Müəllif: Cəvahir AYDINQIZI Bakı
Nanotexnologiyalar XXI əsrin möcüzəsidir və onları həm də "üçüncü elmi-texniki inqilab" da adlandırırlar. Bu sahə hazırda dünya elminin ən aktual istiqamətlərindən biridir. "Nano" sözü yunan dilindən tərcümədə "kiçik hissəciklər" mənasını verir və onların əsasında qurulmuş texnologiyalar hazırda insan həyatının bir çox sahələrində - ekologiyada, tibdə, kosmosda, kibernetikada, yeyinti sənayesində və ya sənayenin başqa sahələrində, həmçinin, başlıca olaraq neft bölməsində də istifadə edilir. Axı bu qabaqcıl texnologiyalar yeni məhsulların yaradılması və artıq mövcud olan məhsulların təkmilləşdirilməsi üçün böyük imkanlar yaradır. Və hazırda, demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində nanotexnologiyalar sahəsində araşdırmalara böyük vəsaitlər ayrılır, ona görə də son illərdə bu sahə üzrə verilən patentlərin də sayı kəskin şəkildə artıb.
Azərbaycanda nanotexnologiyaların istifadəsinin pioneri haqlı olaraq bu gün ölkə iqtisadiyyatının lokomotivi sayılan neft bölməsi oldu. Yetərincə qısa müddət ərzində Azərbaycan alimləri bu istiqamətdə nəzərəçarpacaq uğurlar əldə etməyi bacarıblar. Təsadüfi deyil ki, bu gün yanancaq-energetika kompleksində nanotexnologiyaların istifadəsi üzrə tədqiqatçıların əksəriyyəti onların əsərlərinə istinad edir.
Effektiv sistemlər
Beləliklə, Azərbaycan da nanotexnologiyalardan istifadə edən ilk ölkələr sırasına daxil olub. Bu da təsadüfi deyil - neft sahəsində yeniliklərin, demək olar ki, əksəriyyəti ilk dəfə Bakıda tətbiq edilib və həyata xeyir-duasını da bu şəhərdə alıb. Neft quyusunun dünyada ilk dəfə mexaniki yolla qazılmasının vətəni olmuş Azərbaycanda 160 ildən sonra akademik Xoşbəxt Yusifzadənin və professor Eldar Şahbazovun rəhbərliyi altında nanotexnologiyaların neft sənayesində tətbiqinin əsasları işlənilib hazırlanıb.
Bildirmək gərəkdir ki, Azərbaycanda neft-qaz hasilatı üçün nanotexnologiyaların işlənməsinə hələ keçən əsrin 80-ci illərində dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında başlanılıb. 2005-ci ildə isə hasilat quyularının qazılmasında ilk dəfə olaraq "kiçik konsentrasiyalar effekti" və "super kiçik hissəciklər və kiçik konsentrasiyalar effekti" nəzəriyyələri yaradılıb.
Alimlərin nanotexnologiyaların tətbiqi sahəsində işlərinin uğuru Azərbaycanın Dövlət Neft Şirkətini (ARDNŞ) "Nanoneft" proqramını qəbul etməyə yönəldib. Proqram 2010-2015-ci illəri əhatə edir və dörd hissədər ibarətdir: "Nano hasilat", "Nano qazma", "Nano neft-kimya" və "Ekonanoneft". X.Yusifzadə və E.Şahbazov tərəfindən işlənmiş, 2010-cu ilin sonlarında ARDNŞ prezidenti Rövnəq Abdullayevin də təsdiqlədiyi bu proqramın gerçəkləşdirilməsi üçün ARDNŞ yanında "Nanotexnologiyalar" Elm-İstehsalat mərkəzi (EİM) də yaradılıb.
Məhz Azərbaycan alimləri tərəfindən ilk dəfə olaraq quyu qazılması prosesində çətinliklərin və qəzaların qarşısının alınmasına yönəlmiş "Nanoneft", "Nanobitum", "Nanoqudron" və "Nanomay" elmi cəhətdən əsaslandırılmış sistemlər işlənib. Bu sistemlər çox uğurla praktikada, o cümlədən, "Qum adası", "Bibiheybət", "Balaxanı", "Bəyimdağ-Təkçay" və "Günəşli" yataqlarında tətbiq edilir. Bu yataqlar anomal yüksək və aşağı lay təzyiqləri ilə məşhurdur və quyular artıq xüsusi mürəkkəbləşmələr olmadan da layihə dərinliyinə çatdırılır. Dəqiqlik üçün bildirək ki, nanotexnologiyaların hesabına artıq 32 quyu uğurla qazılıb və onların sayı artmaqdadır. Məsələ bundadır ki, yeni sistemlər quyuların divarlarının dayanıqlılığını qorumağa, lay kollektorlarında qoruyucu ekran yaratmağa imkan verir ki, bu da məhsuldar layların çirklənməsinin qarşısını alır, həmçinin xarici kimyəvi reagentlərin istifadə həcmini 15-25%-ə qədər azaltmağa imkan yaradır.
Başqa sözlərlə, neft sənayesi üçün nanotexnologiyalar hər şeydən öncə, hasilatın artırılması baxımından vacibdir. Axı hazırda ARDNŞ-in mövcud fondundakı quyularının 60%-ə qədərini aşağıdebitli və həddindən çox sulanmış quyular təşkil edir ki, onlar vasitəsilə son işlənmə mərhələsində olan yataqlar istismar edilir. Bu yataqlarda hazırda və gələcəkdə nanotexnologiyaların tətbiq edilməsinin vacibliyi yetərincə böyükdür. Qeyd etmək lazımdır ki, nanotexnologiyaların tətbiq edilməsi nəticəsində yalnız 2006-2008-ci illərdə əlavə olaraq 1000 ton neft əldə edilib və texnologiyanın tətbiq edilməsinə çəkilən xərclər özünü, təxminən, 25 dəfə artıq doğruldub.
Beləliklə, Azərbaycan alimlərinin tədqiqatları ortaya çıxarıb ki, nanotexnologiyalar neft hasilatını 1,3 1,5 dəfə, ayrı-ayrı hallarda isə 2 2,5 dəfə artırmağa, neft hasilatında enerji məsrəflərini 15%-ə qədər azaltmağa, hasilat mühitində suyun miqdarını 20%-ə qədər aşağı salmağa imkan verir. Məsələnin yetərincə önəmli bir maliyyə cəhəti də var: 1 manat sərmayə qoyuluşu 8-10 manat gəlir kimi geri qayıdır. Dünya bazarında neftin qiymətinin daim dəyişməsi və tələbatın daim artması nəzərə alınarsa, hər bir çıxarılan ton xüsusi önəm və aktuallıq kəsb edir.
Əldə edilmiş nəticələr fonunda bu gün "Nanotexnologiyalar" EİM-in tədqiqatçılıq fəaliyyəti həm qazma sahəsində, həm də neft hasilatında daha intensiv gerçəkləşdirilir. Gələcəkdə ekologiya və neft-kimya istiqamətləri üzrə yeni sistemlərin istifadəsi üzrə işlərin keçirilməsi nəzərdə tutulur. Həmçinin, nanosistemlər əsasında nanoməhsulların istehsalına başlanması və onların Azərbaycan bazarına çıxarılması məsələsi də gündəmdədir ki, artıq bununla bağlı "Azərikimya" İstehsalat Birliyi ilə danışıqlar aparılır.
Dünyada tanınma
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan neft hasilatında nanotexnologiyaların tətbiq edilməsi üzrə pioner ölkə oldu və buna görə də təsadüfi deyil ki, ölkənin bu sahədəki təcrübəsi dünyada böyük maraq doğurur. Ən elementar misal kimi göstərmək olar ki, əgər vebaxtarışlar yolu ilə neft sənayesində nanotexnologiyalar barədə çox sayda məlumat əldə etmək düşünülərsə, onların böyük hissəsi bizim respublikanın təcrübəsini və ya Azərbaycan ailmlərinin tədqiqatlarını əhatə edəcək.
Həmçinin qeyd etmək yetərlidir ki, müəllifləri sırasında Azərbaycanın görkəmli alim və mütəxəssisləri Azad Mirzəcanzadə, Abel Məhərrəmov, Rövnəq Abdullayev, Xoşbəxt Yusifzadə, Eldar Şahbazov, Rəhman Qurbanov, Səbuhi Əhmədov, Məhəmmədəli Ramazanov, Şəbiyar Şəfiyev və Elçin Kazımov olan "Neft sənayesində nanotexnologiyalar (fundamental elmi tədqiqatlar, kəşflər və tətbiq)" elmi əsəri YUNESKO tərəfindən yüksək qiymətləndirilib və bu yaxınlarda "Nanoelm və nanotexnologiyalar ensiklopediyası" adı altında çıxarılmış kitabda Azərbaycan alimlərinə 17 səhifə ayrılıb. "Nanotexnologiyalar" EİM-in direktoru Eldar Şahbazov isə nanotexnologiyalar sahəsində araşdırmalara görə, YUNESKO-nun medalına layiq görülüb.
Bu yaxınlarda Azərbaycan alimlərinin işləri Moskvada nanotexnologiyalar üzrə keçirilmiş beynəlxalq forumda da yüksək qiymətləndirilib. Tədbir sərgi konfrans kimi təşkil edilib və "eksponatlar" arasında yanacaqsız işləyən nanomaşınlar və nanonəqliyyat vasitələri, həmçinin, Rusiya alimləri tərəfindən ixtira edilmiş "nanoalmaz" xüsusilə seçilirdi.
Xüsusilə diqqətəlayiq idi ki, forumda tanınmış alimlər - Nobel mükafatı laureatları, Rusiyanın iri dövlət strukturlarının başçıları, Azərbaycanı təbdirdə təmsil edən Eldar Şahbazovun çıxışına çox diqqətli yanaşıblar. O, iştirakçıları bizim ölkədə istehsal edilən nanoməhsullarla tanış edib, həmçinin, Azərbaycanın bu sahədəki təcrübəsindən danışıb.
Qeyd edək ki, forumda Azərbaycan nümayəndə heyətinə alman mütəxəssisləri tərəfindən bu məhsulların istehsalının Almaniyada da təşkili barədə birbaşa təklif gəlib. "ROSNANO" ASC İdarə Heyətinin sədri Anatoli Çubays isə Azərbaycan neftçiləri tərəfindən hazırlanmış nanotexnologiyaların əhəmiyyətindən danışıb və vurğulayıb ki, bu, Azərbaycan və Rusiya alimlərinin birgə əməkdaşlığının daha bir sahəsi ola bilər, ölkələr arasında qarşılıqlı iqtisadi münasibətləri genişləndirər.
Başqa sözlərlə, nanotexnologiyalar sahəsinin inkişaf perspektivləri yetərincə genişdir və ehtimal etmək olar ki, çox tezliklə bu sahə yalnız neft hasilatı sənayesinin deyil, Azərbaycanın iqtisadi və sosial həyatının başqa sahələrinin də aparıcı istiqamətlərindən birinə çevriləcək.
MƏSLƏHƏT GÖR: