
BOMBA ƏTRAFINDA QAÇIŞ
Yerevan dünyanı nüvə enerjisi ilə təhdid edir
Müəllif: Fuad HİLALOV Bakı
Türkiyənin Van əyalətində baş verən zəlzələ, yaxınlıqda yerləşən Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) təhlükəsini bir daha dünyanın yadına saldı. Türkiyənin enerji və təbii resurslar naziri Taner Yıldız zəlzələdən sonra verdiyi açıqlamada bildirib ki, "Ankara bütün dünyadakı, həmçinin, Ermənistandakı köhnəlmiş AES-ə qarşı hüquqi addımlar atmağı planlaşdırır".
Türkiyənin şərq vilayətləri ilə Metsamor AES arasında cəmi 16 kilometr məsafə var. Bu regionda yüksək seysmik fəallığın olduğunu nəzərə alsaq, AES-də baş verə biləcək fəlakətin miqyasını təsəvvür etmək çətin deyil. Bu halda nəticə yalnız Ermənistan üçün yox, Rusiyanın cənub sərhədləri və İran üçün də eyni dərəcədə faciəvi ola bilər. Qəza nəticəsində radioaktiv çirklənmənin Türkiyəyə, Azərbaycana, Gürcüstana və digər həmsərhəd ölkələrə də çatacağına şübhə yoxdur. Artıq hazırda bu stansiya ətraf mühitə görünməmiş dərəcədə zərər vurur. Orada reaktorun soyudulması üçün Arpaçay və Arazın suyundan istifadə olunur. Sonradan bu su heç bir təmizləmə aparılmadan çaya axıdılır. Türkiyənin "Sabah" qəzetinin yazdığına görə, son illər məhz bu səbəbdən İqdırda uşaq ölümlərinin, həmçinin, əlil doğulan uşaqların sayı artıb.
Bu, son deyil. Metsamor AES-in nüvə tullantılarının Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və beynəlxalq nəzarətdən kənarda qalmış ərazilərində basdırıldığına dair ehtimalar, hətta bəzi faktlar da var.
Metsamor AES "köhnə nəsil" stansiyalardandır və o, müasir təhlükəsizlik standartlarına cavab vermir. Stansiya hər an qəzalı vəziyyətə düşə bilər. Xatırladaq ki, ötən əsrin 70-ci illərində tikilmiş Metsamor AES 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən sonra bağlanmışdı. Lakin Yerevan dünya tarixində presedenti olmayan addım ataraq, 1995-ci il noyabrın 5-də qapadılmış AES-in ikinci blokunu işə saldı.
Hələ 2000-ci illərin əvvəllərində Avropa İttifaqı sözügedən AES-in bağlanması üçün mümkün olan bütün addımları atıb. Qərb mütəxəssislərinin fikrincə, birinci sovet nəsli texnologiyası ilə tikilmiş germetik su nüvə reaktoru daha bir ciddi zəlzələyə tab gətirməyə bilər. Hələ 2004-cü ildə Aİ-nin Ermənistandakı nümayəndəsi Aleksis Luber bildirmişdi ki, Metsamor AES-in fəaliyyətini davam etdirməsinə imkan vermək "potensial atom bombasının başına dolanmağa bərabərdir".
AES ərazisində enerji bloklarının birində baş verə biləcək qəza zamanı radioaktiv materialların sızmasını önləməli olan təkrar mühafizə kompleksi yoxdur. "Sabah zəlzələ baş verərsə, bu, nüvə fəlakətinə səbəb olacaqmı? Bilmirəm. Hər şey zəlzələnin gücündən asılıdır", - deyə o vaxt Aİ-nin Gürcüstandakı və Ermənistandakı səfiri səlahiyyətlərini icra edən Jak Vantomm bildirmişdi.
"The Times" avropalı diplomatın 2004-cü ilin noyabrında səsləndirdiyi bu fikirlərə yer ayırmışdı: "Bu məsələdə Avropa İttifaqının mövqeyi belədir: istəyirik ki, Metsamor AES ən yaxın gələcəkdə bağlansın. Bu tipli AES-lər Avropa standartlarına cavab vermir. Rentabellik baxımından onların müasirləşdirilməsi də mümkün deyil".
Avropa İttifaqı AES-in utilləşdirilməsi və alternativ elektrik enerjisi mənbələrinin yaradılması üçün Yerevana 200 milyon avro (140 milyon funt sterlinq) həcmində maddi yardım təklif etsə də, ozamankı xarici işlər naziri Vartan Oskanyan bunu "qəpik-quruş" adlandırmışdı.
Metsamor AES-in bağlanması tələbi ABŞ tərəfindən də irəli sürülüb və Vaşinqton bunun əvəzində Ermənistana maddi dəstək vəd edib. Lakin Ermənistan hökuməti bütün bu tələblərə məhəl qoymadan uzun müddət AES-lə spekulyasiya edib, 2003-cü ilin sentyabrında isə onu "etibarlı idarəçilər"ə - Rusiyanın ASC "İnter RAO EGS" şirkətinə verib.
Ermənistanda AES-in mövcudluğu regional təhlükəsizliyi təhlükə altına qoyur. Bütün dünyanın İranın nüvə proqramı ilə bağlı narahatlıq keçirdiyi hazırkı gündə, nədənsə, Ermənistanın belə silah əldə etmək üçün bütün imkanlara malik olduğu unudulur. Hələ 1995-ci ildə Metsamor AES-in ikinci bloku işə salınan zaman Ermənistanın ovaxtkı baş naziri Qrant Beqratyan maraqlı bəyanat səsləndirmişdi: "Nüvə gücü Ermənistanı regionun digər ölkələrindən daha qüvvətli dövlətə çevirir".
"Azadlıq" radiosunun məlumatına görə, 2009-cu ildə "Rosatom"un baş direktoru Sergey Kiriyenko Ermənistanın dünyada uran istehsalına malik azsaylı dövlətlərindən birinə çevrilə biləcəyini bəyan etmişdi. Rusiya Ermənistan AES-i hələ ötən əsrin 70-ci illərindən zənginləşdirilmiş uranla təchiz edir. Bir neçə il əvvəl Rusiya ilə Ermənistanın yaratdığı birgə müəssisə isə bilavasitə Ermənistan ərazisində uran yataqlarının işlənməsi ilə məşğul olacaq.
Stansiyada plutoniumun əldə olunması imkanlarının olduğu da bəllidir. Bu isə nüvə silahının istehsalında istifadə edilə bilər. 1000 meqavat gücündə olan atom stansiyalarında ildə 250 kiloqram plutonium istehsal edilir. Nüvə alimlərinin bildirdiyinə görə, bu, 20-dən artıq nüvə başlığının əldə edilməsi üçün kifayətdir. Cəmi 1 kiloqram plutonium 20 000 ton trotil ekvivalentində partlayış yarada bilər. Bu səbəbdən, mütəxəssislər hesab edir ki, "yalnız dinc məqsədlər üçün" nüvə yanacağı istehsal edən istənilən ölkə eyni dərəcədə kütləvi qırğın silahı istehsalı imkanına da malikdir.
Ermənistan müstəqillik əldə etdikdən sonra, Cənub qonşusu İranla da maksimum sıx əməkdaşlıq edir. Əməkdaşlığın prioriteti isə məhz enerji sahəsidir. 2006-cı ilin dekabrında istismara verilmiş qaz kəməri və İrandan Ermənistana çəkilməsi nəzərdə tutulmuş neft borusu ilə yanaşı, Tehran Ermənistan AES-i nüvə yanacağı ilə təchiz etmək təklifini də irəli sürüb.
Bu baxımdan, Qərbin "cəhənnəm maşını"nın beynəlxalq terrorçuların əlinə düşə biləcəyi ilə bağlı narahatlığı xüsusi aktuallıq qazanır. İtaliyanın "Corriere della Sera" qəzetinin yaydığı bir məlumat isə Ermənistanın beynəlxalq terror qruplaşmaları ilə sıx əlaqələrinin olduğuna dair növbəti sübutdur. Qəzet yazır ki, 2009-cu il iyulun 15-də Tehrandan Yerevana uçarkən qəzaya uğramış "Tu-154" təyyarəsinin yük yerində "Hizbullah" üçün nəzərdə tutulmuş silahlar olub.
Qərb KİV-ə qalmaqallı sayt vasitəsilə çıxmış daha bir məlumat da düşünməyə kifayət qədər əsas verir. Britaniyanın "Guardian" qəzeti yazır ki, 2009-cu ilin avqustunda Gürcüstan-Ermənistan sərhədindəki Nəzarət-Buraxılış Məntəqəsində detektor içərisində 3 erməninin olduğu avtomobildə radioaktiv maddənin olduğunu göstərib. Ermənistana gedən bu şəxslərin təkrar yoxlanıldığı zaman da aparat eyni səsi verib. Məlum olub ki, maşın sezium-137 maddəsi ilə çirklənib. Amma avtomobildə radioaktiv maddə aşkarlanmayıb və o, asanlıqla Ermənistan tərəfə keçib. "Görünür, avtomobil yükü ünvanına çatdıra bilib", - deyə "Guardian" yazır. - "Cəmi 8 ay sonra daha 2 erməni qaçaqmalçı sərhəddən siqaret qutularında yüksək dərəcədə zənginləşdirilmiş uran keçirib. Bu dəfə detektor xəbərdarlıq siqnalı verməyib. Amma Qrant Ohanyan və Smbat Tonoyan xüsusi əməliyyat nəticəsində həbs olunublar və ötən ay onlar barəsində müvafiq olaraq 13 və 14 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb".
Qaçaqmalçılar 2009-cu il martın 11-də Tbilisidəki mehmanxanaların birində alıcı ilə görüşməli imişlər. Onlar 18 qram uranı islamçı qruplardan birinin nümayəndəsinə sınaq kimi satmaq fikrində olublar. Əgər satılacaq uran bəyənilsəydi, sonradan daha böyük partiyanın satışı planlaşdırılırdı. O zaman "Guardian" istintaq materiallarına istinadən yazırdı ki, alıcı mülkigeyimli polis əməkdaşı olub.
Maraqlı məqamlardan biri də cinayətkar Smbat Tonoyanın Ermənistan xüsusi istintaq xidmətinin xüsusilə vacib məsələlər üzrə müstəntiqi Samvel Tonoyanın atası olmasıdır. Xatırladaq ki, sonuncu daha çox 2008-ci ilin 1 mart hadisələri ilə bağlı istintaqın aparılması üçün yaradılmış xüsusi qrupun üzvü kimi məşhurdur. O zaman prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən insanlara qarşı xüsusilə amansız tədbirlərə əl atılmış, nəticədə, onlarca insan həlak olmuşdu.
Smbat Tonoyanın Ermənistan hakimiyyətinə yaxın şəxsin ailə üzvü olması faktı bəlkə də rəsmi Yerevanın transmilli cinayətkar qruplarla birbaşa əlaqəsinin olduğunu iddia etməyə əsas vermir. Amma bunu istisna da etmək olmaz. Üstəlik, bu iddianı təsdiqləyən çoxlu sayda başqa fakt da var.
Məsələn, 2005-ci ildə Ermənistanın ozamankı prezidenti Robert Koçaryan 2 il əvvəl Gürcüstanla sərhəddən 200 qram zənginləşdirilmiş uran keçirməyə cəhd etdiyi üçün saxlanılmış digər qaçaqmalçı Dadayanı əfv etmişdi. Maraqlıdır ki, Ermənistanda prezidentin əfv etdiyi şəxslərin siyahısı tam gizli saxlanılır. Bu həm Koçaryan, həm də Sarqsyan dövründə bu cürdür. Hökumət əfv olunanların adlarının gizli saxlanılmasını onların şəxsi həyatını gizli saxlamaqla bağlı konstitusion hüququ ilə əsaslandırır. Amma bütün dünyada əfv olunanların siyahısı ictimaiyyətə açıqlanır və bu, şəffaflıq naminə edilir.
Bu faktlar ekspertlərin nüvə silahı və ya onun hazırlanmasında lazım olan kompanentlərin beynəlxalq terrorçuların əlinə düşməsi risqindən narahatlığına bir daha əsas verir. Üstəlik, bəzən cinayətkarlar Ermənistan xüsusi xidmət orqanlarına və siyasi elitasına birbaşa aidiyyəti olan şəxslər olur.
Bu baxımdan, ekspertlər nüvə yanacağının Ermənistana çatdırılması üsulundan narahatdır. Qeyd edək ki, bu, Rusiyanın nəqliyyat təyyarələri vasitəsilə mülki aeroporta aparılır, oradan isə yük maşınları ilə keyfiyyəti o qədər də yaxşı olmayan yollarla daşınır. Metsamor AES-in erməni mütəxəssislərinin İranın Buşəhr AES-də işləməyə yollanmaları da xüsusi narahatlıq yaradan məqamdır. "Son illərdə 20-dək insan işləmək üçün Metsamor AES-i əməkhaqqının daha yüksək olduğu Buşəhr AES-ə dəyişib. Gedənlər yaxşı kadrlardır", - deyə Metsamor AES-in baş mühəndisi Movses Vardanyan "A1+" agentliyinə açıqlamasında bildirib. Ermənistan AES-in 158 orta və yüksəkvəzifəli əməkdaşı da işdən getmək haqda ərizə yazıb. Yəqin ki, onların əksəriyyəti İran AES-lərində iş tapmaq fikrindədir. Qərb KİV-in yazdığına görə, orada uranın zənginləşdirilməsi prosesi başa çatmaq üzrədir. İndi Yerevan AES-in 1000 meqavat gücündə yeni blokunun tikintisinin dəstəklənməsi üçün kampaniyaya başlayıb. Layihənin dəyəri, təxminən, 6 milyard dollardır. İndi bu məbləği tapmaq qalır. Layihənin maliyyələşdirilməsinin 20%-ni Rusiyanın ASC "İnter RAO EGS" şirkəti, 20%-ni isə Ermənistan hökuməti öz üzərinə götürüb. Amma bu qədər şübhəli layihəyə milyardlarla vəsait yatırmağa razılaşacaq investorun tapılması o qədər də inandırıcı görünmür.
Ermənistanın özündə də ekspertlər hökumətin planlarından narazıdır. "Metsamorda yeni AES-in inşası cinayətdir", - deyə "EurasiaNet.org" saytına açıqlamasında Ermənistan Yaşıllar Birliyinin rəhbəri Akop Sanasaryan bildirib: "Atom stansiyasını su və kənd təsərrüfatı sistemləri yaxınlığında, seysmik ərazilərdə, əhalinin sıx yaşadığı rayonlarda qurmaq olmaz".
Ümumermənistan energetiklər assosiasiyasının sədri isə Ermənistanda stansiyanı istismara verəcək ixtisaslaşmış kadrların çatışmazlığından narahatdır.
Beləliklə, Yerevanın maddi vəziyyətinə uyğun gəlməyən "nüvə iddiaları", Ermənistanın siyasi elitası ilə beynəlxalq terror arasındakı əlaqələr, Metsamor AES-də fəlakətin başvermə ehtimalının yüksək olması bütün hallarda dünya üçün təhlükədir. Hətta Metsamor AES-in nüvə silahının əldə edilməsi üçün istfadə oluna biləcəyini, yaxud onun tərkibindəki elementlərin yayılması təhlükəsini nəzərə almasaq belə, Ermənistan AES-in yaratdığı ekoloji təhlükəyə əhəmiyyət verməmək mümkün deyil. Ən azı, bir müddət əvvəl Yaponiyanın "Fukusima" AES-də baş vermiş qəza ciddi siqnal sayılmalıdır.
MƏSLƏHƏT GÖR: