
"ÜRƏK ÜÇÜN GERÇƏK MUSİQİLƏR GETDİKCƏ AZALIR"
Azərbaycanın Xalq Artisti Brilliant Dadaşova
Müəllif: Nərminə VƏLİYEVA Bakı
O, bircə baxışı ilə istənilən "qələm əjdahası"nın silahını əlindən ala bilir, bircə sözü ilə rəqibinin kürəyini yerə gətirir. O, əsrarəngiz, şahanə və əsl brilyant parıltısı kimi cazibədardır. Gerçək ulduz məhz belə olmalıdır - Brilliant Dadaşova kimi. Azərbaycanın xalq artisti Brilliant Dadaşova özü və artistlik peşəsi, sevgisi və ailəsi barədə fikirlərini "R+" jurnalının oxucuları ilə bölüşür.
- Pərəstişkarlarınız narahatdır ki, siz Azərbaycanı birdəfəlik tərk edərək Türkiyəyə yerləşə bilərsiniz. Belə bir ehtimal varmı?
- Mən işimlə bağlı Türkiyədə tez-tez oluram, amma bu o demək deyil ki, birdəfəlik olaraq bu ölkəyə yerləşmək istəyirəm. Amma hesab edirəm, incəsənət adamı "dünyanın vətəndaşı" olmalıdır. Mən dünyanın çox ölkəsində olmuşam və hər yerdə özümü rahat hiss etmişəm. Uzun müddət Norveçdə qalmışam və iki diskimin buraxılışı üzərində işləmişəm. Amma nədənsə bu, yerli mətbuatda Türkiyə səfərim kimi böyük ajiotaj doğurmadı. Ola bilər ki, bu, tez-tez Türkiyə telekanallarındakı müxtəlif verilişlərə çıxırmağım və daim gündəmdə olmağımla bağlı idi. Öz uğurlarımdan danışmaq, özümü tərifləmək fikrində deyiləm. Qoy, bu barədə dinləyicilərim desinlər. Axı mən onlar üçün oxuyuram və onların xatirinə sutkalarla studiyada işləyirəm. Dinləyicilərin çoxunun artist sənətinin bu görünməyən tərəflərindən heç xəbəri də yoxdur. Qastrollar, yorucu səfərlər, studiyalardakı gecə yazılışları, çoxsaylı çəkilişlər və fotosessiyalar. Bununla yanaşı, gərək öz xarici görkəmini nəzarətdə saxlamağı, həmişə yüksək səviyyədə olmağı bacarasan. Yeri gəlmişkən, bir sıra Azərbaycan ifaçıları səs və istedad baxımından heç də Qərb ulduzlarından geri qalmırlar. Onlar, hətta Madonnanı da kölgədə qoya bilərlər, fikrimcə, o heç oxuya bilmir. İnanın mənə, hər halda musiqidən nəsə anlayıram. Bizim istedadımız, işləmək və irəli getmək istəyimiz var. Onda dünyada bizə niyə tələb olmasın? Özümüzü tanıtmağın vaxtı çoxdan çatıb.
- Son zamanlar yerli ulduzların çoxu qalmaqallarla və bəyanatlarla ad qazanmaq istəyir. Etiraf edək ki, bu onlarda pis alınır. Siz musiqi Olimpinin zirvəsini fəth etmiş, qəbul olunmuş ulduzsunuz. Uğurunuzun sirlərini açın. Gerçək ulduz olmaq üçün nə etmək lazımdır?
- Bu adamları başa düşmək olar. Hazırda nəyəsə nail olmaq çox çətindir. Həyat bahadır. Həm də indiki dünyada ulduz qalmaqalları və çəkişmələri dəbdədir. Hətta dünya ulduzları da belə qara piardan çəkinmirlər.
Mənə gəldikdə isə, səhnəyə ilk çıxan zamanlarda Azərbaycanda yalnız bir telekanal - Respublika Dövlət Televiziyası fəaliyyət göstərirdi. Qaydalar vardı ki, istənilən ifaçı, istər yeni başlayan olsun, istərsə də təcrübəli, ekranda ayda yalnız üç dəfə görünə bilərdi. Özü də bu yalnız artistlər öz yeni repertuar planlarını və iştirak etmək istədikləri konsertlərin siyahısını təqdim etdikdən sonra baş tuturdu. Bu qaydalar məcburi idi. Peşəkar səhnəyə ilk dəfə 1985-ci ildə instituta daxil olandan dərhal sonra çıxdım. Bir ildən sonra Azərbaycan Dövlət Televiziya və Radiosunun estrada-simfonik orkestrinin solisti idim. Unikal pianoçu, bəstəkar, yüksək səviyyəli musiqiçi Rafiq Babayev səsimi və istedadımı qəbul etdi. Əlbəttə, həmin vaxtlar bunu dərk etmək iqtidarında deyildim. Çox gənc idim.
Beləliklə, Rafiq müəllim Dövlət Tele-Radiosunun rəhbərliyinə müraciət etdi ki, məni institutun bəzi mühazirələrindən azad edən arayış versinlər. Biz tez-tez qastrollara gedirdik. Artıq onda tamaşaçıların sevgisini hiss etmişdim. Çoxları indi deyir ki, guya bəxtim gətirib, o vaxt müğənnilər az imiş. Amma mənə elə gəlir ki, bu neçə illər səhnədə qalıramsa və məni yenə də dinləyir, sevirlərsə, deməli, musiqidə təsadüfi adam deyiləm.
Amma bizim günlərdə təsadüfi ifaçılar yetərincədir. Onlar dünya artistlərini müşahidə edir və düşünürlər ki, ulduz olmaq asandır. Bu, şöhrət, bir dəstə pərəstişkar, pullar və qayğısız həyat deməkdir. Onlar, sadəcə, medalın tərs üzündən xəbərsizdirlər. İfaçı öz üzərində daim işləməklə, yorucu çəkilişlər, uçuşlar, qastrollarla yanaşı, həm də öz istedadını təkmilləşdirməlidirlər. Musiqini bilmək, onu anlamaq, onu duymaq lazımdır. Ola bilər ki, bir çox düşüncələrimdə köhnə dəbliyəm. Misal üçün, çağdaş texnomusiqini anlamıram və sevmirəm. Düşünürəm ki, bu cür musiqi insanı robota çevirir. Əfsus ki, ürək üçün gerçək musiqilər getdikcə azalır.
- Brilliant xanım, siz az sayda müğənnilərdənsiniz ki, izləyiciləri həmişə yeni imicinizlə heyrətləndirirsiniz. Siz özünüz kimi qalmaqla, xarici görkəminizi dəyişirsiniz. Bunu necə bacarırsınız?
- (Gülür) Mənə hər şey yaraşır. Xarici görkəmimdə eksperiment aparmağa qorxmuram. Bir anda əsmərdən sarışına çevrilə bilərəm, bir saatın içində isə kürən ola bilərəm. Hər dəfə yeniyəm. Hətta baxışlarım da dəyişir. Amma xasiyyətim dəyişmir.
- Brilliant Dadaşovanın pərəstişkarlarından gizli nəyisə var?
- Həmişə olduğum kimiyəm. Öz hisslərimi gizlətməyi bacarmıram və heç zaman oyun qurmuram. İnsanın üzünə gülüb, dalınca danışmağı heç zaman bacarmıram. Ən yaxşısı odur ki, hər şeyi sifətinə deyim. Mənim xasiyyətim belədir.
- Brilliant Dadaşova ana kimi necədir?
- (Gülür) Də-li-cə-si-nə! Sadəcə, oğlum Cahad üçün ürəyim gedir!
- Onu mətbuatdan niyə gizlədirsiniz?
- O, kameraların qarşısına çıxmağı sevmir. İctimai həyatı sevmir. Mən özüm də Cahadı kütlə önünə çıxarmaq istəmirəm. O, hətta balaca olanda da bunu etməmişəm. Düşünürəm, dinləyicini şəxsi həyatım və uşağım yox, yaradıcılığım maraqlandırmalıdır.
- Cahad anasının mahnılarına qulaq asır?
- Uşaq olanda daha çox qulaq asırdı. İndi daha çox çağdaş musiqi dinləyir. Mənim heç anlamadığım həmin o texniki musiqini.
- Oğlunuz dünyaya gələndə siz artıq məşhur müğənni idiniz. Buna necə macal tapdınız?
- Oğlum dünyaya gəlməzdən qabaq isə daha çətin idi. Səhərlər institutda oxuyurdum, saat 3-də estrada-simfonik orkestrinin məşqlərinə qaçırdım, axşamlar isə Bakı kəndlərinin qadın toylarında çıxış edirdim. Əgər beş dəqiqə dərsə gecikirdimsə, hətta doğma əmim Məlik Dadaşov belə məni içəri buraxmırdı (XX əsrin ikinci yarısında yaşamış Azərbaycan aktyoru, xalq artisti Məlik Dadaşov Bakıdakı Dövlət İncəsənət İnstitutunda dərs keçirdi - "R+".). Yaxşı yata bilmirdim, amma hər şeyi çatdırmağa çalışırdım. Yeri gəlmişkən, 14 yaşımdan pul qazanmağa başlamışam. Bir dəfə bacılarım məni Qubaya qız toyuna aparmışdılar. Məlum oldu ki, toyda oxumalı müğənni qadın gəlməyib, xəstələnib. Mən onu əvəz etmək qərarına gəldim.
(Gülür) Həmin gün altı saat oxudum! İndi heyrət edirəm ki, mən yaşda bir uşaq altı saat necə canlı oxuya bilərdi? Həmin vaxtlar özümü böyük sanırdım. İnsanların qarşısında çıxış etmək çox xoşuma gəlirdi. İlk tamaşaçılarım tərəfindən minnətdarlıqla qarşılandım. Əlbəttə, həmin gün məni dinləyən qadınlar üçün uşaq olaraq qaldım. Yadımdadır, onlar fasilələrdə qayğıma qalıb plov yedirdirdilər. Bu da yadımdadır ki, onlar ana kimi məni əzizləyirdilər: "Mama qurban". Anasını çox erkən itirmiş bir adam kimi bu sözləri eşitmək mənə çox xoş idi.
Öz mahnılarımı kasetlərə yazmağı çox sevirdim. Kiçik maqnitofonumu pianonun üstünə qoyurdum, çalırdım və oxuyurdum. Evdə düzəltmə kasetlərim qonşular və rəfiqələrim arasında çox tez yayılırdı. Bir dəfə belə kasetlərdən birini Akif İslamzadə eşitmişdi və məni estrada-simfonik orkestrə dəvət eləmişdi. İlk öncə özümə itirdim, axı səhnə toy deyil. Orada böyük kütlə, böyük məsuliyyət var. Əvvəlcə səsim müxtəlif tamaşalarda istifadə edilirdi; özümə inam hiss edəndən səhnəyə çıxmağa başladım. Sonra ərə getdim. Uşaq doğdum. Amma səhnəni tərk etmədim. Xatırlayıram, oğlum üçaylıq idi, biz Macarıstana qastrol səfərinə yollanmışdıq. Xeyli ağladım, amma birhəftəliyə uşaqdan ayrılmalı oldum. Yeri gəlmişkən, qayınanam mənə çox yardım edib, uşaq vaxtından Cahada o baxıb.
- Sizin sevimli işiniz, ailəniz və oğlunuz var. Yaradandan ayrı nə istərdiniz?
- Mən musiqi istehsalçısıyam. Özünüz düşünün, musiqi istehsalı sexim var, amma həmişə materiala ehtiyacım olur. Yəni yaxşı keyfiyyətli aranjman etdirmək, musiqiçilərin pulunu ödəmək, kliplər çəkmək və s. üçün pulum çatmır.
Ailəmi dolandırmaq, həyat və iş üçün mən üç dəfə artıq işləməli oluram. Çünki pulun bir hissəsini daim öz yaradıcılığıma qoyuram. Bu, daimi dövriyyədir! Çünki bizim ölkədə ulduz olmaq çox çətindir.
- Brilliant Dadaşovanın anlamında xoşbəxtlik nədir?
- Mən inanclı adamam və hesab edirəm, biz bu dünyaya xoşbəxt olmaq üçün gəlməmişik. Həyat sadəcə bizdən ötrü sınaqdır və bundan şərəflə çıxmalıyıq. Biz yalnız xeyirxahlıq göstərən zaman xoşbəxt ola bilərik. Boş yerə demirlər ki, xeyirxahlıq elə - əvəzi qayıdacaq!
MƏSLƏHƏT GÖR: