
RUSİYA İMPERİYASININ İLK OPERETTASI
"Arşın mal alan"ın səhnəyə qoyulmasından 97 il keçir
Müəllif: Arif HÜSEYNOV Bakı
Bunun dəfələrlə şahidi olmuşam. Azərbaycan Akademik Opera və Balet Teatrında Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operettasını seyr etdikdən sonra, hətta əcnəbi qonaqlar belə əsərin ayrı-ayrı fraqmentlərini həvəslə zümzümə etməyə çalışırlar. Onlar Azərbaycan dilini bilməsələr də, dünya mədəniyyətinin şedevri sayılan bu əsərdən xüsusi zövq aldıqlarını gizlətmirlər.
Üzeyir bəy bu ölməz əsərini 1913-cü ildə Peterburq Konservatoriyasında oxuyan zaman yazıb. O, əsərini Konservatoriyada polifoniyadan dərs deyən müəllimi, professor Vasili Pavloviç Kalafatiyə, sonra da müəlliminin məsləhəti ilə Konservatoriyanın direktoru, böyük rus bəstəkarı Aleksandr Qlazunova təqdim etmişdi. Qlazunov isə azərbaycanlı tələbənin yazdığı bu əsəri ilk rus operettası adlandırmışdı. Buna görə cəsarətlə demək olar ki, Üzeyir Hacıbəyli rus operettasının banisidir.
Məlumat xatirinə bildirək ki, XIX əsrədək orijinal rus operettası yox idi. Rusiyada vodevil janrında əsərlər oynanılırdı. Onların müəllifləri, əsasən, dramaturqlar sayılırdı, musiqi nömrələri (rəqslər və kupletlər) qoşma xarakterli idi. Həmin musiqi nömrələri hadisələrin inkişafına xidmət etmir, anjaq illüstrasiya xarakteri daşıyırdı. "Muzikl" adlanan tamaşaların musiqi partiturası populyar əsərlərdən - romanslardan və estrada mahnılarından təşkil olunurdu.
"Arşın mal alan" ilk dəfə 25 oktyabr 1914-cü ildə Bakının Tağıyev teatrı səhnəsində tamaşaya qoyulub. Baş rollarda H.Q.Sarabski (Əsgər), Ə. Ağdamski (Gülçöhrə), Ə. Hüseynzadə (Soltan bəy), Gülsabah xanım (Cahan xala), M. Terequlov (Süleyman) və H. Hüseynovun (Vəli) yer aldığı tamaşanın rejissoru H. Ərəblinski, dirijoru Müslüm Maqomayev idi.
Sonradan "Arşın mal alan" 75-dən çox dilə, o cümlədən rus, ingilis, polyak, fars, ərəb, türk, yunan, çin, özbək, qazax, rumın, aysor, yəhudi, latış və s. dillərə tərcümə olunub, 76 ölkənin 187 teatrında tamaşaya qoyulub.
Əsərin lad strukturu və ritmikası tamaşanın hər bir obrazına uyğundur. Tacir Əsgərin "Nalədəndir ney kimi avazeyi-eşqi bülənd" sözləri ilə başlayan lirik ariyası "Şüştər" muğamı, bir sıra səhnəciklər və Cahan xalanın kupletləri "Şur" muğamı üstündə yazılıb. Bütün digər vokal nömrələrini Üzeyir bəy xalis Avropa üslubunda bəstələyib.
Deyilənlərə görə, bu əsəri, hətta İosif Stalin də çox xoşlayırmış. Məhz o, "Arşın mal alan" filminin çəkilməsinə göstəriş vermişdi.
Film prokata buraxıldıqdan sonra bütün dünya tamaşaçılarının sevimli əsərinə çevrilmişdi. Filmə dalbadal 18-20 dəfə baxanlar da olmuşdu. Hətta Çin Kommunist Partiyasının rəhbəri Mao-Tsze Dun Çində "Arşın mal alan"ın "Yorğan altında məhəbbət" (Çində "yorğan" sözü "çadra" sözünün qarşılığı kimi işlədilirdi) adlı versiyasının çəkilməsini əmr etmişdi.
Rəşid Behbudovun qızı Rəşidə Rəşidin yazdığına görə, operettanın süjeti onun babası, məşhur xanəndə Məcid bəyin Şuşa şəhərindəki sevgi macərasından götürülub. Dövlətli tacir balası olan Məcid bəy xırdavatçı libasında Şuşa məhəllələrini gəzərək, "arşın mal alan" deyə-deyə sevə biləcəyi qız axtarırmış. Nəhayət, o, çar ordusunun generalı, "Diki diviziya"nın komandiri Abasqulu Vəkilovun qızını görüb bəyənmiş və gənclər arasında məhəbbət majərası yaranmışdı. Generalın qəzəbinə tuş gəlməməkdən ötrü gənclər qoşulub qaçmışdılar.
Bu hadisənin nə dərəcədə həqiqət olduğunu və nə ilə nəticələndiyini bilməsək də, onu bilirik ki, Üzeyir bəy əsərdə cərəyan edən əhvalatları Şuşa mühitində gördükləri əsasında qələmə alıb. Əsərdəki tiplər həyati və real nümayəndələrdir. Üzeyir bəy "Arşın mal alan haqqında qeydlərim" məqaləsində yazır ki, "Cəmiyyət üzərində ağalıq edən burjuaziya öz hərəkətlərinin bu əsərdə ifşa edildiyini gördüyü üçün hər cür yollarla zərbəni öz üzərindən yayındırmaq məqsədilə "Arşın mal alan"ın ideyasını kütləyə əksinə izah etməyə çalışırdı. Bəziləri Əsgəri idealizə edərək onu açıqfikirli yenilik tərəfdarı kimi, mədəniyyət müdafiəçisi kimi göstərirdilər. Halbuki bu, tamamilə yanlış və saxta bir fikir idi. Əsgər hər şeyə bir tacir kimi baxan adamdır. Əgər qızı görüb sonra almaq istəyirsə, bu onun yeni həyat tərəfdarı olduğu üçün yox, tacir olduğu üçün idi. O, alacağı qızla arşını 12 qəpiklik çiti eyni dərəcədə qiymətləndirir: çitin safı, çürüyü olduğu kimi, qızın da koru, axsağı, çopuru və ona layiq olmayanı ola bilər. Məhz bunun üçün də tacir "malı" görüb almaq istəyir - həm də Soltan bəy kimilərinin qızını. Əsgərin yoldaşı Süleyman da tacir oğludur. Təfavüt onun bir qədər daha çevik, qulaq kəsməkdə, iş düzəltməkdə, kələk qurmaqda daha mahir olmasındadır. Adi Qarabağ bəylərindən biri olan Soltan bəydə konservatizm o dərəcəyə çatıb ki, hətta "incinar", "doktor" və "uçitelləri" belə bəyənmir. Çünki bilik nəticəsində özlərinə yüksək cəmiyyətdə yer tutmuş bu adamların aşağı sinifdən olmaları da mümkündür. Buna görə də Soltan bəy onların məclisindən uzaq qaçaraq, gününü əttar Mirzə Hüseynin dükanında keçirir. Soltan bəyi xoşlandıran ticarət kapitalı nümayəndələri, tacir Hacı Mürsəllərdir".
Bu arada Soltan bəy rolunun müasir ifaçıları yaratdıqları obrazı məsxərəyə qoymağa çalışmır. Bəy obrazını şitlik etmədən əsl bəyə xas olan cizgilərlə yaradırlar.
Müasir interpretasiyada tamaşaçılar tacir Əsgərin faktik olaraq "hesablanmış nikah"a girmək istədiyini də hiss etmirlər. Onların gözündə o, daha çox geridəqalmış ənənələrə meydan oxuyan və öz məhəbbətini axtaran qəhrəman kimi canlanır.
Beləliklə, vaxt ötür və artıq bir neçə ildən sonra "Arşın mal alan" səhnə həyatının 100 illik yubileyini qeyd edəcək. Lakin təxminən, birəsrlik yaşına baxmayaraq, dahi Üzeyir bəyin bu sənət əsərinə tamaşaçı rəğbəti azalmır və hətta artır.
MƏSLƏHƏT GÖR: