayın. Onlar təhlükəlidir!". İstənilən qiymət kateqoriyasından olan, müxtəlif texniki xüsusiyyətlərə malik təhlükəsiz plitələrə və yağ radiatorlarına üstünlük verməyi təklif edirlər. Amma az adam bilir ki, əgər termorequlyator xarab olubsa, ilk baxışdan təhlükəsiz olan yağ radiatoru, sadəcə, partlaya bilər. Yeri gəlmişkən, Rusiya əyalətlərinin birində belə bir hadisə baş vermişdi və nəticədə, iki azyaşlı uşaq həlak olmuşdu. Radiator taxta evdə partlamışdı və qaynar yağ damlaları evi külə döndərmişdi. 

Mütəxəssislər bildirirlər ki, əgər yağ radiatorunun termoqoruyucusu sıradan çıxırsa, qurğu təhlükəyə çevrilir. Onun səthinin temperaturu kəskin artır və cihazın içində yağ buxarlanmağa başlayır; təzyiq altında calaqların hermetikliyi pozula bilər. Nəticədə, yağın püskürməsi baş verər, temperaturun artması davam etdikcə, yağın alışma nöqtəsinə çata bilər və o, alışar ki, bu da ağır nəticələrə gətirir. 

Yağ radiatoru aşağıdakı kimi işləyir. Yağla doldurulmuş həcmin içinə boruşəkilli elektrik qızdırıcısı salınır və o, yağı qızdırır.  Yağın qaynamaması üçün hər bir radiatora termorequlyator və ya termostat quraşdırılır. Yağın temperaturu qalxdıqca  termostat avtomatik olaraq qızdırıcını söndürür - bu, belə də olmalıdır. 

Yay zamanı qızdırıcını balkona və ya anbara götürərkən bizim çoxumuz bilmirik ki, onları yanıüstə çevirmək olmaz. Onlar yalnız dik vəziyyətdə olmalıdır, hətta daşınan zaman da. Bütün bunlar təlimatda yazılıb, ona isə biz sadəcə olaraq baxmırıq. Yaydan sonra qızdırıcını işə salan zaman sadə bir test keçirmək lazımdır. Onu işə salmaq və 7 dəqiqə gözləmək gərəkdir.  Bu müddət ərzində o, maksimum qızmalı və avtomatik sönməlidir. Əgər 7 dəqiqədən sonra da qızdırıcı işləməkdə davam edirsə, deməli,  termostat sınıb. Belə cihazdan istifadə etmək heç cür olmaz. Bununla yanaşı, bir çox yağ radiatorlarının istifadə müddəti, adətən, 4-5 ili keçmir. Bütün bunlar cihazın təlimatında göstərilir. Bu müddət təsadüfən seçilmir. Həmin müddətdən sonra qızdırıcının xırda hissələri əriyib sıradan çıxa bilər. Sadə gözlə bunu heç də həmişə görmək olmur. 

Ona görə də yararlılıq müddəti bitən kimi, qızdırıcını atmaq lazımdır - elektrik qızdırıcılarının qurulması və istismarı qaydalarının pozulması ölkədə baş verən yanğınların əsas səbəblərindəndir. Eyni zamanda, yağ radiatorlarının çoxu gizli sexlərdə yığıla bilər. Saxta yağ radiatorlarını alan zaman da seçmək mümkündür. Adətən, qızdırıcının korpusunda bir neçə yapışqanlı şəkil olur. Satınalma zamanı onların hamar olmasına və aydın oxuna bilməsinə diqqət yetirin. Onların üzərində istehsalçı, dövlət standartı və buraxılış tarixi göstərilməlidir. Əgər yapışdırılmış etiket mat kağızladırsa, deməli, onu printerlə çıxarıblar, bu isə qızdırıcının saxta olduğunu göstərir. 

Qızdırıcı alan zaman elektrikqızdırma borusunun (EQB) hansı materialdan hazırlandığına da fikir vermək lazımdır. Bu barədə məlumat texniki pasportlarda və həmçinin, korpus üzərindəki yapışqanlı şəkillərdə də var. Ən yaxşı EQB paslanmayan poladdan olanlardır. Əgər EQB adi metaldandırsa, onu yalnız tam quru məkanlarda istifadə etmək lazımdır. Bağ evlərində və qarajda onları qoşmaq olmaz. EQB tez paslanar və qızdırıcı partlaya bilər. 

 

Spiralın yaratdığı dəm qazı 

Artıq qeyd edilib ki, dəm qazı ən zəhərli toksik maddələrdəndir. Orqanizmə düşən zaman hüceyrələrə oksigen verilməsini əngəlləyir və ölümə gətirir. Spirallı və keramik qızdırıcılarda yağ yoxdur və onlar partlamaq təhlükəsindən uzaqdır. Spiralvari qızdırıcılarda havanı cihazın səthində olan qızarmış spiral qızdırır, keramik qızdırıcılarda isə spiral içəridə gizlədilib. Bu qızdırıcıların bir problemi var: spiral tam qızardıqdan sonra havada toz yanmağa başlayır  və otaqda nəfəs almaq olmur, oksigen azalır və dəm qazı yaranır. 

Rusiyanın məişət texnikası üzrə mütəxəssiləri aşağıdakı eksperimenti aparıblar. Onlar adi otaqda temperaturu,  oksigenin konventrasiyasını və havanın nəmliyini yoxlayıblar, sonra ölçmə aparıblar. Spiral qızdırıcısının yarımsaatlıq işindən sonra otaq qızıb və bürkü hiss edilib. Ölçmələr göstərir ki, rütubət 3% düşüb və havada oksigenin payı 0,4% azalıb. Bu o deməkdir ki, əgər qızdırıcı yarım gün işləsə, otaqda olan adamlar özlərini pis hiss edə bilərlər. Otağı yarım saat  havalandırandan sonra, tədqiqatçılar keramik qızdırıcını qoşublar. Yarım saat ərzində otaqda temperatur 4 dərəcə qalxıb və rütubət 1% azalıb, oksigenin konsentrasiyası isə 0,1% aşağı düşüb. Göründüyü kimi, keramik qızdırıcı daha təhlükəsizdir və spiralı qızdırıcıya baxanda oksigeni daha az yandırır. Onu rahatlıqla 3-4 saat taxmaq olar. Sonra yenə də bürkü hiss ediləcək. 

Bütün bunlar hər birimizin bilməli olduğumuz elementar qaydalardır, onlara əməl etmək lazımdır və hansısa "bəlkə"yə ümid etmək olmaz. İstənilən texnika, hətta məişətdə işlədiləni belə, laqeydliyi və özündənrazılğı sevmir.  Həm də yadda saxlamaq lazımdır ki, cihaz alarkən həmişə standartlara, avadanlığın standartlara uyğun olub-olmamasına fikir vermək lazımdır. Belə şeylərdə qənaət etmək olmaz. Elektrik və qaz cihazlarını ixtisaslaşmış mağazalardan satın almaq lazımdır, başdan-ayağa yararsız və sertifikatsız malların satıldığı bazarlardan əldə etmək olmaz. Belə məhsullar tez xarab olmaqla yanaşı, fəlakətli təsir göstərə, insan sağlamlığına böyük zərər vura bilər.



MƏSLƏHƏT GÖR:

677