
İRANIN HƏDƏFİ və ya TEHRAN HƏDƏFDƏ
DÜNYA YENİ İLƏ HANSI "HƏDİYYƏ"Nİ ALA BİLƏR?
Müəllif: Redaksiya
Ön Şərq və ona bitişik regionlar, həmçinin, Cənubi Qafqaz yenidən böyük müharibə təhlükəsi ilə üz-üzə qalıb. Üstəlik, bu müharibənin nəticəsi bütünlükdə dünya üçün çox acınacaqlı ola bilər. Söhbət İrana mümkün hərbi müdaxilədən gedir. Çoxdan dolaşan bu ssenari indi sanki real şəkil alıb. Bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) yeni məruzəsi haqda dünya KİV-ə sızmış (təbii ki, maraqlı qüvvələrin də köməyi ilə) informasiyadan sonra baş verib. Məlumata görə, qurumun yeni məruzəsində İranın nüvə proqramında hərbi aspektlərin daha irəli çıxdığı bildirilir. Orada hazırda Tehranın atom silahı istehsalı ilə məşğul olduğuna dair birbaşa məlumat yoxdur. Lakin qeyd olunur ki, "Agentlik İranın ictimaiyyətə açıqlamadığı nüvə materiallarına malik olmadığına, həmçinin, onun bütün nüvə materiallarından yalnız dinc məqsədlərlə istifadə etdiyinə zəmanət verə bilməz".
Məruzəyə əsasən, Tehran nüvə silahının əldə edilməsi üzərində işləyib. Lakin bu, 2003-cü ilədək davam edib. Tehranın xüsusilə ortamənzilli "Şahab-3" raketinə nüvə başlığının quraşdırılması üzərində çalışdığı bildirilir. Bu raket isə İsraili vurmaq iqtidarındadır.
MAQATE-nin məruzəsindən olan bu hissə qlobal informasiya məkanında partlayış effekti yaradıb. İsrail dərhal İranın nüvə obyektlərinə zərbə endirmək niyyətini açıqlayıb. Hər halda, İsrail Prezidenti Şimon Peres İrana hərbi müdaxilə ehtimalının daha yüksək olduğunu söyləyib. Yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu isə İrana hərbi müdaxilə əmirini verməyin bir addımlığında olduğuna işarə edib.
Britaniyanın "Daily Mail" qəzetinin xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən İsrailin İrana Milad bayramı ərəfəsində və ya Yeni ilin ilk günlərində zərbə endirəcəyinə dair yaydığı məlumat isə sanki odun üzərinə yağ töküb.
Yəhudi dövlətinin bu işdə ABŞ-ın dəstəyinə arxalanacağı da bəllidir. Birləşmiş Ştatların İran ərazisində mühafizə olunan yeraltı obyektlərə zərbə endirmək üçün İsrailə 55 raket verməsi haqda fransız mətbuatında yayılmış məlumatlar da təsadüfi deyil. Qərbin, ilk növbədə, ABŞ-ın Tehranın nüvə proqramını dayandırmaq üçün heç nədən çəkinməyəcəyi çoxdan bəlli idi. İranın mümkün nüvə silahı əldə etməyə yaxın olduğuna dair xəbər yayılan kimi, dünyada ictimai rəyin formalaşdırılmasına başlanılıb: ictimai rəy İslam Respublikasının strateji potensialının məhv edilməsinin qaçılmaz olduğuna hazırlanır. Bu baxımdan, ABŞ və İsrailin addımlarından ruhlanaraq, konkret hansı dövlətlərin İrana qarşı mümkün hərbi əməliyyatlara qoşulacağı prinsipial əhəmiyyət daşımır.
Bütün bunlarla yanaşı, Qərbin İranın nüvə proqramı ətrafında növbəti gərginlik yaratması BMT TŞ-ni Tehrana qarşı sərt iqtisadi sanksiyalar tətbiqinə razı salmaq məqsədi güddüyü də istisna deyil. Çünki bu sanksiyalar İranın daxili həyatını, az qala, iflic edə bilər. MAQATE-nin yeni məruzəsinə dair xəbərlərin yayılmasından dərhal sonra, ABŞ, Fransa, Almaniya və Böyük Britaniyanın İrana qarşı sanksiyaları sərtləşdirilməsinin vacibliyini elan etməsi də belə düşünənlərin mövqelərini möhkəmləndirən məqamdır. Eyni zamanda, İrana qarşı yeni sanksiyalar tətbiqinə qarşı olan Rusiya və Çin ilə də işə başlanılıb. Rəsmi Pekin hesab edir ki, yeni sanksiyaların tətbiqi İranın nüvə proqramı ilə bağlı problemin konstruktiv həll yolu deyil. Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, "İrana qarşı əlavə sanksiyalar Yaxın Şərqdə yeni fəlakətlərə səbəb ola bilər".
Rusiyada isə hesab edirlər ki, yaranmış çətin vəziyyətdən yeganə çıxış yolu "altılıq"la (Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya) İran arasında danışıqların bərpasıdır.
Xatırladaq ki, bu dialoq 2009-cu ildə pozulub. Səbəb MAQATE-nin İranı uranın zənginləşdirilməsi üzrə ikinci zavodun tikintisinə görə tənqid etməsi idi.
Rusiyalı diplomatlar bildirir ki, MAQATE-nin yeni məruzəsində yeni prinsipial məqamlar yoxdur. Orada söhbət "məlum faktların kompilyasiyasından gedir və onlar məqsədli şəkildə siyasiləşdirilərək bəyan olunur". Bununla əlaqədar olaraq, istər-istəməz vaxtilə Səddam Hüseyn rejiminin kütləvi qırğın silahına "malik olması" haqda fikirlər yada düşür.
İranın özünə gəlincə, o, MAQATE-nin son məruzəsini uydurma və əsassız adlandırıb. İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, onun ölkəsi nüvə proqramı icrasını dayandırmaq niyyətində deyil. İrana mümkün hərbi müdaxilə məsələsinə gəldikdə isə Tehranın reaksiyası elə də orijinal olmayıb. İran Ordusunun Baş Qərargah rəisinin müavini Masud Cazayeri bildirib ki, İsrail onun ölkəsinə hücum edərsə, Tehran yəhudi dövlətini yer üzündən siləcək. O, ilk hədəflərindən birinin İsrailin Dimondakı nüvə reaktoru olacağını da bəyan edib.
Beləliklə, İran ətrafındakı gərginlik kritik həddə çatıb. Dünya Yaxın Şərqdə yeni böyük müharibə təhlükəsini adladığını hiss edərək rahat nəfəs alacaqmı? Yoxsa regionda bütünlükdə beynəlxalq təhlükəsizlik sistemini partladacaq qanlı qarşıdurma qaçılmaz olacaq? Bu sualların cavabı ən yaxın vaxtlarda məlum olacaq. Ümid etmək istərdik ki, regiona və dünya ictimaiyyətinə "İran problemi"nin sülh yolu ilə həlli şansı veriləcək.
MƏSLƏHƏT GÖR: