24 Noyabr 2024

Bazar, 13:36

SİFƏTDƏ 515 KİMYƏVİ MADDƏ

Güclü allergik reaksiyalar və dəri fəsadları ilə yanaşı, kosmetika hormonal pozuntulara, sonsuzluğa və hətta xərçəngə də səbəb ola bilər

Müəllif:

15.11.2011

Hər şey çox sadədir. İnternet və adi  maraq qadınların hər gün, demək olar ki, "qəbul etdikləri" kosmetik vasitələrin dəriyə təsir dərəcəsini aşkar etməyə imkan verir. Bir az mənasız iş kimi görünür! Amma çağdaş insanın günlərin birində, dünya şəbəkəsində araşdırma aparması və şəbəkəyə yerləşdirilmiş bütün kosmetik vasitələrin, demək olar ki, hamısının tərkibindəki inqridientlərin kimyəvi tərkibi barədə məlumat alması elə də çətin deyil. Yaxşı ki, istehsalçılar bu və ya digər kosmetik vasitənin nədən hazırlandığını gizlətmirlər. Çünki istər beynəlxalq, istərsə də yerli qanunvericiliyə görə, onlar sadəcə, istehsal etdikləri məhsulun tərkibini göstərməlidirlər. Allaha şükür ki, hazırda heç kim üzərində tərkibi göstərilməmiş kosmetik preparat almaq fikrinə düşmür. Amma heç kim əldə etdiyi kosmetik preparatın tərkibini  yoxlamır - reklama inanırlar,  istehsalçının düzəltdiyi məhsul barədə yaydığı məlumata etibar edirlər. 

 

Nə çoxdur? 

Bu məsələdə ən çox maraq istehsalçıların bazarda müalicəvi kimi təqdim etdikləri kosmetik preparatlar doğurur. Məsələn, onların tərkibində bitki bioflavonoidləri, yəni bioloji aktiv təsiri olan maddələr daxil ola bilər. Amma yenə də həmin müalicəvi vasitələrin inqridient siyahısına baxmaq lazımdır. Aydın olur ki, cüzi miqdarda olan bu bioflavonoidlərlə yanaşı, müalicəvi preparatın tərkibində çox sayda zərərli kimyəvi komponent də var. Özü də kimyəvi qatışıqların miqdarı bitki qatışıqlarından açıq-aydın çoxdur. Bir çoxları soruşur ki, bunu haradan bilirsiniz? Məsələ bundadır ki, kosmetik vasitələrin etiketini öyrənən zaman diqqəti inqridientlərin siyahının harasında yerləşdiyinə fikir vermək lazımdır. İnqridient siyahının əvvəlinə nə qədər yaxındırsa, payı da bir o qədər çoxdur. 

Əgər inqridient sırasında kimyəvi komponentlər başda, bitki qatışıqları isə arxada gəlirsə, onda bu "müalicəvi" preparatın tərkibində nə olduğunu aşkar etmək elə də çətin deyil. Aydın olur ki, onun tərkibində yetərincə kimyəvi məhsul var, bioflavonoidlərin miqdarı isə cüzidir. Buna görə də bu və ya digər vasitəni almazdan öncə, onun tərkibini diqqətlə öyrənmək lazımdır. Əgər aydın olsa ki, müalicəvi preparat adı altında D.İ.Mendeleyevin dövri sistem cədvəlinin elementləri doldurulmuş məhsul təqdim olunur, onda belə məhsulu almaqdan kənar durun. Çünki danılmaz bir gerçəklik var: "Zərər verən kosmetikanı istifadə etməkdənsə, heç istifadə etməmək daha yaxşıdır". 

Əbədi gözəllik, gənclik. Bütün kosmetik vasitələr bizə məhz bu sözləri vəd edir. Amma alimlər çoxdan bu qənaətdədir ki, bir neçə kremi və tonikanı eyni anda birləşdirmək insan dərisini qocaldır və sağlamlığa zərər vurur. Bununla yanaşı, həm də qadının çağdaş təsəvvürdəki gözəllik və gigiyena mükəmməlliyinə çatması üçün xeyli maliyyə vəsaiti tələb edilir. Sabunlar, gellər, kremlər, tonikalar, avtoqaralmalar, şampunlar və pomadalar... Ədəbi gənclik yarışında hər bir sabunlanma və yağlanma prosedurunun özü insanın yalnız pulunu deyil, vaxtını da aparır. Hər  axşam və sabah faydalı sayılan bu ritualın tamamilə əks nəticələrə gətirdiyi aydın olur. 

 

"Sehrli cövhər" 

İstənilən halda iri Avropa araşdırma şirkətləri ən populyar kosmetik və gigiyena vasitələrinin tərkibini öyrəndikdən sonra maraqlı qənaətə gəlib. Bunun üçün ən geniş yayılmış kosmetik markaların  ən populyar "qadın ritualları"nın tərkibinə daxil olan kimyəvi komponentləri bir araya yığmaq lazım olub. Nəticə gözlənildiyindən də dəhşətli alınıb. Alimlər belə qərara gəliblər ki, dəriyə bu cür kimyəvi təcavüz nəinki qadını cavanlaşdırır, əksinə, qocalma prosesini sürətləndirir. Qadınların kosmetik həvəsinin əsas məhsulları sırasında dezodorantlar, bədən üçün krem və ya  losyonlar,  duş gelləri və ya sabunlar, əl və sifət kremləri, süni qaralmalar, üz üçün  pudra və ya ənliklər, şampunlar, saç boyaları, ətirlər, dodaq boyaları və göz sürmələri yoxlanılıb. 

Araşdırmanın nəticələri dəhşətli olub - təxminən, hər gün yuxarıda sadalanan qədər vasitə toplusundan yararlanan qadın könüllü olaraq öz bədənini və sifətini 515 kimyəvi maddənin qatışığı ilə örtür ki, həmin maddələrin də çoxu potensial təhlükə mənbəyidir. Onlar güclü allergik reaksiyalar, dəri fəsadları, hormonal pozuntular verə, sonsuzluğa və hətta xərçəngə səbəb ola bilər. Bunlara qabları və mebelləri yumaq üçün vasitələri də əlavə etdikdə, mümkün xəstəliklər siyahısı daha da zənginləşər!

Məsələn, əksər kosmetik vasitələrin alınmasında konservant kimi istifadə edilən parabenlər döş xərçənginə səbəb ola bilir, həmçinin, spermanın keyfiyyətini pisləşdirir. Parabenlər müxtəlif təyinatlı 16 min məhsulun tərkibində var. Onların əsas xüsusiyyəti odur ki, dəri vasitəsilə bədənə asanlıqla sovrulur.  Az miqdarda parabenlərin zərərli təsir göstərməsi sübut olunmasa da, alimlərin araşdırmaları göstərib ki, bu maddənin mütəmadi və çoxdəfəlik təsiri sağlamlıq üçün fəlakətli nəticələrə səbəb olur, onlar isə şampunların, duş gellərinin, üz qırxmaq üçün sabunların və hətta losyonların tərkibində də var. Kioto  Universitetinin alimləri isə ehtimal edirlər ki, parabenlərin ilk başdan təhlükəsiz olan növləri günəş şüaları altında toksikləşir, qocalmanı sürətləndirir və dəri xərçənginə səbəb ola bilir. 

Təbii ki, alimlərin bü cür sensasiyalı fikirləri cavab reaksiyası doğurmaya bilməzdi. Amerika kosmetika və parfümer istehsalçıları assosiasiyasının təmsilçiləri bəyanatla çıxış ediblər ki, "Kosmetik məhsulların təhlükəsizliyi onlarla müxtəlif qanun vasitəsilə tənzimlənir və hər bir vasitə müvafiq qurumlar tərəfindən mütləq yoxlanılır". Beləliklə, fabrikantlar bəyan edirlər ki, kosmetikanın tərkibində olan bütün komponentlər zərərsiz səviyyədədir. Amma bu cür cavablar həkimləri qane etmir, çünki hər hansı dozanın zərərsizliyi məsələsi mübahisəlidir. Birincisi, sertifikatlaşma prosesi zamanı onun hansı kosmetik vasitələrlə və nə müddətə birgə işlədiləcəyini müəyyən etmək çətindir. İkincisi, heç zaman uşaqlar, orqanizmi zəifləmiş insanlar və ya genetik fəsadlara malik şəxslər üçün hansı dozanın zərərli olacağını əvvəlcədən müəyyən etmək mümkün deyil.

 

Doğru seçim edin 

Kosmetikanı seçmək üçün kosmetik vasitələrin dünya üzrə təsnifatını, onların istehsal texnologiyasını, kosmetik məhsulların texnologiyasını bilmək vacibdir. Mərkəzi ofisi İsveçrədə yerləşən Müstəqil Ekspertlər Assosiasiyası insan sağlamlığına dəxli olan hər şeyi testdən keçirir. 

Testləşmə necə aparılır? Bu assosiasiyanın eksperti xəbərdarlıq etmədən məhsulu sertifikatlaşdırmaq istəyən şirkətə gəlir, istehsal sahəsinə gedir və testləşmə siyahısından xoşuna gələn istənilən məhsulu konveyerdən götürür. Sonra həmin məhsulu öz assosiasiyasının laboratoriyasına yollayır və orada bununla bağlı qərar verilir. Assosiasiya öz nüfuzunu ciddi şəkildə qoruyur və ona görə də bu cür sertifikatları pulla satın almaq çox çətindir. Kosmetika təsnifatını da bu assosiasiya işləyib. 

Birinci kateqoriya "Mas-market" - kütləvi səviyyə adlanır. Bunlar ucuz kosmetik vasitələrdir, iri partiyalarla istehsal edilir və onların bazara girməsi üçün aqressiv reklam siyasətindən istifadə edilir. Bu kosmetik vasitələrin tərkibi toksikidir, bitki inqridienti ən aşağı səviyyədədir və neft-kimya məhsullarından istehsal olunub. Bu cür kosmetikanın tərkibinə, bir qayda olaraq, formalin və fenoldan istehsal olunmuş süni konservantlar daxildir. Bu kosmetik vasitələrin istehsalı zamanı həlletmə texnologiyasından istifadə edilir, yəni bitki xammalı formalinlə isladılır, bundan sonra alınan ekstrakt süzgəcdən keçirilir və ona kosmetik vasitələr əlavə edilir. Satış həcmlərinin artırılması üçün bu kosmetik vasitələrin aktiv reklamı aparılır və reklam mətnləri, demək olar ki, reallığa uyğun gəlmir. 

İkinci kateqoriya isə "Middl-market" (orta səviyyə) adlanır. Bu cür kosmetika orta keyfiyyət dərəcəlidir, daha yüksək səviyyə və keyfiyyət təklif edir. Bu cür kosmetik vasitələrdə bioloji aktiv maddələrin payı 30%-dən 60%-ə kimi dəyişir, konservantlar təbiimənşəlidir, onlar toksiki deyil və bitki xammalından alınıb. Amma istehsal zamanı kimyəvi texnologiyalardan istifadə edilir. Bu cür kosmetika ekstraktların bitkilərdən qaynar yolla sıxılması nəticəsində əldə edilir və alışqanlıq xüsusiyyətinə malikdir. Buna görə də bu kateqoriyalı bir kosmetik xəttin məhsullarından 6 aydan artıq istifadə etmək məsləhət görülmür. Hər 6 aydan bir kosmetik vasitəni dəyişmək gərəkdir. 

Üçüncü kateqoriya isə "Lux" klass kosmetikadır. Burada yüksək texnologiyadan istifadə edilir, bioloji aktiv maddələr 70-80% təşkil edir, bitki xammalı ən yüksək keyfiyyətlidir, konservantlar yalnız təbii və yüksək keyfiyyətlidir, bu sıraya kolloid gümüşü, propolis, çay ağacının yağı və s. daxildir. Bu cür kosmetik vasitələr alışqanlıq yaratmır, belə kosmetik vasitələrdən imtina zamanı sürətli qocalma xüsusiyyəti yoxdur. Bu səviyyənin təmsilçiləri keyfiyyət və dizayn xidməti göstərən yüksək moda evləridir. Özü də kosmetikanın dizaynı da tərkibindəkilər kimi bahalıdır. 

İstənilən halda, kosmetika şirkətlərinin məhsullarından istifadə edib-etməmək hər bir qadının fərdi işidir. Əlbəttə ki,  "Lux" klass məhsullarından istifadə etməyə hər qadının imkanı çatmaz, çünki bu, həddindən baha ləzzətdir. Belə olan halda, ən yaxşısı, evdə adi meyvə və tərəvəzlərdən hazırlanmış maskalara üz tutmaq doğru olardı. Amma bu halda da insan öz sifətinə bu gün kənd təsərrüfatı məhsullarına doldurulan pestisidlər, selitra və kimyəvi gübrələri yaxmaq risqi qarşısında qalır. Nə etməli? Ən yaxşısı, heç nə etməməkdir. Sadəcə, üzünüzü təmiz su ilə yuyun. 


MƏSLƏHƏT GÖR:

555