15 Mart 2025

Şənbə, 02:46

RUSİYA "VAHİD" QALACAQ

Müəllif:

01.12.2011

Gözlənildiyi kimi, Vladimir Putin 2012-ci il martın 4-də keçiriləcək prezident seçkisinə hakim partiyanın namizədi oldu. Onun Kremlə qayıtmaq qərarı hələ bir ay əvvəl "Vahid Rusiya"nın qurultayının birinci hissəsində açıqlanmışdı. Elə o zaman bəyan edilmişdi ki, prezident seçkisindən sonra hazırkı dövlət başçısı Dmitri Medvedev baş nazir postunu tutacaq. O, həm də Dövlət Dumasına keçiriləcək seçkidə "Vahid Rusiya"nın siyahısına başçılıq etməlidir.

Oktyabrın sonunda isə partiya qurultayının Lujnikidə keçirilən ikinci hissəsində hakim partiyanın prezidentliyə namizədi "Vahid Rusiya"nın 11 min üzv və tərəfdarı, həmçinin, 25 xarici nümayəndə heyətinin qarşısında təsdiqlənmişdi.

Rusiya KİV-in qeyd etdiyi kimi, Rusiyada prezidentliyə namizədlər heç zaman vətəndaşlara konkret sənəd şəklində proqram təqdim etməyiblər. Bu həm Dmitri Medvedevin prezidentlik kampaniyasına, həm də ondan əvvəl Putinin iştirakı ilə keçmiş kampaniyalara aiddir. Amma noyabrın 27-də keçirilmiş qurultay bu siyasi ənənəyə son qoydu.

Mətbuat yazır ki, Putin tam sakit və arxayın təsir bağışlayırdı. Bu heç də təəccüblü deyil. Çünki onun həqiqətən rəqibi yoxdur.

Putinin çıxışını əksər ekspertlər proqram çıxışı kimi qiymətləndiriblər. Amma əslində o, yeni heç nə deməyib. Yalnız bir tezisi yeni saymaq olar: postsovet məkanında iqtisadi ittifaq. Qalan şeylərdə isə Putin öz ampluasında idi. Baş nazir bildirib ki, Rusiya hər bir insana iş, layiqli həyat zəmanəti verəcək vahid, güclü dövlət olacaq. Onun sözlərinə görə, həmin Rusiyada "azadlığın özülünü ədalət təşkil edəcək".

Namizədin sözlərinə görə, əsas diqqət xalqın mənəvi dirçəlişinə yönələcək, yəni, mədəniyyət və təhsilə xüsusi önəm veriləcək. 

Prezident proqramında ilk yerdə sosial ədalət mövzusu da var: "Söhbət əhalinin gəlirlərinin, əməkhaqqı və pensiyaların artımından, həmçinin, hər bir ailənin gündəlik rifahını müəyyənləşdirən digər artımlardan gedir".

Putin müxalifətin ünvanına tənqidlər də səsləndirib. O bildirib ki, Rusiyada "Vahid Rusiya"dan başqa ölkənin gələcəyinə görə məsuliyyət yükünü üzərinə götürəcək qüvvə yoxdur. Baş nazir hesab edir ki, bir sıra müxalifət təmsilçiləri Sovet İttifaqının dağılmasına, digərləri isə 90-cı illərdə ölkənin "görünməmiş şəkildə talan edilməsinə" görə məsuliyyət daşıyırlar: "Onlar sənayeni məhv etdilər, kənd təsərrüfatını, sosial sahəni öldürdülər, vətəndaş müharibəsi bıçağını dövlətin düz ürəyinə sancdılar, Şimali Qafqazda qan tökülməsinə yol açdılar".

Putin Qərb haqda da bir neçə kəlmə deyib. O, açıq şəkildə bildirib ki, "Bəzi xarici dövlətlərin nümayəndələri qrant şəkilində pul verdikləri qüvvələri başına yığır, onlara istiqamət verir, seçki kampaniyasının gedişinə təsir göstərmək üçün onlara müvafiq "işlər" tapşırırlar".

Baş nazir bu fəaliyyəti "əbəs zəhmət" adlandırıb. "Birincisi, bizdə İuda heç də Bibliyadakı ən hörmət olunan personaj deyil. İkincisi, qoy onlar bu pulu öz dövlət borclarını ödəməyə yönəltsinlər və effektsiz bədxərc xarici siyasətə son qoysunlar", - deyə Putin "Avropa bostanı"na daş atıb.

Prezident D. Medvedevə gəlincə, o da müxalifəti tənqid atəşinə tutaraq bildirib ki,  indinin özündə də yerlərdə müxalifət təmsilçiləri hakimiyyətə gəldiyi halda, yaxşı nəticə əldə olunmur.

Müşahidəçilər bir məqama diqqət çəkir:  hazırkı dövlət başçısının çıxışında prezidentin vaxtilə elan etdiyi "Rusiya, irəli!" manifestinin ideyalarına ümumiyyətlə rast gəlinmir.  Bu manifest isə iqtisadiyyatın xammal modelindən imtina, "ağıllı iqtisadiyyat" innovasiyalarına üstünlük vermək, daha azad və humanist siyasi sistem qurmaq kimi dəyərlərə əsaslanırdı.  Bunun əvəzində D.Medvedev və V.Putin bir komanda olduqlarını, yaxın illərdə nəyi necə etməyi yaxşı bildiklərini göstəriblər.

Əksəri analitiklər həm Putinin, həm də Medvedevin qurultaydakı çıxışlarını, ilk növbədə, parlament seçkisinə hesablanmış çıxış kimi qiymətləndirib. Onların fikrincə, hakimiyyət seçiciləri "Vahid Rusiya"ya səs verməklə şəxsən Putinə səs verdiklərinə inandırmalıdır. Çünki baş nazir hazırda siyasətçi olaraq partiyadan daha populyardır.

Bununla yanaşı, bəzi ekspertlər hesab edir ki, Putin seçkiqabağı proqramında Stalin obrazından "effektiv menecer" kimi istifadə etməyi düşünür. Bu ona nəinki "güclü lider" imicini qoruyub-saxlamağa, həm də əsasən kommunistlərə səs verən seçiciləri öz tərəfinə çəkməyə imkan verəcək.

Görünür, RFKP-nin lideri Gennadi Züqanovun baş nazirin çıxışını sərt tənqid etməsi də bununla bağlıdır. Züqanov bildirib ki, Putinin partiyasının qurultayı "bayağılıq və naftalin qoxusu verir".

Ümumilikdə, müxalifət baş nazirin çıxışına son dərəcə mənfi reaksiya verib. O, növbəti "proqram vədi"nə əhəmiyyətsiz yanaşdığını, hazırkı hakimiyyətin "yalnız vəd verdiyini, lakin ona əməl etmədiyini" bəyan edib.

İstənilən halda, görünən odur ki, kampaniyanın sonunda "Vahid Rusiya" Dövlət Dumasına nəzarəti özündə saxlayacaq və bunda hazırkı baş nazirin rolu heç də sonuncu yerdə deyil.

Azərbaycan-Rusiya münasibətlərinə gəlincə, Putinin siyasi hakimiyyətə qayıdışı hazırkı kursun davam etdiriləcəyini düşünməyə əsas verir. Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlının dediyi kimi, 2000-ci ildə məhz Putinin Rusiya prezidenti seçilməsi ilə Kreml Bakı ilə yaxınlaşma, mehriban qonşuluq münasibətlərinin inkişafı siyasətinə start verib.


MƏSLƏHƏT GÖR:

392