15 Mart 2025

Şənbə, 01:28

"QIZIL"a BƏRABƏR "GÜMÜŞ"

Avropanın vitse-çempionu olan Azərbaycan şahmatçıları əsl komanda oyunu nümayiş etdirdilər

Müəllif:

15.11.2011

Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa Çempionatı kişi qrossmeysterlərimiz üçün uğurla başa çatdı. İlk turdan rəqib tanımayan Vladimir Tukmakovun komandası favorit olduğunu isbatlamaqla yanaşı, fəxri kürsüdə də yer aldı. Kişi şahmatçılarımızdan ibarət Azərbaycan millisi Ermənistan və Rusiya komandaları ilə prinsipial görüşlərdən qələbəylə ayrılmaqla bütün diqqəti özünə cəlb etdi. 

Reytinqə görə, Avropa Çempionatının üçüncü komandası olan millimiz açılış turunda İtaliya üzərində çətin qələbə qazandı. Ardınca püşk Ermənistan komandasını şahmatçılarımıza rəqib etdi. Əminliklə demək olar ki, 2-ci turda Azərbaycan-Ermənistan dueli mərkəzi görüş oldu. Hamı məhz bu görüşdən danışır, amma proqnoz verməyə çətinlik çəkirdi. Doğrudan da iki güclü komandanın görüşü diqqətdən kənarda qala bilməzdi. Azərbaycan millisi iki il əvvəl Serbiyadakı qələbədən sonra yarışa son Avropa çempionu tituluyla qoşuldu. Ermənistan isə Çində keçirilən komandalararası dünya çempionatında qələbə qazanmaqla səviyyəsini göstərmişdi. Avropa və dünya çempionlarının qarşılaşmasında azərbaycanlı zəka sahibləri üstün gəldilər. 

Prinsipial görüşdə ilk olaraq birinci lövhədəki partiya başa çatdı. Dünyanın ən güclü şahmatçıları sırasına daxil olan Teymur Rəcəbovla Levon Aronyan şahmat taxtası arxasından heç-heçəylə ayrıldı. Ardınca Şəhriyar Məmmədyarov Vladimir Akopyanla bərabərlik əldə etdi. İndi hər şey Vüqar Həşimovla Qədir Hüseynovdan asılı idi. Burada isə azərbaycanlı şahmatçılar yalnız qələbəyə oynadığını sübut etdi. Qədir Hüseynov Qabriel Sarkisyanı məğlub etdikdən sonra, ikinci lövhədə heç-heçədə bizə qələbə qazandırırdı. Amma Vüqar Həşimov sona qədər mübarizə apararaq, Sergey Movsesyanı təslim olmağa məcbur etdi. Həşimovun uğurundan sonra böyükhesablı qələbə alındı: 3:1. Rəqib Avropa çempionatının favoritlərindən sayılırdı, ona görə belə böyükhesablı qələbə çoxları üçün gözlənilməz oldu. Bundan sonra artıq hamı yığmamızdan çəkinməyə başladı. 

Eyni hesab üçüncü turda da qeydə alındı. Vladimir Tukmakovun komandası təşkilatçı ölkə Yunanıstanı tam üstünlüklə məğlub etdi. Bu dəfə Teymur Rəcəbovla Vüqar Həşimov sülhə razılaşdı. Şəhriyar Məmmədyarovla Eltac Səfərli isə yunan qrossmeysterləri mat etdi. Ardıcıl üç qələbədən sonra şahmatçılarımız 4-cü turda İspaniya ilə bacarmadı. Görüşə yaxşı başlamayan millimiz sona yaxın məğlub duruma düşdü. Rəcəbovla Həşimov heç-heçəni rəsmiləşdirəndən sonra, Qədir Hüseynov məğlub oldu. Xoşbəxtlikdən, köməyə Məmmədyarov gəldi. İvan Salqadoyla görüşü yüksək səviyyədə keçirən Şəhriyar sona qədər mübarizə apararaq, komandamızı məğlubiyyətdən xilas etdi. 

5-ci turda baş verənlər bütün Avropa mediasının diqqətini çəkdi. Vüqar Həşimovun səhhətində yaranan problem Azərbaycan millisinin, sözün əsl mənasında, komanda olduğunu sübut etdi. Fransayla görüş zamanı 19-cu gedişdən sonra səhhəti qəfil pisləşən Vüqar Həşimov, oyun zalını tərk edərək, özünü yaxşı hiss etmədiyini bildirdi. Bu an onun komanda yoldaşı Şəhriyar Məmmədyarov görüşünü yarımçıq saxlayaraq, həkim axtarmağa başlayır. Teymurla Eltac Səfərli isə Vüqara köməyə gəlir. Vəziyyəti düzgün qiymətləndirən Fransa yığmasının şahmatçıları ədalətli oyun prinsipinə əməl edirlər. Sözsüz ki, belə vəziyyətdə Vüqar görüşü davam etdirə bilməyəcəkdi və hakim ona məğlubiyyət verə bilərdi. Buna yol verməyən fransız şahmatçıları bütün lövhələrdə həmyerlilərimizə heç-heçə təklifi irəli sürdü. Azərbaycan millisi də heç-heçəni qəbul edərək, görüşü vaxtından əvvəl başa vurdu. İlkin müayinədən sonra Vüqarın həmin gün qan təzyiqinin yüksəldiyi məlum oldu. 

Səhhəti normallaşan Həşimov artıq növbəti tur çətin görüşdə milliyə kömək etdi. 6-cı turda Azərbaycan şahmatçıları Rusiyanı məğlub etdi. Dünyada şahmat ölkəsi kimi tanınan ruslar qrossmeysterlərimiz qarşısında ajiz qaldılar. Vüqar Həşimov Aleksandr Qrişuk, Şəhriyar Məmmədyarov Sergey Karyakin, Qədir Hüseynov isə Yan Nepomnyaşiylə heç-heçə oynaydılar. Bu məqamda yığmanın lideri özünü göstərdi. Teymur Rəcəbov Pyotr Svidler üzərində parlaq qələbəylə yığmanın uğurunu rəsmiləşdirdi. 

7-ci turda püşk komandamızın qarşısına yarışın ortabablarından sayılan Bolqarıstanı çıxardı. Dünya çempionu Veselin Topalovun rəhbərlik etdiyi komanda sadəcə darmadağın olundu. Şahmatçılarımız 3,5:0,5 hesablı qələbəylə rəqibdən güclü olduqlarını göstərdilər. Məğlubiyyətsiz irəliləyən qrossmeysterlərimiz 8-ci turda büdrədilər. Almaniya ilə görüşdə kiçik səhv uduzmağımızla nəticələndi. Bununla belə, toparlanan milli son turda sözünü dedi. 

Təəssüf ki, son turda hər şey öz əlimizdə deyildi. Çempionluğu hədəfləyən yığma 9-cu turda Rumıniyanı məğlub etməklə yanaşı, Ermənistan-Almaniya görüşündə heç-heçə qeydə alınması üçün azarkeşlik etməliydi. Rumıniya üzərində 3:1 hesablı qələbəylə Vladimir Tukmakovun komandası minimum vəzifəni yerinə yetirdi. İkiqat Avropa çempionluğumuz üçün Almaniyanın Ermənistanla bərabərə qalması tələb olunurdu. Ancaq bir tur önjə bizimkiləri məyus edən almanlar bu dəfə düşmən ölkə təmsilçilərinə eyni aqibəti yaşatdılar. Yekunda 15 xal toplayan Almaniya ilk dəfə qitə çempionu oldu. Bir xal az yığan kişi şahmatçılarımız gümüşlə kifayətləndilər. Hesabında 13 xal olan Majarıstan əlavə göstəricilərə görə bürünc qazandı. 

Avropanın vitse-çempionu olan kişi şahmatçılarımız əsl komanda mübarizəsi sərgilədi. Birinci lövhədə çıxış edən Teymur Rəcəbov yığmanın lideri olduğunu təsdiq etdi. Vüqar Həşimov səhhətindəki problemlərə baxmayaraq, komandanı tək qoymadı və lazımi qələbələri qazandı. Şəhriyar Məmmədyarov 9 mümkün xaldan 7-ni toplamaqla şəxsi göstəricilərə görə, çempionatın ən məhsuldar qrossmeysteri oldu. Qədir Hüseynov Ermənistan üzərində parlaq qələbənin əsas memarlarından birinə çevrildi. Yığmaya yeni cəlb olunan Eltac Səfərli də Vladimir Tukmakovun ümidlərini doğrultdu. Gümüş medala baxmayaraq, şahmatçılarımızın çempionluğa layiq oyun nümayiş etdirmələri yaddan çıxmamalıdır.

Təəssüf ki, zərif cinsin nümayəndələri bizi sevindirmədi. Fikrət Sideyifzadənin komandası qarşıya qoyulan məqsədə çatmadı. Yekunda yalnız 8 xal toplayan qadın şahmatçılarımız turniri 20-ci pillədə başa vurdular. 17 xalı hesabına yazan Rusiya ardıcıl üçüncü dəfə qadınlar arasında Avropa çempionu oldu. Polşa və Gürcüstan 2-3-cü yerləri bölüşdürdü. 

 

 

SİTAT

 

"Azərbaycan şahmatçıları tarix yazdılar. Yaxın keçmişdə bürünc medal qazanmışdıq. 2 il əvvəl çempion olduq, bu dəfə isə Avropa Çempionatının gümüş medalına layiq görüldük. Yığmanın hər bir şahmatçısı yüksək səviyyədə oyun nümayiş etdirdi. Onlar sübut etdi ki, Azərbaycan şahmat ölkəsidir və millimiz ən güclülərdəndir". 

Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti


MƏSLƏHƏT GÖR:

374