15 Mart 2025

Şənbə, 02:41

CƏLBEDİCİ TƏKLİF VƏ PRAQMATİK QƏRAR

Aleksandr Səmədov: "Mənim Azərbaycan yığmasına gəlməyim düzqün olmazdı"

Müəllif:

15.11.2011

Rusiyada yaşayan futbolçu soydaşlarımızın Azərbaycan millisinə dəvət olunmaları barədə dəfələrlə söhbət açılıb. Onlardan bəziləri, hətta Bakıya yığmanın təlim-məşq toplanışına da çağırılıb və sonradan komandamızda oynamaqdan boyun qaçırıb. Son vaxtlar Moskva "Dinamo"sunda oynayan Aleksandr Səmədovla "Spartak"ın şərəfini qoruyan Emin Mahmudov azarkeşlərimizin diqqətindən düşmək bilmir. Lakin Səmədov yaxınlarda Rusiya millisinə dəvət alaraq, Sloveniya ilə oyunda meydana çıxdığından, onunla bağlı planlarımız reallaşmayacaq. Çünki artıq soydaşımız Rusiya millisinin formasında rəsmi oyunda meydana çıxıb. FİFA qaydalarına əsasən, millinin əsas heyətində oynayan futbolçu sonradan başqa ölkənin şərəfini qoruya bilməz. 

O ki qaldı Emin Mahmudova, o hələ son sözünü deməyib. Saatlıda doğulan, amma iki yaşından Rusiyada yaşayan həmvətənimiz mətbuatla ünsiyyətdən qaçır. Bu səbəbdən artıq qərarını qətiləşdirən "Dinamo"nun və Rusiya yığmasının futbolçusu Aleksandr Səmədovla danışmaq qərarına gəldik. Azərbaycandan zəng vurduğumuzu biləndə bir qədər çaşqınlıq içində olan Səmədov, qısa da olsa, suallarımızı cavablandırmağa razılaşdı. 

- Rusiya millisinə dəvət almağınız münasibətilə təbrik edirik. Yəqin, bunu çoxdan gözləyirdiniz?

- Mən heç vaxt gizlətməmişəm ki, Rusiya millisində oynamaq istəyirəm. Xəbəri jurnalist həmkarlarınızdan öyrəndim. Sloveniya ilə oyunun hazırlığına dəvət alanda çox sevinirdim. Sonra meydana çıxanda, nəhayət, arzuma çatdım. Amma bununla işim daha da çətinləşdi. İndi yığmada möhkəmlənmək lazımdır. Rusiya yığmasında rəqabət çox güclüdür, ona görə asan mübarizə olmayacaq.

- Maraqlıdır ki, Rusiya məhz Azərbaycan səninlə maraqlanandan sonra yığmaya çağırdı. Belə deyək, sənə bir az kömək etdik deyəsən.

- Bu barədə heç nə deyə bilmərəm. Dəvəti mənə baş məşqçi Dik Advokat göndərdi. Azərbaycan yığmasının mənimlə maraqlandığını bilirəm. Sizin nümayəndələrlə həmişə açıq söhbət etmişik. Onlara bütün qaranlıq məsələləri söyləmişəm. İndiki halda Azərbaycan yığmasına gəlməyim düz olmazdı.

- Həmin məsələləri AFFA baş katibi Elxan Məmmədovla gö-rüşdə açıqlamısınız?

- Elxan müəllimlə söhbətimiz səmimi keçdi. Baş katib məni Azərbaycana dəvət etdi. Öz növbəmdə göstərilən diqqətə görə minnətdarlıq bildirdim. Eyni zamanda, millinizə gələ bilməyəcəyimi söylədim. Səbəbləri baş katibə demişəm. O, hamısını bilir. İndi mətbuata açıqlamaq istəməzdim.

- Azərbaycan millisinin oyununu izləyirsinizmi?

- Son vaxtlar Azərbaycanın Almaniya ilə oyununa baxmışam. Bakıda Türkiyəyə qalib gəldiyinizi də bilirəm. Yaxşı komandanız var. Əlbəttə, hələ işləmək lazımdır. Heyət yeni qurulur, ona görə bəzi çətinliklər var.

- Ötən seçmə mərhələdə millimiz Bakıda Rusiya ilə 1:1 oynamışdı, bundan xəbərin var...

- Həmin oyunu xatırlayıram. Deyəsən, qolu Vaqif Cavadov vurmuşdu (həmin qolu doğrudan da Cavadov vurub). Bakıda oynamaq həmişə çətin olur. Çünki komandanız evdə daha yaxşı təsir bağışlayır.

- Yeni mövsümdə Azərbaycan millisi Rusiya ilə eyni qrupa düşüb. Əgər yığmada möhkəmlənsəniz, ölkəmizə rəqib kimi gələcəksiniz///...

- Bilirəm. Rusiya yığmasında möhkəmlənmək üçün əlimdən gələni edirəm. Azərbaycanla Bakıda oynamaq çox maraqlı olardı. Hazırda Rusiya yığmasında ciddi rəqabət var. Ona görə heç kim zəmanət verə bilməz ki,  daim heyətə düşəcəyəm. Üzərimdə işləməklə daha yaxşı oynaya biləcəyəm. 

- Ümid edək ki, gələcəkdə seçimindən peşman olmazsan. Hər halda, Azərbaycanı seçsəydiniz, maddi baxımdan da qazancınız olacaqdı...

- Çox xahiş edirəm, məni düz başa düşəsiniz. Uzun müddətdir Rusiyada yaşayıram, burada işləyirəm. Birdən-birə hər şeyi atıb, Bakıya qayıda bilmərəm. Hər halda, mənə göstərilən diqqətə görə çox sağ olun. Sevinirəm, məni unutmamısınız.

- Azarkeşlərə sözünüz...

- Xahiş edirəm, məndən inciməsinlər. Yəqin, onlar məni başa düşərlər. Hamıya uğurlar arzu edirəm.

P.S. Aleksandr Səmədov Azərbaycan millisində oynamaqdan imtina etməsinin səbəblərini açıqlamadı. Amma onun bu seçimində rəhbər tutduğu bəzi arqumentlər yetərincə aydındır. Hər halda, Rusiya yığması ilə Avropa və dünya çempionatlarının final mərhələsinə düşmək daha real görünür. Digər tərəfdən, yeni mövsümdən Rusiya premyer-liqasında legioner limitinə yenidən baxılacaq. Səmədov Azərbaycan millisini seçsəydi, "Dinamo"nun heyətində legioner sayılacaqdı. Onda bəlkə də heyətdəki yerini itirəcəkdi. Bu isə o deməkdir ki, ilinə 2-3 milyon dollar qazanan Aleksandr Səmədovla bağlı planlarımızı unutmalıyıq. Bu onu yığmamıza cəlb etmək yolunda atılan 3-cü cəhdimiz idi. 


MƏSLƏHƏT GÖR:

443